Modern.az

Onun ölümü Şuşanı müdafiəsiz qoydu - Milli Qəhrəman Ramiz Qəmbərov - VİDEO

Onun ölümü Şuşanı müdafiəsiz qoydu - Milli Qəhrəman Ramiz Qəmbərov - VİDEO

8 May 2020, 17:19

Artıq 28 il keçir..28 il əvvəl bu gün itirdik, Şuşanı və onunla bərabər neçə-neçə canları..

 

1992-ci ilin 26 yanvarında Daşaltı əməliyyatının uğursuzluğundan sonra Şuşanın süqutu günbəgün yaxınlaşırdı. Şuşa üzərinə hücumlarının icrasına isə 1992-ci ilin 27 aprelindən başlanmışdı. Mayın 7-dən 8-ə keçən gecə isə Şuşa işğal olundu. 2000 erməni əsgərinə 500 azərbaycanlı əsgər müqavimət göstərirdi. Bu əsgərlərin hər biri Vətəni uğrunda vuruşmağa və ölməyə hazır idi.

 

Elə Ramiz Qəmbərov kimi..

 

Milli Qəhrəman Ramiz Qəmbərov üçün Şuşanın müdafiəsi çox vacib idi, axı o, burada doğulub başa çatmışdı. Gəzdiyi qayaları düşmən tapdağı altında qoymayacaqdı.

 

2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdu Ramiz. Kiçik yaşlarından tara marağı olduğuna görə burada musiqi məktəbinə də gedir. Yaxınlarının sözlərinə görə məktəbdən evlərinə çatanadək tar çalrmış.

 

 Orta məktəbini bitirdikdən sonra universitetə sənədlərini versə də, qəbul ola bilmir. 1980-ci ildə hərbi xidmətə çağırılan Ramiz 2 il sonra ordudan tərxis olunaraq Şuşaya qayıdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olsa da, təhsilini yarım qoyaraq Vətənin müdafiəsinə qalxır.

 

1988-ci ilə Topxana meşələrinin qırılması zamanı Ramiz Bakıya gəlir və televiziyada baş verənlər haqqında danışır. 1990-cı ildə isə Ramizin qardaşı ilə birlikdə 4 nəfər ermənilər tərəfindən girov götürülür. Ramiz erməni əsirini 4 nəfər azərbaycanlının geri qaytarılması üçün dəyişir.

 

Gün keçdikcə döyüşdə göstərdiyi qəhrəmanlığı ilə Ramizin adı cəsur döyüşçü kimi tanınırdı.

 

Şuşa təhlükədə olanda, 1992-ci ildə Ramiz Qəmbərobv könüllü özünümüdafiə batalyonu yaradır və özü də həmin batalyona başçılıq edir. Komandiri olduğu batalyonda 500-ə yaxın könüllü əsgər vuruşurdu.

 

Ramiz əsl komandir idi, əsgərlərilə bərabər döyüşür, onlarla bir yeyir, bir kazarmada yatırdı.

 

Cəsur komandir taboru ilə Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşur.

 

Mərkəzi hakimiyyət zəif, yerli dəstələrlə koordinasiya isə yox dərəcəsində idi. Buna görə müdafiə naziri Rəhim Qazıyev şəhərdəki hərbi dəstə komandirlərinin vahid komandan Elçin Məmmədova tabe olmasını tələb etmişdi.

 

Rəhim Qazıyev komandirlərin tabe olub-olmaması haqda zəng vurarkən, Ramiz Qəmbərov sərt şəkildə demişdi.

 

"Bəy, mən görürəm Şuşa veriləcək, əgər Şuşa verilsə, burdakı komandirləri və səni şəxsən özüm güllələyəcəyəm."

 

Lakin 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərov ağır yaralanır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişdi.

 

Ramizin ölümü Şuşa üçün böyük zərbə idi. Döyüş yoldaşları, Ramiz şəhid olmasaydı, Şuşanı itirməyəcəkdik deyirdilər.

 

Silah yoldaşları Ramizi Bakıda dəfn etmək istəsələr də, valideynləri buna razı olmur.

 

Anası oğlunun torpaq uğrunda şəhid olan digər vətən övladlarından heç bir fərqi olmadığını deyərək onu Şuşada, elə doğulduğu torpaqda da dəfn edir. Milli Qəhrəman Ramiz Qəmbərovun Şəhidlər Xiyabanında isə simvolik məzarı var.

 

Yarımçıq təhsil, yarım qalmış arzular..

 

 Ramiz şəhid olanda 30 yaşı vardı. Hələ arzuları qarşıda idi, universiteti tamamlamaq, memar kimi Şuşanın qədim binalarını yenidən bərpa etmək istəyirdi.

 

Əgər Şuşa yoxdursa, deməli, bizim hər şeyimiz yarımçıqdır. Ömrümüz bu yolda qırılsa da, bitib-tükənsə də, zərrə qədər heyfslənmərəm deyirdi.

 

İgid komandirin Cənnətməkan Şuşasında evlənib ömür sürmək istəyi baş tutmadı.

 

Ramiz Qəmbərov bu həyatdan subay köçdü, tək sevgilisi isə canımdan, qanımdan əzizdir dediyi Şuşa idi.

 

 1992-ci il iyunun 7-də Qəmbərov Ramiz Bulud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

 

Ramiz Qəmbərov Vətən uğrunda canından keçmiş minlərlə igidlərimizdən sadəcə biridir. Əbədiyyətə qovuşan, əbədi olaraq yaddaşlarda yaşayan Vətən oğulları rahat uyuyun, qisasınız mütləq alınacaq!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi