Modern.az

Asteroid təhlükəsi və İLAHİ VƏDLƏR

Asteroid təhlükəsi və İLAHİ VƏDLƏR

15 May 2020, 12:14

Müqəddəs Qurani-Kərimin Hicr surəsində Lut peyğəmbərin ona asi olan qövmünün həlak olması haqqıda belə deyilir: “Onların altını üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.”(15:74). Elmi və dini araşdırmaçılar bunu  müxtəlif təbiət hadisələri ilə (qasırğa, vulkan püskürməsi və s.) izah etməyə çalışırlar, amma çox böyük ehtimalla bu, meteorit və ya asteroid düşməsi ilə əlaqədar olub. Bəs görəsən, zaman-zaman yerə düşərək insanlar və digər canlılar üçün  fəsadlar törədən bu səma cisimləri çoxmu təhlükəlidir?... 


Yadımdadır, hələ orta məktəbdə oxuyanda o vaxtkı kütləvi informasiya vasitələri elə hey İkar adlı asteroidin Yerə düşəcəyindən, törədə biləcəyi fəsadlardan  danışırdılar. Yeniyetmə vaxtlarımız idi, o qədər də narahatlıq keçirmirdik, bəlkə ona görə ki, faciənin miqyasını dərk etmirdik, anlamırdıq ki, nələr baş verə bilər, amma böyüklərin təşvişini, həyacanını da yaxşı xatırlayıram. Dünyanın sonunun çatdığına, qiyamətin baş verəcəyinə sanki inanaraq, onlar ən çox öz övladları üçün narahat olurdular. Amma xoşbəxtlikdən İkar düşmədi və  illər keçdi, hər şey unuduldu, həmin yaşlı adamlar dünyasını dəyişdi. Nəsillər dəyişdi, insanların yaşam tərzi də dəyişdi, amma ölməz S.Vurğun demiş “bir yandan boşalıb bir yandan dolan” bu qoca dünya dəyişmədi. Yenə səhərlər Günəş, axşamlar Ay çıxır (“yenə öz yerində yuvarlanır Ay”), yenə gecələr irili-xırdalı ulduzlar  səmada bərq vurur və yenə də Yerə hansısa asteroidin düşə biləcəyindən danışılır. Mükəmməl ilahi nizama malik “ixtiyar, sirli-soraqlı Kainat” isə hələ də öz sirlərini insanlara vermək istəmir.


Budur, 2020-ci il girər-girməz alimlər indi də 1998OR2 adlı asteroidin traektoriyasının aprelin 29-da planetimiz üçün potensial təhlükəli məsafədən keçəcəyini yazır, KİV nümayəndələri isə bu haqda qorxulu xəbərlər yayırdılar. Ölçüsü təxminən 2-4 km olan bu nəhəng göy cisminin yerə düşməsi, əlbəttə ki, xeyli fəsadlar törədə bilərdi, amma şükürlər olsun ki, düşmədi və planetimiz üçün heç bir təhlükə yaratmadan, təxminən 6,2 mln. km məsafədə Yerin orbitini kəsərək uçub getdi. “Çağrılmayan qonağı” gülə-gülə yola salan astronomlar, hətta zarafatyana deyirlər ki, zavallı asteroid Yerdə karonavirus olduğunu bilib geri qayıtdı. Maraqlıdır ki, bu səfər insanlar olaydan sanki xəbərsiz yaşadılar. Səbəbi də aydındır - dünyanı cənginə almış karonavirus pandemiyası, covid-19 xofu asteroid təlaşını arxa plana keçirmişdi. Təhlükə sovuşdumu? – Tam yox, hələlik sovuşdu, çünki təhlükə potensiallı asteroidlərin hərəkət traektoriyasını izləyən mütəxəssislər onun 2079- cu ildə yenidən qayıdaraq 3,5 dəfə daha yaxın məsafədən keçəcəyini proqnozlaşdırırlar.


Həmin asteroidin xofu canımızdan çıxmamış NASA mütəxəssisləri  indi də başqa bir asteroidin may ayının 22-də Yerə yaxın bir məsafədən keçəcəyini söyləyirlər. Bax, beləcə, kainat öz  nizamlı qanunları ilə  yaşayır, planetlər sabit orbitləri ilə hərəkət edir, nisbətən xırda göy cisimləri isə ara-sıra orbitlərindən çıxaraq planetimizi “ziyarət edir” və bəzən də “müvazinətlərini itirərək” Yerə və ya digər planetlərdən birinin səthinə düşürlər.


Elmi mənbələrdə bildirilir ki, Günəş sistemində milyonlarla kiçik səma cisimləri mövcuddur, onlardan təxminən 740 mini aşkar edilərək məlumat bazasına yerləşdirilmiş, 500 min asteroidin orbiti dəqiq öyrənilmiş və onlara rəsmi nömrə, 19 min kiçik səma cisminə isə təsdiq edilmiş rəsmi ad verilmişdir. Asteroidlərin böyük əksəriyyəti Yupiter və Mars planetləri arasında toplaşaraq “asteroid qurşağı”nı əmələ gətirir və müəyyən orbitlə Günəş ətrafında hərəkət edirlər. Vaxtılə belə bir fərziyyə irəli sürülmüşdür ki, həmin asteroidlər keçmişdə hansı səbəbdənsə partlayaraq məhv olmuş Faeton adlı planetin qalıqlarıdır.


Qəbul olunmuş bölgüyə görə diametri 30 metrdən çox olan nisbətən kiçik  səma cisimlərini asteroid, az olanları isə - meteoroid adlandırırlar. Planetlərdən fərqli olaraq,  düzgün formaya və atmosferə malik olmayan asteroidlərə əvvəllər həm də kiçik planetlər deyilirdi, lakin 2006-cı ildən sonra onları Günəş sisteminin kiçik cisimləri, diametri 1000 km-ə çatan nəhəng  Tserera asteroidini isə karlik planet adlandırmışlar. Hazırda elmə diametri 500 km olan 3 nəhəng (Vesta, Pallada, Gigeya); 300 km olan -5; 100 km olan - 200 və 1km olan -750 min asteroid məlumdur. Ümumiyyətlə, mütəxəssislər diametri 140 metrdən böyük olan hər bir asteroidi Yer kürəsi üçün potensial təhlükəli hesab edirlər. Rusiya EA Astronomiya İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Dmitriy Vibenin Andrey Quselnikovla müsahibısində bildirdiyinə görə, trayektoriyaları Yerə 7,5 mln. km-dən yaxın məsafədən keçən asteroidlər daha təhlükəlidir. Belələrinin sayı 2081-ədəddir, onlardan 156-nın isə diametri 1km-dən çoxdur və astronomlar onları daim diqqətlə izləyir, nəzarət altında saxlayırlar.


KİV-lərdə mövzuya dair ara-sıra qorxulu başlıqlar altında -“Dünyanın sonu yaxınlaşır”,”Yer nəhəng asteroidlə toqquşacaq”, “Yerə dəhşətli fəlakət gəlir” və s. bu kimi  yazılar verilməsinin əksinə olaraq, alimlər bu qənaətə gəlmişlər ki, böyük ölçülü səma cisimlərinin Yerə düşməsi ehtimalı, əslində çox azdır. Məsələn, Moskva Planetarisi saytının məlumatına görə, diametri  təxminən 30 m olan asteroid təqribən 250 ildən bir, 100 m olan - 3000 ildən bir, 1 km olan isə 1 mln. ildən bir Yer kürəsinə düşə bilər. Xırda ölçülü səma cisimləri daha tez-tez Yerə tərəf hərəkət etsələr də çoxu yolda atmosferlə sürtünmədən alışıb yanaraq məhv olur,  az bir qismi isə meteorit şəklində Yer səthinə  gəlib çatır. Təxmini hesablamalara görə Yer kürəsinə ildə orta hesabla 2000 ton meteorit düşür. Yer səthinə gəlib çatan asteroid və meteoritlər zərbə kraterləri və ya meteorit kraterləri əmələ gətirirlər. Diametri 1 km-dən böyük olan meteorit kraterlərinə astroblemlər (yunanca “yerin ulduz yaraları”) və ya impakt (“zərbə”) strukturlar deyilir. Alimlər tərəfindən indiyənə qədər Yer səthində 3000-dən artıq impakt strukturu (Mixeyevanın kataloquna görə) aşkar edilsə də onlardan yalnız 240-ı  rəsmi olaraq təsdiq edilmişdir.


Meteorit kraterləri və astroblemləri müasir relyefdə - yer səthində çox nadir halda müşahidə etmək olur, çünki onlar çox qədim geoloji dövrlərdə, yəni min və milyon illər bundan əvvəl Yer səthinə düşdüyündən kraterlərin ilkin strukturu müxtəlif geoloji proseslər nəticəsində aşınaraq məhv olmuşdur. Məsələn, Cənubi Afrika ərazisində, 2 mlrd. il əvvəl əmələ gəlmiş, diametri 300 km olan Vredofort astroblemini indi ancaq müəyyən hündürlükdən seyr etmək mümkündür. Bunun əksinə olaraq, Ayın və digər planetlərin (Mars, Venera və s.) səthində olan meteorit kraterləri cox yaxşı saxlanılmışdır, səbəbi isə həmin səma cisimlərində atmosferin ya olmaması, ya da hədsis zəif olmasıdır, çünki aşınmanın törədici amilləri – su, külək, bitki, canlı orqanizmlər və s. oralarda yoxdur.


Bəzi mütəxəssislər bir qədər də irəli gedərək, yer səthində olan bir çox nəhəng su hövzələrinin, məsələn, Hudzon  və Benqal körfəzlərinin, hətta Sakit okeanın da astroblem mənşəli olduğunu iddia edirlər. Günümüzə gəlib çatan meteorit kraterlərinin ən yaxşı nümunələrindən biri ABŞ-dakı Arizona və Kanadadakı Pinqalit astroblemləridir. Diametri 1,2 km, dərinliyi 47m olan  Arizona krateri 50 min bundan əvvəl düşmüş nəhəng meteoritin “möhtəşəm sənət əsəridir”.


Bəs, asteroid Yerə düşərsə nə kimi fəsadlar törədə bilər? Alimlər asteroidlərin ölçüsündən asılı olaraq onların Yer üzündə törədə biləcəyi fəsadları da təxmini hesablayıblar. Məsələn, diametri 10 km-dən artıq olan asteroidin düşməsi Yer üzündə sivilizasiyanın, canlı aləmin məhvi deməkdir. Bəs, nə vaxtsa belə bir asteroid Yerə düşübmü?- mütəxəssislər cavab verirlər ki, - bəli, düşüb, amma Mezozoy erasında - Təbaşir dövrünün sonunda, yəni 66 mln. il əvvəl. Meksikanın Yukotan yarımadasına düşən asteroid  diametri 180,  dərinliyi isə 17 km olan  nəhəng krater (Çikşulub) əmələ gətirmişdir. Alimlər dinozavrların məhvini və Yer kürəsində canlı aləmin inkişafının yeni mərhələsini məhz bu asteroidlə əlaqələndirirlər.


Əgər yerə düşən asteroidin ölçüsü 100 m olarsa reqional (ölkə) miqyaslı, 1 km olarsa - dəhşətli qlobal fəlakət baş verə bilər. Yuxarıda söhbət açdığımız asteroidlər yerə düşərsə (Allah eləməsin!), qlobal miqyaslı fəlakət qaçılmazdır. Müqayisə üçün qeyd edək ki, 1911-ci ildə Sibirə düşmüş  və 2000 kv.km ərazidə bütün meşələri məhv etmiş Tunqus meteoritinin diametri təxminən 50 m, 1914-cü idə Urala düşən və xeyli fəsadlar törətmiş Çelyabinsk meteoritinin diametri isə  cəmi 20 m olmuşdur.


Bu səbəbdən dövlətlər Yer üçün potensial təhlükəli olan asteroidlərin tədqiqinə milyonlarla vəsait sərf edir, onların hər “addımı”nı izləyirlər. Yazını xoş əhvalla bitirmək istərdim. Belə ki, alimlərin verdiyi şad xəbərə görə qarşıdakı 100 ildə Yer kürəsini asteroidlərlə bağlı heç bir fəlakət gözləmir. Allah Nuh peyğəmbərə verdiyi sözü tutmaqda davam edir, yəni bir daha yerdə insanları cəzalandırmayacağı, məhv etməyəcəyi haqda verdiyi vədə əməl edir. Bibliyanın “Yaranış” kitabında deyildiyi kimi: “İinsanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm, çünki insanların qəlbindəki kin-küdurət cavanlığındandır. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.” (Əhdi-Ətiq, 8:21).


Amma təəssüflər olsun ki, insanlar özləri özlərini cəzalandırırlar: cürbəcür viruslarla, xəstəliklərlə, bəd əməlləri ilə. Budur, artıq beş aydır ki, koronavirus pandemiyası  dünyanı cənginə alıb, 4,5 mln. insan bu  xəstəliyə yoluxub,  300 min nəfər onun qurbanı olub. Bax, bu da İblisin Allaha verdyi vədin nəticəsidir. Qurani-Kərimin Sad surəsində (38: 82-83)  belə buyurulur: “(İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yalnız sənin sadiq bəndələrindən başqa! Bəli, İblis hər zaman, hər yerdə öz çirkin vədini yerinə yetirmək üçün canfəşanlıq edir. Bunun da bariz nümunəsini son zamanlar ölkəmizdə korrupsiya və rüşvətxorluqda ittiham edilərək həbc olunan məmurların timsalında gördük. Siz isə Allahın sadiq bəndələrindən olun, bəd əməllərdən uzaq durun, çalışın ki, İblisə uymayasınız, o da sizi haqq yoldan azdırmasın!


Rəşid Fətəliyev

AMEA, Coğrafiya İnstitutunun aparıcı işçisi, dosent

14.05.2020

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır