Modern.az

Sahil Babayev: “Bu kateqoriyalardan olan şəxslər işsiz hesab edilmirlər”

Sahil Babayev: “Bu kateqoriyalardan olan şəxslər işsiz hesab edilmirlər”

Ölkə

6 May 2020, 10:59

Məşğulluq haqqında qanunvericilikdə məşğul şəxs hesab olunanların dairəsi aydın şəkildə müəyyən edilib. Onların sırasına sahibkarlar, əmək müqaviləsi, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında işləyənlər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və başqaları daxildir.


Modern.az
-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.


Nazir qeyd edib ki, bu kateqoriyalardan olan şəxslər heç bir halda işsiz hesab edilmirlər:


“Misal üçün, torpaq payı gəlir və məşğulluq mənbəyidir. Azərbaycanda torpaq payı olan vətəndaşların torpaqdan istifadə edərək həm rifah halını yaxşılaşdırmaları, həm də kənd təsərrüfatının inkişafına töhfə vermələri üçün dövlət geniş imkanlar yaradıb. Həmin vətəndaşlar torpaq vergisindən başqa digər bütün vergilərdən azad ediliblər, onlara il ərzində 6 növdə dövlət subsidiyaları verilir. Ona görə də torpaq payı olan hər bir şəxs o torpağı istifadəsiz qoymamalı, əkib-becərməli, ondan öz rifahı üçün maksimum yararlanmalıdır.

Adına aktiv VÖEN olan, yaxud əmək, xidməti və ya mülki-hüquqi xarakterli müqavilə əsasında fəaliyyət göstərən, torpaq payına malik şəxslər barədə məlumatlar aidiyyəti qurumların elektron bazalarından əldə olundu. Məhz bu məlumatlara əsaslanmaqla, insan faktoru olmadan, elektron qaydada qərar qəbul edilərək o şəxslərə imtina cavabı verildi”.


S.Babayevin sözlərinə görə, bununla bərabər, müraciət edənlər sırasında maddi imkanları yetərli, hətta yüksək olanlar da var:


“Belə insanların 190 manatlıq vəsaiti əlavə gəlir kimi əldə etmək istəmələri bizi təəccübləndirdi. Məsələn, mülkiyyətində 2 və daha çox daşınmaz əmlakı, avtomobilləri və s. olanlar müəyyən edildi. Təbii ki, sayı heç də az olmayan həmin müraciətçilərə imtina cavabı verildi, bu barədə konkret göstəricilər əsasında məlumatlar yayıldı. Maddi imkanları yaxşı səviyyədə ola-ola onların məhz aztəminatlı insanlar üçün ayrılan yardımı almağa cəhdləri haqlı olaraq kəskin ictimai qınağa səbəb oldu.

Ümumilikdə müraciətlərin e-sistem tərəfindən təhlili zamanı müraciət edənlər sırasında nazirliyin "Əmək müqaviləsi bildirişi” altsistemindən alınmış məlumat əsasında 320 min şəxsin adına aktiv əmək müqaviləsi bildirişi olduğu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq informasiya bazasından alınmış məlumatlar əsasında 170 min şəxsin adına aktiv VÖEN olduğu, Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında 20 min şəxsin adına iki və daha çox daşınmaz əmlakı, Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu və sair müəyyən edilərək onlara birdəfəlik ödəmə verilməsindən imtina edildi. Habelə müvafiq qurumların informasiya bazalarına istinad edilməklə 41 min müraciətin hazırda xarici ölkələrdə yaşayan şəxslər, 65 min şəxsin isə həyat yoldaşının birdəfəlik ödəmə üçün artıq müraciət edərək bu ödəmə ilə təmin edildiyi məlum oldu. Bundan əlavə, müraciətlər zamanı çox sayda səhv məlumatların, həmçinin bəzi şəxslər tərəfindən vəfat etmiş həyat yoldaşı ilə bağlı məlumat xanasına səhvən övladının FİN məlumatlarını və ya yanlış olan FİN məlumatları daxil edildiyi və sair müəyyən olundu. Bütün bu şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina edildi və onlara göndərilən mesajda imtinanın səbəbi göstərildi”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı