Modern.az

Laçında itirdiklərimiz - Bazardüzü yaylağı, Qara bulaq, Pərixan gölü, Şahbulaq düzü...

Laçında itirdiklərimiz - Bazardüzü yaylağı, Qara bulaq, Pərixan gölü, Şahbulaq düzü...

18 May 2020, 08:03

Zəngəzur qəzasının yüksək dağlıq və yayla hissəsini təşkil edən inzibati-ərazi vahidlərindən olan Laçın nahiyəsinin 1904-1920-ci illərdə hay kilsəsi və daşnak-quldur dəstələri tərəfindən törədilən soyqırımı və ərazi işğalçılığı siyasətinin qurbanları sırasında tarixi maddi-mənəvi və coğrafi irs nümunələri müsəlman-türk mənşəli olmaqla, həm də minilliklərlə ölçülən yaşa malikdir. Əlverişli tarixi-coğrafi şəraitin istər iqtisadi-təsərrüfat, istərsə də siyasi-hərbi (strateji) baxımdan üstünlüyü bir sıra xüsusiyyətləri (düşmən qüvvələrinin bölgəyə müdaxiləsi, beynəlxalq ticarət yollarının ərazidən keçməsi,  yerli, kökənli xalqların davamlı yerdəyişməsi, tarixi-soğrafi toponimlərin etno-morfoloji mənşəyinin müsəlman-türk amilinin bu qaynaqlardan qidalanması...) özündə ifadə etmişdi.


Ərazinin zəngin təbii şəraiti və əlverişli ticarət yolunun üstündə yerləşməsi nəinki bölgə üzrə yerli xalqların miqrasiyasına, həm də regional (Anadolu yaylasından, Cənubi Azərbaycandan, Ərəbistan yarımadasından) miqyasda əhali məskunlaşmasına da səbəb olmuşdu.


Nahiyənin  Kəlbəcərlə həmsərhəd hissəsində, Pirçənişçay hövzəsində yerləşən kəndlərindən birinin   – Lolabağırlının tarixi də bu baxımdan  qiymətli məlumatları özündə əks edirir. Bu kəndin əsasını 1750-1760-cı illərdə Osmanlı Türkiyəsindən köçən Bağır adlı tərəkəmə ailəsi qoyub, bölgənin Keçid dağında (el arasında “Keçdağ” adlanır) yerləşən “Bazardüzü yaylağı”nın ətəyində, meşə talaları arasındakı “Qara bulağ”ın üstündə yurd salıb, binələnib. Həmin bünövrə  indi “namlı-bulamalı yer” adlanır.


“Bazardüzü yaylağı” ərazidə həm də tərəkəmə elatının həftəarası alış-veriş yeri (dəvə, at, qatır, xalça-palaz, yun-keçə və sənətkarlıq məhsulları satılardı) olduğundan belə adlanıb. Eyni ilə bu toponimə  Böyük Qafqaz dağlıq silsiləsində də rast gəlinir, Azərbaycan Respublikasının ərazisində ən hündür dağ zirvəsi kimi (4466 m).


Nahiyə mərkəzinə Lolabağırlı  kəndindən 78 km-dir, Ağdam şəhərinə də.


Laçın və Kəlbəcər nahiyələrinin sərhəddindəki Buzxana dağının şimalındakı (4 km aralı) yaylaqda “Pərixan gölü”,  yüksəkliyində isə “Buzxana gölü”  yerləşir.


Lolabağırlı  kənd sakini Seyid  Məhəmməd  Tağı oğlunun (1894-1986) söylədiyinə görə, keçən əsrin əvvəllərində “Pərixan gölü”nə bir çobanın gəmrəşov ağacından hazırlanmış naxışlı əl ağacı düşür, onu götürə bilmir. Aradan bir xeyli keçir, elat qayıdır aran Qarabağa, Xaçınçayın sahillərinə, “Şahbulaq düzü”nə.


Bir gün çoban “Şahbulaq düzü”ndə bulaqdan su içəndə “Pərixan gölü”nə düşən əl ağacının ucu gözünə sataşır və onu çəkib çıxarır (dağ gölündən bulağa qədər 100 km-dən çox məsafə var).


Buzxana dağı da nahiyənin tərəkəmə elatının yaylağı  idi. Bu dağın ətəyində, “Qatar qaya”nın ayaq hissəsində  “Seyid  Məhəmməd (1869-1974) kahası” qazılmışdı. Seyid Məhəmməd nahiyənin Seyidlər kəndindən olub, xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlunun (1871-1942) qaynı idi.


1904-1920-ci illərdə hay-daşnak quldurlarına qarşı istifadə edilən Sultan bəyin topu o kahada saxlanılırdı, 1992-ci ilədək.

 
Kaha o qədər böyük idi ki, bir neçə tərəkəmə ailəsi aradan pərdə çəkib  orada yaşaya bilirdi.   


Lolabağırlı kəndinin quzeyində, baş hissəsindəki dağın dibindəki  “Divək daşı” deyilən yerdə (4 km kənarda) “Namlı çayı”nın başlanğıcında, “Çay yoxuşu” deyilən yerdə yaranan şəlalənin quzeyində  “heykəlləşmiş dəvələr” (qabaqda nər dəvə, dalınca ana dəvə, ardınca bir bala, sonra köşəklər... yol gedir) daşa dönmüşdülər, “Lüləli bulağ”ın üstündə.


Şəlalənin güneyində  göy talada isə  “qoyun sürüsü, çoban və yanında iti...” donub qalmışdılar...


Bu ərazidəki yaylaq və el yolundan, dağ aşırımından 1904-1920-ci illərdə Əlipaşa bəyin və Sultan bəyin yerli döyüşçülərə yardımı kimi Kəlbəcər nahiyəsinə qatırlarla, atlarla dağarcıqlarda (keçi dərisindən hazırlanan) silah-sursat göndərilmişdi.


(Yazının hazırlanmasında  Laçın rayonu, Lolabağırlı kənd sakini Hacı Bayram Paşa oğlunun (1936) məlumatından istifadə edilib.)  


Qismət Yunusoğlu,
Bakı Dövlət Universietinin müəllimi (050 3726008)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir