Modern.az

“Müəllimlərimiz bizə deyirdilər: “Jurnalist gözətçi it olmalıdır”"

“Müəllimlərimiz bizə deyirdilər: “Jurnalist gözətçi it olmalıdır”"

8 Yanvar 2010, 14:27

GÜRCÜLƏR SÖYLƏYİRDİLƏR Kİ, SİZ AZƏRBAYCANLILARIN HƏR BİRİNİZİN QAPISINDA NEFT QUYUSU VAR

Bu il Gürcüstan İctimai Əlaqələr İnstitutunun Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbi 20 məzun buraxıb.  Onlardan 5-i azərbaycanlı jurnalistlərdi. Tiflisdən Azərbaycana qayıdan məzun-jurnalist Vüqar Baba Modern.az-La təəssüratlarını bölüşüb.

- Bir il Gürcüstanda yaşadın. İndi Bakıda özünü necə hiss edisən?
- Çox yaxşı.
- Təhsil aldığın məktəb haqqında bir az ətraflı məlumat istəyirik.
 - 2001-ci ildə ABŞ Gürcüstan İctimai Əlaqələr İnstitutunun nəzdində Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbi adlı fakültə açıb. 2 illik proqramın bir ili Gürcüstanda, bir ili isə öz ölkəndə tədris edilir. Layihədə Qafqazın üç ölkəsindən-Azərbaycan, Gürcüstan və Ermənistandan tələbələr iştirak edə bilər. Ermənistan və Azərbaycandan 5 tələbəyə, Gürcüstandan isə 10 tələbəyə yer verilib. Burada tək jurnalistikanı deyil, həm də qəzet, televiziya və radioya rəhbərlik etməyi öyrədirlər. Əsas şərt də budur ki, öz ölkənə qayıdanda minimum 6 ay bu sahədə işləməlisən. Yalnız bundan sonra diplom əldə etmək mümkündür. 
- Gürcüstanda təhsil almaq ideyan haradan gəldi?
- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, burada magistraturaya imtahan verdim. Ancaq kəsildim. Universitetdə oxuduğum vaxtlardan Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbi haqqında məlumatım vardı. Bir müddət hazırlaşdım, 2008-ci ildə isə həmin məktəbə daxil oldum. Məktəbi amerikanlar açdığı üçün orada “Amerika nəfəsi” hiss olunurdu.
- Təhsil haqqı nə qədər idi?
- 2 min avro. Bunu gürcü tələbələr özləri ödəyir. Ancaq Azərbaycan və Ermənistanlı tələbələrin yerinə təhsil haqqını ABŞ səfirlikləri keçirir. Səfirlik bizim təhsil haqqımızı ödəməklə bərabər hər birimizə 365 dollar təqaüd də verirdi. Həmin təqaüdlə bütün tələbatlarımızı ödəməli idik.
- Ödəyə bilirdiniz?
- Ucuz başa gəlməsi üçün tələbələrlə bir yerdə qalırdıq. Ancaq elə də ciddi bir problemim olmadı. Düzdür, bəzən şəxsi büdcəmizdə problemlər yaranırdı. Onda da daha çox makaron yeyirdik. Şirnikib artıq xərcləyəndə, pulumuz tez qutarırdı. Orada bir teorem işlədilirdi: “İstər aya min dollar al, istər bir dollar. Tələbə ilk 15 günü varlı, sonra isə kasıb yaşayacaq”.
- Erməni tələbələr də sizlə birgə qalırdı?
- Xeyr. Onlarla aramız elə də yaxşı deyildi. Düzü ilk baxışdan onlara düşmən gözü ilə baxırdıq. Sonra düşündük ki, bunlar bizimlə savaşmayıblar. Bizim kimi gəncdirlər. Münasibətlərimiz normal olsa, pis olmaz. Ancaq onlarda bəzi aqressiyanı gördük. Bundan sonra münasibətlərimiz korlandı. Erməni tələbə qızlardan biri “Daşnaksütyun” partiyasının üzvü idi. Bizim üçün maraqlı idi onlardan Ermənistan barədə nəsə öyrənmək. Ancaq biz sual verəndə, onlar öz maraqlarından çıxış edirdi.
- Artıq həm Azərbaycan, həm də Gürcüstanda tədris olunan jurnalsitika məktəbini bitirmisən.
Fərqi izah edə bilərsən?
- Azərbaycanda jurnalistika fakültəsində ancaq nəzəriyyə keçilir. Gürcüstanda isə yalnız praktikadır. Orada müəllimlər Amerika, Fransa və İngiltərədən dəvət olunur. Bir neçə gürcü müəllim də vardı. Demək olar ki, nəzəriyyə olmurdu. Mövzunu qeyd edib, materiallar hazırlayırdıq. Yazını isə xaricdə işləmiş redoktorlar redaktə edirdilər. Daha sonra “Azadlıq” radiosunun əməkdaşları bizə radio jurnalistikasını tədris etdilər.
Qərbdə 300 ildir media var. Avropa deyir artıq bu cür işləyib, məlum standartın üstünə yenilik gətirmək lazımdır. Biz isə üstünə qoymaq əvəzinə, hər şeyi sıfırdan başlayırıq. Ona görə də məncə biz itiririk. Onlar öyrədirlər ki, öz ölkəndə vətəndaşın mənafeyini qoru. Əcnəbi müəllimlərimiz həmişə xatırladırdılar ki, jurnalist gözətçi it olmalıdır. Jurnalist vətəndaşın hürən itidir. Dövlət tərəfindən problem olanda jurnalist hürməlidir. Maraqlı bir fikirləri də vardı: “Varlanmaq istəyirsənsə biznesmen, kiməsə ağıl vermək istəyirsənsə müəllim ol. Jurnalistika nə ağıl verən, nə də varlanmaq yeridir. Bu sahə informasiya yaymaq yeridir”.
- Müəllimlərin keçdiyi dərs üslubu arasında fərq vardı?
- Bəli. Amerikan müəllimlərin öz xətti, fransız müəllimlər isə Avropa standartlarını keçirdi. Hər ikisi arasında böyük fərq vardı. Amerikan müəllimlər imkan verirdi ki, materialı harada darıxdın, orada görüntünü qısalt, ya da kəs. Ancaq fransız üslubunda xəbər maksimum 1 dəqiqə 15 saniyə olmalıdır.
- Hər halda tanımadığın bir ölkə idi. Orada mövzu qıtlığı ilə üzləşmirdin ki?
- 2008-ci ilin aprelindən sentyabrına qədər Gürcüstanda mitinqlər oldu. Bu dövrdə jurnalistlər üçün imkan yaranmışdı. Biz də materialları hazırlayıb müəllimlərə təqdim edirdik. Onlar  da təbii ki, baxıb qiymət verirdi.
- “Azərbaycan variantı” nı işlədə bilirdin?
- Müəllimlərin dediyinə görə Avropada da jurnalistika yeni yarananda “bura Macarıstandır”, “Polşa variantı” və s. ifadələri işlədilirmiş. Bizim ölkədə “bura Azərbaycandır” ifadəsini tez-tez eşidirik.  Biz elə bilirik ki, Azərbaycan üçün ayrıca jurnalistika standartı olmalıdır. Əslində belə deyil. Orada öyrədilir ki, yalnız bir cür jurnalistika qaydaları var. Müxtəlif maneələrə baxmayaraq, bunu öz ölkəndə tətbiq etməlisən. BBC, CNN standartlar müəyyən edib, obyektivlik, ədalət, peşəkarlıq... Biz də bu xəttlə getməliyik.
- Beynəlxalq təcrübədə belə bir şey var: vətəndaşlıq hissindən uzaq olub jurnalist olmalısan. Bu şüar orada öyrədilirdimi?
- Jurnalist vətəndaş olar, ancaq o, həm də sadə vətəndaşın vəkili kimi çıxış etməlidir. Orada Avropa və Amerika standartları bir-biri ilə çarpışır. Amerika müəllimi deyir ki, ölkənə xidmət etməlisən. Avropa isə deyir istənilən məlumatı yaymalısan. Onların ümumi standartları belədir: “Jurnalistin irqi, vətəndaşlığı, dini olmamalıdır”.
- Səncə bu gün dünyada sadaladığın standartlara uyğun jurnalistlər var?
- Bəli. Avropada var. Amma çox təəssüf ki, son zamanlar “Euronews” kanalı qərəzlilik nümayiş etdirdi.
- Maraqlıdır, gürcülər Azərbaycan mətbuatını necə görür?
- Gürcülər bizə lağ edirlər. Həm medianın durumu, həm də ölkədəki azadlıq baxımından. Onlarda mitinq olanda bizə atmaca atırdılar ki, siz heç mitinq nədir, bilirsiz? Etiraz etməyi bacarırsız?...
Ordakı gənclər keçmişə baxmırlar. Hər şeyi bu günlə müqayisə edirlər. Başqa tərəfdən isə Bakıya Qafqazın Las-Veqası kimi baxırlar. Taksiyə oturanda bizdən 10 lari əvəzinə 30 lari istəyirdilər. Səbəbin soruşanda, bizə deyirdilər ki, siz azərbaycanlıların hər birinizin qapınızda neft quyusu var.
- Ermənistan və gürcü qrup yoldaşların barədə nə deyə bilərsən?
- Ermənistanda maddi sıxıntılar, yaxud xarici dil bilən jurnalitlərin sayı az olduğu üçün tələbələrin sayı 3 nəfər qız idi. Onların televiyasında belədir: müxbirlər qız, operatorlar oğlanlardır. Gender problemi onların ölkəsində daha qabarıq formadadır. Qızlardan biri bölgə televiziyasında, biri müxbir, digəri isə tərcüməçi kimi işləmişdi. Onların jurnalistika təhsili olmadığı üçün sualları bayağı verirdilər. Müəllim dərsi izah edirdi, onlar sanki əlifbanı soruşurdular. 12 tələbə isə Gürcüstandan idi. Onlar çox aktiv jurnalistlər idi.
- Erməni tələbələrlə aranızda polemikalar olurdu?
- Hə. Çox olurdu. Hətta adi hərəkətlərimiz belə bir-birimizin acığına gəlirdi. Onlar bizə “bəlkə bizi öldürəsiz?” –deyə çığırırdılar. Sanki adam öldürən biz idik. Çox şükür ki, yaxşı sovuşduq. Onların hiyləgərliklərinə uymadıq. Çünki bütün otaqlarda kamera quraşdırılmışdı. Biz onlara qarşı hansısa bir adekvat addım atsaydıq, bu kameraya qeyd olunar və yenidən azərbaycanlıların adına ləkə gələ bilərdi.
- “Xocalı soyqrımı” ilə bağlı onların fikri nə idi?
- Biz onlara başa salmağa çalışırdıq ki, ermənilər bu soyqırımını törədib. Ancaq onlar deyirdilər ki, bu müharibə şəraitində olub: “Cəmi 600 nəfər adam ölüb. Burda nə var ki?”.
Biz də deyirdik ki, Ramil Səfərov etdiyi hərəkətə görə ömürlük həbs cəzası alıb. Onların cavabı belə olurdu: “Axı bu azdır...”. Onlar Ramilin bir ermənini öldürməsini əllərində bayraq tutub bizi vəhşi millət kimi qələmə verməyə çalışırlar. Deyirdilər ki, guya onlar Qarabağı azad edib.
- Bəs məktəb onların fikrini dəyişməyə çalışmırdı?
- Əlbəttə çalışırdı. Hətta müəllimlər onlara dəfələrlə deyirdi ki, siz lobbiçiliklə məşğul olursunuz. Gürcüstanda ermənilərə elə də yaxşı baxmırlar. Onları “hər şey mənimdir” deyən xalq kimi tanıyırlar. Gürcülər hətta öz aralarında tez-tez belə bir lətifəni də işlədirlər:
Bir erməni gəlir digərindən soruşur:
- Xəbərin var Roma papası haralıdır?
 O da cavab verir:
-  Neujelı?.
-Gələcək planların barədə nə deyə bilərsən?
- Elə bir media orqanı axtarıram ki, öyrəndiklərimi orada tətbiq edə bilim. Ancaq Azərbaycanda jurnalistə azadlıq verən yerlər çox azdır.
- Gələcəkdə Azərbaycanda hansısa jurnalistika məktəbi, yaxud media orqanı açmağı fikirləşmirsən?
- Orada təhsil alan tələbələrin hər birinin fikri var idi ki, öz ölkələrinə qayıdanda kiçik bir media orqanı, ya da qəzet yaratsınlar. Ancaq bu beynəlxalq məktəbdə təhsil alıb Azərbaycana gələn tələbələr buranın mediasına alışmırlar, sanki özlərini tapa bilmirlər. Öyrəndikləri standartları tətbiq etməyə yer yoxdur. İndiyədək Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbini xeyli azərbaycanlı jurnalist bitirib. Amma onlar Azərbaycana qayıdandan sonra itib-batıblar.


ABS TV jurnalistikasının sirlərini öyrədən Karl İdsvuqu yola salırıq

Bu dəfə biz qiymet veririk. "PROQRAM SİZƏ NƏ ÖYRƏTDİ" sualına "HEÇ NƏ" cavabı verdim

Dekanımız Maya xanım bufetdə də bizi yalnız buraxmır

Fasilə...

GİPA-nın reklamını çekməliyik. Süjet barədə razılığa gələ bilmirik

İkinci TV dərsləri bitib. Bunu fransız müəllimlərimizlə gürcü süfrəsində qeyd edirik

İlk dərs bitti. Müəllim Margi Freaney ilə xatirə fotosu

Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Usubovdan müsahibə alarkən

Mixail Saakaşvili mitinqlərə münasibət bildirir. Diqqətlə baxsanız arxada məni də görə bilərsiniz. GİPA-nın tələbəsi kimi iştirak edirəm

Montaj, montaj, montaj...

Öz aramızda KOVBOY adlandırdığımız amerikalı müəllim Karl İdsvuqdan məsləhət alıram

"OZAN" rok qrupu Tiflisdə konsert verirdi. Bu müsahibəni həm institut üçün, həm də Azərbaycan telekanallarının biri üçün hazırladım

"Qızılgül inqilabı"nın şahidi olmuş Gürcüstan parlamentinin önündə

Saatlardı institutdayıq. Dərs dinləməkdən yorulmuşuq

Siyasi şərhçi Matvey Qanapolski 2 həftə mühazirə dedi

Xəbər proqramının baş redaktoru idim

Yarım saata video montajı çatdırmasaq, bügün qiymət almayacağıq

 
Günay MUSAYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər