Arxiv
7 May 2012, 13:02 | MÜSAHİBƏ
“Xalq Cəbhəsinin parçalanmasında iştirak etdiyim üçün özümü qınayıram”

Milli Məclisin deputatı, 1993-cü ildə Azərbaycanın Baş naziri vəzifəsini icra etmiş Əli Məsimlinin “Modern.az-a müsahibəsini oxuculara təqdim edirik.

“Bugün Azərbaycanda güclü mərkəzçi partiyanın olmasına ehtiyac var

- Siz hazırda daha çox iqtisadi təkliflərlə çıxış edən bir deputat kimi tanınırsınız. Amma illər öncə Əli Məsimli adlı siyasətçi həm də siyasi partiya rəhbəri kimi gündəmdə idi. Amma bu məsələ arxa planda qaldı. Yaratmaq istədiyiniz partiyanın aqibəti necə oldu?

- Bəli, bir müddət öncə biz Azad Demokratlar (Birliyi) Partiyası yaratmaq istiqamətində işə başladıq. Yaradılacaq  partiyanın  komandasının özəyini formalaşdıra bildik. Nizamnamə, proqram xarakterli sənədlər hazırladıq, məramımızı cəmiyyətə çatdırdıq. Demokratik modernləşmə təfəkkürü üzərində qurulan bir təşkilat yaratmaq, siyasətçilərlə texnokratların, istedadlı alim və mütəxəssislərin işbirliyinə nail olmaq istəyirdik. Amma iş prosesində partiyanın yaranmasına mane olan bir neçə amil üzə çıxdı. Birinci, əgər ciddi təşkilat yaratmaq istəyirsənsə, yetərincə maliyyə resursu olmalıdır. Təbii ki, bizim buna yetəcək səviyyədə maliyyəmiz yox idi. Məndə də təbiətimə görə, kimlərdənsə nəsə istəmək xarakterim yoxdur. Fədakarlıq hesabına ortaya nəsə qoya bilərdik. Sözün düzü, araşdırmalar göstərdi ki, hələ çox az adam buna hazırdır. Ona görə də sıradan bir növbəti partiya yaratmaqdansa, bu planın dolğun şəkildə reallaşdırılmasının zamana ehtiyacı olduğunun dərk etdik və bu işi tədricən mərhələli şəkildə etmək variantına üstünlük verməli olduq.

- Komanda formalaşdırmaq problem oldu demək...

- Bizim  keçdiyimiz siyasi yolda əldə etdiyimiz təcrübə yaxşı komanda yaratmağa imkan verir. Komandanın yaranmış özəyi kənar qiymətləndirmələrə görə, heç bir parametrinə görə heç bir qurumdan da zəif deyildi, hətta, imicin zədələnməməsi və  bir sıra digər zəruri göstəricilərinə görə üstün idi. Hər halda siyasi arenadakıların potensialına bələd olmağımız bizə belə düşünməyə əsas verirdi. Amma şəraiti təhlil edib gördük ki, hazırkı şəraitdə dayanıqlı və rəqabət qabiliyyətli bir partiya formalaşdırmaqdan ötrü bir sıra amillər mütləqdir:  Əvvəla, eyni ideologiyanı götürüb partiya yaradıb qeydiyyatdan keçmək böyük qəhrəmanlıq deyil. Yeni ideoloji yanaşma əsasında atdığın addımların bəhrəsini görmək zaman tələb edir. İkincisi, partiya yaratmaq iqtidar və müxalifətə münasibət fonunda birmənlı qarşılanmır. Fikrimizcə, Azərbaycanın dünəninə, bugününə, sabahına ziyan vuran və vurmaqda davam edən  qarşılıqlı nifrət  hisslərindən qaynaqlanan münasibətlərin siyasi müstəvidə dominantlıq etməsi bu ssenarinin personajlarının zəifliyi və özünəinamsızlığının əlamətidir. Siyasi arenanın mərkəzində durub bu sterotipin sındırılmasına real töhfə vermək istəyənləri, həmin arenadakı münasibətlərin qarşılıqlı nifrət müstəvisindən rəqabət müstəvisinə keçilməsini dəvət edənləri, çörəyi bu qarşıdurmadan çıxanların timsalında sağ da vurur, sol da vurur... Belə vəziyyətdə duruş gətirmək və məqsədə doğru inamla irəliləməkdən ötrü güclü maliyyə imkanı olmalıdır. Heç kəs adama müftə-müsəlləm heç nə vermir. Biz hər şeyi təmənnasız görmüşük və görürük. Amma bu işdə təmənnasız təklif almadığımızdan, danışıqlar əsnasında rastlaşdığımız “məsləhətlər”in sonra problem yarada biləcəyini nəzərə aldıq və prosesi ertələdik. Mən ömür boyu  heç kimə diqtə etməmişəm, heç kimin də diqtəsi ilə də hərəkət eləməmişəm. Bundan sonra da heç kimin diqtəsini qəbul etmək fikrimiz yoxdur.

- Sizin qarşınıza hansısa şərt qoydular?

- Bizim qarşımızda heç kim heç bir şərt qoymayıb. Sadəcə bu səpgili danışıqların elə ilk  mərhələsində belə işarələr olurdu. Belə şeylər bizim tərəfimizdən qəbuledilməzdir. Tədricən aydın oldu ki, indiki şəraitdə öz gücümüzə qısa müddət ərzində arzuladığımız formada və məzmunda  partiya yaratmaq real deyil. Sıradan bir partiyanı yaratmaq mümkün idi. Ən azı cəzbedici vitrini, zədələnməmiş və intellektual imici, anadan olduğum regionda, Bakıda və dostların imkanı olan yerlərdə dayaqları ola bilərdi. Amma mövcud olan 57 siyasi partiyadan sonra sıradan 58-cisini yaratmağı lüzumsuz hesab etdik. Biz azad olmayan yox, Azad Demokratlar Birliyi yaratmaq istəyirik. Ona görə biz hesab etdik ki, başqa formatla gedək. İqtisadi və Sosial İnnovasiyalar İnstitutu vasitəsiylə fəaliyyət göstərmək qərarına gəldik. Burada istedadlı insanlarla təmaslar qurulur, ictimai əsaslarla mütəxəssislə əməkdaşlıq edilir. Beynəlxalq səviyyədə adı və fəaliyyəti ətrafında formalaşan imicini məqbul hesab etdiyimiz insan və qurumlarla əməkdaşlığa çalışırıq. Qlobal maliyyə-iqtisadi böhrandan sonra Azərbaycanın inkişaf modelinin optimallaşdırılması məsələləri və həmin modelə əsaslanan konsepsiyalar işlənilir. Bir haşiyə çıxaraq qeyd edim ki, Azad Demokratlar Birliyini yaradanda çox unikal modeldən istifadə etmişdik. 
Bizim partiyaya həm ərizə ilə müraciət olunacaqdı, həm də üzvlərlə “centlemen sazişi” bağlayacaqdıq. Bu Yaponiyada və s biznes aləmində sınaqdan  keçən  bir üsuldur. Biz partiya imitasiyası  yox, rəqabət qabiliyyətli bir partiya yaratmaq istəyirdik. Bundan sonra nə vaxt şərait, imkan, maliyyə və dediyimiz üçün baza yetərincə formalaşsa, fəaliyyətimizə partiya quruculuğu iştiqamətində  inkişaf etdirərik.

- Deməli, sizin siyasi iddialarınız, siyasi partiya yaratmaq fikriniz  gündəmdə qalır...

- Bu mənim iddiam deyil.Bugün Azərbaycanda güclü mərkəzçi partiyanın olmasına ehtiyac var. Azərbaycan cəmiyyəti siyasi nağıllardan, cəmiyyət üçün faydası az olan və ya ümumiyyətlə faydasız siyasi mübahisələrdən, yerinə yetirilməyən vədlərdən, populizmdən  yorulub. Bu yorulan təbəqəni hərəkətə gətirmək həddən artıq çətindir. Amma “qızıl milyard” nəzəriyyəsi ilə yanaşı, digər bir  həqiqət də budur ki, dünyanı onun əhalisinin 2%-i idarə edir. Ölkəni də onun əhalisinin 2%-i idarə edir. İcra sistemində də belədir. Hansı rayonu, idarəni götürdükdə görürsən ki, işlər həmin bu  2%-in   üzərindədəir. Ona görə də həmin 2  faizin keyfiyyət göstəriciləri ölkənin perspektivləri baxımından həyati əhəmiyyət kəsb edir. İkinci dünya müharibəsindən sonra Almaniya və Yaponiyanın, sonra da Cənub-Şərqi Asiya “əjdahalarının” təcrübəsi göstərir ki, ölkənin potensialından kiçik bir qrupun yox, bütövlükdə xalqın yetərincə faydalanmasından ötrü sistemli islahatlar şəraitində dövlətşilik təfəkkürlü siyasətçi, alim, mütəxəssis və texnokratların fəaliyyətinin effektiv kombinasiyasına nail olmaq lazımdır. Bu sahədə biz əlimizdən gələni edirik və bundan sonra da iştirak formasından asılı olmayaraq etməkdə davam edəcəyik.

“Yüksək gəliri olan vəzifədə işləyəndə Xalq Cəbhəsi sıralarına keçmişəm”

- Hər şeyi yenidən  başlamaq lazım olacaq?

- Mən təbiət etibarilə keçdiyim yolu təzədən keçmək istəyən  adam deyiləm. Amma nəzərə alsaq ki, axı mən bu yolun lap əvvəlindən proseslərin içindəyəm, onda bu, hər şeyi yenidən başlamaq yox, getdiyimiz  yolu mərhələli şəkildə davam etdirmək ola bilər. Mən Xalq Cəbhəsi sıralarına sıravi adam  kimi yox, obrazlı şəkildə desək, yüksək gəlirli, nomenklatura sayılan şöbə müdiri vəzifəsində olan adam kimi keçmişdim. O prosesləri keçən bir adam kimi də bilirəm ki, Xalq Cəbhəsi milli azadlıq hərəkatının önündə getdi, demokratik dəyərləri  bərqərar etmək və qorumaq istiqamətində tarixi bir missiyasını yerinə yetirdi. Həm də ölkədə çoxpartiyalı sistemin formalaşmasının əsas bazası və hərəkətvrici qüvvəsi rolunu oynadı. Onun təsiri ilə Azərbaycan miqyası ilə götürəndə, bir sıra güclü partiyalar yarandı. Normal siyasi mühit şəraitində həmin partiyalar rəqabət aparmalı və rəqabətqabiliyyətliləri hakimiyyətdə bilavasitə təmsil olunmalıdır. Belə şəraitdə yenidən keçilən yola qayıtmaq yox, özümüzün yeni strukturu ilə proseslərdə iştirak etmək variantına üstünlük veririk.

“Yeltsinin iqtisadi platformasını hazırlayanlar bizim proqramla tanış olanda hədsiz təəcübləndilər“

- İndi fəal  siyasətlə məşğul olmaq əvvəlki illrədən fərqlənirmi?

- Hər mərhələnin öz xüsusiyyətləri və ondan doğan tələbləri var ki, siyasətlə məşğul olanlar da bunu nəzərə almadan və uygunlaşmadan  ciddi uğur qazana bilməzlər. Mən Xalq Cəbhəsində Elçibəyin zamanında iqtisadiyyat komissiyasının sədri idim. Daha sonralar AXCP sədrinin iqtisadi məsələlər üzrə müavini olmuşam. AXCP  parçalananda Ali Məclisin sədri oldum. Amma zaman etibarı ilə fəaliyyətimdə sırf  iqtisadi blokla bağlı məsələlər daha çox yer tutub. O vaxt konkret proqramı olan kifayət qədər güclü iqtisadi komanda da bizdə idi. 90-cı illərin əvvəllərində ölkədə 30-dan artıq  partiya və təşkilat yaranmışdı. Amma AXC-nin təqdim etdiyi iqtisadi proqramlar daha çox tanınırdı və beynəlxalq səviyyədə olan ekspertlər də yüksək qiymətləndirirdilər. İndi bu sahədə Musavat önə çıxıb.1991-ci ildə Rusiya prezidenti Boris Yeltsinin iqtisadi platformasını hazırlayan iki silahdaşı Bakıya gəlmişdi. Onların özləri ilə gətirdiyi proqramın müqabilində biz öz proqramımızı təqdim edəndə, inanılmaz bir təəccüb nümayiş etdirdilər. Moskaya qayıdandan sonra televiziyada bizim proqramın əsas məqamlarından irəli gələn baxışlarımız barədə geniş məlumat verdilər. Çünki heç kəs Azərbaycanda bu cür proqramların yazılmasını gözləmirdi. Biz göstərdik ki, Azərbaycan Moskvadan görünən kimi əyalət deyil və burda böyük iqtisadi proqramlar yaradan komanda var. Fərqləndirici cəhət bu idi ki, həmin proqramların hazırlanması mənim şöbə müdiri və iqtisadçı kimi fəaliyyətimdən əldə olunan vəsait hesabına ərsiyəyə gəlmişdi. Sözümün canı bydur ki, o vaxt siyasi burulğan içində siyasi  fəaliyyət göstərirdik, sağlamlığımızı və olan-qalan vəsaitimizi bu yoldan əsirgəmirdik. İndi proseslər  bir az tərinə cərəyan və dövran edir.

- Sizin adınız Azərbaycanın siyasi idarəçilk sistemində 90-cı illərdən çəkilir. Baş nazirin səlahiyyətlərini icra etmisiniz. Dövlət idarəetmə sistemini bilirsiniz. Maraqlıdır ki, ölkənin bir hissəsi üçün siz həm də deputat kimi tanınırsınız. Sizcə, bu iki müstəvi bir birini tamamladımı?

- Mənim üçün bu iki müstəvi o mənada bir-birini tamamladı  ki, hakimiyyətin qanunverici və icraedici qollarının əlaqəsinin səmərəliliyinin artırılması zərurəti  konteksindən fikirləşmək üçün əlavə və zəngin material verdi. Mən hakimiyyət piramidasının yüksək postuna  kiçik bir vəzifədən başlayaraq dörd mərhələni keçdikdən sonra çatmışam. Hələ Xalq Cəbhəsi hakimiyyətə gəlməmişdən qabaq mən Prezident Aparatında iqtisadi məsələlər üzrə koordinasiya bölməsinin rəhbəri vəzifəsində işləmişəm. Bu mərhələlərdən keçə-keçə irəliləyişim mənim işimin keyfiyyətinə çox kömək edib. Prezident Aparatında bölmə rəhbərindən sonra Xarici İnvestisiyalar Komitəsinin, sonra İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazirin birinci müavini və Baş nazir işləmişəm. Onu da deyim ki, İqtisadiyyat və  Planlaşdırma Komitəsinin sədri postun oturan adamlar ölkəni ovcunun içi kimi görə bilir. Amma iqtisadiyyat və onun idarə edlməsi elmi bir dəryadır. İnsan öyrəndikcə görür ki, bilmədikləri bildiklərindən o qədər çoxdur ki, ayağının altına qoysa, əli göylərə çatar. Bu tezisi yalnız səmimilikdən uzaq insanlar inkar edər. Çünki özünü hamıdan ağıllı bilmək dəliliyin ilkin, cahilliyin son mərhələsidir.

- Müstəqil Azərbaycan üçün o zaman hansısa xüsusi iqtisadi model təklif olunmuşdumu? Yəni sizin dövrdə  müstəqil ölkənin iqtisadi qanunlar bazası yaradılıb. İndi bütün edilənllər həmin bazaya söykənir. Bu baxımdan ölkənin o zamankı iqtisadi prioritetləri barədə nə deyə bilərsiniz?

- SSRİ dağılandan sonra yaranan yeni müstəqil dövlətlərin hamısında  planlı iqtisadiyyatdan bazar iqrisadiyyatına keçid prosesi Beynəlxalq Valyuta Fondunun təklif etdiyi ümumi və vahid resertlər üzrə həyata keçirilirdi. Ona görə də bizim konkret proqramımız olsa da, müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi bir modelin tətbiq olunması mümkünsüz idi. Sadəcə Beynəlxalq Valyuta Fondunun təklif etdiyi bazar münasibətlərinə keçidin liberal modeli üzrə reserptlərın korrektə etməklə tətbiqi mümkün olurdu. Bunu etməkdən ötrü bizim böhrana qarşı və sonrakı mərhələnin tədbirlərini özündə birləşdirən iqtisadi tərəqqi və Nazirlər Kabinetinin fəaliyyətinin əsas istiqamətlərinə dair proqramlarımız var idi. İndi kimsə özünün qəhrəmanlığı barədə nağıllar uydurmaq istəsə ki, mən olsaydım başqa cür edərdim, belə yanaşma ya bu sahədəki məlumatsızlığın, biliksizliyinya siyasi təbliğatın ya da ki, qeyri-ciddilikdən qaynaqlanan manipulyasiyanin nəticəsidir. Belə mövqedə olan məlumatı olmayanların yanında qəhrəman kimi görünə bilər. Amma bu sahədə mütəxəssis olan adamlar ona gülərlər. Çünki  Beynəlxalq Valyuta Fondu postsovet ölkələri üçün 3  istiqamətdə islahatlar paketi təklif etdi və bütün ölkələr müxtəlif sürətla buna getdilər: qiymətlərin liberallaşması vasitəsilə iqtisadiyyatın liberallaşması, büdcənin kəsrinin azaldılması vasitəsilə balanslaşma və özəlləşdirmə.
Sadəcə hansısa fərdin burada xidməti yarımçıq iqtisadi modelin daha təkmilləşmış formada tətbiq etməklə  itgini qismən azaltmaq ola bilərdi. Burada əsas məsələ istehsalın aşaqı düşmə prosesini daha tez saxlamaq idi. 1993-cü ildə Ümumdünya İqtisadi Forumunun lideri  Azərbaycana gəlmişdi. Sənədlərə baxıb analiz edəndən sonra baxıb gördü ki, 1993-cü ilin fevralından başlayaraq inflyasiyanın artma, istehsalın aşağı düşmə tempini zəiflətmək meyli əsas götürülüb. İndi kim hansı təbliğatı aparır, nə nağıl danışır, özü bilər, Allahı bilər. Sənədlərə baxandan sonra o bildirdi ki, “siz rəqibləri 6 ay qabaqlayırsınız. Müharibə şəraitində buna nail olmaq  möcüzədir”. Mən də cavabında bildirmişdim ki, iqtisadiyyatda möcüzə olmur. Biz sadəcə beş ilə görüləsi işi iki-üç ilə görmək əzmindəyik. O vaxt biz insan orqanizminə ciddi zərbə vuran çox ağır rejimdə işləyirdik. O vaxt bütün sutka boyu bir-birinin dalınca gələn bəd, mənfi yüklü xəbərlərdən sonra bir müsbət xəbər olan kimi uşaq kimi sevinirdik. Bir dəfə jurnalistlərdən biri mənə “yuxuda nə görürsünüz” sualı ilə müraciət etdi. 
Şəkililəriin baməzə yumoru sayağı dedim ki, “heç yatırıq ki, yuxu da görək...”. Bəzən iki sutka oyaq qalırdıq, indi bir sutkadan artıq qala bilmirəm. Azərbaycanda ağır müharibə şəraitində çox iri miqyaslı bir proses gedirdi - sosializmdən kapitalizmə keçid... Türkiyənin keçmiş prezidenti rəhmətlik Turqut Özal görüşümüzdə mənə dedi ki,  “atdığın addımları izləyirəm, müəyyən irəliləyiş var və tədricən artacaq. Həddən artıq ehtiyatlı hərəkət etməyin də təbiidir. Çünki sosializmdən kapitalizmə keçid praktikası yoxdur. Amma unutma  ki, arxanda mənim sənə münasibətimdən hiss etdiyin Turqut Özal və Türkiyə var”.
Biz beynəlxalq təcrübəni yaxşıca öyrənəndən sonra məqbul hesab etdiyimiz təcrübədən yararlanmaqla “üç amil” prinsipinə əsaslanan optimal inkişaf modeli  işləyib hazırlamışdıq.

- Bu modelin mahiyyəti nədən ibarət idi?

- Tarixdəki xeyli sayda faktlardan məlumdur ki, sərvətin batırdığı insan kütləsi xilas etdiyindən daha çoxdur. Ona görə də qısa desək, bu model neftə əsaslanan birtərəfli inkişafdan insan amilinin prioritet təşkil etdiyi, amma sərvət və inteqrasiya imkanları ilə tamamlamaq şərtilə, bu üç amildən səmərəli istifadə nəzərdə tutulurdu. Bu zaman insan amilinə əsaslanan bir amil üzərində model qurub, qısa vaxt kəsiyində iqtisadi baxımdan dünyanın ikinci ölkəsinə çevrilməyi bacaran Yaponiyanın təcrübəsindən yararlanmağı əsaslandırmışdıq. İkinci dünya müharibəsindən sonra ABŞ-ın Marşall Planı əsasında Avropada, qismən də Yaponiyada genişmiqyalı iş başladı. Avropa öz inkişafının sürətləndirlməsi modelinin nüvəsinə texnika amilini qoydu və güclü nəticələr əldə etdi. Bizim qənaətimizə görə, əgər Yaponiya da bu modeli olduğu kimi tətbiq etsəydi, onun nəticələri Almaniya, İngiltərə, Fransanın yox, ən yaxşı halda İspaniya və onunla müqayisə oluna biləcək ölkələrin göstəriciləri səviyyəsində olacaqdı. Amma Yaponiya texnika ilə əlaqədar bütün mütərəqqi nə varsa, onu götürməklə yanaşı, həm də öz milli dəyər və müsbət xüsusiyyətlərini iqtisadi artım və qalxınmanın hərəkətverci qüvvəsinə çevirə bildi. Bundan ötrü Yaponiya mütəxəssisləri inkişaf modelinin nüvəsinə Avropa kimi texnikanı yox, ailə başçısi, işçi, alim, iş adamı, mütəxəssis kimi YAPONU qoydu və tarixən qısa vaxt kəsiyində Avropa ölkələrini ötüb kecən möhtəşəm nəticə əldə etdi. Mən öz millətimin qabiliyyətinə inandığımdan buna bənzər bir model işləmişdik.

“Əbülfəz  Elçibəy  bu postun  mənə tapşırılmasını məsləhət bilmişdi”

- O zaman ölkəyə gələn investisiyalara nəzarət edən Komitəyə də rəhbərlik eləmisiniz.. Mühüm postdur. Yəqin işlərinin keçməsi üçün rüşvət təklif edən çox olub?

- Mərhum prezident Əbülfəz  Elçibəy işin keyfiyyətindən asılı olaraq, bu postun Azərbaycanın imicinə daha çox mənfi və ya daha çox müsbət rəy gətirə biləcəyini nəzərə alaraq, mənə tapşırılmasını məsləhət bilmişdi. Əlbətdə, bu sahənin xarakterilə əlaqədar gözqamaşdırcı mesajlar, təkliflər olurdu. Nəfsinə qalib qələnlər üçün belə təkliflər qarşısında duruş gətirmək çətin deyil. Azərbaycan kimi hələ inkişafın aşaqı mərhələsində olan ölkədə tutduğun postdan pul qazanmaq, varlanmaq, yəni oturduğun kreslonu sərvətə konfertasiya etmək asan bir işdir. O vaxt bir televiziya müsahibəmdə özümü nəzərdə tutaraq, öz payıma demişdim ki, Baş nazir kreslosunda oturan adam bu gün cəbhədə, səngərdə olan əsgərdən çox  aşağı adamdır. Mən imkanlı ailədə doğulmuşam. Tələbəlik illərində də, Moskvada aspiranturada oxuyanda da  ən çox pulu olan tələbələrdən biri mən olmuşam. Əvvəldən görmüşəm deyə, məndə immunitet yaranıb. İkincisi, hesab edirik ki, müharibə dövründə, müstəqilliyimizə real məzmun vermək uğrunda çarpışdığımız bir dövrdə, taleyüklü çox ağır proseslər gedən bir vəziyyətdə, çox ağır vəziyyətdə yaşayan insanların ümidi sənə olan bir məqamda nəfsinın quluna çevrilib, Azərbaycanın  bir qəpiyinə belə xor baxanın ürəyi sərçə ürəyindən balacadır və çılız hisslərin daşıyıcısıdır.

- O zaman Azərbaycana qarşı beynəlxalq iqtisadi maraqlar necə idi?

- Sovet hakimiyyəti dövründə yeni yataqlar istismara verilsəydi, bundan bizə qəpik-quruş çatacaqdı. Müstəqillik qazanandan sonra şans yarandı ki,özümüzün pulu olmasa da, beynəlxalq şirkətlər vasitəsilə, Xəzərin Azərbaycan sektorunda  olan neft yataqlarını işlədək. Bu işə güclü maraq var idi. Şirkətlərin biri gedib, o bir gəlirdi. Məlum xarici təzyiqlərlə yanaşı, təbii ki Azərbaycanın, gənc bir dövlət kimi, bu sahədə yetərincə təcrübəsinin olmaması məqsədimizə çatmaq yolunda əlavə problem yaradırdı və bundan qaynaqlanan ifrat ehtiyatlılıq işi ləngidirdi.

O vaxt xarici şirkətlərlə neft üzrə hər hansı müqavilə olmayıb. Kim bunun əksini deyirsə, yanlışdır. Müqavilənin bağlanması istiqamətində  işlər gedirdi, niyyət protokolları olurdu, amma böyük müqavilə sonra bağlanacaqdı. Neftlə bağlı məsələlərə dostum, şəxsiyyətinə hörmət etdiyim Sabit Bağırov məsul idi. Tutduğum postlar  bu sahəylə əlaqədar görüşlərdə iştirak etmək imkanı verirdi. Yadımdadır, mötəbər xarici şirkətin  rəhbərlərindən biri bizi var-gücü ilə inandırmağa çalışrdı ki, müqavilədən sonra Xəzər dənizinin ekologiyasını elə təmizləyəcəklər ki, balıq əlindən tərpənmək olmayacaq. İndi o əcnəbini görsəm, soruşaram: bəs hanı o balıqlar və ekologiya?

- AXC hakimiyyyəti barədə təhlillərdə  daha çox parçalanmış komanda olması idda olunur. Belə ikitirəlik var idimi? Sirr deyilsə, siz hansı qrupda idiniz?

- Şəxsən mən və iqtisadi komanaya aid olan həmkarlarım iqtisadiyyatla məşğul idik. Mən 1991-ci ilin sonlarında Prezident Aparatına gedəndə, sonra da bir xeyli istedadlı mütəxəssisi  hakimiyyət strukturlarına aparmaq planını tədricən reallaşdırmaqda idim. Bu komanda iqtisadiyyatla məşğul olurdu. Amma bütövlükdə götürdükdə hər komandada cinahlar olur. Mənim adım bir qrupun rəsmi üzvü kimi hallanmasına baxmayaraq, bu həqiqət deyildi. Çünki mən komanda daxilində qruplaşmaya ziyanlı bir sey olduğundan pis baxıram. Bu baxımdan biri ilə bir qədər az, düşüncə tərzimiz yaxın olanlarla bir qədər  çox təmasda olsam da, mən özümü hansısa bir cinahdan daha çox  Elçibəylə bir yerdə hiss edirdim. Mənimçün mərhum prezident Əbülfəz Elçibəylə işləmək asan idi. Ona görə ki, onunla aramızda qarşılıqlı inam var  idi. Bilirdi ki, səhv etsəm belə, bu hansısa  şəxsi maraqlar, yaxud cılız hisslərin nəticəsi yox, sadəcə səhvdir. Bu səmiyyətin nə dərəcədə olmasının bariz nümunəsi kimi Elçibəy Kələkidən qayıdandan sonra mənimlə konkret qrafik üzrə davamlı ikili görüşlər keçirməyə başlamasını xatırlatmağım kifayətdir. Mən hansı bir məsələ ətrafında diskussiya edəndə çalışıram ki, onu mərd-mərdanə, kişi kimi bir birimizi dinləyib, ortaq məxrəcə gələk. Ona görə də demək olar ki, hamı ilə qarşılıqlı hörmət və səmimi insani münasibərdə olmağa üstünlük verirdim. Bəzi istisnaları çıxmaq çərtilə indi də belədir. Bunun müqabilində yalnız bir dəfə, xeyli sonralar  bir məsələdə  köhnə dostlardan birı ətrafındakılara məsləhət görmüşdü ki, Əli Məsimlinin qarşısını almaq üçün  ona qurşaqdan aşağı zərbə vurun, bu onu məğlub etməyin ən asan yoludur, çünki o rəqibinə qurşaqdan aşaqı zərbə vurmağı özünə rəva görməz.

- Amma indi Əbülfəz Elçiibəyin silahdaşlarının toplaşdığı siyasi təşkilatlar onun yolunu davam etdirə bilmədilər... Keçmiş komanda üzvlərinin qarşılıqlı ittihamları səngimir...

- Bilirsiniz, mənə elə gəlir ki, “Elçibəy yolu” ifadəsinə Əbülfəz Elçibəyin özü dediyi şəkildə baxmaq daha məqbul yanaşma olardı.  Əbülfəz Elçibəy  “onun ideyasını aparıram” deyib arxada başqa iş görməyi və yaxud onun adı ilə manupulyasiya etməyi qəbul etmirdi. Elçibəy Azərbaycanın müstəqiliyi  və demokratiya uğrunda təmənnasız mübarizə aparırdı və təmannasız münasibəti dəyərləndirirdi. Bilirsiniz, elə aparat icad olunmayıb ki, qoşub biləsən ki, kim  Elçibəyə münasibətdə həqiqətən  səmimidir, kim bu faktordan siyasi kommersiya məqsədi ilə istifadə edir və ya manipulyasiya edir. Elçibəy manipulyasiyalara dözürdü, amma qəbul etmirdi. Ona görə də düşünürəm ki, fikirdə, sözdə və işdə Azərbaycanın müstəqilliyinə real məzmun vermək işinə, güclü demokratik dövlət və azad vətəndaş cəmiyyəti quruculuğına, hamı üçün insanalayiq həyat şəraitinin təmin olunmasına  təmannasız xidmət edən hər kəs həm milli demokratik dəyərlərə, həm də  bu yola sadiqliyini nümayiş etdirir.

- Amma AXC-nin hakimiyyətdən getməsini labüd proses hesab edənlər  komandanı səriştəsizlikdə günahlandırırdılar...

- Keçmişi obyektiv dəyərləndirmədən, müasir dövrün əsl mahiyyətini və gələcəyi  real anlamaq mümkün deyil. Reallıq hissini itirməyən hər kəs AXC-nin tarixi rolunu və həmin  hakimiyyət haqqında  qaldırılan  iradların obyektiv məqamlarını, səriştəsizlik məsələsinin təbii tərəfini də inkar etməməlidir və biz  də bunu qəbul edirik. Bu yanaşma obyektiv mütəxəssisin və ya ekspertin, sadə vətəndaşın içindən gələn təbii tərəfinin politologiya elmi üçün faydalı materialdır. Çünki bu günü və gələcəyi yaxşı bilməyimiz üçün keçmişi bilməliyik. Çox vaxt bizi dalana aparan şeylər bildiyimizi sandığımız şeylər olur. Bunun siyasi təbliğat məqsədilə işlədilən variantlarına, qaliblər ittiham olunmur siyasi prizmasından baxanda, nə məqsədlə edildiyi də bilirik. Amma  hər şeyin əndazəsi olduğu kimi, bu səriştəsizlik məsələsinə münasibətin də bir əndazəsi olmalıdır. Məsələn, təpədən dırnağına qədər korrupsiya və yalandan ibarət olanların   “səriştəsizlər-filan” hay –küyü mənə gülməli gəlir. Düzdür, rəhmətlik Xudu Məmmədov demişkən, artıq təəccüblənməyi yadırğamışam, amma hakimiyyətdə mənim kimi təmənnasız və tərtəmiz işləyən adam təpədən-dırnağınacan korrupsiyadan ibarət olanların dilindən belə seyləri  öz payıma da eşidəndə, arabir təəssüflənirəm. Hansı səriştədən söhbət gedir? Hakimiyyət kreslosonu sərvətə, var-dövlətə konvertasiya səriştəsindən? Azərbaycan kiçik ölkədir və kimin kim olduğunu, müstəqilliyin qorunub saxlanılmasında və müstəqiliyin möhkəmlənib real məzmun almasında kimin təmənnasız nə qədər rolunun və xidmətinin olduğunu xalq çox yaxşı bilir. Yoxsa belə priyomlarla bütöv bir hərəkata, onun çoxsaylı dəyərli insanlarına qarayaxmaları qəbul etmirəm və bunu Azərbaycanın müstəqiliyindən faydalanmadan bu işə canını qoyanlara hörmətsizlik hesab edirəm.

Təmənnasız işləmək, millətə xidmət etmək  hər kişinin iş deyil. Mən Baş nazir olanda mənim yanıma qonaq rəsmi, dövlət xətti ilə gəlirdisə, onun içdiyi çayın dəyəri dövlət hesabına, qeyri-rəsmi qaydada  gəlirdisə, mənim maaşımdan çıxılma hesabıma ödənilirdi. Kabinetimdə “Quran” qoymuşdum və hər səhər onun altından keçib işə başlayırdım. Az tənqid olunanlar sırasında olsam da, bəzən qəzetlərdə barəmdə yazılanları oxuyanda bunun hamını eyni rəngdə göstərmək planının tərkib hissəsi olduğunu bildiyimdən, təəccüblənmirəm.

O vaxt bütün dinyanı silkələyən bir hadisə baş vermişdi: dünyanın ən möhtəşəm imperiyası-SSRİ dağılmışdı. 70 il planlı təsərüfatda yaşayan sosialist rejimindən kapitalizmə keçmək sahəsində kimin səriştəsi var idi və haradan ola bilərdi? Heç kimin təcrübəsi yox idi. Üstəgəl Beynəlxalq Valyuta Fondunun resepti ilə həyata keçirilən bazar islahatları, hər şeydən əvvəl köhnə sovet üsul-idarəsinin və iqtisadi sisteminin maksimim sürətlə dağılmasına və yalnız bundan sonra onun xarabalıqları üzərində yeni sistemin formalaşdırılmasına yönəldilmişdi. Postsovet məkanında BVF-in həmin resepti əsasında islahat aparan hansısa hökumət bu total dağıntının qarşısını ala bildımi? Əlbəttə yox... Həmin dövrdə ənənəvi əlaqələrin pozulması nəticəsində idarəçiliyin pis vəziyyətə düşməsi də xeyli dərəcədə proseslərin dağıdıcı xaraktrindən qaynaqlanırdı.

İkincisi, dünya tarixinə müraciət edəndə görürük ki, Xalq Cəbhəsi və ya Xalq Cəbhəsi məzmunlu, hərəkat xarakterli qurumlar öz əsas missiyasını yerinə yetirdiyi olayların axarının məntiqi nəticəsi kimi hakimiyyətə gəlir, amma bir qayda olaraq hakimiyyətdən tez gedir. Həmin missiyanı yerinə yetirib hamar yola çıxanda vətəndaş cəmiyyətinin formalaşmadığı bir şəraitdə artıq onların irəli sürdüyü demokratik üsullar tezliklə bumeranq effekti verməyə başlayır. Hərəkatın hakimiyyətə gətirdiyi kadrları texnokratlarla əvəzlənməsinin zamana ehtiyacı olduğundan, seytnot vəziyyəti yaranır. Uman yerdən küsərlər... Xalqın umacağı yüksək, ilk illərdə əldə olunan sosial-iqtisadi nəticə zəif, minimum olduğundan, bu adamların reytinqi də sürətlə aşağı düşür. Onların əksər  hissəsi nadir hallarda yenidən seçkidə qalib olublar. Çünki onlar  bir imperiyanı köçdürmək, millət üçün hansısa bir taleyüklü  problemin həlli kimi missiyanı yerinə yetirirlər. Növbəti mərhələnin öz tələbatları və onun daşıyıcıları meydana çıxır. Bu təkcə Azərbaycanda olmayıb ki... Bütövlükdə postkommunist məkanında siyasi proseslər həmin ssenari ilə gedib.Yaxşı... qoy  mən səriştəsiz olum... Bəs həmin dövrdə hakimiyyətdə duruş gətirə bilməyən bütün postkommunust məkanı da səriştəsizlərdən ibarət olub? Əlbəttə yox. Elə yaxın tarixə baxın: Ukraynada milli qəhraman səviyyəsinə qaldırılb, necə deyərlər, başına and içildiyi Yuşşenkonun reytinqinin qisa zaman kəsiyində 10 faizin altına düşməsi buna parlaq əyani misaldır. O dövrdə postsovet ölkələrdə iqtidara gələn siyasi qüvvələrin hamısı kürsülərini itiridi. Ermənistanda Ter-Petrosyan tam yox, qismən istisna olmaqla... O da Rusiyanın əli ilə Azərbaycan torpaqlarının işğalı hesabına...

Milli azadlıq hərəkatının burulğanlarından keçib, hakimiyyətə gələn qüvvə əvvəlgə  xalqın ümid yerinə çevrilir. Amma bu komandanın  neyləməsindən asılı olmayaraq, yeni islahatlat yolunda, həmçinin iqtisadiyyat sahəsində atılan addımlar azı 2 -3 ildən sonra sadəcə böhranın səngiməsinə gətirib çıxarır, bir sıra hallarda isə 5- 10 ildən sonra nəticə verə bilir. Bizi bəzən günahlandırırlar ki, AXC dövründə aqrar islahatlar aparılmadı. Müharbə şəraitində, özü də bir il ərzində aqrar islahatları aparmaq olar? O hansı olkədir ki, bir ildə buna nail olub? Ölkələr bu sahədə bir neçə mərhələdə 8-10 il ərzində nəyəsə nail olur. Şəxsən mən və iqtisadi komandanın üzvləri  var qüvvəmizlə  SSRİ-nin çökməsi ilə iqtisadi dağıntını mümkün ola biləcək qədər azaltmağa  çalışırdıq. Ortada rəsmi statistika var. Azərbaycanda ən yüksək inflyasiya 1992- 1993- cü ilin birinci yarısına qədər yox, 1993-cü ilin ikinci yarısında və 1994-cü ildə olub -1800 faizə yaxın...1992- 1993 cü illərdə 1000-1200% olub. Halbuki, 1993-cü ildə inflyasiya  Qazaxıstanda yuvarlaqlaşdırılmış rəqəmlərlə 2 min  faiz, Gürcüstanda və Belarusda 3 min faiz, Ukraynada 7 min faiz və Ermənistanda 8 min faizdən, Türkmənistanda isə 7 min faizdən çox idi.  Transformasiya itgiləri qanlı müharibə aparan Azərbaycanda 60 faiz, Ermənistanda və Moldovada 63 faiz, Gürcüstanda 78 faiz olub. Bu rəqəmlər onu göstərir ki, kimin hansı səriştə sahibi olmasından asılı olmayaraq bütün postsovet ölkələri ciddi itgilərə məruz qalıb. Məsələnin siyasi təbliğat tərəfi başa düşüləndir və siyasi mübarizə üçün tətbiq edilir. Amma yalan ilə dünyanı gəzmək mümkün olsa da, qayıtmaq mümkün deyil kəlamını nəzərə alaraq, gərək iqtisadi tariximiz obyektiv yazılsın ki, nə vaxtsa onun yenidən yazılmasına ehtiyac qalmasın. Şəxsən mən həmin dövrdəki təmənnasız xidmətimi hansısa siyası təbliğat güzgüsündən qara rəngdə göstərilməsini qəbul etmirəm. Hər şey öz adı ilə  adladırmaq lazımdır ki, yanaşma obyektiv və ədalətli olsun. Məlum məsələdir ki,bütün hakimiyyətlərdə altincı barmaq fakroru olur. Eyni zamanda vətəndaş cəmiyyəti deqradasiyaya uğrayanda cəmiyyətdə boşluqlar yaranır. Cəmiyyət özündə təpər tapıb müqavimət qabiliyyətini təmin etdikdə bu boşluğu müqədəs şeylər və dəyərlər, buna gücü çatmayanda isə hüququn aliliyinin təmin olunmamasından istifadə edən və qanundan yuxarıda duran bir təbəqə daha çox önə çıxıb, fəallıq göstərir. O vaxtlar bu özünü inqilab eyforiyasından və idarəetmə təcrübəsinin olmamasından doğan “bezpredel” kimi göstərirdi, indi yalan və korrupsiya “bezpredel”i kimi göstərir. O vaxt məndə qarışıq çoxumuz yüksək vəzifə tutmağıma baxmayaraq həmin “bezpredel”ə qarşı səsimi çıxarırdıq.İndiki bezpedeli də yığışdırmağın vaxtı çatıb ki, monopoloyaya, korrupsiyaya və sosial ədalətsizliyə qarşı mübarizə üçun əlverişli mühit yaransın. Bunun yolu cəmiyyət həyatının bütün sahələrində real nəticəsi görünən demokratik islahatlardan keçir. Bu yolla getsək sərvəti, sözün  yaxşı mənasında, əhalisi ilə tərs mütanəsib olan Azərbaycanı təkcə iqtisadi potensialına görə yox, müasir çağırışlara sanballı cavablar kontekstindən də lider ölkəyə çevirmək olar. Belə ölkədə azlıq yox,əksəriyyət firavan yaşayar və belə ölkənin ərazisini işqal altında saxlanılmasına davalı xarakter verməyə heş kimin gücü çatmaz.

“AXCP  o vaxtkı qarşıdurmaların episentrində mən tərəf  kimi  iştirakımdan təəsüflənirəm”

 - Siz  90-cı illərdə AXCP-də ciddi karyera qurmuşdunuz. Lakin sonradan partiya ilə yollarınızı ayırdınız. Partiyadan niyə getdiniz?

- Partiyadan getməyimin səbəbləri içində AXCP-nin parçalanmasından və sonradan onun bərpasının mümkünsüzlüyünun dərk edilməsindən doğan məyusluq və öz baxışlarımıza əsaslanan Azad Demokratlar Partiyası yaratmaq istəyimiz aparıcı rol oynadı. Bunun formal tərəfi isə bu idi ki, açığı mən AXC yə daxil olduğum təbii istəklə, AXCP-nin üzvü olmamışam.

AXCP partiya kimi fəaliyyətə başlandan sonra artıq siyasi nəzəriyyələrdəki məlum məsəllər  təbii və labüd olaraq özünü  daha qabarıq şəkildə göstərməyə başladı. Müxtəlif  cinahlar yarandı. Nəzəriyyədən məlum olan proseslər, məsələn partiya sədrinə yaxın olmaq uğrunda rəqabət gücləndi. Sivil qaydalar çərçivəsində bu partiya həyatinin ayrılmaz tərkib hissəsidir. Amma  mən də təbiət etibarilə lazım gələndə aksiomalara da yenidən baxmağı zəruri hesab edən adamam...  Nə olsun ki, hansısa nəzəriyyəçi nəsə yazıb? Mən hesab edirdim ki, siyasi qurumda söhbət təkcə hakimiyyət uğrunda mübarizədən getməməlidir, siyasi qurumun həyatını bu işə həsr edən  üzvləri sözün həqiqi mənasında məsləkdaş, dost, sirdaş olmalıdır. Mənim aləmimdə səmimiyyət olmayan yerdə bərəkət də ola bilməz. Ona görə də Elçıbəyin dövründə mənimçün partiyada fəaliyyət göstərmək asan idi və daha çox məna kəsb edirdi.

Elçibəyin vəfatından sonra hər şey dəyişdi. O vaxt az sezilən məqamlar sonradan kəskinləşərək  bizi bir-birimizə qarşı çıxardı. Təəssüflənirəm ki, o vaxtkı qütbləşmə və qarşıdurmaların episentrində mən tərəf  kimi  iştirak etməli oldum. Tam səmimi deyirəm, həmin proseslərdə mən gərək hörmətli  Cəmil Həsənli, Nəriman Qasımoğlu, Mehriban Vəzir və onlarla dəyərli partiya üzvlərinə müraciət edərək, AXCP bütövlüyünün saxlanılmasına yönəlmiş mərkəzi mövqedən daha yüksək faydalı iş əmsalı nümayiş etdirəydik.

- Siz nəyi nəzərdə tuturdunuz?

- Onu nəzərdə tuturam ki, Xalq Cəbhəsinin bu cür parçalanması məqsədyönlü xarakter daşıyırdı. Bu parçalanma Azərbaycanın siyasi həyatına güclü zərbə oldu və siyasi arenada ciddi problemlər yaratdı. Bu prosesi saxlamaq çox çətin idi. Bəlkə də mümkünsüz idi. İstəməyərəkdən də olsa, o  münaqişədə iştirak etdiyim üçün özüm- özümü qınayıram. Mənə elə gəlir ki, dostluqda, düşüncə və təfəkkür tərzində, dünyaya baxışda bir sıra parametrlərə görə bir-birindən fərqli insanlar  yalnız hərəkət dövründə bir yerdə  olmaqla faydalı ola bilərlər. Sonra ayrılmasalar, öz dağıdıcı davranışları ilə  dövlətə, xalqa ziyan vururlar. Amma belə məsələlər sivil qaydada həyata keçirilməlidir. Partiyadan ayrılanda şəxsən biz  bu prinsipə çox nümunəvi qaydada əməl edə bildik. Ona ğörə də siyasi müstəvidə əlaqələrimiz  olmasa da, insani münasibətlər lazımı səviyyədə qalır. 

- Siyasi müstəvidə indiki bölünmələr və qarşıdurmalar narahat etmir sizi?

- Partiyada fəaliyyətimi tamamladıqdan sonra mən artıq fərqli müstəvidə fəaliyyət göstərirəm. İqtidarın harda qurtarıb, müxalifətin  hardan  başlandığının dəqiq meyar və sərhədlərinin bəlli olmadığı hazırkı dövrdə, mən haqq-ədalətlə reallığın kəsişdiyi yolla xalqın problemlərinə doğru gedirəm. Bu yol həm müxalifət, həm də iqtidardan xeyli məsafədə yerləşdiyindən, hazırda məni bir kəndə qaz çəkilməsinin tezləşdirilməsi, kiminsə müalicəsinə yardımçı olmaq, kimisə məmur özbaşınalığının  təzyiqindən qurtarmaq, kimisə işə düzəltmək və s. bu kimi məsələlər daha çox maraqlandırır. Bununla belə “AVROVİZİYA”nı uğurla başa vurmaq üçün hamının səy göstərməsini istərdim.Bu sahədə Allah eləməmiş xoşagəlməz hadısələrin cərəyan etmə ehtimalı məni dəhşətli dərəcədə narahat edir.

- İndiki fəaliyyətiniz hansı prinsiplər üzərində qurulub?

- Partiya üzvü olanda mənsub olduğum siyasi qurumun mövqeyini, maraqlarını ifadə etməli olurdum və istər-istəməz yanaşma tərzimə təsirsiz ötüşmürdü. İndi isə bir özüməm, bir seçici və xalq məfhumundan doğan məsuliyyət, bir də Allah...

Faydalı iş əmsalımı artırmaqdan ötrü məqbul hesab etdiyim adamlarla əməkdaşlıq edirəm. Ağlı-kamalı yerində olanlar, iş görmək bacarığı olanlar öz işi ilə məşğul olurlar. Başdan xarablar burnunu onun-bunun işinə soxurlar. İş bacarmağa potensialı catsa da, iş görməyə psixoloji cəhətdən hazır olmayanlar daha çox məsləhət verməklə məşğul olurlar. Başqasının işini gözü götürməyənlər və müzdu tənqidçilər isə çamur atmaqla məşğul olur. Ona görə də mən Nyutonun 3-cü qanunu ilə yaşayıram. Yalnız səmimi insanlarla səmimiyəm. Qeyri-səmiminin isə cavabını verirəm və məsafə saxlayıram. Çamur atanlar isə o qədər çılız hiss sahibləridir ki, heç mikroskopla belə görmürəm.

O vaxt adımın ətrafında “yaxşı oğlan” obrazı yaranmışdı və bu sahədə həddən artıq ifrata varmışdım.  İndi elə deyil. İndi beşı qəbul edir, biri yox, o biri incikdir və sair. O vaxtlar özümü psixoloji cəhətdən hamıya borclu hesab edirdim, indi isə yalnız insan parametrinə cavab verənlər qarşısında borclu hiss edirəm. İnsan həyatda 3 dəfə daha çox yalan danışır. Birincisi, əsgərlikdən qayıdandan sonra... Hamı deyir döydüm... Döyüldüm deyənə yalnız bir dəfə rast gəldim və minnətdarlıq əlaməti olaraq aparıb qonaqlıq verdim. İkincisi, ovdan sonra...Üçüncüsü, seçkiqabağı təbliqat kampaniyasında. Görürsən ki, Baş nazirin, hətta prezidentin səlahiyyətlərinə aid olan məsələlər barədə də deyir ki, “mən bunu edəcəyəm”. Mən bunu seçicilərlə görüş zamanı xatırlatmaqla, onların iştirakı ilə problemləri təsnifatlaşdırır və deputata aid olub-olmamasından asılı olmayaraq əlaqədar təşkilatlar qarısında qaldırıram. Martda özünüz də gördünüz ki, Nazirlər Kabinetinin hesabatı zamanı hökumətə 57 təkliflə müraciət etdim, amma onlardan hələlik yalnız 4-nün həll olunduğunu bildirdim. Biz həmin problemləri seçicilərlə birlikdə aşkarlamışıq və indi də üstünə gedirik. Yerdə qalan 53 təklifə cavab gözləyirik. Məsələyə bu konteksdən yanaşanda, faydalı iş əmsalımızı artırmaq, geniş planda fəaliyyət göstərməkdən ötrü biz iş görə bilənlərdən ibarət təbii bir təşkilatın  yaradılmasının tərəfdarıyıq və hələlik ictimai müstəvidə gedirik.

- Belə çıxır siyasi fəaliyyətdə sözünzünü demisiniz...

 - Baxır məsələyə hansı mövqedən yanaşırsan. Sivil münasibətlər şəraitində hər şey şüarla yox, nəticə ilə  ölçülür.  Müstəqillik yolu hamar olmadığında, əldə olunu  real nəticələrləri layiqincə obyektiv dəyərləndirməklə  yanaşı, o da faktdır ki, Azərbaycan hələlik öz potensialından qat-qat aşağı səviyyədə yaşayır. Məsələyə Azərbaycanın qarşısında duran  ərazı bütövlüyümüzün təmin edilməsi, güclü demokratik dövlət quruculuğu, hüququn aliliyinin təmin edilməsi, cəmiyyətin deqradasıyasının qarşısının alınması, ölkə vətəndaşlarının insana layiq həyat səviyyəsinin təmin olunması işinə real töhfə vermək prizmasından baxanda, fikrimizcə, siyasətdə heç kim deyə bilməz ki, “sözümü demişəm”. Həm də kiminsə sözün tam dolğun mənasında söz deməyinə ancaq tarix və zaman qiymət verə bilər.

- Hakimiyyət tərəfindən sizə hər hansı bir vəzifə təklif olunubmu? Məsələn Baş nazir postu...

- Ara-sıra yayılan şayiələri nəzərə almasaq, hökumət mənsublarının mənə olan normal münasibətini hiss etmək, görmək və dəyərləndirməklə yanaşı, həm də tam səmimi deyirəm ki, hakimiyyət tərəfindən mənə hansısa bir vəzifə təklif olmayıb. Bu sualı tam səmimiyyətlə cavablandırmağıma sizi inandırmaqdan ötrü lap detalları da xatırlatmaqla deyirəm ki, təqribən 15 il əvvəl “Bakı-Ceyhan” neft kəməri ilə bağlı  bir televiziya müsahibəsi zamanı, mənə bu səpgidə, hansı mənbədən qaynaqlandığı bəlli olan, belə bir sual verilmişdi. Bu sualı belə cavablandırmışdım ki, mən partiya funksioneriyəm və belə məsələlər mənimlə yox, partiya sədri ilə müzakirə edilməlidir. O zaman rəhmətlik  Əbülfəz Elçibəylə Türkiyə prezidenti Turqut Özalın mənim barədə müzakirələrini nüansları  və biri mən olmaqla, iki nəfərin potensialından istifadənin zəruriliyi barədə fikirləri ortaya çıxdı. Vəzifəyə-özündəməqsəd mövqeyindən yox, öz potensialını reallaşdıra biləcək səviyyədə bir missiya yerinə yetirmək, dövlət və cəmiyyət üçün faydalı iş görmək üçün baxanda xalq bundan fayda götürə bilər.Amma indi zaman tamam başqadır. Buna baxmayaraq, dünyada gedən proseslər mütləq hansısa forma və məzmunda bizə də təsirsiz ötüşməyəcək. İslahat kursu götürülməsə, postsovet məkanında iki meyl güclənəcək: birincisi SSRİ-ni hansısa formada bərpa etmək. Amma bu real plan olmadığından baş tutmayacaq. Ona görə də ikinci meyl başlana bilər: “Mini SSRİ”-lərin yaradılması xislətindən doğan proseslər. Beynəlxalq ictimaiyyət bu təhlükələrə seyrçi mövqedən yanaşmayacaq və islahatlar labüd olacaq. Ona görə də Azərbaycanda sistemli demokratik islahatlar kontekstində həmin işlahatların mühüm tərkib hissəsi kimi, əsası texnokratlardan ibarət koalisiyaya bənzər bir  komanda formalaşdırılması prosesi getsə, onda bu barədə düşünməyə dəyər. Çünki mən formalaşdırmaq istədiyimiz təşkilatın ideoloji baxışından kənar heç bir ideologiyanı, istər  iqtidar, istərsə  də müxalifət partiyalarının sərgiləndirdiyi özlərinəməxsus ideologiyalarını bölüşmürəm.

Ona görə də qalan hallarda mən hazırda formlaşmasının ilk mərhələsində olan İqtisadi və Sosial İnnovasiyalar İnstitutunu lazımı kondisiyada formalaşdırmaq, müasir tələblər və çağırışlara cavab səviyyəsində güclü proqram və konsepsiyalar, təkliflər hazırlamaq yolu ilə hökumətə bacardığım köməyi əsirgəməmək  variantına üstünlük verirəm.

“Şəkidə məni Əhməd kişinin oğlu kimi tanıyırlar....”

- Baməzəliyi dillər əzbəri olan Şəkidən millət vəkilisiniz. Seçiciləriniz razıdırlarmı sizdən?

- Mütləq mənada razılıqdan şöhbət gedə bilməz. Amma münasibətdə nisbətləri müqayisə edəndə, münasibət pis də deyil. Çünki mənə çatan məlumatlara görə, məndən tam razı olmayan şəkililərdən belə soruranda ki, kimə səs verəcəksən, deyir ki, hayindi daha kimə səs verməliyik  ki?.. Şəkinin məlum tarixini vərəqləsək, Azərbaycanda Xan Xoyskidən sonra ikinci şəkili Baş nazir mən olmuşam. Amma Şəkidə məni Əhməd kişinin oğlu kimi tanıyırlar və hörmət edirlər. Deməli mənə qarşı müsbət münasibətin xeyli hissəsi atama görədir. Təəssüf ki, bu hörmətin qarşılığında mən Şəki və onun kəndləri, qəsəbələri üçün yetərli sayıla biləcək qədər iş görə, kömək  edə bilmirəm. Müraciət edənin pozulmuş hüquqların bərpası, qanunla müəyyən olunmuş hər hansı bir işin görülməsi sahəsində nəticəsi olan işlər görə bilirəm. Amma müraciət edənlərin hamısını  işə düzəltmək, xaricdə müalicəsini təşkil etmək kimi sahələrdə iş görmək çox müşgülə çevrilib. Ona görə də bu iki sahədə fəaliyyətim zəifdir. Milli Məclisin iclasinin gündəliyində olan  məsələlərin əksəriyyətinə dair çıxış etməkdən ötrü sözümüz olsa da, yalnız bir, maksimum iki məsələ üzrə çıxışla kifayətlənirik ki, hərşeyşünas kimi həmkarlarımızı və digər qulaq asanları yormayaq. Həm də Seyid Əzim demişkən, adam bir sənəti bilər xalis, çoxuna meyl edən qalar naqis. Amma nəzərə alsaq ki, sovet dövründən qalma əmanətlərin qaytarılmasına dair ən ədalətli variantı biz hazırlayıb təklif etmişdik, əmək haqqı və  pensiya ilə bağlı məsələlərdə qaldırdığımız təkliflər müəyyən qədər də olsa reallaşır, aztəminatlı ailələrdən çıxan gənclərin ali təhsildən kənarda qalmasına son qoyulmasına yönəldilmiş qanun layihəsi Milli Məclisin gündəliyinə salınıb, onda deyə bilərik ki, vətəndaşların qayğıları ilə bağlı vacib olan qanun layihələri ilə daha miqyaslı şəkildə fəaliyyət göstərə bilirik.

- Parlamentdə dostluq etdiyiniz deputat varmı?

- Parlament mənim iş yerimdir. Mən üçdəbir özüm, üçdəbir iş yerim olan parlament, üçdəbir də Azərbaycan üçün işləmək mövqeyindən çıxış etməyə çalışıram. İş yermdə hamı ilə münasibətləri qarşılıqlı hörmət prinsipi ilə qurmağa üstünlük verirəm. Parlamentdə bir yerdə çörək  kəsdiyimiz dostlar var. Hərəkat zamanından bir yerdə olduğumuz insanlar var. Şəkini təmsil edən üç deputat  arasındakı münasibətlər səmimi dostluq və qarşıliqlı ehtiram münasibətidir. Parlamentdə hörmətini saxlamağa dəyən ağsaqqallar var. Səfərlər zamanı yol yoldaşı olub, yaxşı mənada yenidən kəşf etdiyim dəyərli dostlar var. Parlamentdə həm parta yoldaşım, dostum, həm nümunəvi  millət vəkili, həm də güclü iqtisadçı kimi tanınan həmkarım Vahid Əhmədovla münasiətimiz isə bam-başqadır. Bir işarədən bir-birimizi başa düşür, eyni mövqedən çıxış edirik, müvafiq orqanlara təkliflərimizi hər ikimizın imzası ilə göndəririk. Müzakirə olunan məsələyə dair çıxış edəndə konseptual məqamlara mən, praktiki məqamlara isə Vahid müəıllim daha çox yer verməklə bir- birini tamamlayan bütöv və güclü bir mövqe ortya qoyuruq. Mən hamı ilə səmimi olmağa çalışıram, amma onu da etiraf edim ki, büdcə müzakirə olunanda, yaxud da hökümət hesabatı olanda  mən  üz-üzə gəlmək variantı istisna olmaqla, hökümət nümayəndələrinə yaxınlaşmağı, nəsə xahiş etməyi özümə rəva görmürəm. Rəsmi məktubla müraciət etməyə üstünlük verirəm.

- Övladlarınız nə işlə məşğuldur?

- Hər ikisi magistrdi. Mənim adımdan sui-istifadə etmirlər, öz ağılları ilə işləyirlər. Oğlum  əsgərlikdə olarkən mən Novruz bayramında onu görməyə gedənə qədər hərbi hissədə heç kim bilmədi ki, o mənim övladımdır. Hətta əsgərlikdə zabit soruşanda ki, filankəsin oğlusan, deyib mənə münasibət atama görə yox, özümü aparmağıma, davranışıma görə olsa, daha yaxşı olar.

- Həyatınızda nə dəyişib?

- Mən həyatı qırmızı, qara eynəkdən seyr etmədiyimə görə, həyatımda ciddi dəyişiklik olmayıb. Sadəcə bəzi nüanslar arxa plana, digərləri ön plana keçib. Mən geniş dairədə təmasda olduğumdan görürəm ki, işini bilən öz işi ilə məşğuldur və bunlarla əməkdaşlıq zövq verir. İşini zəif bilən məsləhət verir, amma ağıllı məsləhətləri də qəbul edəndə faydasını görürəm. İşini bilməyən və sifarişlə qarayaxma ilə məşğul olanlar isə çamur atır. Cahil insan heç kimə yaxşı niyyət bəsləməz. Çünki o hər şeyi özü kimi görür. Ona görə də dahi Mövlanə demişkən, bizi bilən bilir, bilməyən də özü bilər. Milli Məslisə seçkilərdən sonra məni  təbrik edən tələbə yoldaşım 7 il öncə demişdi ki, hakimiyyət orqanlarında işləyəndə hamıya kömək edən adam kimi tanındığından, həmin imic indi sənə qarşı işləməyə başlayacaq. Deputat statusu ilə həmin miqyasda köməyi təkrar edə bilməyəcəksən. Ona görə də insanların bir hissəsi səndən inciyəcək. Həmin proses gedir... Müraciət edənin birini razı sala bilsəm də, digərinin problemini həll edə bilmirəm və incik düşürlər. Doğrudur, onların bir hissəsi sonradan hiss edir ki, deputat belə işləri görə, həll edə bilməz. Məsələn, kiməsə ev vermək, öz xərcimlə xarici ölkələrə müalicəyə göndərmək, bir zənglə kiminsə uşağının universitetdə oturmağını təmin etmək, təhsil haqqlarını ödəmək, tələbəyə qiymət yazdırmaq, girov əvəzinə özüm zamin durub, kiməsə çoxmilyonlu kredit düzəltmək, aşağı maaşlı adama ipoteka krediti düzəltmək və sair. Bayaq qeyd etdiyim kimi, daşıdığım status hamıya kömək etməyi tələb etsə də, hamı üçün yaxşı ola bilməzsən. Mən piyada çox gəzirəm və insanlarla təmasda çox oluram. İnsanların əhval-ruhiyəsinə bələdəm və oradan öz payımı da götürürəm. Əvvəlki templə olmasa da, siyasətlə və elmlə eyni zamanda məşğul olmaq variantını davan etdirirəm. Köhnə həmkarlarla siyasi sahədə münasibətim olmasa da, qarşılıqlı antipatiya vəziyyətində olduğum  bir nəfər istisna olmaq şərtilə, qalanları ilə normal münasibətləri saxlayıram, xeyirdə-şərdə, müxtəlif tədbirlərdə görüşürük, hal-əhval tuturuq. Digər kateqoriyaya aid tanışlara gələndə isə vaxtilə akademiyada və ya hökumət strukturlarında bir yerdə işlədiyim insanlarla görüşməsək də, qarşılaşanda səmimiyyət hiss edirəm. Əvvəllər mənim köməyimlə qabağa çıxan, post tutan  adamlara münasibətdə isə tədbirlərdə məni görüb, görməməzliyə vuranda əvvəllər hissiyatıma toxunurdu, indi isə adətkarda olmağa başlamışam. Təəcüblənməyi tamamilə yadırğamışam, amma arabir layiq olmayana kömək etməyimə görə təəssüflənirəm. Azərbaycanımız Azad Demokratlar Birliyinin əsas şüar kimi irəli sürdüyü demokratik modernləşməyə məhkumdur. Ona görə də Azərbaycanın və onun sağlam düşüncəli işgüzar  kəsiminin gələcəyinə nikbin baxıram. Özümsə ürəyimdə imana, ümidə və sevgiyə yer verməklə yaşamağa, cəmiyyət üçün nəsə faydalı bir iş görməyə çalışıram.


Elşad EYVAZLI
Xaqani SƏFƏROĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Məmmədyarov istefa verəcək? - Nazirdən AÇIQLAMA 10 İyul 2020, 14:36 İlham Əliyevin təşəbbüsünü gözləniləndən çox dövlət dəstəkləyib - RƏSMİ 10 İyul 2020, 14:30 Kiyev Rusiya ilə müharibə ehtimalını QİYMƏTLƏNDİRDİ 10 İyul 2020, 14:24 Deputat İlham Məmmədov seçicilərilə görüşüb - FOTO 10 İyul 2020, 14:18 Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ 10 İyul 2020, 14:12 Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 Baş Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI 10 İyul 2020, 14:00 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 13:55 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47