Modern.az

“Əminliklə deyirəm ki, bu virus böyük dövlətlərin planı ilə düzəldilib” - Ağalar Bayramovla #evdəqal SÖHBƏTİ

“Əminliklə deyirəm ki, bu virus böyük dövlətlərin planı ilə düzəldilib” - Ağalar Bayramovla #evdəqal SÖHBƏTİ

10 Aprel 2020, 16:14

Modern.az “Evdə qal” rubrikasını davam etdirir. Növbəti həmsöhbətimiz respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, bədii qiraət ustası Ağalar Bayramovdur.

 

- Ağalar müəllim, koronavirusla bağlı ölkə üzrə vəziyyəti necə qiymətləndirirsiniz?

- Düzdür, Azərbaycanda da koronavirusa yoluxma sayı gündən günə artır. Amma bizdə həyata keçirilən qabaqlayıcı tədbirlər, karantin rejiminin vaxtında elan olunması, qadağaların tətbiqi yoluxma artımının az olmasına şərait yaratdı. Bu tədbirlərin hər biri bizim sağlamlığımızın qorunmasına hesablanıb. Ona görə, hər kəsi Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə riayət etməyə çağırıram.

- #Evdeqaldığınıza görə darıxmırsınız?

-  Yaradıcı adam evdə darıxmaz. Mən daim hərəkətdə olan adamam. İndi evdə də istirahət etməyə heç vaxtım qalmır. Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışdığım üçün tələbələrimizə indi onlayn dərs keçirik. Universitetin rektoru, professor Ceyran Mahmudovanın təşəbbüsü ilə "Səhnə danışığı" kafedrası tələbələr arasında onlayn şeir müsabiqəsi həyata keçirir. Mən isə münsiflər heyətinin üzvüyəm. Başım tələbələrlə fəaliyyətə qarışıb.

Bir müddət öncə biz #evdəqal #şeirdinlə çağırışına qoşulduq. Hər gün şeirlər dinləyirəm, onları paylaşıram, universitetin saytına da göndərirəm. Video şəklində səsləndirdiyim şeirləri sosial şəbəkələrdə çox paylaşırlar. Müsbət rəylər alıram. Hər kəs yazır ki, Ağalar müəllim, bizi darıxmağa qoymursunuz. Məhəmməd Füzulidən, Aşıq Şəmşirdən, Fikrət Qocadan, Hüseyn Caviddən, Məmməd Arazdan, Əjdər Oldan, Ramiz Qusarçaylıdan, Sabir Sarvandan və digər dəyərli şairlərdən şeirlər seçib, səsləndirdim, videogörüntüləri sosial şəbəkədə paylaşdım. Həyət evində yaşadığıma görə, təmiz hava almağa da imkanım olur. Səhər tezdən oyanıb, həyətdə 15-20 dəqiqə gəzirəm, toyuq-cücəni yemləyirəm, çiçəkləyən ağaclara baxıram. Karantin müddətində hökumətin tətbiq etdiyi qaydalara əməl edirəm. Ev üçün nə isə lazım olduqda sifariş edirik. Sifariş demişkən, bir fikri də qeyd edəcəm, amma bunu tamamilə yumor olaraq qəbul edin. İşləyən zaman gün ərzində yemək yeməyə belə bəzən vaxt tapmırdım. Evə gecə qayıdırdım deyə, bəzən gündüz yeməyi hətta unudurdum. İndi isə gündəlik vaxtlı vaxtında səhər, günorta, axşam yeməyini yeyirik. Bu yaxşı olsa da, bir tərəfdən də ziyandır. Həm çəkinin artması baxımından, həm də cibə təsir edir. İnanın, komandirin (həyat yoldaşı – red.) o qədər sifarişləri olur ki...

Mən darıxmıram. Darıxsın o adam ki, tısbağatək qınına çəkilib, oturub. Həyata qarşı fərqli düşüncəsi yoxdur, hər şeyə qarnının, mədəsinin gözü ilə baxanlar evdə də darıxa bilər. Duyğulu insanlar darıxmaz.

Mən elə Modern.az-a müsahibəmdə demişdim. Tək böyümüşəm, atam-anam erkən rəhmətə gedib. Nənəmin himayəsində yalnız böyümüşəm. Ona görə, təkliyə də öyrəşmişəm. Xəyallarıma qapılıb, yaşamağı xoşlayıram.

 

 

- Ailə üzvlərinizə köməkdən danışdınız. Tək sifarişlərə kömək edirsiniz, yoxsa ev işlərində də xanımınızın əlindən tutursunuz? 

- Mənim həyat yoldaşım da müəllimədir. Orta məktəbdə Azərbaycan dilini tədris edir. İndi onlayn dərslə məşğul olduğuna görə, onun da elə çox vaxtı yoxdur. Gəlnimiz həkimdir, işə gedib-gəlir. Ona görə, biz ata-oğul ev işlərində xanımlara kömək etməli oluruq. Əslində ev işləri həmişə bizim üçün adi məşğuliyyət olub. İndi hər səhər tezdən oyanıb, maskamı taxıram. Həyətdə toyuq-cücəni yemləyib, yerlərini  təmizləyirəm. Evdə zibil olarsa, hər tərəfi yaxşıca yığışdırıb, zibilyığan maşının aparması üçün bir yerə toparlayıram. Bəzən elə tez oyanıram ki, ev əhlini oyatmağa qıymıram. Çayımı dəmləyib, içirəm. Hərəkətdə olmağa çalışıram və bunun üçün ömür-gün yoldaşıma da lazımınca köməklik edirəm. Mirzə Cəlilin bir sözü var, həyat ondan ibarət deyil ki, axşam bozbaş yeyib, yatasan, səhər oyanasan.

- Koronavirus pandemiyası insanların psixoloji durumuna da təsir edir. Hətta virusdan çox hər kəsi narahat edən məhz bunun psixoloji gərginliyidir. Bu gərginlikdən çıxmaq üçün insanlara nə məsləhət görərsiniz?

- Daniel Defonun “Robinzon Kruzo” əsəri yəqin ki, hər kəsə tanışdır. Əslində həmin kitabda, bunun əsasında çəkilən filmdə insana çox müsbət, əhəmiyyətli fikirlər aşılanır. İnsan bütün situasiyalarda inamını itirməməlidir, gələcəyə nikbin baxmalıdır, “hər şey yaxşı olacaq” fikrini beynindən çıxarmamalıdır. Yoxsa, əlini qolunu yanına salıb, otursan, bədbinliyə köklənsən, təbii ki, psixoloji gərginliyə də düşürsən. Məmməd Araz demişkən, dünya gözəl dünyadır...

Psixoloji təsirdən danışdıqda “Titanik” filmini xatırladım. Orada bir epizod var, insanlar təhlükə ilə üz-üzədirlər, gəmi batır, sərnişinlər boğulur, amma skripkaçı çalmağa davam edir. Əslində bu epizodun məğzi odur ki, bu dünyanı mədəniyyət, musiqi, nikbinlik xilas edəcək. 

 

 

- Koronavirusla bağlı müxtəlif informasiyalar yayılır, sosial şəbəkələrdə bəzən həqiqəti əks etdirməyən fikirlər də səsləndirirlər. Bu məlumatlara münasibətiniz necədir?

- Hər gün mediada yayılan informasiyalarla tanış oluram. Koronavirusla bağlı dünyadakı vəziyyət, Azərbaycandakı durum və s. xəbərləri oxuyuram. Sosial şəbəkələrdə yazılan hər fikrə inanmaq lazım deyil. Ciddi informasiyaları, ciddi xəbər saytlarını oxuyub, əhəmiyyətli məlumatları ala bilərik.  Yalan informasiyaları yayanlar isə yaxşı olar ki, daha faydalı işlərlə məşğul olsunlar. Onlar baş qatmağa məşğuliyyət tapsalar, bu cür insanları mənfiyə kökləyən cəfəngiyyatlar da yayılmaz.

- Karantin günlərində səsləndirib, videoya çəkdiyiniz şeirlərdən hansı ən çox marağa səbəb oldu?

- Bir neçə gün əvvəl Qubada yaşayıb, yaradan, dəyərli dostum, şair Ramiz Qusarçaylının “Nətəərsiniz?” adlı şeirini səsləndirib, sosial şəbəkədə yerləşdirdim. 3 gün ərzində şeiri 900-a qədər paylaşım, müsbət rəylər aldım. Hətta xarici ölkələrdə yaşayan azərbaycanlı dostlar da bu videonu mənə göndərirdilər ki, həqiqətən müsbət təsir edib.

- Karantin bitəndən sonra kimlərlə görüşmək istəyirsiniz?

- Hərdən dostlar zəng edirlər ki, Ağalar müəllim, nə vaxt bitəcək karantin? Görüşəcəyim adamlar çoxdur. Dostlara deyirəm, darıxmayın. İndi vəziyyət elədir ki, texnologiyanın da sayəsində ünsiyyətsiz qalmaq olmur. Görüntülü zəng edin, siz oradan sağlıq deyin, mən də buradan. Deyək, gülək, əylənək...

  • - Hərdən belə fikir səsləndirirlər ki, evdə qalmaq insanların kitaba qayıdışı üçün də təkan olacaq. Sizcə də belədir?

 

 

- Yaxşı yadıma saldınız. Mənim bir qonşum var. Yük maşını sürücüsüdür. İnanırsınız, adam necə kitab oxuyur, mənə oxuduğu kitablardan nələr danışır... Adamın ali təhsili yoxdur, amma kitabları o qədər sevir ki, sevərək də həmişə oxuyur. O deyir, kitablar mənə bir bilsəniz, nələr verdi... Halbuki mən özüm ali təhsilli insanlar tanıyıram, bir kitab üzü açmazlar. İşi-gücü feysbukda lağlağı, mənasız məşğuliyyətlərdir. İnsan gərək özü-özünə həyat yaratsın. Karantin dönəmində insanların az da olsa kitaba tələbatının artdığını hiss edirəm. Ümid edək ki, bu davamlı olacaq.

- Ağalar müəllim, koronavirusa yoluxan dünya necə olacaq?

- Mən bir yazı oxumuşdum. Kommunist olan alman xanım təsadüf nəticəsində əsir düşərgəsindən xilas olur. O qadının məktubu illər uzunu alman orta məktəblərində tədris edilir. Qadın yazırdı ki, “ölüm düşərgələri”ni düzəldənlər, təchiz edənlər, elm adamları olub. Özü də müəllim olan əsir qadın orta məktəb müəllimlərindən xahiş edirdi ki, şagirdlərə bilik verməklə yanaşı, insanlıq dərsi də keçsinlər. Mən əminliklə deyirəm ki, bu virus böyük dövlətlərin planı ilə düzəldilib, amma onu düzəldən elm adamıdır, alimdir. Sadəcə insan deyil. Mən qorxuram ki, öz peşəsinin ustası olan ixtiraçılar insan ola bilmədikcə, insanlığa qarşı daha böyük cinayətlər olsun.  

Bir qrup insan isə Allahın qəzəbinə tuş gəldiyimizi iddia edir. Yəni həqiqətən, Allah istəyər ki, bəndələri məhv olsun? Bu inandırıcı məsələ deyil. Hər halda ümid edək ki, bütün bu hadisələrin sonu yaxşı olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir