Modern.az

Müxalifət koronavirusla bağlı təkliflərini versin – İqtidardan ÇAĞIRIŞ

Müxalifət koronavirusla bağlı təkliflərini versin – İqtidardan ÇAĞIRIŞ

Parlament

13 Aprel 2020, 17:50

“İndi dövlətin məsuliyyətini tək iqtidar deyil, müxalifət də çəkməlidir. Problemlərin və yaxud hansısa məsələnin həllinə dair müxalifət də öz imkanlarını ortaya qoyması həmişə arzuolunandır”.

 

Bu sözləri Modern.az-a iqtidar və müxalifət arasında onlayn dialoq keçirilməsinin mümkünlüyündən danışarkən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

 

O qeyd edib ki, iqtidar müxalifətlə dialoqa həmişə önəm verib:

“Dəfələrlə Azərbaycan cəmiyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə görüşlərin, dialoqların  şahidi olub. Ölkə başçısının təşəbbüsü ilə Prezident Administrasiyasında Siyasi Partiyalarla İş Şöbəsinin yaradılması, bu şöbənin mütəmadi siyasi partiya rəhbərləri ilə görüşlər keçirməsi buna nümunədir. İndiki dövrdə müxalifətlə dialoqların aparılmasına müsbət yanaşıram. Geniş tərkibli görüşlərin keçirilməsi karantin dövründə mümkünsüz olsa da, onlayn dialoqun aparılması mümkündür. Hazırda iqtidar bütün gücünü koronavirusun geniş yayılmasının qarşısını almağa, gündəlik məsələlərin həllinə yönəldib. Müxalifətlə dialoqun aparılması məsələsi də heç vaxt gündəmdən düşmür. Müxalifət təkliflərini verə bilər, iqtidarın apardığı koroavirusla mübarizə prosesinə münasibətini bildirə bilər”.

 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə karantin dönəmində belə bir dialoqun baş tutmayacağını düşünür:

“Azərbaycanda fikri üst-üstə düşən insanların belə onlayn dialoqu baş tutmur. Çox zaman mübahisə olur, anlaşılmazlıq olur. İndi isə söhbət fikirləri üst-üstə düşməyən qüvvələrdən gedir. Onlar necə bir araya gələ bilərlər? Ancaq üz-üzə söhbətlər olmalıdır. Prezident tərəfindən Administrasiyada şöbə yaradıldı və çox hörmətli, bu sahədə təcrübəsi olan Ədalət Vəliyevin təyin olunmasından sonra bu proses canlandı. Siyasi Partiyaların Azərbaycan cəmiyyətində rolu artdı. Bu işgüzarlığın sayəsində bu baş verdi. Təsəvvür edin, 55 siyasi partiyanın əksəriyyəti ilə görüşdü. Kimlər görüşmədisə, öz kaprizlərinin nəticəsində buna ciddi yanaşmadılar. Əslində Azərbaycanda dialoq başlayıb. Karantin dönəmində, onlayn şəkildə dialoqu gerçəkləşdirmək ciddi görünməz. Çünki burada mövqelər səsləndirilməli, məsələlər müzakirə olunmalıdır. Koronavirusdan sonrakı dövrdə siyasi partiyaların bir araya gəlməsi, iqtidar-müxalifət dialoqunun daha səviyyəli formada aparılması imkanları yaradılacaq”.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə isə indiki zamanda problemin bu məsələ olduğunu hesab etmir:

“Amma demək olar ki, ən azı bəzi problemlər var ki, onları müzakirə etmək olar. Məsələn, bəzi fəalların həbs olunması və s. kimi məsələləri danışmaq olar. Onlayn dialoq keçirilsə yaxşı olar. Müxalifət hər zaman dialoqa hazırdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir