Modern.az

Səhnəmizin Koroğlusu - Sabirabaddan İtaliyaya gedən yol...

Səhnəmizin Koroğlusu - Sabirabaddan İtaliyaya gedən yol...

Mədəni̇yyət

17 Aprel 2021, 17:14

O, səhnəmizin Koroğlusu, Faustu, Otellosu, Vaqifi kimi tanınırdı. 17 aprel görkəmli opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Lütfiyar İmanovun doğum günüdür.


Modern.az
-ın məlumatına görə, Lütfiyar İmanov 1928-ci il aprelin 17-də Sabirabad rayonunda anadan olub. O, 1954-1957-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsində, 1962-1968-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil alıb. Lütfiyar İmanov 1965-ci ildə SSRİ Böyük Teatrında və 1975-ci ildə İtaliyada “La Skala” teatrında təcrübə keçib.

Lütfiyar İmanov əmək fəaliyyətinə hələ gənc yaşlarında ikən, 1943-cü ildə Sabirabad şəhər Dövlət Dram Teatrının aktyoru kimi başlayıb. O, 1948-ci ildən Sabirabad şəhər Mədəniyyət evində bədii rəhbər işləyib. Lütfiyar İmanov 1954-1956-cı illərdə Azərbaycan Televiziyası və Radiosu xorunun, 1956-1957-ci illərdə Azərbaycan Dövlət estrada orkestrinin solisti olub, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

O, 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib.

1987-1991-ci illərdə Lütfiyar İmanov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsində işləyib.

Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Lütfiyar İmanovun adı opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə həmişəlik həkk olunub.

Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olub.

O, 30-dan çox operada baş rolun ifaçısı oldu. Böyük bəstəkarlarımızın operalarında - “Sevil”də Balaş, “Azad”da Ayaz, “Vaqif”də Vaqif, “Nərgiz”də Əlyar, “Ölülər”də İsgəndər, “Bahadır və Sona”da Bahadır, klassik dünya operalarında - “Karmen”də Xoze, “Otello”da Otello, “Qaratoxmaq qadın”da German, “Aida”da Radames, “Faust”da Faust, “Hofmanın nağılları”nda Hofman, “Toska”da Kavaradossi və başqa rolları öz təkrarsız ifası ilə tamaşaçılara sevdirə bildi. Lütfiyar İmanov bir sıra opera və operettalarda nəinki baş rolların ifaçısı, həm də quruluşçu rejissor oldu. “Ölülər”, “Söyüdlər ağlamaz”, “Bahadır və Sona”, “Vaqif” operalarını və başqa əsərləri səhnələşdirdi.

Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub.

Lütfiyar İmanov 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verdi.
1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada “Milleniumun mahnısı” festivalında çıxış etdi. 2003-cü ildə  Təbrizdə konsert verdi.

Lütfiyar İmanov uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərib, ifaçılıq sənəti tarixində toplanmış zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf edib. Uzun illər Bakı Musiqi Akademiyasının professoru kimi çalışıb.

Lütfiyar İmanov ictimai xadim kimi də fəaliyyət göstərib. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olub.

O, milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “İstiqlal” ordeni ilə təltif edilib.

İki övlad atası olan sənətkar 2008-ci il yanvarın 22-də ömrünün 80-ci ilində vəfat edib.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub