Modern.az

Soyqırımlarımızı tanıdacaq filmlərə Hollivud ulduzları çəkilə bilərmi?

Soyqırımlarımızı tanıdacaq filmlərə Hollivud ulduzları çəkilə bilərmi?

Mədəni̇yyət

31 Mart 2020, 12:16

Xalqların, millətlərin başına gətirilmiş böyük faciələri – qətliam və soyqırımları dünyaya çatdırmağın bir yolu da filmlərdir. Kinolar bu faciələri tanıtmaqda daha təsirli vasitədir. Çünki belə olduqda konkret olaraq hansısa soyqırımdan təkcə dövlətlər, siyasətçilər deyil, bütün dünya ictimaiyyəti məlumatlı olur.

 

Beynəlxalq kino şirkətlərinin yəhudilərin faşistlər tərəfindən qətliamı, Srebrenitsa və Ruanda soyqırımları barədə çəkdikləri filmlər bütün dünya ölkələrində nümayiş olunur.

 

Azərbaycan türkləri də 20-ci əsrdə 3 dəfə ermənilər tərəfindən soyqırıma məruz qalmış millətdir. Ermənilərin 1905, 1918-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində və 1992-ci ildə isə Xocalıda törətdikləri soyqırım aktları qan yaddaşımızdır.

 

Ölkədə soyqırımla bağlı çəkilmiş elə bir kinomuz varmı ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilsin? Çıxış yolu Hollivud ulduzlarını dəvət etməkdədirmi?

 

 

 

Məsələ ilə bağlı Azərbaycan kino aktyoru və rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov Modern.az-a bunları bildirib:

 

“İlk öncə onu bildirmək istəyirəm ki, hazırda  Azərbaycan kinosu öz bərpası ilə məşğuldur. Yəni əsas istiqamət keçmiş sovet industrial kinosunun qarşıda gələn 5-7 ildə bərpasına yönəlib. Demək olmaz ki, soyqırımla bağlı müasir dövrümüzdə effektli filmlər çəkilmir. Yetəri qədər dəyərli nümunələrimiz var. Elə mənim Qarabağla bağlı çəkdiyim filmlərdən “Dolu” filmi, Elçin  Musaoğlunun “Nabat”, İldırım Nəcəflinin filmlərini misal göstərə bilərəm. Biz keçid dövründə sovetlər formasiyasını dəyişdik. Bu formasiya dəyişikliklərində əlbəttə ki, müəyyən bir çətinliklər yaşadıq. Bu dəqiqə insanların məişəti, psixologiyası, tariximizlə bağlı filmlərin çəkilməsinə daha çox ehtiyac var. Hesab edirəm ki, bunun üçün də bir müddət lazımdır”.

 

Rejissor Azərbaycan kinosunun  ilk növbədə ölkə tamaşaçısı üçün nəzərdə tutulduğunu söyləyib:

 

“Ümumiyyətlə, hər hansı bir sənət vətənində yaranırsa, elə bu vətənə də daha çox töhvə verməlidir. Daha sonra dünya arenasına çıxmalıdır. Yəni dünya ekranlarına çıxışından  öncə öz tamaşaçısı ilə sıx təmasda olmalıdır. Hollivud ulduzunu Azərbaycana dəvət etmək üçün ölkəmizdə mükəmməl kino sistemi yaranmalıdır. Dayanıqlı bir sistem olmalıdır ki, ondan sonra  siz hansısa mükəmməl bir sistemin nümayəndəsini ölkəyə dəvət edərək, filmə çəkəsiniz. Hazırda bizim sistemimiz mükəmməl səviyyədə deyil”.

 

Elxan Cəfərov Hollivud ulduzunu yerli filmlərimizə çəkmək məsələsinin bir qədər  yalnış bir fikir olduğunu hesab edir:

 

“Bu sadəcə maliyyə demək deyil. Biz belə düşünə bilərik ki, kindodur də, maliyəni nə qədər istəyirsən buraxaq və kinonu canlandıraq, dünya səviyyəli peşəkar aktyorları dəvət edək, bununla da kino çəkək. Ancaq bu kinonun inkişafı demək deyil. Hollivud ulduzlarını dəvət etmək olar. Bu bilirsiniz nə vaxt olacaq? Nə vaxt ki, bizdə mükəmməl kino sistemi qurulacaq, bax, onda mümkün olacaq. Bu haqda  nəsə söyləmək bizim üçün yalnış bir baxış tərzidir. İndi nə olsun ki, Azərbaycan kiçik bir ölkədir.  Allahın işini bilmək olmaz, elə yüksək səviyyədə kino sistemi qurular ki, nəinki yerli aktyorlar, dünya səviyyəli aktyorlar da bizim kinolarımızda iştirak etmək üşün can atar. Daha bizim dəvət etməyimizə ehtiyac qalmaz”.

 

 

"Rec Film" studiyasının rəhbəri, gənc rejissor Rəvan Cabbarov isə dünyanın biraz da olsa diqqətini çəkməkdən ötrü, filmdə hər hansı bir tanınmış aktyor və aktrisanın rolunun böyük olduğunu düşünür:

 

“Mənə elə gəlir ki, bununla kino sənətini nisbətən dirçəldə bilərik. Çünki tamaşaçının marağını bu yolla kinoya kökləmək olar. Burda həm ölkə tanınar, həm də kino sənətinə maraq artar. Ancaq təəssüf ki, bizdə belə bir imkan yoxdur. Çünki  bizdə filmin çəkim tərzi, vizual effekti, rəngi belə son kino texniklərinə cavab vermir ”.

 

Gənc rejissor Azərbaycanda çəkilən filmlərin əksəriyyətinin kinodan anlayışı olmayan rejissorlara həvalə edilməsindən gileylənib:

 

“Hələ ki, bizdə belə bir filmin çəkilməyi imkansızdır. Ona görə ki, rəngli filmlər, ya da gülməli qan effektləri, ölüm səhnələri belə elə çəkilir ki, tamaşaçı həmin situasiyadan təsirlənə bilmir. Düşünürəm ki, bu sahəyə yetəri qədər maliyyə ayrılmalıdır ki, filmdə istənilən səhnəni canlandırmaq imkanı olsun. Çox təəssüf ki, bu gün Azerbaycanda filmlər, kliplər vinerlərin əlindədi. Maliyyə məsələsi  isə, filmdən  və incəsənətdən başı çıxmayan bir sürü savadsızların əlində cəmləşib. Bütün bu problemlər aradan qalxmayınca dünya səviyyəli film çəkməkdən söhbət gedə bilməz”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir