Modern.az

Titanik batmaya bilərdi: 1514 sərnişinin ölüm səbəbi - VİDEO

Titanik batmaya bilərdi: 1514 sərnişinin ölüm səbəbi - VİDEO

15 Aprel 2020, 22:43

108 il öncə bu gün 1514 sərnişin 2 saat 40 dəqiqəyə Atlantik okeanın buzlu sularında həyatını itirdi.

Böyük insan itkisinə səbəb isə “Batmayan gəmi” adlandırılan Titanikin batması oldu.

Transatlantik səyahətlər üçün tikilmiş Titanik elə ilk səyahətində aysberqlə toqquşaraq sulara qərq oldu.

Amma “Titanik”in batmasına rəğmən əksər sərnişinlər sağ qala bilərdi.

Çünki “Titanik”in hazırlanmasında dövrünə görə ən müasir texnologiyalardan istifadə edilmiş, müəyyən mənada təhlükəsizlik tədbirləri görülmüşdü.

Səfərin ilk günündə “Mesaba” adlı gəmi Titanikdən bir neçə kilometr öndə irəliləyirdi.

Buna səbəb yarana biləcək hansısa təhlükə barədə öncədən xəbər vermək idi.

“Mesaba” hərəkət yolunun üzərində geniş və hündür buz parçalarının olması barədə Titanikə bir neçə dəfə siqnal göndərir.
Lakin məlum olmayan səbəbdən kapitan kabininə məlumat verilmir.

Hadisə baş verdiyi gecədən əvvəl istənilən təhlükəni rahat şəkildə müşahidə etmək olsa da, həmin gün ayın görünməməsi, havanın dumanlı olması görmə məsafəsini kəskin şəkildə azaltmışdı.

Nəhayət, aysberq görünəndə, toqquşma anına 37 saniyə qalmışdı. Ya gəmini tam dayandırmaq, ya da istiqaməti dəyişmək lazım idi. Kapitan Edvard Smit toqquşma anından bir neçə dəqiqə sonra gəmidə bütün hərəkətin dayanmasını əmr etdi. Bu müddət ərzində Titanikin texnikləri gəminin 2 saata batacağı qənaətinə gəldilər, təəssüf ki, proqnoz gerçəkləşdi.

Toqquşmadan 25 dəqiqə sonra kapitan xilasedici jiletlərin paylanmasını, ilk olaraq qadın və uşaqların qayıqlara mindirilməsini tapşırdı. Gəmidə isə sadəcə 20 qayıq vardı. Çünki Titanikin ilk səfərində batacağını heç kim güman etmirdi.


Titanikin məxsus olduğu Uayt Star Layn şirkətinin rəhbərləri 48 qayığın  gəminin xarici görünüşünü  pozduğunu iddia edərək, qayıq sayını azaltmışdı.
Ümid sadəcə yaxınlıqdakı gəmilərə idi, amma Titanikin batmayacağına güvənərək, heyət daha bir səhvə yol vermişdi. Təhlükə rəmzi olan qırmızı fişənglər əyləncə məqsədi ilə yandırılan ağ rəngli fişənglərlə əvəzlənmişdi. Ağ rəngli fişənglər ətrafda olan bir neçə gəmi tərəfindən müşahidə olunsa da, onlar buna əhəmiyyət vermədi.

Nəticədə sərnişinlər və şəxsi heyət də daxil olmaqla 2224 nəfərdən sadəcə 705 nəfəri xilas etmək mümkün oldu.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?