Arxiv
19 Aprel 2020, 15:10 | MEDİA
Mətbuat katibləri KARANTİNDƏ: “Dincəlməyə vaxt tapmırıq” - Virusdan qorxmayanlar... - FOTOLAR

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edən, infeksiyanın ölkədə yayılmasını qabaqlayan Azərbaycan hökuməti 24 mart 2020-ci il saat 00:00-dan etibarən 4 may saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. 

Bununla əlaqədar bir çox fəaliyyət sahələri tamamilə dayandırılıb, bəzilərinin işinə məhdud şəkildə icazə verilib. Vətəndaşların xüsusi icazə ilə küçəyə çıxdığı bu çətin günlərdə ictimaiyyətin məlumatlandırılması üçün səfərbər olmuş mətbuat işçiləri var. Onlar hər dəqiqə insanların informasiya təminatına çalışır. Jurnalistlərin dəqiq və operativ məlumatla təminatına isə dövlət qurumlarının mətbuat katibləri kömək edir. Gecə ilə gündüzümüzü itirdiyimiz bu günlərdə mətbuat katiblərinin üzərinə daha böyük məsuliyyət, yük düşür. Hətta bəzən gecə saatlarında belə, onlara ünvanlanan sualları səbrlə cavablandırırlar.


Modern.az
 saytı olaraq, bu yazıda mətbuat katiblərinin karantin günlərindəki işindən bəhs etmək qərarına gəldik. Görək onlar bu günləri necə keçirirlər, hansı kuryoz hadisə yaşayıblar, dincəlməyə vaxtları olurmu, koronavirusdan necə qorunurlar?

Beləliklə, "Mətbuat katibləri karantində" başlıqlı yazının 1-ci hissəsini təqdim edirik:
 

İşimizi asanlaşdıran Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev bildirib ki, karantin rejimi tətbiq ediləndən təmsil etdiyi qurum da xüsusi rejimdə çalışmağa başlayıb:



“İstər 15-19 mart tarixlərində, istərsə də 29 martdan sonra xüsusi rejimdə fəaliyyət göstəririk. Bu müddət ərzində isə daha çox yeniliklərlə fəaliyyətimizi davam etdiririk. İstər aprelin 5-dən icazələrin alınması və monitorinq sistemilə bağlı fəaliyyətə başlamağımız, istər bayram günlərində xidmətlərlə bağlı yeniliklərimiz, istərsə də ASAN könüllüləri işlərimizin mahiyyətini göstərən məqamlar oldu.  Bu müddətdə elektron xidmətlərin təşviqi ilə daha çox məşğul olduq, “ASAN Bot” istifadəyə verildi. İnsanların  xidmətlərə məsafədən daha çox ehtiyacı oluğunu nəzərə alsaq, dövlət xidmətlərilə bağlı yaranan sualları “ASAN Bot” cavablandırır. Çox qısa müddətdə SMS xidmətinin istifadəyə verilməsi və bununla bağlı apardığımız maarifləndirmə işlərini qeyd edə bilərəm. Bir sözlə, biz iş başındayıq, qürur duyuruq ki, bu cür məsələlərlə bağlı böyük məsuliyyətin öhdəsindən gələ bilirik. Hər kəsə #evdəqal dediyimiz məqamda bizim Agentliyin işlərinin evdən idarə olunması üçün qlobal şirkətlərdə tətbiq olunan “work from home” sistemi tətbiq olunur. Bizim əməkdaşların bir hissəsi işlərini evdən idarə etsələr də, digər hissəsi işə gedir.


Vətəndaşlara icazələrin alınması sistemindən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb. Fəaliyyətə başladığı müddətdən bu günə qədər ilk dəfə Çağrı mərkəzi xidmətlərinin müasir texnologiyalardan istifadə edilməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib.


Vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədi ilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər. Çağrı mərkəzinin əməkdaşları tərəfindən gün ərzində təxminən 15-17 mindən çox vətəndaş müraciəti qəbul olunur.  Bir sözlə,  fəaliyyətimiz davam edir. Yetər ki, vətəndaşlarımızın da münasibəti buna adekvat olsun. Mən bir daha həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bərabər media nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Sizin zəhmətiniz danılmazdır. Xüsusi karantin dövrü bir daha göstərdi ki, Azərbaycan mətbuatı, təbii, söhbət professionallardan gedir ki, yalnız ən düzgün məlumatları verməklə vətəndaşlarımızı maarifləndirirlər və bu işdə əməyi keçən hər kəsə təşəkkür etməyi özümə borc bilirəm. 
Eyni zamanda biz operativ olaraq xüsusi karantin rejimində vətəndaşlarımızı daha çox maraqlandıran suallarla bağlı paylaşımlar hazırlayıb sosial media üzərindən yayımlayırıq. Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ən zəruri hallarda bu sistemin imkanlarından istifadə etsinlər. 

Kuryoz hadisələrə gəlincə, xüsusi hadisə yadıma gəlmir. Amma qonşularımdan biri məni məhəllədə görəndə “qonşu, bax haa, SMS göndərib çıxmışam, qanunu pozmuram” deməsi uzun müddət unutmayacağım bir xatirəyə çevirildi”.

 


“Gülşən, əslində jurnalistlər də bu günlərdə gərgin işləyir, amma xüsusi qeyd edən yoxdur” deməsilə hazırda oxuduğunuz sorğunun ərsəyə gəlməsinə səbəbkar olan Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev hər gün adi iş günlərindəki kimi “budilnik” qurmaqda davam edir:

 
COVID 19 pandemiyası ilə əlaqədar elan edilmiş sosial izolyasiya şəraitində fəaliyyətini davam etdirən qurumlardan biri də Mərkəzi Bankdır. Hamı kimi Mərkəzi Bank da dövlət başçısının çağırışlarına cavab olaraq karantin rejimində çalışır ki, fəaliyyətimizdə fasiləsizliyi və davamlılığı təmin edək, vətəndaşlar bank xidmətlərindən problemsiz faydalana bilsinlər.

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı İşçi Qrupun  fəaliyyətinin kommunikasiyası da karantin rejimində önəmli məsələlərdən biridir.  Bundan əlavə, elə məsələlər var idi ki, onların ictiamiyyət arasında yayımlanması, vətəndaşları bu barədə məlumatlandırmaq, mətbuat katibindən xüsusi operativlik tələb edir. Bu məlumatlardan birini diqqətinizə çadırım: biz aidiyyatı qurumlarla birlikdə bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı sosial yardımların ödəniş qrafiklərinin xüsusi karantin rejimi müddətinə dəyişdirilməsi barədə qərarı kommunikasiya etdik. Burada yalnız Mərkəzi Bank deyil, əlaqədar qurumların mətbuat katibləri ilə əlaqəli şəkildə vətəndaşlarımızın nəzərinə çatdırdıq ki, məhz onların sağlamlığının, və virusa yoluxmasının qarşısının alınması üçün bu addım atılıb, pensiya və müavinatların verilmə qrafiki dəyişdirilib.

 

Mən hər zaman belə mürəkkəb şəraitdə çalışan peşə sahiblərini, həkimləri, polisləri və s. qeyd edərkən, jurnalistləri, mətbuat katiblərinin də bu sıraya aid edilməsini vacib hesab edirəm. Məhz karantin rejimində biz mətbuat katibləri də bir- birimizlə əlaqə saxlayırıq. İnanın ki, hamı çox məsuliyyətlə çalışaraq, operativ şəkildə KİV nümayəndələrinin sorğularının cavablandırılmasını təmin edir. Bilirsiniz ki, böhran vəziyyətində ictimaiyyətin etibarlı mənbələrdən informasiya alması vacib nüansdır, bu şayiələrin, yalnış məlumatın qarışısını alır. Məhz buna görə də jurnalist və mətbuat katibi tandemi bu məsələdə ən vacib məqamlardan biridir.

Dincəlməyə demək olar ki, vaxtım olmur. Adi iş rejimi qaydasında fəaliyyətimi davam etdirirəm. Hətta telefonumda səsli saatı da hər zamankı vaxta qurmuşam. Karonavirusdan hamı kimi qorunuram. Bu zaman yalnız özümü deyil, ətrafdakıları, yaxınlarımı da düşünürəm. Maska, əlcək, spirt, əllərin tez-tez yuyulması, karantin rejiminə ciddi əməl edilməsi facib faktorlardandır.  Kuryoz hadisəyə gəldikdə isə elə də ciddi hadisə ilə qarşılaşmamışam.

Bir mətbuat katibi kimi, sonda  siz jurnalistlərə təşəkkür edirəm. Biz birlikdə güclüyük!”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyir ki, təmsil etdiyi qurum geniş islahat gündəliyinə və əhalinin böyük kəsimindən ibarət xidməti kontingentə malik olduğundan KİV-in və sosial medianın daimi maraq dairəsindədir:


“Bu baxımdan mətbuatla, sosial şəbəkələrlə çox əhatəli spektrdə işlər aparılır. Xüsusilə ölkədə Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluğa və sosial rifaha dəstək məqsədilə çoxistiqamətli tədbirlərin həyata keçirildiyi bu günlərdə mətbuatla, sosial media ilə fəaliyyətimizin çevrəsi dəfələrlə genişlənib. Xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə biz də fəaliyyətimizi davam etdirməklə, eyni zamanda gücləndirilmiş iş rejimində çalışırıq. Görülən tədbirlərlə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılması, maarifləndirmə işləri, KİV-in, sosial şəbəkələrin daimi monitorinqi, yayılan bir sıra məlumatlara dərhal reaksiya verilməsi, hər gün sayı 100-dən çox olan KİV sorğularının cavablandırılması, mətbuata müvafiq məlumatlandırıcı arayışların, tezislərin hazırlanması, hər gün aktual mövzularda 10-larla müsahibənin, telereportajların təşkili və s. 

Bütün bunlar nəzərə alınsa, hazırda fəaliyyətimizin miqyasını təsəvvür etmək çətin olmaz. Üstəgəl sosial şəbəkələr vasitəsilə edilən, sosial dəstək tədbirləri ilə əlaqəli çoxsaylı, hər gün sayı yüzlərlə ölçülən vətəndaş müraciətlərinin cavablandırılması... Və bu müraciətləri edən şəxslər bəzən hətta yarım saatlıq bir vaxtı gözləmədən dərhal da cavab istəyirlər. Bu mümkün olmayanda isə tənqid ruhuna köklənirlər. Misal üçün, son günlər işsiz şəxslər üçün birdəfəlik ödəmə proqramı icra olunur, proqrama başlanandan sonra işsiz kimi qeydiyyata düşmək üçün e-sistemlərə çoxsaylı müraciətlər gəlir. Və e-sistemə müraciət edən şəxslər baxmayaraq ki, orada onlara qeydiyyata alındıqları barədə rəsmi cavab verilir, bununla rahatlaşmır, bu dəfə həm sosial şəbəkə, həm telefon vasitəsilə bizə müraciət edərək, qeydiyyata alındıqlarının bir daha dəqiqləşdirilməsi, ya da ödəmənin nə vaxt ediləcəyi barədə sorğu edirlər... 

Təbii ki, çalışırıq hər kəs sorğusuna tez və obyektiv cavab alsın. Daim KİV-lə sıx əməkdaşlıqdayıq və bu əməkdaşlıqda bizimlə birgə olan, fəaliyyətimizi işıqlandıran media qurumlarına, jurnalistlərimizə minnətdaram. Hesab edirəm ki, bu gün onlar da gücləndirilmiş iş rejimində çalışırlar. Sosial sahədə aparılan islahatlar, indiki dövrdə görülən sosial dəstək tədbirləri barədə aparılan işlər barədə ictimaiyyətin məlumatlandırılmasında bizə dəstək olan həmkarlarıma “Sağ olun!” deyirəm. Xüsusi karantin dövründə rəsmi icazə ilə mən və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları hər gün işdə oluruq. Bizim məqsədimiz cəmiyyəti nazirliyin gərgin və çoxşaxəli fəaliyyəti haqqında operativ məlumatlandırmaq, sorğuları cavablandırmaq, mübahisəli məsələləri araşdırıb açıqlama verməkdir”.

 


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bu günlərdə jurnalistlərə sözün əsl mənasında “təbib” olmağa çalışır:


Hələ koronavirus infeksiyası ilk dəfə Çinin Uxan şəhərində yayılmağa başlayanda artıq TƏBİB gücləndirilmiş iş rejimində fəaliyyətə başladı və virusun Azərbaycanda yayılmasının qarşısının alınması üçün Tədbirlər Planı hazırladı. Mart ayından etibarən işimi Tibbi Qərargahda davam etdirməyə başladım, daha sonra isə ölkədə xüsusi karantin rejimi tətbiq edildi. Gecə-gündüz, istirahət günləri demədən koronavirusla mübarizə aparırıq. Düzdür, dincəlməyə imkan olmasa da, bu şərəfli işdə silahdaşlarımla işləməkdən və Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasında az da olsa rolumun olmasından qürur duyuram. Bəli, çox yorulduq, yuxusuz gecələr keçirdik və hələ də bu mübarizə davam edir. Hətta bir müddət öncə 3 gün özüm belə xəstəxanada müalicə almalı oldum (koronavirus səbəbli deyil) və heç kim hiss etmədən işlərimə davam etdim. Xəstəxana şəraitində bir əlimdə sistem, digər əlimdə telefon və kompüter media nümayəndələrinin suallarını cavablandırdım, sosial şəbəkələrdə insanların koronavirusla bağlı maarifləndirilməsinə davam etdim. Hamıya "evdə qal" desək də, evdə qalmalı olmadığımızı bilirik və biz bu anda evdə qala bilmərik.

TƏBİB-in sosial şəbəkədəki hesablarında koronavirusdan qorunma üsulları, əllərin düzgün yuyulması, hansı hallarda nə etməli olduğumuzla bağlı geniş maarifləndirmə işləri aparırıq. Bu tip maarifləndirici materialların kontentini hazırlayarkən çox axtarış edirəm, müxtəlif ölkələrin təcrübəsinə baxıram, hədsiz çox informasiya əldə edirəm. Nəticədə, həm özüm öyrənmiş oluram, həm də vətəndaşlarımız üçün faydalı və lazımlı məlumatlar hazırlayıram. Mən də koronavirusdan qorunmaq üçün bütün önləyici tədbirləri görürəm. İşə və evə gələrkən ilk növbədə əllərimi su və sabunla yuyuram. Gün ərzində işdə olarkən əllərimi tez-tez spirtli məhlulla dezinfeksiya edirəm. İnsanların çox olduğu yerlərə getmirəm və marketdə olarkən maskadan istifadə edirəm, sosial məsafəni qoruyuram. Bəzən həftələrlə valideynlərimi görməyə belə getmirəm. Nəticədə, kimliyimizdən, tutduğumuz vəzifədən asılı olmayaraq, hamımız dövlətin qoyduğu qaydalara riayət etməliyik.
 

Bu müddətdə bir çox insanlar (məmurlar, şou-biznes nümayəndələri, deputatlar, sadə vətəndaşlar) mənə müxtəlif səbəblərlə hər hansı məlumatı öyrənmək üçün zəng ediblər. Hətta karantində olan şəxslər belə telefon nömrəmi tapıb suallarını verirlər. Karantində olan şəxslərdən birinin Avropada yaşayan qohumunun nömrəmi İngiltərədən tapdığını deməsi çox qəribə idi. Ümumiyyətlə, mənimçün də bu bir ilk idi. Əvvəlki günlərdə nə qədər inandırıcı gəlməsə də, sadəcə, rəqəmləri görüb məlumat verməklə kifayətlənsəm də, getdikcə şəxsən tanıdıqlarımın da bu xəstəliyə yoluxduğunu görmək çox ağır idi. Bir gün bir ana zəng vurdu, 18 yaşlı oğlunun koronavirusa yoluxduğunu və müalicə üçün Astara rayonuna aparıldığını elə bir kədər, iztirab içində bildirdi ki, həmin gündən etibarən hər gün o ana ilə danışmağa başladım. Həkimlərdən oğlu barədə maraqlanıb ona gündəlik təskinlik vermək istəyirdim. Həqiqətən, bu mənə çox pis təsir etmişdi. Onların ailə üzvlərinin testinin neqativ olduğunu və oğlunun sağaldığını deyərkən ən azı onlar qədər mən də sevinirdim. 
82 yaşlı koronavirus xəstəsi Oruc dayının sağalmasını bütün TƏBİB kollektivi səbirsizliklə gözləyirdi. Onun sağalıb xəstəxanadan evə buraxıldığı gün bizim üçün əsl bayram sevinci idi, kolleqalarımdan bir neçəsi hətta şirinlik də paylamışdılar.

Ümumiyyətlə, koronavirus insanlarımıza bir daha birliyi, mehribanlığı, çətin anlarda bir-bizimizə dəstək olmağı öyrətdi. İnsanlarımızın Azərbaycan həkiminə olan güvənini qaytardı, onları sevməyi, dəyərləndirməyi öyrətdi. Peşəsindən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq, hər bir kəs Azərbaycan naminə birləşdi, hamı öz köməyini təklif etdi, xalqımız bütün dünyaya örnək olacaq bir nümunə göstərdi. Biz də TƏBİB olaraq, həkimlərimizə, tibb işçilərimizə minnətdarlığımızı bildiririk və vətəndaşlarımızdan bir daha xahiş edirik ki, bizə bu işdə dəstək olaraq evdə qalsınlar. Birlikdə biz bu mübarizədə qalib gələcəyik, çünki biz birlikdə güclüyük!”

 


Evdən icazəsiz çıxanları cərimələyib, karantin qaydalarına riayət etməyə dəvət edən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Ehsan Zahidov da gücləndirilmiş rejimdə çalışanlardandır:


“Bildiyiniz kimi,koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Cənab nazirin əmrilə daxili işlər orqanlarının bütün əməkdaşları və hərbi qulluqçuları xüsusi karantin rejimi başlayan gündən gücləndirilmiş iş rejimində fəaliyyət aparır. Daxili İşlər Nazirliyinin mətbuat xidməti də bu sahədə həyata keçirilən tədbirlərin işıqlandırılması, görülən işlər, əhalinin maairfləndirilməsi barədə məlumatların hazırlanması ilə əlaqədar kütləvi informasiya vasitələrilə mütəmadi əlaqədədir. Kütləvi informasiya vasitələrində müxtəlif səpkili çıxışlar, məlumatlar yaymaqla öz xidətimizi davam etdiririk. Daim işdə oluruq, maksimum şəkildə virusdan qorunuruq. İstər nazirliyin inzibati binasında, istərsə də ərazi polis orqanlarının hamısnda mütəmadi olaraq dezinfeksiya işləri görülür. Əməkdaşların hər biri əlcək, tibbi maska, spirtlə təmin olunur. Xüsusi karantin rejiminin tələblərinə nəzarət etməklə bərabər, polis əməkdaşları cinayətkarlığa qarşı mübarizəni də paralel olaraq həyata keçirir”.



Bu günlərdə rayondan Bakıya hətta “baqaj”da keçmək niyyətində olan vətəndaşların arzusunu postlarda “boğan” Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev səhərdən gün batanadək xidmətdə olur:


“Əsas məqsədimiz insanların yoluxma ehtimalını azaltmaq və Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq yollarda nəqliyyat vasitələrini idarə edən hərəkət iştirakçılarına nəzarət etməkdir. Mənim işim xidmətlə yanaşı, kütləvi informasiya vasitələrini məlumatlandırmaqdır. Çalışırıq ki, bu günlərdə əhalinin daha çox məlumatlanması üçün kütləvi informasiya vasitələrilə daha sıx işləyək. Bu, həm insanların məlumatlanması, həm də əziyyət çəkməməsi üçün edilir. Hazırda Nazilər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq, işlərin görülməsilə əlaqədar martın 19-dan etibarən polis gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Postlarda xidmətin aparılması, kimlərin hərəkətinin məhdudlaşdırılması, kimlərin hərəkətinə icazə verilməsilə bağlı kifayət qədər məlumatlar açıqlamışıq. 
dyp.gov.az saytında bazar günü də daxil olmaqla, hər gün məlumatlar verilir. Çalışırıq ki, hərəkət iştirakçılarını daha çox məlumatlandıraq ki, onlar da qəbul olunmuş qaydalara ciddi riayət etsinlər və məsuliyyətə cəlb edilmək məcburiyyətində qalmasınlar. Bizim məqsədimiz o insanları məsuliyyətə cəlb etmək deyil, bəzi insanların hərəkətlərinin qarşısının alınması üçün müvafiq tədbilərin görülməsidir. Koronavirusdan qorunmaq üçün əhaliyə necə tövsiyə olunubsa, biz də onlara riayət edirik. Otaqda maska və əlcəkdən istifadə etmirik, çünki kənar şəxslərlə ünsiyyətdə olmuruq. Amma postlara gedəndə mütləq şəkildə hamı kimi maska, əlcək və spirtdən istifadə edirik. Yollarda olan postların, həmçinin patrul avtomobillərinin hamısı dezinfeksiya edilir. Yoluxmanın qarşısının alınması üçün hər səhər yol patrul xidmətinin əməkdaşları ilə mütəmadi təlimatlarda iştirak edirik”.



Hamının evdə qaldığı bu günlərdə qazanımızın qaynamağına səbəb olan “Azəriqaz”İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov da martn 15-dən sonra fasiləsiz çalışanlardandır:


“Səhv etmirəmsə sonuncu dəfə martın 7-də dincələ bildim. Bu günlərdə biz adi iş rejimində çalışırıq. İnsanların əksəriyyəti evdə qaldığından müraciətlər, zənglər çoxalıb. Biz 65yaşlı abonentlərimizlə bağlı sosial aksiyaya start verəndən sonra işimiz daha da çoxaldı, müraciətlər artdı. Şöbəmizin iki əməkdaşı əməkhaqları qalmaq şərtilə növbədənkənar məzuniyyətə göndərildi. Hazırda şöbədə mən, xüsusi müxbir və operator işləyirik. Sayca az olmağımıza baxmayaraq, çalışırıq ki, bütün işlərin öhdəsindən gələk. Əslində işə gedib-gələndə, şəhəri boş, tıxacsız, insanları az görəndə əvvəlki vaxtlar üçün darıxırsan. Amma bu da müvəqqəti çətinlikdir. Çətinliyin tez bir zamanda arxada qalması üçün də hər birimiz karantin qaydalarına riayət etməyə borcluyuq.

Ümumiyyətlə koronavirusdan qorunmaq üçün tibbi maskadan istifdə edirəm. Bir ara hansı maskanın daha keyfiyyətli olması geniş müzakirə olunurdu. Həmin vaxt gəzmədiyim aptek qalmırdı. Gəzinti, parklara giriş məhdudlaşdırıldığından, işdən çıxandan sonra işim-gücüm aptekləri gəzib maska axtarmaq idi. Hansı daha yaxşı qoruyur deyə bütün maskaları sınaqdan keçirməyə başladım. Gördüm ki, hamısı eyni funksiyanı daşıyır,ona görə də seçim etmədim. Sonra “Azəriqaz”da bütün heyət üçün maska ilə təminat olduğu üçün buna ehtiyac da qalmadı. 
Maşınımın arxa oturacaqlarının ciblərində ehtiyat üçün 2 dolu spirt qabı, sükanın yanında 1 dolu spirt qabı, baqajda 1 litrlik spirt var. Yəni tam şəkildə ehtiyatı əldən vermirəm. 
Bu yaxınlarda İctimai Televiziyanın “Növbədəkilər” verilişinin müəllifi Günay xanım çəkiliş üçün gəlmişdi. Çəkiliş vaxtı maraqlı ifadə işlətdi. Dedi “bundan əvvəl xanımlardan ancaq ətir iyi gəlirdi, indi spirt iyi gəlir”. Həqiqətən də spirtdən çox istifadə edirik. O dərəcədə ki, maska, üstəgəl spirt başağrısı verir. Oturduğumuz otaqda hər şey dezinfeksiya edilir. Televiziyaların əksəriyyətinə ünvanladıqları suallar əsasında müsahibə materialları çəkib göndəririk. Çətindir, amma öhdəsindən gəlməyə çalışırıq Həm də biz xidmət sahəsiyik, bunu etmək borcumuzdur. Biz gündəlik olaraq hər bir ailənin evinə dolayı yolla-qaz təchizatı ilə “qonaq” oluruq.

Bəzən çətinliklər yarananda bu “qonaq” pis qarşılanır, bəzən yaxşı qarşılanır. Amma istənilən halda biz yaxşı “qonaq” olmağa çalışırıq. Artıq uzun müddətdir ki, ailələrimizlə görüşmürük, qonaq gedib-gəlmirik. Bizdə evdə də onlayn rejimdir. Uşaqlar nənə-babası ilə onlayn rejimdə söhbətləşirlər. Düşünürəm ki, karantin bitəndən, hər şey normala dönəndən sonra nənə-babalarla nəvələr bir-birinə nə qədər sarılacaqlar. Ümid edirik ki, koronavius tezliklə lokallaşdırılar, yenə də əvvəlki firavan həyatımıza qayıdarıq. Biz birlikdə güclüyük!”.

 


Koronavirus pandemiyası dövründə belə “Yolunuz işılıq olsun” devizindən dönməyən “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıvedi Mustafayev deyir ki, xalqa xidmət etməkdən gözəl heç nə yoxdur:

“Ellə gələn toy-bayramdır” atalar sözünü işlətmək yerinə düşür. İstərdim ki, tezliklə bu qara buludlar Azərbaycanın və xalqımızın başı üzərindən çəkilsin. Hər kəs nigarandır, ancaq Prezidentimiz başda olmaqla biz birlikdə güclüyük!

“Azərişıq” ASC-nin əməkdaşları karantin günlərində də gücləndirilmiş rejimdə, onlayn şəkildə çalışırlar. Xüsusilə “199 Çağırı Mərkəzi”nin işçi heyəti çox operativdir. Bütün sahələri əhatə edən çoxsaylı telefon zəngləri, sosial şəbəkələr üzərindən daxil olan suallar və s. Hər müraciət də xarakterinə uyğun aqressivliklə müşahidə edilir. Təbii ki, Allah böyükdür! Bu günlərdə hamımızın böyük səbrə ehtiyacımız var. Bu gün “Azərişıq”a 24 saat ərzində daxil olan müraciətlərin operativ cavablandırılması gərgin iş rejimində çalışmaqla həllini tapır. Belə şəraitdə dincəlmək üçün vaxt qalarmı? İnşallah, tezliklə hər şey öz axarına düşər. Hər qaranlıq gecənin işıqlı bir səhəri olan kimi, yolunuz işıqlı olsun”.

 

Koronavirusdan qorunmaqda əllərimizi yumaq üçün onlara daha çox ehtiyacımız olduğu bu günlərdə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı şöbədəki hamını məzuniyyətə göndərsə də, özü iş başındadır:


“Bizim şöbəmizin bütün əməkdaşları məzuniyyətə göndərilib, yalnız özüm işləyirəm. Ona görə də işlərim nisbətən artıb. Maksimum şəkildə karantin rejiminə əməl edirik, maska, əlcək, spirt hər zaman yanımızdadır. İşdə məsafəni qoruyuruq, əllə salamlaşmırıq. Çalışırıq ki, minimum işçi ilə maksimum dərədəcə insanlarımızın suya olan tələbatını ödəyək. 
Bu günlərdə kuryoz hadisə yaşamamışam. Koronavius dövründə olan yeniliklərdən biri “Whatsapp”, “Skipe” üzərindən müsahibələr verməyimizdir. Yəni hərzamankı müsahibə formatlarımız dəyişib. Doğrudur, bununla yanaşı, müxtəlif televiziyalara dəvət olduqca, verilişlərdə iştirak edirəm. “Azərsu” ASC-nin kollektivi əzmlə iş başındadır. Bu günlərdə istehlakçılarımızı dayanıqlı içməli su ilə təmin edə bilmişik, əsas hədəfimiz də budur. Bir birlikdə güclüyük!”.



“Evdə qalın, avtobuslarda sıxlıq yaranır” deməkdən yorulmayan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirir ki, karantin rejimi günlərində və ondan əvvəl tətbiq olunan sosial izolyasiya tədbirləri zamanı fəaliyyəti həyati əhəmiyyət kəsb edən sahələrdən biri də təbii olaraq nəqliyyat sistemidir:


“Bunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi artıq fevralın ortalarından fəaliyyətini xüsusi rejimdə davam etdirir. Dərhal bir neçə istiqamətdə işlərin icrasına başlanıldı. Bunlardan biri əksepidemik tədbirlər idi. Bu gün də tədbirlər davam etməkdədir. Eyni zamanda, mövcud epidemik vəziyyətlərdə və buna uyğun tətbiq edilən izolyasiya rejimlərində ictimai nəqliyyatın tənzimlənməsi planlarının işlənib hazırlanması və icrasıda əsas prioritetlərdəndir. Bu gün mövcud çətinliklərə baxmayaraq, şəhər nəqliyyatının fəaliyyətinin təmin edilməsi, sərnişindaşımalarının təşkili və bu çərçivədə eskpres xətlərin fəaliyyəti zamanında düşünülmüş planların mövcudluğu sayəsində mümkün olub. Bakı Nəqliyyat Agentliyi olaraq üzərimizdə böyük bir məsuliyyət var. Həyati əhəmiyyətli obyektlərdə çalışanların, cəmiyyətimizin ayaqda durması üçün fəaliyyəti vacib olanların daşınması üçün bütün səy və qüvvələrimizi səfərbər etmişik. Hər bir əməkdaşımız qarşımıza qoyulan bu tapşırığın layiqincə icrası üçün əlindən gələni etməkdədir. Ümumilikdə bildirim ki, Bakı şəhərinin nəqliyyat sisteminin və onun tərkib hissəsi olan sərnişindaşımaların böhran hallarına davamlılığı artıq bir neçə dəfə sınaqdan keçib. Buna misal olaraq, 2018-ci ilin iyulunda enerji böhranı zamanı fəaliyyətimizi göstərmək istərdim. Bu cür böhran hallarında nəqliyyatla bağlı qarşıya qoyulan məsələlərin operativ həllilə yanaşı, vacib olan digər zəruri məqam insanların tətbiq olunan dəyişikliklər və yeniliklər barədə operativ məlumatlandırılmasıdır. Əhalinin vaxtında və düzgün məlumatlandırması üçün KİV və sosial şəbəklərin verdiyi imkanlardan geniş istifadə olunur. Zaman və məkan məhdudiyyəti olmadan məlumatların operativ qaydada çatıdırılmasını təmin edirik. Təbii ki, vəzifəmizin icrası zamanı şəxsi sağlamlığımızın qorunması məsələsi də diqqətdən yayınmır. Çünki bu barədə məsuliyyətsizlik etməyə haqqımız yoxdur. Bizim həm ailəmiz həm də vətəndaşlarımız qarşısında bir məsuliyyətimiz var. Bu işdə bizə dəstək olan jurnalist həmkarlarımıza də  təşəkkürümü bildirirəm”.



Sərhədlərin bağlanması ilə “koronavirus idxalını dayandıran” Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov da gücləndirilmiş rejimdə çalışanlardandır:


Bildiyiniz kimi, gömrük orqanları koronovirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Koronovirus infeksiyası yayılmağa başladığı andan etibarən ölkəmizin giriş qapılarında 24/7 prinsipi ilə gecə-gündüz çalışan gömrükçülər “ön cəbhə”də xidmət edirlər. Xatırladım ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, gömrük-sərhəd keçid məntəqələrində sərnişinlər və yüngül minik nəqliyyat vasitələrinin keçidi tam məhdudulaşdırılıb. Lakin yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur. Bu pandemiyaya qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.

İş prinsipinə gəlincə, xüsusi karantin rejimində gömrük orqanları fəaliyyətini Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimləyir. İstər gömrük-sərhəd keçid məntəqələri, istərsə də gömrük rəsmiləşdirilməsini həyata keçirən qurumlar gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.

Belə demək mümkünsə, hər gün işdəyik, xüsusən karantin rejimində, dəyərli media mənsublarının, eləcə də vətəndaşlarımızın bizə ünvanladığı sualları ətraflı cavablandırırıq. Vətəndaşlarımız tərəfindən ünvanlanan sualların əksəriyyəti hazırkı dövrdə ölkəyə giriş-çıxış qaydaları ilə bağlı olur.

Mən də koronavirusdan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edir, gün ərzində tez-tez əllərimi sabunla yuyuram. Evdən çıxarkən, işdə olduğum müddətdə qoruyucu maskalardan, əlcəklərdən, dezinfeksiyaedici vasitələrdən istifadə edirəm”.

 


Yeni avtobusları xəttə buraxar-buraxmaz koronavirusun “nəzər”inə “tuş gələn” Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bəzi anlarda göz yaşlarına hakim ola bilmədiyini qeyd edib:


“Bütün dünya üçün əsrin ən böyük sınaqlarından biri hesab edilən koronavirus pandemiyası ilə bağlı ölkəmizdə də təxirəsalınmaz tədbirlər başlandığı gündən xüsusi rejimin tələbləri çərçivəsində işinə davam edənlər sırasındayıq. Avtomobil nəqliyyatı ilə daşımalar kommunikasiyanın ən vacib sahələrindən biri olduğundan daşımaların məhdudlaşdırılması təbii ki, insanların alışmadığı tədbirlər sırasında idi. Sərnişinlərin ilk vaxtlardakı reaksiyalarını nəzərə alaraq, müəyyən fəaliyyət sahələri kimi bizim sahədə də iş rutinini məhdudlaşdırmaq deyil, 7/24 rejiminə salmaq zəruri idi. Martın 15-dən DANX komandası olaraq bu rutində işləyirik. Sərnişinlərin sualları, marşrut xətləri ilə bağlı tələbatın ödənilməsi üçün müraciətlərin vaxtlı-vaxtında çatdırılması, fəaliyyəti zəruri olan peşə sahiblərinin nəqliyyatla təmin edilməsi məsələlərinin koordinasiya edilməsi bu dövr üçün üzərimizə düşən ən mühüm öhdəliklər idi. Üstəlik bütün bu proseslərin içində həm də karantin dövründə izolyasiyaya əməl olunmasına nəzarət çox vacib idi. Nəzərə alsaq ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti bütün respublika üzrə və eyni zamanda beynəlxalq sərnişin və yükdaşımalarına dövlət nəzarətini təmin edən qurumdur, bizim evdə qalmaq kimi bir seçimimiz yoxdur və ola da bilməz. Biz evdə qalan hər kəs üçün çalışmalıyıq və inanın səmimiyyətimə, evdə qalaraq dövlətə dəstək olmaq daha böyük işdir və biz, şəxsən özüm bu işi məsuliyyətlə icra edənlər üçün çalışmaqdan yorulmuruq. 
Kuryoz hadisələrsiz də olmur bu arada. Məsələn, müraciət edən sərnişinlərdən biri operatorumuza zəng edərək “xanım qız, xanımım qalıb kənddə, indi səsinizi yazıb ona göndərəcəm, 3 dəfə ucadan səslə de ki, qayıda bilməz. 100 ildə bir dəfə düşən imkandır, de səsinə qurban, ucadan de ki, gələ bilməz”.

Ağladığımız anlar da oldu.Türkiyədən qayıdan tələbələrimizi daşıyan avtobus Türkiyə-Gürcüstan sərhəddində məhdudiyyətlə əlaqədər ölkəyə buraxılmadığı üçün müdaxiləmiz zəruri idi. Bütün bu müddət ərzində avtobusun salonu ilə video bağlantıda olurduq ki, uşaqlar narahat olmasınlar. Valideynlərinin səs yazılarını göndərirdik. Rəhbərliyin iki ölkənin aidiyyatı qurum rəsmiləri ilə danışıqları nəticə verdiyi zaman tələbələrin videogörüntüdə “çox sağ ol, Azərbaycan” demələri müdhiş bir hiss idi. Amma təbii ki, bu iş qrafikində epidemiyadan qorunmaq da zəruridir. Mümkün və deyilən bütün tələblərə əməl edərək maksimum özümüzü qorumalıyıq ki, lazım olduğumuz sahədə boşluq yaranmasın.Və fürsətdən istifadə edib bütün sərnişinlərimizə şəxsim adına təşəkkür edirəm. Zənglərin sıx olduğu saatlarda operatorlar çatdırmaya bilər deyə, şəxsi nömrəmi də vətəndaşların sualları üçün elan etmişdim. Bu müddət ərzində bir nəfər belə yersiz məsələ ilə bağlı və ya zarafat xatirinə yığmadı. Belə vaxtlarda anlayış çox önəmlidir və bu anlayışın tərəfi olan sərnişinə xidmət etmək mənə şərəfdir!”.


 

Qollarını çırmayıb əkin-biçinə girişən Kənd Təsərrüfatı Nazirliyinin (KTN)mətbuat katibi Vüqar Hüseynov rayonlarda olduğu üçün evdəkilərin üzünü az-az görür: 

"Karantin rejimi dövründə nazirliyinin Mərkəzi Aparatı və tabeli qurumları adi iş rejimində işləyirlər. Hətta Nazirlər Kabinetinin müvafiq qərarına əsasən nazirliyin və tabeli qurumların əməkdaşları vəsiqə və arayışla bütün reapublika ərazisində sərbəst hərəkət hüququna malikdirlər. Bazar günü də daxil olmaqla hamımız işdəyik. Yazlıq əkinlərə start verildiyi dövrdür. Bu baxımdan fermerlərin sərbəst hərəkətinin, istərsə də digər sahələrin fəaliyyətinin təşkilə bağlı bütün lazımi işlər görülür. Demək olar ki, günün 24 saatı iş başındayıq. Əvvəlki dövrlə müqayisədə işimiz artsa da hamısının öhdəsindən gəlirik, heç bir problem yoxdur. Nazirlik Hökumət evinin inzibati binasında yerləşdiyi üçün buradakı qurumların fəaliyyətinin təşkililə bağlı xüsusi təlimat hazırlanıb. Bu təlimata əsasən karantin dövründə bütün qaydalara əməl olunması məcburidir. Yəni maska, spirt, dezinfeksiya işləri, həmçinin ara məsafəsinin qorunmasına tam əməl olunur. İndiki dövrdə ərzaq təhlükəsizliyinin təmini əsas prioritet olduğu üçün fəaliyyətimizi davam etdirir".

 


“Qara qızıl”ın üzüqara qiymətlərindən “bulaqları qaynayan” SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyir ki, bir çox əməkdaşlar kimi o da istirahət günlərində işdə olub:


“Bayram günlərindən sonra karantin tədbirləri daha da gücləndirilib və bu gün hər kəs imkan olduğu qədər özünü təcrid etmək şərtilə iş fəaliyyətini davam etdirir. İlk növbədə özünün səhhət durumundan şübhələnən şəxslər özlərini təcrid etməlidir. Bilirsiniz ki, bir çox insanlarda xəstəlik yüngül simptomlarla keçə bilər, hətta özləri də fərqinə varmadan, ətraflarında olan insanları yoluxdura və epidemiyanın daha sürətlə yayılmasına səbəb ola bilərlər. Şükürlər olsun, bu müddət ərzində səhhətimlə bağlı hər hansı bir ciddi şikayətim olmadı. Lakin bayram günlərindən (hansı ki, bizim üçün iş günləri idi) sonrakı günlərdə səhhətimdə bir qədər yüngül narahatlıq keçirdiyimə görə, bütün ehtimallara qarşı bir çox həmkarlarım kimi mən də özümü təcrid etdim. Bununla belə, işimin həcmi demək olar ki, olduğu kimi qaldı. Hətta deyə bilərəm ki, indi iş və qeyri-iş günləri arasındakı fərq pozulduğuna görə, işin faktiki həcmi bir qədər artıb. Demək olar ki, həftənin bütün günləri bizim üçün iş günləridir. Bəzi günlərdə, misal üçün, internet üzərindən bir neçə distant müşavirələrdə iştirak edirəm, hər gün press-reliz və hesabatlar üzərində işləyirik, KİV-lərdən daxil olan sorğuları cavablandırırıq, müsahibələri internet üzərindən, bəzən hətta canlı yayımda verirəm, kommunikasiya strategiyamızla bağlı təhlillərimizi aparırıq. Bir sözlə, gördüyümüz işlərin həcmi azalmır, əksinə məsafə artıq rol oynamadığına görə bəzi işlər daha sürətlə icra olunur. Hazırda bütün dünyada yüz milyonlarla insan evdən işləyir və güman olunur ki, pandemiyanın gətirdiyi bu karantin məhdudiyyətləri qaldırılandan sonra iş mədəniyyətimiz dəyişə bilər. Bəşəriyyət bu gün bir növ qeyri-könüllü eksperiment şəraitindədir və bu şərait başa çatandan sonra şirkətlər tərəfindən təhlillər aparılacaq. Nəticədə müəyyən oluna bilər ki, bir çox iş sahələrində insanların evdən işləməsi daha böyük səmərə verir, həm də ətraf mühitin qorunması baxımından daha əlverişli ola bilər. Bunu da nəzərə almalıyıq ki, qarşıdakı illərdə insanın fiziki zəhmətinə tələbat azalacaq, onu əsasən robotlar və süni zəka əvəzləyəcək, insan zəhmətinə isə daha çox zehni və kreativ fəaliyyət sahələrində tələbat artacaq. Bu baxımdan hazırda yaranmış bu vəziyyəti gələcək iqtisadiyyatın reallığına hazırlaşmaq üçün bir fürsət kimi də dəyərləndirmək və bu fürsətdən istifadə etmək olar. 

Distant işin təşkili üçün əsas vasitə rəqəmsal texnologiyalardır. Hazırkı vəziyyətdə əməkdaşlarımız bu texnologiyalardan daha səmərəli işləməyə nail olmalı, şirkət isə onlara bu istiqamətdə dəstək verməlidir. Buna görə biz şirkətin digər aidiyyəti struktur bölmələri ilə birlikdə əməkdaşlarımız üçün silsilə vebinarlar keçirməyi, həmin vebinarlarda həm istifadəçi səviyyəsində distant işdə faydalı olan tətbiq və texnologiya təlimlərinin təşkilini planlaşdırırıq, həm də proqramlaşdırmanın əsaslarını aşılamaq və proqramist perspektivindən ilkin rəqəmsal anlayışları aşılamaq üçün təlim-vebinarların keçirilməsi barədə düşünürük. Hesab edirəm ki, hazırkı özünütəcrid şəraitinin nə qədər davam etməsindən asalı olmayaraq, rəqəmsal bilik və bacarıqlara yiyələnmək - nə qədər səthi olsa belə - gələcək karyeramızda hər birimiz üçün üstünlük və hətta zərurətdir. Bir neçə ildən sonra Sənaye 4.0 tələblərinə uyğun gəlməyən işçilər əmək bazarında rəqabətdə uduzacaq, işlədikləri sahədən asılı olmayaraq, tez ya gec öz rəqəmsal kvalifikasiyalarını artırmağa məcbur olacaqlar. Çünki ilkin proqramlaşdırma bilikləri və rəqəmsal səriştə təkcə informasiya texnologiyalarında yox, tibdən tutmuş, neft sənayesinə qədər bütün sənaye və sahələrdə əsas tələb olunan səriştələrdən biri olacaqdır. Mən rəhbərlik etdiyim kollektivdə hələ pandemiyadan əvvəl ortaq rəqəmsal iş mədəniyyətini tətbiq etmişdim və buna görə bizim özünütəcrid rejimindəki iş tərzinə keçidimiz olduqca asan və problemsiz gerçəkləşdi. Hamımız özümüzü və ətrafdakı insanları maksimum dərəcədə qorumağa, vəzifə öhdəliklərimizi tam yerinə yetirməklə yanaşı, həm də özümüzü peşə kvalifikasiyası baxımından inkişaf etdirməyə çalışırıq. Sizə və bütün dəyərli KİV işçilərinə möhkəm cansağlığı arzulayırıq”.

 


Hazırda koronavirus səbəbindən çökən iqtisadiyyatımızı ayaqda saxlamağa çalışan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyevin sözlərinə görə, təmsil etdiyi qurum və strukturları, o cümlədən İctimaiyyətlə əlaqələr şöbəsi Novruz bayramının ilk iş günlərində adi iş rejimində fəaliyyətini davam etdirib, 
bayram günləri ərzində də media ilə iş əlaqələr fəal şəkildə aparılıb:


“Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin şəraitində nazirlik və onun strukturları müəyyən olunmuş qaydalara və növbəlilik prinsipinə uyğun olaraq əmək fəaliyyətini davam etdirirlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən də mətbuatla iş fasiləsiz şəkildə davam etdirilir. Hazırkı dövrdə informasiyanın önəminin daha da artmasını nəzərə alaraq, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən vətəndaşların və media nümayəndələrinin sorğu və suallarının ətraflı və operativ şəkildə cavablandırılması təmin edilir”.

 


İşsizlərin maliyyəyə daha çox ehtiyacı olduğu koronaviruslu günlərdə Maliyyə Nazirliyinin (MN) mətbuat katibi Mais Piriyev “indi dincəlmək vaxtı deyil” deyənlərdəndir:


“Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb  edilən dövlət orqanlarının sırasında Maliyyə Nazirliyi də var və nazirlik təşkilatların maliyyələşdirilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə gündəlik əsasda işini davam etdirir. Eyni zamanda, Maliyyə Nazirliyi sistemində işçilərin iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə də əmr imzalanıb. Əmrə əsasən, Nazirliyin Aparatı, struktur bölmələri və yerli maliyyə orqanlarında vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər iş yerinə gəlmədən saat 09:00-dan 18:00-dək evdən distant işləmə rejiminə keçirilib. Evdən işləmə rejiminə keçən işçilərlə iş vaxtı ərzində telefonla və internetlə onlayn rejimdə daim əlaqə saxlanılır, müvafiq tapşırıqlar verilir. Bundan başqa, iclas və görüşlər əsasən audio və videokonfrans formatında keçirilir. 

Qaldı ki mətbuat xidmətinin işinə, hesab edirəm ki, indi dincəlmək vaxtı deyil. Mətbuat xidməti olaraq bayram günləri də daxil olmaqla gündəlik qaydada öz öhdəmizə düşən işi həmişəki kimi vaxtında və keyfiyyətli yerinə yetirməyə çalışır, Maliyyə Nazirliyinin fəaliyyət sahələri ilə bağlı ictimaiyyəti məlumatlandırırıq. İnfeksiyadan qorunmaq üçün isə mütəxəssislərin və həkimlərin tövsiyələrinə ciddi şəkildə əməl edir, istisnasız olaraq maskadan istifadə edir, gigiyena qaydalarına və düzgün qidalanma vərdişlərinə uyğunlaşmağa çalışıram. Hər bir vətəndaşımız kimi mən də əminəm ki, həyata keçirilən düşünülmüş və məqsədyönlü tədbirlər sayəsində dövlətimiz və xalqımız bu ağır sınaqdan da şərəflə çıxaraq pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizin də humanitar, sosial, iqtisadi və maliyyə sahələri üçün yaratdığı mənfi fəsadları tezliklə aradan qaldıracağıq. İndi isə hər birimiz sosial məsuliyyətli davranmalı, virusun yayılmasının qarşısının alınmasına dəstək olaraq özümüzü, ailələrimizi, yaxınlarımızı qorumaqla ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəmizi verməliyik”.



Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva 
gücləndirilmiş rejimdə çalışanların sırasındadır:


“15 mart tarixindən Fövqəladə Hallar Nazirliyi də gücləndirilmiş iş rejimində çalışır. Əməkdaşlarımız da, mən də sosial məsafəni saxlamaqla adi iş rejimindəyik. Jurnaslitlərimizlə gündəlik olaraq əlaqədəyik. Müəyyən qədər dincəlməyə vaxt tapırıq. İş vaxtı istisna olmaqla, evdə qalıram. Koronavirusdan qorunmaq üçün Operativ Qərargahın bütün tövsiyələrinə riayət edirəm, maska, əlcək, dezinfeksiyaedici məhlullardan istifadə edirəm. Kənardan gələn əşyaları mütləq şəkildə dezinfeksiya etdikdən sonra istifadə edərək, özümü və doğmalarımı qoruyuram. Fürsətdən istifadə edib, bütün vətəndaşlarımızı qoyulan qadağalara, qaydalara əməl etməyə çağırıram”.



Təhsil müəssisələri bağlansa da, işini dayandırmayan Təhsil Nazirliyinin (TN) mətbuat katibi Cəsarət Valehov adi iş rejimində çalışan mətbuat katiblərindəndir:


“Desəm ki, karantin dövründə məktəblər bağlı olsa da, işimiz daha da artıb, yəqin şişirtmiş sayılmaram. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 3-dən 9-na kimi tədris dayandırıldı. Martın 2-də yaydığımız məlumatlarda, açıqlamalarda, videogörüntülərdə insanlara vəziyyəti düzgün izah etməyə çalışdıq. Bildiyiniz kimi, birinci mərhələdə verilən tətil dezinfeksiya işlərinin aparılmasına xidmət edirdi. Sonradan tətil müddətinin uzadılması isə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi daşıdı. Biz Təhsil Nazirliyi olaraq, fevral ayının sonlarından başlayaraq, prosesdə necə hərəkət edəcəyimizlə bağlı rayon təhsil şöbələrinə müraciətlər ünvanlamışdıq. Fevralın sonundan etibarən kritik media masası yaratdıq. Kritik media masası sosial şəbəkədə gedən məlumatların çeşidlənməsi, o xəbələrə uyğun olaraq fəaliyyətimizin müəyyən edilməsi və s.-ni  əhatə edirdi. Nəhayət məktəblilərimizin təhsildən kənar qalmaması üçün müzkairələrə başladıq. Bu zaman onlayn təhsil, məsafədən təhsil, teledərs formatı nəzərdən keçirilməyə başlandı. Müzakirələr zamanı daha çox diqqətimizi çəkən teledərs formatı oldu. Çünki bu formatda yayım bütün ölkəboyu əhatə olunacaqdı. Yəni bu formatda kiminsə planşetinin, smarfonunun olmaması problem deyil. Gedişat göstərir ki, biz o vaxt çox düzgün qərar verdik. Bakıdakı məktəblərdən birində təxminən 30-35 nəfərlik heyətlə televiziya formatını qurduq. Gün ərzində 50-80 dərsin çəkilməsi, onların montajı, müəllimlər tərəfindən yoxlanılması, cədvəlləşdirilərək, efirə verilməsi böyük zəhmət tələb edir. Biz həmin andan bugünədək ayaq üstəyik. Gün ərzində ən azı 12 saat işləyərək, müsbət nəticələr əldə etdik. Bu həftə 700-cü dərsi efirdə yayımlayacağıq. Bizim tətbiq etdiyimiz format qonşu ölkələr üçün də örnək oldu. Həmçinin start verdiyimiz virtual məktəb layihəsində 150 mindən çox şagird qeydiyyatdan keçib.

Layihəyə start veriləndə qarşımızda qoyulan ilk tapşırıq koronavirusdan maksimum qorunmaq oldu. Çünki böyük məktəbdə məsafəni qorumaq mümkündür. Tərəfimizdən bütün gigiyena qaydalarına əməl olunur, spirt, maska, əlcəkdən istifadə edilir. Gün ərzində 4-5 saat ərzində kameraların, kompüterlərin qarşısında karantin qaydalarına riayət etməklə işlərin öhdəsindən gəlmək olduqca çətindir. Bütün əməkdaşlarımız səfərbər olunub. Əslində gördüyümüz işlərin hamısını kuryoz hadisə saymaq olar. Gərginlikdən ürəkdən gülməyi də unutmuşuq”.

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi Bəşarət Məmmədov  #evdəqalıb #dərsdən qalmayanlardandır, 
hətta son vaxtlar sosial şəbəkədə yazdığı statuslarla diqqət çəkməyi də bacarır:


“Son zamanlar mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, fəaliyyətimizi əsasən məsafədən təşkil edirik. Koronavirus infeksiyası ilə bağlı ölkədə görülən sosial təcrid tədbirləri də bunu tələb edir, tibbi-gigiyenik qaydalar da. Məlum olduğu kimi, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Əslində məktəblərdə tədrisin dayandırılması haqqında martın 3-də ilk qərar qəbul olunan gündən müvafiq qabaqlayıcı tədbirlər görməyə başlamışıq. Təhsil müəssisələri də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binası da dezinfeksiya olunub. Qabaqlayıcı tədbirlərin ilk günlərindən idarənin girişində dezinfeksiyaedici vasitə qoyulub. Həmçinin fəaliyyətimiz məsafədən təşkil olunub. Bu, hər bir əməkdaşa, o cümlədən mənə də daha arxayın işləməyə imkan verir. Ən zəruri hallarda rəhbərlik və məhdud sayda əməkdaş işə çıxır. İşdən və ya evdən aparılan müzakirə və məsləhətləşmələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır. Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, idarə əməkdaşlarına sosial təcrid üçün əlverişli şəraitin yaradılması və ümumi təhsil müəssisələrində dərs prosesinin dayandırılması səbəbindən onlayn tədris imkanlarının müzakirəsindən ibarətdir.

Müzakirələrdə məktəblilərin tədris prosesindən uzaqlaşmaması üçün mövcud imkanlar araşdırılır, müəllim-şagird ünsiyyətinin davamlılığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin məktəblilərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələrə nəzər salınır. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan teledərslərə və müəllimlər tərəfindən aparılan onlayn dərslərə uşaqların diqqətinin daha da artırılması üçün müəllim-valideyn əlaqələrinin vacibliyi önə çəkilir.

Bununla belə, zəruri hallarda işə çıxdıqda da birbaşa ünsiyyət tamamilə məhdudlaşdırılıb ki, bu da mövcud tələblərin qaydalarına uyğundur. Ancaq elektron poçt, telefon və digər texniki vasitələrlə əlaqə saxlanılır. Eləcə də şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə  onlayn müsabiqələr təşkil olunur.

Təqdirəlayiq haldır ki, paytaxtın təhsil işçiləri də, məktəblilər də #EvdəQal #DərsdənQalma çağırışlarında fəal iştirak edir, maraqlı fotoşəkillər və videoçarxlar vasitəsilə ictimaiyyətə pozitiv mesajlar ötürürlər.

Mətbuat xidməti olaraq media ilə əlaqələrə gəlincə, bu sarıdan elə bir çətinliyimiz yoxdur. Bu günlərdə sözün həqiqi mənasında fədakarlıq göstərərək çalışan media adamları ilə elektron vasitələrlə əlaqə saxlamaq indi daha da aktualdır. Öz operativliyini qoruyan, fəaliyyətinə peşəkar yanaşan bütün media təmsilçilərinə belə xüsusi vəziyyətdə təhsilə, müəllimlərə, məktəblilərə həssas münasibətlərinə, hərtərəfli məlumatlandırmaya görə dərin minnətdarlığımızı bildiririk.

Sosial təcrid və karantin dövründə bir vətəndaş olaraq, bütün qaydalara əməl etməyə, imkanlarım daxilində yardım etməyə, birbaşa və ya sosial şəbəkələr vasitəsilə təbliğat aparmağa çalışıram. Sadəcə gün rejimimiz bir xeyli dəyişib, sərbəstlik bir az da tənbəlliyə meyl yaradır. Müsbət tərəfi odur ki, evə, ailəyə və uşaqlara daha çox vaxt ayıra bilirik.

Qorunmağa gəlincə, gigiyena qaydalarına ciddi şəkildə əməl etməyə çalışıram. Bir məqamı deyim ki, mən əvvəldən də gigiyenik təmizlik məsələsində çox həssas olmuşam. Bir həkim dostum var, mənə deyir ki, sənin "standartların"a indi hamı məcburən əməl edir.

İnanıram ki, tezliklə Azərbaycanda koronavirus təhlükəsi aradan qalxacaq, ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə həyata keçirilən tədbirlərin müsbət nəticələri daha çox müşahidə olunacaq. Sadəcə hər bir vətəndaş bu işə maksimum dərəcədə kömək etməli, məsuliyyətli və ciddi davranmalıdır”.

 


Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov
 da həmkarları kimi istirahətsiz çalışır:


“Çünki Azərbaycanda olma müddəti bitən əcnəbilərin onlayn şəkildə sənədlərinin qəbulu, onların ölkəmizdə olma müddətinin uzadılması, Dövlət Miqrasiya Xidmətinin əhatə dairəsində olan bütün əcnəbilərin, istər daimi, istər müvəqqəti yaşama icazəsi, iş icazəsi, olduqları yer üzrə icazələr və s. proseslərin hamısı elektron sistemdə həyata keçirilir. Bu səbəbdən də insanların məlumatlandırılması nöqteyi-nəzərindən ictimaiyyətlə əlaqələr idarəsinin rəisi kimi Novruz bayramı günləri də daxil hər gün işdəyəm. Əsas məqsəd digər insanlar evdən çıxmasının qarşısının alınmasıdır. Bununla da elektron müraciətləri daha asan formada həyata keçirməklərinə şərait yaradıb onları məlumatlandırırıq. Bu işdə dəstək olan bütün mediya qurumlarına, jurnalistlərimizə dərin təşəkkürmüzü bildiririk. Düşünürəm ki, onlar bu işdə dəstək olduqları üçün özlərini qəhrəman saya bilərlər. Çünki nə qədər əcnəbi ki, evindən çıxmadan bütün səənədlərini toplayıb, qanuni şəkildə Azərbaycanda olma müddətlərini uzada bilirlərsə, burada siz jurnaslistlərin də böyük əməyi var.

İşə gəlincə, bizim idarəmizin əməkdaşları növbəlilik əsasında çalışır. Maksimum dərəcədə az sayda əməkdaşın idarəyə gəlməsi tövsiyə edilib. Ümumilikdə əməkdaşlarımız evdən işləyirlər. Amma mən demək olar ki, hər gün burdayam, çünki Xidmətin rəhbərliyi də hər gün işdə olur. Özümüz də koronavirusdan maksimum dərəcədə qorunuruq. Qorunuruq deyəndə ki, səhər tezdən maşınla işə gəlirik, iş bitəndə də maşınla evə qayıdırıq. Yəni ətrafla təmasımız yoxdur, harasa getmirik. Getdiyimiz mağazadır ki, çalışıram ora da gec saatda gedim ki, sıxlıq olmasın. Ailə üzvlərimiz evdədir, heç yerə getmirlər”.


P.S. Bu gərgin rejimdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev, Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat katibi Günel Gözəlova, Azərbaycan Dəmir Yollarının (ADY) mətbuat katibi Natavan Bayramova, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov sorğumuzda iştirak edə bilməsələr də, hər zaman jurnalistlərin yanındadırlar. 

"Mətbuat katibləri karantində" yazısının 2-ci hissəsini onlarla hazırlayacağıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30