Modern.az

Vladimir İliç Ulyanov... - Kim idi o: dahi, manyak, sadist, diktator, yoxsa...

Vladimir İliç Ulyanov... - Kim idi o: dahi, manyak, sadist, diktator, yoxsa...

28 Aprel 2020, 08:23

150 təxəllüsü olan və bü təxəllüslər arasında sadəcə, "Lenin" kimi dünyaca tanınan, hətta bəşəriyyətin tarixini belə, dəyişməyi bacaran bir insan.


Kim idi o: dahi, manyak, sadist, bisavad, homoseksual diktator, yoxsa...


Dahi idi - sözsüz.


Sadistdi - bu da bəlli.


Bisavad deyildi əsla. 19 yaşından etibarən masa arxasında saatlarla oturub yazırdı. Müstəsna istedadlı polemist, jurnalist, təşkilatçı və siyasətçi idi.


Homoseksualmı? Xeyr, ağ yalandır bu iddia. Rusiyalı "araşdırmaçı", tarix elmləri namizədi İ.Sokolovun "B-" kateqoriyalı bir saytda dərc etdirdiyi məqaləsindədir bu iddia.


Ciddi və nüfuzlu tarixçilər üçün Sokolovun iddiaları sərsəmlikdir, epataj cəhdidir, istiosofluq, primitiv "hayp" yığmaq istəyidir.


Sokolov yazısında Leninqrad vilayət partiya komitəsinin birinci katibi, ÜKP (b) MK-nın Siyasi Bürosunun üzvü Qriqori Zinovyevin (əsl ad-soyadı Gerşl Radomışlski) məktublarına istinad edir, amma o istinadlar əsassızdır.


Üstəlik, müəllif guya Lev Trostksinin (Leyba Bronşteyn) də "Leninin məşuqu" olduğunu iddia edir.


Belə absurd iddialara vaxt ayırmaq belə istəməm, çünki ayıbdır sadəcə: tarixdən və faktlardan çox uzaqdırlar çünki.


Tam əksinə, Vladimir İliç Ulyanov-Leninin çoxsaylı məşuqələri vardı, o, xanımı Nadejda Krupskayaya sürəkli xəyanətlər edirdi.


24 yaşına qədər Sankt-Peterburqda vəkillik edən, amma həyatının sonunadək pul qazana bilməyən Leninə anası Mariya Aleksandrovna və böyük bacısı Anna daim pul yollayırdılar.


Lenin Sibirdə olarkən sevdiyi və evləndiyi Krupskayanı sürgün başa çatan kimi "dost, yoldaş" qismində görür.


Nadejda Krupskaya səhhətindəki problemlərdən dolayı, ana ola bilməyəcəyini anlayanda isə depressiyaya qapılır.


Onlar birlikdə yaşasalar da, Krupkskaya əri ilə arasında uçurum yarandığını görürdü.


Lenin məşuqələrini sıralayırdı. Onların arasında inqilab liderinin ən ciddi hisslər duyduğu xanım İnessa Armand idi. Krupskaya bunu bilirdi, ərinə "siz ikilikdə yaşayın, kimsəyə bir kəlmə demərəm" söyləyirdi. Lenin razılaşmırdı və onlar faktiki olaraq, üçlükdə yaşamağa davam etdilər.


Digər maraqlı məqam: bolşevik təbliğat maşını onillər boyu Lenini "qadın azadlığının carçısı" kimi təqdim edib, çağdaş feministlər də belə düşünürlər.


Onlar necə də yanılırlar...


"Qadınlar olmadan kütləvi inqilabi hərəkat mümkün deyil", - Lenin bu sözləri təkrarlamağı çox sevirdi. Gerçəksə budur ki, Lenin qadınların sadəcə, əmək prosesində daha geniş iştirakını istəyirdi.


O, feminizmə nifrət edirdi.


Lenin yazırdı: "Qadınlara cinsi azadlıq tələb edənləri anlamıram və anlamağa da çətinlik çəkirəm. Hesab edirəm ki, tam əksəriyyəti xaotik, qarışıq hipotezlər olan bu "nəzəriyyələr" bəzi qadınların öz anormal və ya hipertrofiyaya uğramış zavallı həyatlarına burjua mənəviyyatı qarşısında bəraət qazandırmaq cəhdləridir. "Qadınların cinsi azadlığı" barədə qışqırtılar, "Vücud qadınındır, nə istər, edər" bağırtıları fikrimcə, burjua bordelinin davamıdır. Kommunizm əxlaqsızlıq deyil".


O, feminizmin məşhur apologeti Klara Setkinə demişdi: "Yetər artıq! Həyatım boyu bir ağılllı qadın görmədim ki, əxlaqını ideyaya qurban verib bundan həzz alsın".


Lenin Freydi də ciddi alim saymırdı: "Vyanadakı gənc yoldaşın cinsi məsələ ilə bağlı broşürası indi populyardır.

Sarsaqlıqdır! Freydin hipotezləri ilə bağlı diskussiyalar bu səfsəfələr "mədəni" və hətta elmi görüntü verir. Halbuki Freydin yazdığı bəsit, vulqar məktəbli cızmaqaralarıdır".


Vladimir Ulyanov-Leninin şəxsi həyatı barədə, məncə, yetər. Onun tərcümeyi-halı, əsli və nəsli, bir sözlə, yaşamı barədə İnternetdə bəs deyincə fərqli materiallar, iddialar var.


Ol səbəbdən mənə darıxdırıcı gələn mövzulara izafi vaxt ayırmaq istəməm.


Keçən Leninin kimliyinə.


Lenin diktator idi? Bəli. Amma məhz onun sayəsində Qafqaz, Orta Asiya və habelə, Rusiyanın ucqarlarındakı müsəlmanlar sürətli inkişafa başladılar.


Məhz Leninin sayəsində Türkiyə Cumhuriyyəti məhv olmadı, Azərbaycan orta əsrləri feodal yaşamından, qəbilə adətlərindən və tayfa düşüncələrindən sosializmə adladı. Məhz Leninin bünövrəsini qoyduğu quruluş sayəsində Azərbaycan Şərqin ən inkişaf etmiş cəmiyyətlərindən birinə sahibləndi: pis, ya yaxşı dəyərləndirmədən asılı olmayaraq belədir.


... Lenin anasının məzarının yanında dəfn olunmasını vəsiyyət etmişdi. Amma artıq bir əsrdir ki, onun balzamlaşmış, mumiyalaşdırılmış cəsədi Moskvadakı Qızıl Meydanda, Mavzoleydədir. Onu basdırmaq istəmir Rusiya hakimiyyəti. Səbəb - SSRİ dönəmləri üçün nisgillə yaşayan elektoratı təbdən çıxarmamaq. Təbii, Rusiya hakimiyyəti sovetofil elektoratla hesablaşmaq məcburiyyətindədir.


Lakin sırf siyasi səbəblərdən savayı, mistik vəsilələr də var. İş ondadır ki, Lenin tam ölmədiyinə görə dəfn olunmayıb.
Onun hələ tam ölməməsi isə hələ də gerçəkdən anlaşılmaması ilə bağlıdır.


O, Rusiyada gerçəkdən də, nə etmək istəyirdi? Rusiyanı nəyə çevirmək istəyirdi? Vətəndaş savaşı və hərbi kommunzmlə viran edilmiş sivilizasiyanın əvəzinə nə yaratmaq fikrində idi? Proletariat diktaturasından bəhs edəndə nəyi nəzərdə tuturdu? "Kommunizm - sovet hakimiyyəti üstəgəl bütün ölkənin elektrikləşdirilməsi" deyiminin məğzi nə idi?


Leninin yazdıqlarının tam əksəriyyəti sırf tətbiqi siyasi maraq kəsb edir. O, həmişə usta oyunçu kimi davranıb. Məsələn, "Materializm və empiriokritisizm"i Boqdanovla adamlarını partiyadan atmaq üçün yazmışdı. "Nə etməli?"ni "iqtisadçı"lardan və səbatlı olmayan "iskraçı"lardan qurtulmaq üçün ərsəyə gətirmişdi. "Dövlət və inqilab"ı isə Müvəqqəti Hökumətin səfərbərlik imkanlarını alt-üst etmək üçün qələmə almışdı.


Bəs şəxsən onu nə cəlb edirdi, qarşısına nə məqsəd qoymuşdu? Axı niyə o, əla savadlı zadəgan, Qazan Universitetinin məzunu proletariat diktaturası arzulayırdı?


Ziyalılar, "intelligent"lər, professorlar, publisistlər Leninin interpretasiyasındakı sosial-demokratiyaya niyə can atdılar? Axı Leninin ideologiyası onların ali idarəetməyə buraxılmasını nəzərdə tutmurdu...


Yaxşı, fərz edək ki, Rusiyanın düşünərləri, aydınları çar rejimini sevmirdilər. Belədirsə, niyə liberallara, kadetlərə qatılmırdılar? Lap sosialist dünyagörüşlü olsalar da, "xalq sosialisti" və ya "ziyalıların xüsusi missiyası"na sidq-ürəkdən inanaraq eser ola bilərdilər?


Nə üçün onlar gerçək sosial mənşələrindən imtina edərək proletariat partiyasını yaratdılar? Axı bu partiyanın liderlərinin tam əksəriyyətinin proletarlarla heç bir əlaqəsi yoxdu...


Fikrimcə, bolşevizmin və leninizmin əsl mübhəmi də elə budur. Gərçi sadalanan sualllara cavab tapa bilsək, 20-ci əsrdə Avrasiyanın nəhəng ərazisində yüz milyonlarla insanın başına gətirilmiq sosial eksperimentin mahiyyətini dərk edə bilərik.
Ümumiyyətlə, proletarlar kimlərdir?


Zavod və ya fabriklərdə dəzgah arxasında duran adamlar, yoxsa o dəzgahları ixtira edən, layihələndirən intellektuallar? Belədirsə, onda "proletariat diktaturası" ideyasına fərqli prizmadan baxmalı deyilikmi?


Yəni Lenin ideologiyası sənayenin ən aşağısındakı insanların diktaturası yox, elmi-texniki ziyalıların, fəhlələrə istinad edən, amma ali məqsədlərə istiqamətlənən insanların avtoritar hakimiyyəti olmalı idi?


Ali məqsəd isə elmin daimi və qarşısıalınmaz tərəqqi etdiyi, heç bir merkantil iqtisadi hesablamalar, sosial müvazinət, dini tabularla ağırlaşmamış cəmityyətdir.


Belə cəmiyyətdə insanlar əzələ gücünün ön planda olduğu aşağı səviyyəli iqşlərdən daha yüksək strataya, intellektual mərhələyə keçirlər. Həm də istehsalın avtomatlaşdırılması və robotlaşdırılması, kütləvi təhsilin miqyasının genişləndirilməsi, kadrların peşə hazırlığının artırılması və s. hesabına.


Leninin ideyalarını indiki dövrə uyğunlaşdırsaq, "tovariş" Ulyanovun proletariat diktaturasının ən yaxın analoqu elmin cəmiyyətin bütün sahələrini idarə etməsi olardı.


Belə cəmiyyətin ilkin, konseptual forması Struqatski qardaşlarının və Kastanedanın əsərlərində var.


Ona görə də Lenin ölməyib. O, 17-ci əsrin böyük utopisti Frensis Bekonu tanımasalar belə, ideal Yeni Atlantidada - sakinlərinin hamısı alim olmayıbb darıxdırıcı işlə məşğul olsalar da, elmi biliklərin tərəqqisi üçün çalışıb yaşayan insanların cəmiyyətində ömür sürmək istəyən zəhmətkeşlərin arzularında və ümidlərindədir.


Məhz buna görə, diktatura formatında və sovet hakimiyyəti vasitəsilə Yeni Atlantida yaratmaq istəyi nəhəng məkanda hərbi aristokratiyanın, kazakların, tacirlərin, bəylərin, din xadimlərinin qırğınlarına səbəb oldu. Leninin utopiyasında bu insanlara yer yox idi.


Leninin ölümündən sonra isə zəhmətkeş kəndlilərə "qolçomaq" adı ilə divan tutuldu.


Sonuc da bu oldu ki, 1930-cu illərdə marksist ziyalıların ən siyasiləşmiş hissəsi dəhşətə gələrək anladı ki, axırına çıxdıqları həmin tabanların yoxluğu şəraitində yırtıcı və amansız yeni nomenklatura ilə üzbəüz qalıblar.


O nomenklatura isə bəlalarının əsas səbəbkarı qismində məhz ziyalıları görən, yoxsul kəndli mənşəli adamlardan ibarətdi.
Rus yazıçı Bulkaqov bu dilemmanı "İt ürəyi" əsərində dahiyanə şəkildə göstərib: Şarikovla professor Preobrajenskinin timsalında.


Sosial arzuya birbaşa yolun sonu, Yeni Atlantida axtarışları həmişə belə olur.


Leninin tərəfdarları çox sonradan anladılar ki, arzularında zadəgan ləyaqəti (zadəganlarla birlikdə getdi), iqtisadi bacarıq və fərasət (tacirlərlə birlikdə məhv oldu), transsendent həqiqət hissi (divan tutulub sakitliyə çəkilmiş ruhanilərdə qaldı) çatışmır.


Bu utopiyanın divan tutduğu hər taban hegemon sinifdən qisas alır.


Tarixdə qısa yol həmişə ən təhlükəli yoldur.


20-ci əsrin sonlarında Tarix hamımızı xilas etdi.


Düşünmürəm ki, Tarixin rəhmi sonsuzdur və 21-ci əsrdə də bizi səhvdən qoruyacaq.


Növbəti yüngül sosial qələbə iştahının öhdəsindən özümüz gəlməliyik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır