Modern.az

Mehman Əliyevin “Karyera”sı: “Gitara çalırdım, ansamblım var idi”

Mehman Əliyevin “Karyera”sı: “Gitara çalırdım, ansamblım var idi”

Müsahibə

23 Aprel 2012, 11:00

“Xilasedici işləyəndə 14 nəfəri xilas etmişəm...”

Sovet dövründə dəbdə olan bir ifadə var idi: “mənalı ömür yolu”. Çox zaman həmin ifadəni cild-cild kitablar yazmış, hansısa əndrabadi mövzalarda elmi əsərlər ortaya qoymuş və bütün bu proseslərlə paralel yaxşıca sərvət toplamağı da yaddan çıxarmamış adamlar haqqında işlədirdilər. Mənim bu gün təqdim edəcəyim müsahib isə bunların hec birisini etməyib. Amma o doğurdan mənalı ömür yaşayıb. Beləliklə, “Karyera” rubrikasının qonağı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevdir.      

- 1957-ci ildə Zağulba qəsəbəsində doğulmuşam. 1 yaşım olanda Buzovna qəsəbəsinə köçmüşük. Dənizə baxan bir yerdə yaşayırdıq. Əlbəttə ki, yay tətillərini dənizin sahilində keçirmişəm. 4-cü sinifdən başlamışam şeir yazmağa. 8-ci sinifdən isə getdim Texniki Peşə məktəbinə. Fikirləşirdim həm peşə öyrənəcəm, həm də təqaüd verirdilər o zaman. 35 manat idi, yəni az pul deyildi. Eyni zamanda musiqi ilə məşğul olmağa başladım. Özümə bir qrup da yaratmışdım.

- Toylara gedirdiniz?

- Yox, sanatoriyalarda konsert verirdik.

- Hansı alətdə şalırdınız?

- Gitarada. Ansambla özüm rəhbərlik edirdim. Hətta elə vaxt var idi, iki ansambla rəhbərlik edirdim. Biri mədəniyyət evində idi. O birisi isə öz ansamblım idi.

- Peşə məktəbində hansı sənətə yiyələndiniz?

- Çilingər. 1976-cı ildə zavoda getdim işləməyə. Cilingər işləyirdim. Sonra əsgərliyə getdim, qayıtdım. Yenə də ansamblı bərpa elədim və musiqi ilə məşğul olmağa başladım. Zavodda da işləməyə başladım yenidən. Sonra ADU-nun Hüquq fakultəsinə girdim. Amma o zaman Heydər Əliyevin qeyri-rəsmi qərarı var idi ki, valideynləri tiçarətçi olan və ya yuxarı vəzifədə olan adamları Hüquq fakültəsinə götürmürdülər. Mənim də atam tiçarətçi idi.
Ona görə də mənim sənədlərimi geri qaytardlılar. Sonra Jurnalistika fakültəsinə daxil oldum. İkinci kursdan göndərdilər məni Moskva Dövlət Universitetinə, 3 il orada  oxudum, qayıtdım. “Molodyoj Azərbaycana” qəzetində işlədim. Sonra “Azərinform”da, indiki AzərTAc-da işlədim. 1990-cı ildən sonra Sovet qoşunları Bakıya girəndə etiraz əlaməti olaraq işdən getdim. Və qərara gəldim ki, dövlət nəzarətində olan heç bir mətbuat orqanında işləməyim. O zaman Arif Əliyevin redaktorluğu ilə çıxan “Xəzər” jurnalında məsul katib işlədim. Eyni zamanda bir nəşriyyat müəssisəsi və informasiya agentliyi yaratdıq. Bir necə ildən sonra nəşriyyat dağıldı, amma agentlik öz fəaliyyətinə davam edirdi. 

- Siz Prezident Aparatında da işləmisiniz...

- Xalq Cəbhəsi hakimiyyətə gələndə məni çağırdılar. Prezident Aparatında mətbuat xidməti vəzifəsi təklif edildi. Mən şərtlər qoydum, qəbul eləmədilər, mən də getmədim. Sonra Nəcəf Nəcəfov dəvət elədi məni yenidən Prezident Aparatına mətbuat xidmətinə, 1993-cü ilin mart ayında. Mən dedim ki, altı aylıq gələrəm, kömək edərəm işlərin qurulmasına, amma sonra qayıdacam öz iş yerimə. Açığını deyim ki, orada qalmaq fikrim yox idi. 1993-cü ilin iyun ayında məlum hadisələr baş verdi. Yenə də məni dəvət elədilər Prezident Aparatına. Bu dəfə artıq Heydər Əliyev Ali Sovetin sədri idi. Mənə yenə də mətbuat xidmətinin rəhbəri vəzifəsini təklif etdilər. Mən yenə də öz şərtlərimi dedim. O şərtlər qəbul olunmadığına görə mən yenə də o vəzifəyə getmədim.

- Texniki peşə məktəbinə niyə getmişdiniz? Adətən maddi vəziyyəti yaxşı olmayan ailənin uşaqları bu seçimi edirdilər... 

- Yox, bizim maddi vəziyyətimiz yaxşı idi. Atam yüksək maaş alırdı. Amma mən fikirləşirdim ki, nə qədər ki, cavanam, vaxtım var, həyatı gərək dərindən öyrənim. Çalışım, işləyim, nəyəsə yiyələnim. Məsələn, 1974-cü ildə mən evdən xəlvət gedib “Vişnyovka”dakı albalı bağlarının birində axşamlar işləyirdim. Məhsulu yeşiklərə qablaşdırırdılar, biz də onu yükləyirdik. Çox çətin iş idi. Mən də uşaq idim. Hərdən işin ağırlığından ağlayırdım. Sonra atam bildi. Bir- iki şillə də vurdu mənə buna görə ki, bizi niyə biabır edirsən, sənin nəyin çatmır?

- Onda yəqin bədxərcsiniz...

- Hə, məndə pul qalmır, xərcləyirəm. Bilirsiniz, nə üçün? Mənim hardasa 23 yaşım olanda zavodda işləyirdim, yaxşı maaş alırdım. Üstəlik musiqiçilik edirdim, ordan da qazanırdım. Yəni o vaxt ayda hardasa 500 manat (rubl) qazanırdım, bu isə o vaxt üçün böyük pul idi. Və mən pul yığmışdım. Bayılda iki dənə 11 mərtəbəli bina tikilmişdi. O vaxt mən onların birində kooperativ ev almalıydım. Pulum da hazır idi. Elə oldu ki, mənim dostumun qardaşı bir nəfərlə mübahisə eləyib, tutuldu. O gəldi məndən xahiş etdi ki, sən o pulu ver, qardaşımı qurtarım. Mən də dedim ki, düzü, ev almaq istəyirəm. Dedi ki, bir ay ərzində qaytaracam o pulu. Amma nəinki bir ay ərzində, ümumiyyətlə qaytarmadı. Mən də  təzədən başlamalıydım o pulu yığmağa. Elə ali məktəbə girməyimin də bir səbəbi bu oldu. Hirsləndim, dedim, ona vaxt sərf etməkdənsə, gedim, oxuyum. Düzdü, instituta girmək istəyirdım, amma qiyabi. Cünki hesablayırdım ki, mən beş il ərzində ayda 500-600 manatdan filan qədər pul qazanaram. Həyatım boyu belə itkilərim çox olub. O pulu da zəhmətlə yığıb, sonra birdən-birə itirəndə depressiyaya düşürdüm. Ona görə də artıq mən belə şeylərə fikir vermirəm.

- Siz musiqiçilik edən vaxt “manıs” sözü dəbdə idi?

- Yox, mən estrada ansamblında çalırdım. O vaxt milli toylar hələ yox idi. Yalnız bəzi kampaniyalara getmişəm. o da cox olmayıb. Əsasən istirahət zonalarında, sanatoroyalarda konsert verirdik.  

-Qrupunuzun adı nə idi?

- Adı yox idi. O birisi “Lalə” mədəniyyət evinin adı ilə adlanırdı. Amma öz qrupumun adı yox idi. Bu mənim prinsipial mövqeyim idi. Məsələn, o vaxt müsabiqələr olurdu, biz orda da gedib iştirak eləmirdik. Cünki orda gərək komsomola aid mahnılar səslənəydi. Yəni mən uşaqlıqdan bu formal ideoloji atributlardan xoşlanmamışam. 

- Səsiniz də var?

- Hə, amma özüm üçün oxuyuram.

- Evlənməyiniz necə olub? 

- Gec evlənmişəm. Yoldaşım nəşriyyatda işləyirdi. Elə nəşriyyatda tanış olduq. Sex rəisi işləyirdi. Orda jurnallar, kitablar çap olunurdu. İş əsnasında tanış omuşuq. Bir qızım var.

- Yəqin ki,  dənizi də çox sevirsiniz...

- Dənizi çox sevirəm. Amma iki ildir dənizə getmirəm. Təəsüflər olsun ki, dəniz çox çirklənib. Təmiz yerlər var, onları da hasarlayırlar. Açığını deyim ki, çimərlikdə, ictimai yerlərdə çimməyi xoşlamıram. Çünki tələbə vaxtı xilasedici işləmişəm. Xilasedici işləyəndə işimə məsuliyyətli yanaşırdım. Ona görə də məndə sindrom var. İctimai yerlərdə çiməndə dənizdə kimsə qışqıranda həyəcanlanıram. Gərgin oluram, narahat oluram, rahat istirahət edə bilmirəm. Ona görə də insanların olmadığı yerlərə üstünlük verirəm. Və adətən sentyabr ayında gredirəm dənizə.

- Axı onda su soyuq olur?

- Yox, yaxşı olur. Ona ruslar “barxatnı sezon” deyirlər. Amma indi dənizin hər yerini hasarlayıblar. Ona görə də son illər dənizə getmirəm.

- Xilasedici işlədiyiniz dövrdə neçə nəfəri xilas etmisiniz?

- Dörd il xilasedici işləmişəm. Özüm tək 14 nəfəri xilas etmişəm. Başqa uşaqlarla birgə də çox olub. Bizim vaxtda cəmi iki nəfər batıb. Onlardan da biri 10 yaşlı uşaq suya kəllə vuranda başı daşa dəyib, huşunu itirib, suyun altında qalıb. Biz onu 10 dəqiqə ərzində çıxartdıq. Onunla hətta xəstəxanaya da getdim. Yolda masaj elədim, süni nəfəs verdim. Xilas etmək mümkün olmadı. İkincisi isə suda infarkt olmuşdu. Yoxsa adi halda batan adamları biz qoymamışıq batsın. Bu çox böyük nəticədir.

- Ən maraqlı hadisəni xatırlayırsınızmı?

- Bir dəfə maraqlı hadisə olmuşdu. Bir qadın öz oğlu ilə az qalmışdı batsın. Üzüb gəlmişdilər dənizdə xəbərdarlıq kimi qoyulan nazik dəmir borudan yapışmışdılar. Uşaqlar oğlanı götürüb sahilə üzdülər. Amma qadın nə illah elədiksə, borunu buraxmırdı. Qışqırırdı ki, yaxına gəlməyin. Axırda əlacım kəsildi başladım gözləməyə. Qadının yaxınlığında o tərəf-bu tərəfə üzürəm, hərdən arxası üstə suda uzanıram... Boru da yavaş-yavaş əyilir. Nəhayət, qadın hiss etdi ki, boru çox əyilir, əlacı kəsildi. Onu buraxdı və mən onu sahilə apardım. 

- O sindrom həyatda da izləyirmi sizi?

- Siz fikir vermisiniszə, mən mediada jurnalistlərin müdafiəsi ilə bağlı elə bir tədbir olmur ki, orda iştirak etməyim. Elə bir mitinq olmur ki, orda olmayım. Başqa sahələrə də gedirəm. Hazırda “Kür” Vətəndaş Cəmiyyətində insanların haqlarının müdafiəsi ilə məşğulam. Qərargah yaratdıq, xeyli adamlara kömək edə bildik. 

- Yəni siz təbəiətcə xilasedicisiniz...

- Xilasedicilərdə belə bir ifadə var. Batanı öz əlləri xilas etməlidir. Ancaq mən hesab edirəm ki, həyatda belə olmamalıdır. Elə bir şərait yaratmaq lazımdır ki, insan batmasın. Mən ümumiyyətlə, ətrafdakı insanlara qarşı başqa cür davrana bilmirəm. 7-8 il bundan əvvəl Yasamalda yaşayanda könlümə kabab düşmüşdü. Manqalım da var. İstədim balkonda kabab çəkəm. Yoldaşım dedi ki, qonşulara iy gedəcək. Axı elə adamlar var ki, ət almağa imkanları yoxdur? İndi həyət evində yaşayıram, amma yenə də evdə, həyətdə kabab çəkmirəm.  

- Bir sözlə Siz də “Çovdarlıqda uçurumdan qoruyanlardansınız”...Amma son zamanlar cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranıb ki, xilasedicilər axmaq vəziyyətə düşməkdən bezirlər. Sizdə belə əhval-ruhiyyə yoxdur ki?

- Yox, qətiyyən. Bilirsiniz, mən uşaq olanda qarşıda yaşayacağım ömür mənə 100 il qədər uzun görünürdü. Amma insan yaşlaşdıqca həyatın keçici olduğunu daha yaxşı anlayır. Mən ilk dəfə Almaniyada olanda dedim ki, Allah-taala cənnəti də, cəhənnəmi də bu dünyada yaradıb. Cənnət Almaniyadır, cəhənnəm Azərbaycanda. Halbuki Almaniyanın yüz il qabaq dağılmış, xalqın alcaldığı vaxtları da olub. Amma o zaman kimlərsə bu vəziyyətdən çıxmağın mümkünlüyünə inanıblar, çalışıblar və bu gün alman cəmiyyəti həmin zəhmətin bəhrəsini görür. Azərbaycanda da bu yükün altına kimlərsə girməlidir.

Qızılgül Abdinova      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir