Modern.az

Mətbuat katibləri KARANTİNDƏ:İşimiz təkcə informasiya verməklə bitmir” - Virusdan qorxmayanlar... - II HİSSƏ

Mətbuat katibləri KARANTİNDƏ: “İşimiz təkcə informasiya verməklə bitmir” - Virusdan qorxmayanlar... - II HİSSƏ

30 Aprel 2020, 10:31

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edən, infeksiyanın ölkədə yayılmasını qabaqlayan Azərbaycan hökumətinin 24 mart 2020-ci il saat 00:00-dan 4 may saat 00:00-dək elan etdiyi xüsusi karantin rejimi 27 apreldən etibarən yumşaldılıb. Amma hələ ki əvvəlki normal həyat rejimimiz bərpa olunmayıb.

Elə bu səbəbdən də hamının evdə qaldığı günlərdə ictmaiyyəti məlumatlandırmaq yükünü öz çiyinlərinə götürən jurnalistlərin informasiya təminatında mühüm rol oynayan mətbuat katiblərinə yazı həsr etmək istədim. 

Yazının I HİSSƏSİ saytımızda yayımlanar-yayımlanmaz böyük mətbuat katibi ordusunun qınağına tuş gəldim. Fəaliyyətinə həmin materialda toxunmadığımıza görə yaddan çıxdıqlarını söyləyən bəzi mətbuat katibləri incidiklərini bildirdikdə, onlara səbr etməyi, yazının II hissəsinin də olacağını deyib arxayınlaşdırdım.

Amma umu-küsülər hələ ki bitməyib. 

Və budur Modern.az-da sorğumuzun ikinci hissəsi də hazırdı...

Bu yazı etalon, peşəkarlıq göstəricisi deyil. Məqsədim sadəcə çətin günlərdə ortama yumşaldıcı bir rəng qatmaq idi, amma təəssüf ki, bu rəngləri bir qədər qarışdıranlar oldu... Bu arada “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramovanın bir cümləsi mənə təskinlik oldu: “Gülşən, hamının özünü sənin yazında görməsi sənin uğurundur, elə jurnalist var ki, adımı yazmasını istəmərəm, nəinki mənə yazı həsr etməsini”. 

Əlqərəz, mətbuat katiblərinə həsr etdiyim sonuncu yazını elə bilib-bilmədən mənə ittiham irəli sürənlərə cavabla başlayıram.

 

Bu günlərdə böyük əksəriyyətin sosial şəbəkə üzərindən ağına-bozuna baxmadan ittiham etdiyi, sanki bütün problemləri o yaradıbmış kimi təqdim olunan Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov karantin müddətinin ən aktiv rəsmi sözçülərindəndir.. 

İbrahim Məmmədovla ilk vaxtlar jurnalist-mətbuat katibi tendemimiz uğurlu alınmamışdı. Amma getdikcə o qədər səmimi mühit yarandı ki, hətta sualım olmayanda bir həmkar kimi gündəmi müzakirə edə bilirik. Bəzi həmkarlarından üstün mövqedə olmasına, illərin təcrübəsinə sahiblənməsinə baxmayaraq, İbrahim Məmmədov özünü nazir kimi aparan mətbuat katiblərindən deyil. Hətta o dərəcədə ki, bu günlərdə işi hamıdan çox olan İbrahim müəllimdən pandemiya bitər-bitməz özəl müsahibənin sözünü də aldım.



Sorğularımızı rəsmi şəkildə cavablandırmağa üstünlük verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da adi rejimdə çalışanlardandır:


“Koronavirus epidemiyasının ölkəmizdə yayıldığı vaxtdan etibarən prokurorluq orqanlarının fəaliyyətinin təmin olunması məqsədilə prokurorluq işçiləri, o cümlədən Mətbuat xidmətinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş bir sıra strukturların adi iş rejimində çalışması ilə bağlı qaydalara uyğun olaraq işə cəlb olunublar. Tətbiq olunmuş xüsusi karantin rejimli günlər də daxil olmaqla prokurorluq orqanları olaraq digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyətimizi gücləndirilmiş iş rejimində davam etdiririk. Tabe rayon, şəhər və ərazi hərbi prokurorluqlarının bütün inzibati binalarında vaxtaşırı dezinfeksiya işləri aparılır, lakin bununla belə maksimum şəkildə virusdan qorunmağa çalışırıq.


Koronavirusun yayıldığı ilk günlərdə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən epidemiya ilə mübarizədə cəmiyyətdə süni ajiotaj, insanlarda təşviş və çaşqınlıq yarada biləcək yanlış informasiyaların yayılması müşahidə olunsa da, bu qəbildən olan dezinformasiyaların qarşısının alınması istiqamətində daxili işlər orqanları ilə həyata keçirilən birgə əlaqəli hüquqi məsuliyyət tədbirlərinin nəticəsidir ki, sonrakı günlərdə demək olar ki, belə məlumatlara rast gəlmirik.


Mən vətəndaşlarımızı bir daha yalnız rəsmi səlahiyyətli qurumların xəbərlərini əsas götürməyə, həqiqəti əks etdirməyən və cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələrə inanmamağa çağırıram.

Real faktları işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrinə minnətdarlığımı bildirir və onları birgə səmərəli əməkdaşlığa dəvət edirəm”. 



Bu ərəfədə daha çox qəriblikdəki azərbaycanlıların harayına çatmağa çalışan Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı indi həmişəkindən daha gərgin işləməyə məcbur olub:

“Hər gün işə gedirəm. Komitənin Diaspor TV-si vasitəsilə xaricdə yaşayan onlarla azərbaycanlı ilə videobağlantılar etmişik, onların vəziyyəti və ümumiyyətlə yaşadıqları ölkələrdəki soydaşlarımızın vəziyyətilə bağlı məlumat vermişik. Xarici ölkələrdə yaşayan yüzlərlə azərbaycanlının ölkə mediasında müsahibələrini təşkil etmişik. Azərbaycan TV-lərində, radiolarımızda çıxış edərək Azərbaycana qayıda bilməyən soydaşlarımızın məlumatlanmasına kömək etdik. Diaspor TV və Diaspor FM vasitəsilə bir neçə dildə məlumat yayaraq diasporumuz üçün informasiyanı əlçatan etməyə çalışdıq. İş saatımız demək olar ki, olmadı. Evdə olduğumuz günlərdə və saatlarda da işləməyə məcbur idik və bu gün də eyni vəziyyət davam edir. Komitəyə minllərlə müraciət daxil olur, müraciətlərin çatdırılması, insanların əlaqələndirilməsi sahəsində mətbuat xidmətinin də üzərinə böyük yük düşür. Hər gün övladının xaricdən gətirilməsini gözləyən neçə-neçə ana ilə danışıram və onların göz yaşlarının şahidiyəm. İşimiz təkcə informasiya verməklə bitmir, xaricdə yaşayan yüzlərlə peşəkar azərbaycanlı həkimin dünya azərbaycanlılarının maariflənməsinə yardım etməsini, onların soydaşlarımızla canlı ünsiyyətini təşkil etdik. Diasporla İş üzrə Dövlət Komitəsinin işi onsuz da hər zaman gərgin idi, hətta az qala 24 saat işləməli olurduq. Bu bir yandan onunla bağlıdır ki, biz daim xarici ölkələrlə danışmalıyıq. Saat fərqləri nəzərə alınanda deyə bilərik ki, 24 saat iş başında oluruq. Bu günlər isə daha ağır və dəhşətli bir məsələ bizi ayaq üstə saxlayıb. Amma işləsək də, karantin qaydalarına əməl edirəm. Maska, əlcək taxıram, sosial məsafəni saxlayıram və gigiyenik qaydalara ciddi əməl edirəm. Ümid edək ki, bu gərgin günlər arxada qalacaq və dünya azəbaycanlıları ilə daha mühüm layihələrə imza ata biləcəyik”.
 


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev
 qeyd edib ki, xüsusi karantin rejimində, məhdud sayda işçi heyəti ilə də olsa, komitə öz funksional fəaliyyətini davam etdirir:

“Koronavirus pandemiyası ilə əlaqədar olaraq Komitə öz işini dövlətimizin başçısının bu məsələyə dair qərar və tapşrıqlarına, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələb və göstərişlərinə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun qurub. Belə ki, komitənin sədrinin “Koronavirus (COVID-19) zəminində yaranan fövqəladə şəraitdə Dövlət Komitəsinin fəaliyyətinin tənzimlənməsinə dair” imzaladığı əmrə əsasən, iş yerləri gigiyenik vasitələrlə, xəstəliyin ilkin əlamətlərini təyin edən texniki avadanlıqlarla təchiz edilib. Komitənin balansındakı binalarda, eyni zamanda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı obyektlərdə və qəsəbələrdə müntəzəm şəkildə dezinfeksiya tədbirləri həyata keçirilir. Bundan başqa, komitədə vətəndaşların fiziki qəbulu, müvəqqəti olaraq dayandırılıb, videoqəbullların təşkil edilməsinə başlanılıb.


Dövlət Komitəsinin sədri hər həftənin çərşənbə axşamı günü videoqəbul keçirərək əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyir, suallarını cavablandırır. Komitə sədrinin müavinləri, aparat rəhbəri, şöbə müdirləri də qəbul cədvəli əsasında videoqəbullar keçirirlər.


Dövlət Komitəsinin rəsmi “Facebook” səhifəsində martın 19-dan etibarən “Virtual qəbul otağı” layihəsiicra edilir. Komitənin məsul əməkdaşları həftədə bir dəfə canlı yayımda  vətəndaşların müraciətlərini cavablandırırlar.


Dövlət Komitəsi xüsusi sosial qayğıya ehtiyacı olan məcburi köçkünləri müəyyənləşdirir və onlara yardım göstərilməsini təmin edir. Karantin rejimi müddətində komitə tərəfindən 3387 məcburi köçkün ailəsinə ərzaq payı  verilib və bu proses davam etdirilir. Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkün qəsəbələrində yaşı 65 yuxarı olan və tənha yaşayan şəxslər, həmçinin aztəminatlı ailələr müəyyənləşdirilib və onlara yardım edilib. Departament tərəfindən indiyədək 444 məcburi köçkün ailəsinə ərzaq yardımı çatdırılıb. Belə yardımlar mütəmadi davam etdiriləcəkdir. Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərişıq” ASC tərəfindən Bakı şəhərindəki 3000 məcburi köçkün tənha şəxs və aztəminatlı ailələrə yardım göstərilib.


Xüsusi karantin rejimində, məhdud sayda işçi heyəti ilə də olsa, komitə öz funksional fəaliyyətini davam etdirir. Bu fəaliyyətə, təbii ki, KİV-lə əlaqələr də daxildir. Məcburi köçkünlər əhalinin həssas qrupudur və onların həyatı, yaşayış şəraiti, sosial problemləri ilə bağlı istənilən müraciətə, o cümlədən jurnalist sorğularına operativ şəkildə baxılır və cavab verilir. Demək olar ki, hər gün press-relizlər hazırlayırıq. Sosial şəbəkələrdə məcburi köçkünlərlə bağlı məlumatları izləyirik, Departamentin evdə qalan əməkdaşları virtual  rejimdə işləyirlər. Departament rəhbəri kimi mən də hər gün işə çıxıram, öz vəzifələrimi yerinə yetirirəm. Gigiyenik qaydalara, virusdan qorunmaqla bağlı tövsiyələrə əməl edirəm. Bu dövrdə başıma hansısa kuryoz hadisə gəlməyib.

Yeri gəlmişkən, karantin rejimi dövründə də komitənin fəaliyyətini obyektivliklə işıqlandıran jurnalistlərə təşəkkürümü bildirirəm”. 

 


Pandemiya dövründə birdəflik ödəmələrin vətəndaşlara çatdırılmasına gərgin əmək sərf edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, təmsil etdiyi qurum Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması üzrə qərarların icrası və vətəndaşların müvafiq xidmətlərlə fasiləsiz təminatı məqsədilə fəaliyyətini mart ayının 19-dan etibarən xüsusi rejimdə davam etdirir:


“Vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər də var, onlar onlayn rejimdə işə cəlb olunur. Bu dövrdə işləmək şəxsən mənim üçün fəxrdir. Bildiyiniz kimi, bu az qala müharibə şəraiti idi və düşmən gözlə görünməyən  varlıq idi. Nəyə görə idi deyirəm, çünki bir çox inkişaf etmiş ölkələrin vaxtında və düzgün verilməyən qərarları sayəsində bütün dünyanı cənginə aldı pandemiya. Möhtərəm cənab prezident İlham Əliyevin COVID-19 virusunun Azərbaycanda kütləvi yayılmasının qarşısının alınması ilə bağlı çox operativ qərarları və müvafiq qurumların addımlarını düzgün tənzimləməsi sayəsində biz bu təhlükə ilə bağlı keçmiş zamanda danışa bilərik. Ancaq bu o demək deyil ki, xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində fərd olaraq mübarizəmizi dayandıraq, əksinə,  məsələyə daha ciddi yanaşmalıyıq. Ona görə ki, Azərbaycan dövlətinin, hökümətinin, ayrı-ayrılıqda hər birimizin əziyyətinin nəticəsi sağlamlığımız, xalqımızın varlığı olsun. Son olaraq söyləyim ki, hər birimiz bundan sonra da bu dəhşətli xəstəliyin ölkəmizdə dünyanın bir çox ölkələrində olduğu kimi kütləvi yayılmaması, daha çox can almaması üçün Azərbaycan hökümətinin, dövlətinin verəcəyi qərarlara dəstək olmalıyıq. Bizim həqiqətən də birlikdə güclü olduğumuzu birmənalı anlamalıyıq. Dünyanın hər bir nöqtəsində, eləcə də ölkəmizdə olan bütün azərbaycanlılara sağlamlıq arzu edirəm və müqəddəs Ramazan ayında etdikləri bütün xoşməramlı duaların qəbul olmasını diləyirəm!”



“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat katibi Natavan Bayramova 
qeyd edib ki, təmsil etdiyi qurum karantin müddətində əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında yer alanlardandır:

“Koronavirus infeksiyasının dünyada geniş vüsətlə yayıldığı müddətdə “Azərbaycan Dəmir Yolları”nda sanitar-epidemioloji tədbirlər gücləndirilib. Bu günlərdə təkcə mən yox, qeyd edim ki, dəmiryolçularımız  karantin rejiminin bütün qaydalarına əməl edərək, işlərinin öhdəsindən gəlməyə çalışırlar.


Hazırda sərnişindaşıma sahəsində məhdudiyyətlər tətbiq edilsə də, Azərbaycan dəmiryolçuları, sərnişdaşıma şöbəsinin əməkdaşları növbəli iş rejimində çalışırlar.


Yükdaşıma şöbəsinin əməkdaşları isə gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyətdədirlər. Əlbəttə, biz də Mətbuat katibliyi şöbəsi olaraq media nümayəndələrindən hər gün ünvanlanan çoxsaylı sualları cavablandırırıq. Karantin rejiminin şərtlərinə uyğun olaraq müsahibələrimizin əksəriyyətini onlayn şəkildə “skype” üzərindən, videobağlantı ilə  həyata keçiririk. Zərurət yaranarsa, çalışırıq ki, təhlükəsizlik qaydalarına əməl etmək şərtilə birbaşa xidmət göstərdiyimiz məkanlardan jurnalistlərə zəruri informasiyanı çatdıraq. Və onu da deyim ki, nadir hallarda olsa da, mümkün qədər işlərimi evdən idarə etməyə çalışıram. Şənbə - bazar günlərini isə ailəmlə, övladlarımla keçirməyə can atıram. Pandemiyanın yaratdığı şəraitlə əlaqədar əslində bizim də bir çox tədbirlərimiz təxirə salınıb. Bildiyiniz kimi, bu il yubiley ilimizdir, “Azərbaycan Dəmir Yolları”nın  fəaliyyətə başlamasının 140 ili tamam olur. Planlarımız və layihələrimiz çoxdur, amma əlbəttə hər şeydən önəmli sağlamlığımızdır, ölkəmizin əmin-amanlığıdır. Biz də inanırıq ki, milli birliyimiz, verilən qərarlar və bu qərarlara riayət edərək bu günləri geridə qoyacağıq. Yenidən gündəlik dinamik həyata qayıdıb, qaldığımız yerdən inşallah işlərimizə davam edə biləcəyik”.

 


Etiraf edirəm ki, bir ara suallarımla sözün əsl mənasında incitdiyim mətbuat katibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəflidir. Bəzi həmkarlarından fərqli olaraq, sual xoşuna gəlmədi deyə, qətiyyən mənə olan münasibətini dəyişmədi, səs tonunu qaldırmadı. Çünki hər birimiz öz vəzifə borcumuzu yerinə yetirdiyimizin fərqindəydik...


Bakıda yağış yağanda qayğıları artan A.Nəcəfli bildirib ki, karantin rejimilə bağlı onun işində hansısa dəyişiklik yoxdur:

“Gərgin rejimdə işimiz elə gərgin rejimdə də davam edir. Bu müddətdə yollarda aparılan təmir-tikinti işləri dayandırılmadı, əksinə karantin rejiminin tətbiqilə yollarda sıxlıq və intensivliyin azalması müəyyən işlərimizin vaxtından əvvəl yekunlaşdırılmasına gətirib çıxardı. Yollarda cari təmir işlərini apardıq və hazırda da davam edir. Bir sözlə, gərgin rejimdə çalışmağa davam edirəm. Düzdür, bəzi qurumlarda işlər dayandırılıb, bəziləri evdən işləyir, amma bizdə belə deyil. Biz adi iş rejimində çalışırıq, hər gün də görülən işlərlərlə bağlı ictimaiyyəti məlumatlandırırıq. Bununla yanaşı, çalışıram ki, ailəmə, istirahətə də vaxt ayırım. Həftənin 5 günü səhərdən axşama qədər fasiləsiz işləyirəm. Axşamlar da televiziyada efirə çıxıram. Sevindiricidir ki, karantin rejiminin yumşaldılması ilə xəbərlərdəki gərginlik də nisbətən yumşalmağa başlayıb. Həftə sonlarını sırf ailəmə həsr edirəm. Ailədəki məsələlərin həllinə, övladlarıma vaxt ayırıram. Digərləri kimi mən də Nazirlər Kabineti yanında Operativ Qərargahın qadağa və qaydalarına riayət edirəm. İşdən kənar getdiyimiz yer yalnız marketdir. Ora da gec saatlarda, insanların az olduğu vaxtlarda getməyə çalışıram. Bir sözlə hərəkət trayektoriyamız iş-ev-marketdən o tərəfə getmir. Uşaqları qətiyyən bayıra çıxarmırıq, marketə ya yoldaşım, ya da özüm gedirəm.


Maraqlı hadisəyə gəldikdə, deməli pandemiya dövründə işlə bağlı bir əraziyə getmişdim. Yaşlı bir nənə yaxınlaşdı ki, “oğlum, səni televiziyadan izləyirəm, nəvəm kimi çox istəyirəm. Pandemiya, virus zəhrimar olmasaydı, səni qucaqlayardım”. Dedim, nənə, heç bir pandemiya buna əngəl ola bilməz. Həmin vaxt xeyli güldük və bu, mənim yaddaşıma maraqlı hadisə kimi həkk olundu”.

 


Karantin rejimində havanın xeyli təmizləndiyini bəyan edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova qeyd edib ki, qurumun struktur bölmələri karantin rejimi şəraitində tələblərə ciddi riayət etməklə, bəzi əməkdaşları növbəlilik əsasında, bəziləri isə evdən onlayn şəkildə fəaliyyət göstərir:

“Mətbuat xidməti olaraq biz işimizi bu müddət ərzində distant rejimdə təşkil etmişik və qeyd edim ki, dövlətimiz, xalqımız üçün birlik, həmrəylik nümayiş etdirilməsi vacib olduğundan adi rejimdən də dəfələrlə məsuliyyətlə işləyirik.


Bilirik ki, ekoloji məsələlər indi tək bir region üçün deyil, bütün planet üçün prioritetdir və bu kontekstdən ətraf mühitdə baş verən proseslərin izlənilməsi, müdaxilələrin qarşısının alınması, cəmiyyətin hər vaxt gözlədiyi hava proqnozlarının çatdırılması bizim kommunikasiya strategiyamızın əsası olduğundan,məlumatların ötürülməsi adi qaydada davam etdirilir.


Eyni zamanda, dəstək və təbliğat tədbirlərimiz də hər an gündəlikdədir. Məsələn, virusla mübarizədə ön cəbhədə duran həkim və polislərimizə minnətdarlıq əlaməti olaraq həmrəyliyimizi simvolizə edən karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla yaşıllıq salındı və yaşıllıqların salınması işləri bu gün də davam etdirilir.

Evdə qalan vətəndaşlarımızın vaxtlarını səmərəli keçirməsi üçün nazirliyin sosial şəbəkələrdəki səhifələrində  “Evdə qal, təbiəti seyr et”, “Tullantılara ikinci həyat ver” kimi rubrikalar yaradılıb və gündəlik maraqlı, məlumatlandırıcı videoroliklər və məlumatlar təqdim edilir.  Deyərdim ki, bu layihələr çox maraqla qarşılanır və ən əsası bu işlərdə ekokönüllülərimiz yaxından iştirak edir.


Həm ekoloqlar, həm cəmiyyət üçün maraqlı olan hadisələrdən biri də karantin günlərində atmosfer havasının, dəniz suyunun keyfiyyətinin nəzərəçarpacaq dərəcədə dəyişməsi, vəhşi heyvanların areallarında sərbəstliyini qeyd edərdim və bunlarla da bağlı ictimaiyyəti mütəmadi məlumatlandırmaqda davam edirik.

İnanıram ki,  üzləşdiyimiz bu vəziyyətdə bir-birimizə dəstək olub, ruh yüksəkliyi ilə birlikdə bu sınaq dövrünü başa vurub, tezliklə  təbiətimizin yaz gözəlliklərini də birlikdə seyr edəcəyik...

Hər kəsə cansağlığı və bu çətin günlərdə Ulu Tanrıdan hamıya kömək arzulayıram”.

 


Bu günlərdə illərin “yorğunuğunu” çıxaran “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, koronavirus mövzusu yanvarın son günlərindən Bakı metropolitenində aktuallaşmağa başlayıb:

“Həmin vaxtdan ilk olaraq işçilərin maarifləndirilməsi və müvafiq dezinfeksiya işlərinə hazırlıq keyfiyyətlə aparıldı. Get-gedə artan, etriaf edim ki, həm də gərginləşən və ağırlaşan iş rejimində metropolitenin fəaliyyətini optimal şəkildə qurmağa kömək etdi. Əzablı mart günlərində yaşadıqlarımızı bir döyüşə bənzətsək – dediklərimi səmimi qəbul edin - həkimlərimizlə, polislərimizlə bərabər, metropolitençilər də ön cəbhədəki kimi virus təhlükəsi ilə üz-üzə idilər. Tarixən metropolitençilər mürəkkəb, ağır günləri 80-li, 90-lı illərdə az görməyiblər. O tarix kimi, bu günlər də metro mənim fəxr və qürur mənbəyim oldu. Bir dəfə də olsun, sızlayan, şikayət edən bir metropolitençi görmədim. Əksinə, həmişəki kimi, vəzifə borcunu yetirən əsl müsəlləh əsgər qismində əvvəlkindən daha məsuliyyətli və həssaslıqla, qorxmadan və çəkinmədən ön cəbhənin əsgərləri kimi sərnişinə xidmət etdilər. Məhz bu xüsusiyyətilərinə görə metropolitençilərimizlə həmişə qürur duymuşam. Onların yanında olmaq, bundan da əfzəl və hər şeyə rəğmən sərnişinimin yanında olmaq mənim üçün həm vəzifə, həm də vicdan borcu idi. Buna görə təxminən o iki ayı əhatə edən müddətdə hər gün ən çox tələsdiyim və can atdığım yer məhz stansiyalarımız idi. İndi o boş stansiyaları görmək ağırdır. Amma istər gündəlik, istər koronavirusla bağlı məsələləri əhatə edən kifayət qədər gərgin, bəzən dözülməz rejimdə çalışsaq da, məncə, komanda kimi çalışdığımızdan metro sərnişinə tam bağlanana qədər işimizin öhdəsindən hər bir sahədə layiqincə gəldiyimizi düşünürəm.

Bayram günləri ərəfəsindən bütün metropoliten kimi, rəhbərlik etdiyim şöbənin işi də Operativ Qərargahın bütün təlimatlarına uyğun qurulub. 70 illik yubileyini hələ də qeyd edə bilmədiyimiz metropoliten və mətbuat veteranını ev rejiminə keçirdik, növbəli iş prinsipini tətbiq etdik. Xüsusi rejimli karantin dövründə şöbənin işini, nə qədər ağır olsa da, əsasən, evdən çalışan əməkdaşların fədakarlığı sayəsində, normal qura bilmişik. İşimiz təkcə sərnişinlə bağlı deyil, eyni zamanda, metro işçilərini də əhatə edir. Ümumən, ilk baxışda, metro bağlanıbsa, işimizin azalması təəssüratı yaranır. Lakin metropolitenin məlum və naməlum xüsusiyyətləri, həm də işimizin prinsipləri nəzərə alınmaqla, deyim ki, işimiz məhz metro bağlanandan sonra daha ağırlaşıb. Bunu telekanallarımızın əməkdaşları daha yaxından hiss edirlər. Hətta bir çəkilişlə bağlı bütün televiziya kanallarının rəhbərlərindən aldığım dəstəyə, birmənalı və yekdil həmrəyliyə görə hər birinə dərin təşəkkürümü sizin vasitənizlə çatdırmaq istərdim. İcazənizlə, bunun təfərrüatları, işimizin xüsusiyyətlərindən bəhs etməyim. “Taclı” günlərdə istər sərnişinlə bağlı, istərsə öz həyatımdakı sosial kuryozlardan danışmayım. Bu, hələlik, mənim sirrim olaraq qalsın. Amma öz işimdən çox digər sahələrdəki metropolitençilərin əməyini qeyd etmək istərdim. Sərnişinsizliyin mənəvi basqısı öz yerində, lakin metro kimi nəhəng və mürəkkəb təsərrüfatın, xüsusən Bakının ağır geologiyasında yeraltı obyektin qorunması qatarların dövr etdiyi sərnişinli günlərdən də çox böyük fədakarlıq, diqqət, ciddiyyət və məsuliyyət tələb edir. Bu da metropolitençilər üçün indiyə qədər baş verməmiş bir təcrübə oldu”.

 



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova 
qeyd edb ki, ölkəmizin koronavirusla mübarizə apardığı dövrdə təmsil etdiyi qurumun da üzərinə böyük və məsuliyyətli vəzifələr qoyulub:


“Bu vəzifələrin layiqincə icrası üçün Agentliyin hər bir əməkdaşı səfərbər olub. Karantin rejimi tətbiq ediləndən təmsil etdiyim qurum da xüsusi rejimdə fəaliyyətini davam etdirməyə başladı. Xüsusi rejimli karantin şəraitində Agentlik müəyyən olunmuş qaydalara və növbəlilik prinsipinə uyğun olaraq əmək fəaliyyətini davam etdirir. Dövlət tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar Agentlik hətta Novruz bayramındakı qeyri-iş günlərində də adi iş rejimində çalışıb. Agentliyin bir sıra əməkdaşları, eləcə də mən özüm fasiləsiz olaraq işə cəlb edilənlər sırasındayıq. Hazırda ictimaiyyətin daha çox informasiyaya ehtiyacı olduğu dövrdə vətəndaşların lazımi məlumatlarla fasiləsiz şəkildə təmin edilməsi çox vacibdir. Yanlış məlumatların qarşısını almaq üçün ictimaiyyətin etibarlı mənbələrdən dəqiq və dolğun informasiya alması əhəmiyyətlidir. Bu məqamda da dövlət qurumlarının mətbuat xidmətlərinin üzərinə böyük vəzifələr və gecə-gündüz çalışmaq düşür. Hamı məsuliyyətlə işləyərək, kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran sorğuları cavablandırmağa çalışır. Dövlətimizin koronavirusla apardığı mübarizəyə dəstək olaraq, Marketinq və ictimaiyyətlə əlaqələr departamenti virusdan qorunma üsulları, ölkədəki mövcud vəziyyət və digər bu kimi məsələlərlə bağlı maarifləndirmə işləri aparır. Ölkədə karantin rejimi tətbiq edilmədən əvvəl-fevral ayında koronavirus pandemiyası ilə bağlı əhalinin məlumatlandırılması istiqamətində Agentlik Bakı şəhərinin 8 icra hakimiyyətində və 13 ali təhsil müəssisəsində bir sıra tədbirlər həyata keçirib. Vətəndaşlara virusdan qorunma üsulları izah edilib və qabaqlayıcı tədbirlər görmələri tövsiyə olunub. Karantin rejiminin tətbiqindən sonra maarifləndirmə işlərini Agentliyin rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri vasitəsilə aparırıq. Departament tərəfindən koronavirusdan qorunma üsulları, əllərin düzgün yuyulması, tibbi maskalardan düzgün istifadə qaydaları, evdə qalarkən vaxtın daha səmərəli keçirilməsi ilə bağlı tövsiyələr və digər bu kimi məlumatlar haqqında postlar, videoçarxlar hazırlanıb. Agentliyin its.gov.az saytında yaradılan “Koronavirus” bölməsi vasitəsilə isə vətəndaşlar onları maraqlandıran suallara cavab tapa və ölkədəki vəziyyət barədə məlumat əldə edə bilərlər. Bu bölmə “Ölkədə ümumi vəziyyət”, “Profilaktik tədbirlər”, “Ən çox verilən suallar”, “ÜST-ün tövsiyələri”, “Sənədlər” və “Könüllü tibb işçilərinin qeydiyyatı” altbölmələrindən ibarətdir. BMT və ÜST-lə birlikdə təşkil etdiyimiz “Təmiz əllər” kampaniyasında 22 Azərbaycan rəsmisi və beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltmək idi. Hazırda adlarını çəkdiyim qurumlarla birlikdə “Evdə həyat var” kampaniyası aparılır. 

Əlbəttə ki, bu məlumatların hazırlanmasında iştirak edən bir şəxs kimi mən özüm də bu qaydalara ciddi riayət etməyə çalışıram. İşə gedərkən maskadan istifadə edirəm, əllərimi tez-tez yuyuram, eyni zamanda spirtlə dezinfeksiya edirəm. İşdən başqa məcbur olmadıqca evdən çıxmamağa çalışıram. Vətəndaşlarımızı bir daha məsuliyyətli olmağa və virusun yayılmasının qarşısını almaqda dövlətə dəstək olmağa çağırırıq. Bu mübarizədə böyük əmək sərf edən və sağlam olmağımızda əhəmiyyətli rolları olan tibb işçilərinə, həmçinin ictimaiyyətin məlumatlandırılması istiqamətində gecə-gündüz çalışan KİV nümayəndələrinə Agentlik olaraq təşəkkür edirik”.



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev 
də bu müddətdə yorulmadan çalışanlardandır:


“Ölkə üzrə COVID-19 infeksiyası ilə mübarizə başladığı andan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də də təxirəsalınmaz profilaktiki tədbirlər həyata keçirilməyə başladı. Görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq missiyası üzərimizə düşdüyündən bunu yorulmadan etdik. Xəzərdə ən böyük mülki donanmaya malik Gəmiçilkdə gəmilərin necə dezinfeksiya edildiyini, dənizçilərin bu günlərdə necə çalışdığı haqqında məlumatları operativ təqdim etdik, mediadan gələn sorğular, sosial şəbəkə hesablarının idarə edilməsində xüsusi fəallıq nümayiş etdirdik. Dənizçilərin koronavirusa yoluxmaması üçün maarifləndirici materiallar hazırlayıb müxtəlif platformalardan onlara çatdırdıq. Ölkə ərazisində xüsusi karantin rejimi elan olunduqdan sonra da üzərimizə düşən missiyamızı yorulmadan davam etdirdik. Dənizçilərimizlə bərabər #EvdəQal və #BizBirlikdəGüclüyük aksiyalarına dəstək olaraq videoçarxlar hazırladıq. Bu videolarımız həm ölkənin internet mediasında, həm televiziyalarda yayımlandı. Qeyd etmək istərdim ki, bu günlər gözə görünməyən qəhrəmanların arasında həm də dənizçilərimiz də var. Onlar növbə dəyişikliyi olmadan, fədakarcasına öz işlərini yerinə yetiririrlər. Bu müddət ərzində ölkənin ən strateji istiqamətlərindən biri sayılan yükdaşımalarda və neft-qaz hasilatı proseslərində lazım olan gəmiçilik xidmətlərində fasilə yaranmadı. Sahil obyektlərimizdə məhdud sayda əməkdaşlar növbəli prinsipi ilə işlərini icra etdilər. Bununla belə onlayn rejim formatında görülən işlərimiz də öz bəhrəsini verdi. 
Hər kəs mən də kimi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında virusdan qorunmağa çalışıram. Fərdi mühafizə vasitələrindən istifadə edirəm. Qeyri-adi hadisə baş vermədi, amma dərk elədim ki, məsafədən iş yaxşı olsa da kollektivlə çalışmağın yerini vermir. Bu müddət ərzində jurnalist dostlar və həmkarlar da əzmkarlıq nümayiş etdirdilər. Sizin simanızda bütün qələm əhlinə təşəkkür edirik ki, həm gəmiçiliyin məlumatlarını operativ yayımladınız, həm də cəmiyyət üçün lazım olan digər xəbərləri ictimaiyyətə çatdırdız”.
 


Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova 
yeni növ virus səbəbilə dünyamız və xalqımız, övladlarımız üçün çox narahatdır:

“Amma dövlətimizin dəstəyi və həkimlərimizin əzmi ilə bu sınaqdan da ən az itki ilə çıxacağımıza ümid edirəm. Hamı kimi hər gün epidemiyanın yenildiyi xəbərini eşitmək ümidi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarını səbirsizliklə gözləyirik.

Əlbəttə, Hesablama Palatası da bütün dövlət qurumları kimi işini günün tələbinə uyğunlaşdırıb, sosial izolyasiya şəraitində fəaliyyətini davam etdirir.

Əməkdaşlarımızın sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov xüsusi rejimdə fəaliyyətimizin təşkil olunması, müzakirələrin və toplantıların yalnız telefon, internet rabitəsi vasitəsilə keçirilməsi ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, pandemiyaya qarşı mübarizə istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl edirik.

Bizimlə uzun illərdir əməkdaşlıq edən bir jurnalist kimi, bilirsiniz ki, ilin bu dövrü Hesablama Palatasında qızğın iş dövrüdür. Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı Rəy və Hesablama Palatasının illik fəaliyyətinə dair Hesabat adətən mart-aprel aylarında Milli Məclisdə müzakirəyə təqdim edilir. Odur ki, gün ərzində telefon və internet rabitəsi vasitəsilə bir-birimizle əlaqə qururuq, evdən işləyirik, eyni zamanda, ölkə və dünya gündəmini izləyirik. Bir şey var ki, evdən işləmək, xüsusilə qadınlar üçün, rəsmi iş şəraitindən fərqlidir. Odur ki, iş otağım, kompüterim üçün çox darıxıram. Amma bu da keçər. Sağlıq olsun, əsas sağlıqdır.

Həkimlərimiz, siz jurnalistlər, iş yerində olması zəruri olan dövlət xadimləri, məmurlar, dövlət qulluqçuları, strateji xidmət sahələrinin, ərzaq mağazalarının əməkdaşları bu günlərdə çox böyük fədakarlıq göstərirlər. Yanlarında olmasaq da,  dualarımız onlarladır.


Bir təsəllimiz də bu çətin günlərdə insanlar arasında bir-birinə qarşı qayğıkeşlik, pozitivlik və yardımlaşma ənənəsinin daha da güclənməsi, hər şeyə rəğmən ruh yüksəkliyinin qeyb edilməməsidir. Rəhbərliyin tapşırığı ilə kollektivimizin yaşlı üzvlərinə, o cümlədən “risk qrupuna namizəd” kimi mənə, zəng edirlər, mesaj yazırlar, Palatanın əməkdaşlarının, hər birimizin nəyə ehtiyacının olub-olmadığını soruşurlar. Belə günlərdə doğma kollektivin dəstək ve qayğısı daha dəyərlidir.

Kuryozmu ya yox, amma mən, təqaüdə çıxdıqda #evdəqal-dıqda həyatımın necə olacağını bu günlərdə daha aydın təsəvvür etdim ve etiraf edim ki, çox da məmnun qalmadım.

Dünyamız və xalqımız üçün keçmiş olsun deyirəm. Kollektivimiz adından vəfat edən soydaşlarımızın yaxınlarına başsağlığı verir, dərin üzüntümüzü bidirirəm. Xəstələrimizə şəfa diləyirəm”.

 

Azərenerji” ASC-nin mətbuat katibi Teymur Abdullayev il boyu fasiləsiz çalışanlardandır:

“İlin 365 günü 24 saat fasiləsiz olaraq elektrik enerjisi istehsal edən, onun ötürülməsini və enerjiinin idarəedilməsini həyata keçirən “Azərenerji” istər bayram günlərində, istərsə də karantin günlərində həyati əhəmiyyətli dövlət müəssisəsi olaraq işləyib. Mən öz işim, fasiləsiz işləməyin barədə əlavə nəsə demək istəmirəm. Çünki bu mənim işimdir, vəzifəmdir”.

 

Energetika Nazirliyində nazir müşaviri və mətbuat katibi vəzifəsində çalışan Zəminə Əliyevanın sözlərinə görə, mart ayında koronavirus və OPEC plus ölkələri arasında ziddiyyətlər səbəbindən neft bazarında vəziyyət mürəkkəbləşib:


“O vaxtdan yaxın müddətə kimi gərgin rejimdə işləmişəm. Hətta OPEC+ görüşləri ilə əlaqədar gecəni səhərə qədər çalışmışam. Bunun sayəsində dünya mətbuatı Azərbaycana istinad edib. Neft bazarının təhlili, məlumatların verilməsi, efirlərə çıxmaq və sahə ilə əlaqədar digər işlər bu günləri adi iş günlərindən fərqləndirmədi. Yəni karantin dövrü deyərdim ki, iş həcminin çox olması ilə yadda qalır”.



Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova 
ciddi karantin qaydalarına riayət edərək, evdə qalanlardandır:

“21 mart tarixindən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətlərə avtobusların fəaliyyəti məhdudlaşdırılıb. 21 mart tarixindən sonra isə qabaqcadan alınan biletlərin qaytarılması prosesi başlandı və ötən həftə yekunlaşdı. Karantin dövründə "Evdə qal" çağırışına ciddi əməl edərək vaxtımı evdə oğlumla və doğmalarımla dəyərləndirməyə çalışıram. Bu dövr ərzində kuryoz hadisələr ancaq mətbəxdə baş verir. Koronavirus infeksiyasından qorunmaq üçün sosial izolyasiyaya ciddi əməl edərək, zəruri olmadıqca evdən çıxmayaraq qorunuram. Bu dövrü daha az itki ilə başa vurmaq üçün bütün qaydalara riayət etmək və məlumatlı olmaq vacibdir. Karantin dövründə fasiləsiz işləyən bir çox qurumlar, əməkdaşlar var və hər birinə vətəndaş olaraq təşəkkür edirəm. Tezliklə işimizin başında olmaq və ölkəmizin bir-birindən səfalı bölgələrinə sərnişinlərimizi yola salmaq ümidi ilə..”.



İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzinin Kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova 
da fəaliyyəti məhdudlaşdırılanlardandır:


Bizim qurumun da fəaliyyəti mart ayının 19-dan etibarən məhdudlaşdırılıb. Amma bayram günləri də daxil olmaqla bu günə kimi elə bir gün olmayıb ki, biz mətbuatın sorğusunu cavablandırmayaq. Hökumətin pandemiya ilə mübarizəsinə dair analitiklərimiz demək olar ki, hər gün şərh və təhlillər hazırlayır. “Skype” və video formatında TV-lərin sorğularına cavab verirlər. Qeyd etdiyim müddət ərzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İxrac İcmalını təqdim edib. Bundan başqa hökümətin tədbirlərini aydın infoqrafikalarla izah edən 2 İslahat İcmalı hazırlayıb. Yəni onlayn şəkildə fəaliyyətimiz eyni templə davam edir.


Özümə gəldikdə isə bilirsiz ki, iş gününün və iş yükünün çoxluğundan evə, uşaqlara az zamanımız olur. Mən də fürsətdən istifadə edib, uşaqlarla doyunca vaxt keçirirəm. Bu müddət ərzində bitirməli olduğum elmi işimi yekunlaşdırmışam. Bir sözlə #evdəqal prinsipinə tam əməl edirəm. Kuryoz hadisə isə xatırlamıram düzü”.

 


Dövlət Şəhərsalma və Arxitektura Komitəsininin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Ramiz İdrisoğlunun 
təmsil etdiyi qurum da məhdud sayda əməkdaş cəlb edənlərdəndir:

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan etdiyi xüsusi karantin rejimi ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəaliyyətini  məhdud sayda əməkdaşların işə cəlb edilməsi ilə davam etdirir. Karantin dövrü şərtlərinə əsasən hazırda Komitəyə elektron formada müraciət etmək mümkündür. Bunun üçün həmçinin tikinti və istismara icazələrin verilməsi üzrə “Bir pəncərə” elektron sistemi  aktiv fəaliyyət göstərir. Tikinti sektorunda çalışan sahibkarlar həmin portal vasitəsi ilə ekspertizası tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına, ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin isə istismarına icazə ala bilərlər.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsininin İctimaiyyətlə əlaqələr sektoru da karantin dövründə işini məsafədən elektron formada davam etdirir. Media nümayəndələrindən gələn bütün sorğular cavablandırılır, bununla bağlı müsahibələr yayımlanır. Həmçinin karantin dövründə  “Evdə qal, işindən qalma” devizi altında “Bir pəncərə” elektron sistemindən necə yararlanmağın mümkünlüyünü izah edən maarifləndirici sosial videoçarxlar vətəndaşlara təqdim edilib.

Dincəlməyə gəlincə, məncə insan işini sevərək, zövqlə görürsə həm də dincəlir. Lakin hazırda karantin qaydalarına əsasən evdə qalmaq şərtdir. Qaydalara riayət edərək özümüzü və yaxınlarımızı qorumalı və bu dövrün tez bitməsi üçün birlikdə çalışmalıyıq”.

 

 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, təmsil etdiyi qurum fəaliyyətini dövlət siyasətinə uyğun olaraq, pandemiyaya mübarizə çərçivəsində qurub. Çünki cəmiyyətin yaşantılarını, prosesləri öyrənən bir qurumun sözçüsü olaraq, ona görə də həm ofisdaxili, həm də onlayn olaraq fəaliyyətin davam etdirib.

 

“Ölkədə elan edilən pandemik epidemiya ilə əlaqədar olaraq STM rəhbərliyi və xüsusi fəaliyyət sahələrini əhatə edən departamentlər gücləndirilmiş iş rejimində çalışıb. Bu müddətdə Sosial Tədqiqatlar Mərkəzinin martın 19-dan 28-dək ölkə miqyasında həyata keçirilən sosioloji sorğunun nəticələrini özündə əks etdirən “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik hesabatını hazırlayaraq, ictimaiyyətə təqdim etmişik. Paralel olaraq, vətəndaşların bu müddət ərzində - COVID-19 epidemiyası ilə fərdi mübarizə istiqamətlərinə münasibəti, yoluxma qorxusu və karantin şəraitində müayinəyə (özü və yaxınlarının) münasibəti; Dövlətin COVID-19 pandemiyası ilə mübarizə siyasətinə münasibəti, TƏBİB-in bu istiqamətdə fəaliyyətinin qiymətləndirilməsi və s. istiqamətdə fikirləri öyrənilib. STM bir neçə gün sonra isə birgə fəaliyyətimizin nəticəsi kimi “İnam indeksi: Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edilib.

 

Sözügedən sorğu sənədində Təqdim edilən növbəti hesabat, 2020-ci ilin sona çatan ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqımızın koronovirusa qarşı mübarizə aparan dövlət qurumları barədə rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq-mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaradıb. Nəhayət, STM dövlət rəhbərliyinə və müvafiq qurumlara təqdim eydiyi açıq və qapalı arayışlarda milli məsələlər, siyasi istiqamətlər, pandemiyaya qarşı mübarizə, sosial dinamika və s. sahələrə aid layihələr təqdim edib.

 

Pandemiya dövründə Mətbuat Xidməti olaraq gündəlik və həftəlik hesabatlar hazırlayaraq, müşahidə olunan yenilikləri, fərqlilikləri, çatışmazlıqları və prosesin üzə çıxardığı nöqsanları sənədləşdirərək rəhbərliyə təqdim etmişik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq