Modern.az

İTBAŞI (2-ci bölüm)

İTBAŞI (2-ci bölüm)

18 May 2020, 10:48

Mahir Qabiloğlunun romanı


("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

 

Şah və Aslan sarayın gizli qapısından şəhərə çıxdılar.

– Aslan.

– Bəli, şahım.

– Dərviş paltarı geyinəndə mənə “şahım” yox, Əfdal de.

– Oldu, Əfdal.

– Bilirsənmi  hara getmək istəyirəm?

– Hara?

– Paytaxtın ən kasıb məhləsinə.

– Qulaqkəsənlər məhləsinə? Bəs bunu niyə əvvəlcədən demədiniz? Ora belə getmək olmaz. Bir-iki mühafiz də götürəydik gərək.

– Mən “ən kasıb məhlə” dedim. Mən bilmirəm hansı məhəllə kasıbdır, ya xüsusi adla çağrılır. Yəni, belə qorxuludur o məhlə?

– Əfdal, onlara elə-belə qulaqkəsən adı qoymayıblar. Hər ikimizi öldürərlər, heç kim xəbər tutmaz. Qayıdaq geri, mühafizlərdən götürüm.

– Ağciyər olma, Aslan.

– Mən sizə görə qorxuram. Bəzən o qədər çox olurlar ki, qarşılarında dayanmaq olmur.

– Nədir axı bu qədər qorxduğun? Yəni doğrudan qulaq kəsirlər?

– Xeyr, öldürürlər, sonra sağ qulağını kəsirlər.

– Qəribədir, niyə adlarını belə qoyublar?

– Xalq belə qoyub. Bir rəvayətə əsasən. Yəqin bilməmiş olmazsız.

– Danış görüm nə rəvayətdi?

– Deməli, meşədə dovşan qaçır. O biri heyvanlar soruşur ki, bəs ay dovşan, nə olub? Hara qaçırsan, nədən qaçırsan? Arxanca da gələn yox. Cavab verir ki, bəs meşəyə insan gəlib. Kimin üç qulağı varsa kəsir. Heyvanlar dovşana üzlərini tutub “bəs sən nədən qorxursan? Sənin ki, iki qulağın var” deyəndə, dovşan nə cavab versə yaxşıdır?

– Nə? – deyə şah maraqla soruşur.

– Deyir ki, qulaqları kəsib, sonra sayır. İndi Qulaqkəsənlər məhləsində yaşayan kasıblar da day baxmırlar ki, qarşısındakı hansı zümrəyə mənsubdur. Pulu ola bilər, ya yox. Qarşılarına keçəni öldürürlər, sonra ciblərini gəzirlər. Axırda da camaat arasında vahimə yaratmaq üçün sağ qulağını kəsirlər. Day cibgirlər kimi, adamın üstünə bıçaq çəkib soruşmurlar ki, pulun var, ya yox?

– Eşitməmişdim bu rəvayəti. Gedək. Allah kərimdir. Heç nə olmaz.

Şahla Aslan məhəlləyə girən kimi qapılardan birini döyürlər. O yandan xırıltılı səs gəlir:

– Gəl! Qapı açıqdır!

Şah və Aslan “axşamınız xeyir” deyib içəri daxil olurlar. Görürlər ki, ocağın üstündə böyük bir tava, içi də dolu ət cızhacız qızarmağında. Səkkiz nəfərdən ibarət ailə – ata-ana, uşaqlar da yeməyin bişməsini gözləyirlər. Şah mat-mat Aslanın üzünə baxır ki, bəs ən kasıb məhəllə dediyin nədi, bu nə.

– Kimsiz? Nəçisiz? – deyə  ailənin başçısı soruşdu.

– Allah qonağıyıq.

– Allaha da qurban olaq, qonağına da. Amma qonaq göndərəndə ruzisini də göndərsəydi yaxşı olardı.  Xurcununuz doludursa, buyurun süfrəyə. Gecələməyə də... bax, o küncdə yatarsınız.

– Qapını niyə bağlamamısız?

– Pah... Nəyimiz var ki, hələ bir qorxaq da... Bir həsirik, bir də məmmədnəsir. Qapıdan içəri girən qorxsun ki, onun əlindəkini almayaq. Buraya Qulaqkəsənlər məhləsi deyirlər. Qəribsiniz, yəqin tanımamısız. Gələn dəfə buralardan yan qaçın.

Şah və Aslan süfrənin arxasına əyləşdilər. Heybələrindəki çörəyi, soğanı, duzu çıxartdılar. Qadın tavanı gətirib ortaya qoydu. Sonra yeməyə başladılar. Tavada xeyli ət qalmışdı. Amma qonaqlara təklif eləmədilər. Aslan əlini uzadıb bir tikə götürmək istəyirdi ki, kişi silləni onun əlinə elə vurdu ki, ət yenidən tavaya düşdü.

– Müslimsiz?

– Hə. Nə olsun ki?

– Sizə olmaz.

– Niyə?

– Çünki dovşan ətidir. İslamda haram buyrulub dovşan əti yemək. Cəzası var.

– Ay kişi, nə haram, nə İslam. Biz ac-yalavac yolçuyuq. Qarnımız doysun təki.

– Yaxşı, onda günahı öz boynunuza. Məndən demək idi. Yeyirsinizsə, yeyin. Nuş olsun.

Aslan böyük bir tikəni götürüb şahın qabına qoydu. Özü də götürüb dişinə çəkdi. Yaman ləzzətliydi. Ağzını marçıldatdı. Şaha tərəf baxdı. O da “bəh-bəh” deyib başını tərpətdi. Şam yeməyi başa çatdı. Süfrə yığışıldı. Ortaya çay gəldi. Şah nigarançılığına son qoymaq üçün soruşdu:

– Bəs siz müsəlman deyilsiz?

– Müsəlman yox, müslim.  Müslimik, amma nə edim ki, ət almağa imkanım yoxdur. Uşaqlar da təkcə horrayla nə qədər dolansınlar. Əvvəllər tez-tez xəstələnirdilər. Günlərin bir günü odundan qayıdırdım. Gördüm ki, bir nəfər əlində iyrənə-iyrənə üç dənə dovşanı tutub, meşəyə sarı gedir. Soruşdum ki, nə olub? Camaat dovşan ovlayıb  meşədən çıxır, sən isə dovşanla meşəyə gedirsən. Cavab verdi ki, böyük bostanım var. Dovşanlar dadanıb kələmə-kökə. Mən də tələlər qurmuşam. Tutduqca, aparıb meşədə öldürüb basdırıram. Dedim ki, day niyə basdırıb heyif edirsən, gül kimi təzə ətdir. Bişir ye də... Dedi ki, olmaz. Haramdır. Dedim ki, onda ver mənə, aparıb bişirim yeyim. Soruşdu ki, müslimsən? Cavab verdim ki, hə. Dedi, onda sənə də haram buyurulub. Mən də din-zad qanan adam deyiləm. Soruşdum ki, axı niyə haram buyurulub? Cavab verdi ki, bəs dovşan qadın kimi aybaşı olur, ona görə. Qaqqanağım göyə çıxdı. Handan-hana özümə gəlib cavab verdim ki, bəs ay başına dönüm, mən buna siğə oxumağa aparmıram e... yeməyə aparıram.

Kişinin bu sözündən sonra şah və Aslan da gülüşdülər.

–  Həəəə... dovşanları gətirdim evə. Tez dərisini soyub duzladım. Ətini də arvad soğanla qızartdı. Ac uşaq nə bilir e... halal nədir, haram nə. O gündən tez-tez həmin adamın bostanına gedirəm. Tələyə düşən dovşanları mənə verir. Hələ üstəlik dovşanları götürdüyümə görə tərəvəz payı da verir. Dərisini yerə səririk, yel xəstəliyinə tutulmayaq. Ətini də qızardıb yeyirik.

– Ay kişi, bir dənə də sualıma cavab ver. Belə kasıbsansa, bu qədər uşağı niyə əkmisən? Yaxşı deyiblər, kasıb uşaqdan bol olar, itinin adını da “Qızıl” qoyar.

– Yox, ay yolçular, mən kasıb deyildim. İmkanlı tacir idim. Saray əyanları məni bu günə saldılar. Hər ay fərraşlarını göndərirdilər ki, bəs vergi ver – Həqqi Şah vergiləri qaldırıb. Dinə də bilmirdim. Qılıncı boğazıma çəkirdilər. Verməyəndə uşaqlarımı oğurlayırdılar, pul verəndən sonra geri qaytarırdılar. Həqqi Şaha da şikayət etməyə qorxurdum. Bilirdim ki, fərraşlar baş vəzir Qurbanın adamlarıdır. Həqqi Şah da ona hər şeyi keçir. Özüm cəhənnəmə, ailəmdən qorxurdum. Beləcə hər şeyimi əlimdən aldılar. Başımı götürüb, Qulaqkəsənlər məhləsinə köçdüm. Özüm də oldum qulaq kəsən. Bir fərqimiz vardı şahın fərraşlarından. Onlar adamın hər şeyini alırdılar, amma öldürmürdülər. Biz isə əvvəlcə öldürürük, sonra ciblərini boşaldırıq. Şükür ki, haram sayılan ətin hesabına son vaxtlar heç kimi öldürməmişəm. Amma ki, siz bura bir il qabaq gəlsəydiniz, çoxdan o dünyadaydız.

– Deməli, qulaq kəsməyinizə səbəb bir qarın çörəkdir?

– Bəli, qərib yolçu. Bu öz yerində. Amma mənə gələndə, vəziyyət tam başqa cürdür. Məni qızıl toyuğun gününə salıblar.

– Nə “qızıl toyuq”? – deyə şah təəccüblə soruşdu.

– Deməli, ay qərib, birinin bir qəribə toyuğu olur. O da hər gün bir qızıl yumurta yumurtlayır. Sahibi də yumurtanı bazarda satıb, puluna şad-xürrəm yaşayır. Amma günlərin bir günü qudurur. Fikirləşir ki, yox, toyuq bütün yumurtaları birdən mənə verməlidir. Bıçağı götürüb toyuğun başını kəsib, qarnını yırtır. İçindən nə çıxsa yaxşıdır?

– Nə?

– Peyinnnn! – bunu deyib kişi şaqqanaq çəkdi. Şah isə susaraq Aslana baxdı, – Bax, toyuğun sahibinin əli necə peyinə batdısa, əyanlar da gül kimi məmləkəti beləcə heç eləyəcəklər. İndi mülküm baş vəzir Qurbandadır. Bir qadın yaşayır orda. Baş vəzir də kefi istəyəndə gəlir, istəyəndə gedir. Mən Birrəng də səkkiz baş ailəmlə qısılmışam qulaqkəsənlərin içinə.

– Birdən əlinə fürsət düşsə nə edərsən?

– De ki, nə etmərəm. Baş vəzirin bütün nəslini “tikərəm”. Arvad-uşaq evdədir, ona görə belə dedim. Yəqin, başa düşdünüz də... Amma xahiş edirəm, dovşan yeməyinizi heç kimə deməyin.

– Şəriət məhkəməsindən qorxursan?

– Yox e... nə şəriət, nə din? O biri qulaqkəsənlər xəbər tutsa, boğazımıza şərik olacaqlar.

– Demərik. Heç kimə demərik. Söz... Ay Birrəng, evin balacadır, ailən də böyük. Sağ ol ki, qarnımızı doydurdun. Gedib bir hücrə taparıq gecələməyə. Sizi rahatsız etməyək.

– Ay qonaqlar, necə istəyirsiz. Yenə də deyirəm: gözümüz üstə yeriniz var.

– Di salamat qal.

– Sağ olun. Xoş getdiz.

 

***

 

Ertəsi gün. Saray. Baş vəzir və əyanlar şahın qarşısında düzülüblər. Şah isə fikrə gedib. Heç nə danışmır. Bu vaxt Aslan içəri girir. Şahın qulağına nəsə pıçıldayır. Şah da ona astaca:

– Hər şeyi başa saldın?

– Bəli, şahım.

– Hələlik gözləsin. Özüm deyəcəyəm. Qüdrətin də məsələsini tezləşdir! – sonra üzünü baş vəzir Qurbana tutub, – Baş vəzir, Qüdrət getdi, yerinə kimi təyin edim?

– Məsləhət sizindir, şahım.

– Bilirəm ki, məsləhət mənimdir. Son söz də mənimdir. Amma necə olsa sənin də fikrini bilmək istəyirəm.

– Çətinlik çəkirəm, şahım.

– Onda... Bəlkə Qulaqkəsənlər məhəlləsindən kimisə qoyaq. Qoy sarayda kasıbların da bir nümayəndəsi olsun.

– Şahım, siz nə danışırsız? O məhləni bütünlükdə dağıdıb, kişili-qadınlı-uşaqlı məhv etmək lazımdır. Onlar qanundankənar elan olunublar. Geci-tezi var. Axırlarına çıxacağıq.

– Sən nə yaman qaniçən adammışsan, ay Qurban. Bir də ki, mən belə məsləhət bilirəm! – deyə şah Aslana işarə elədi. Qapılar açıldı. Şahın gecə qonaq olduğu Birrəng otağa daxil oldu. Şahın qabağında diz çöküb, əbasını öpdü. Sonra arxaya döndü:

– Şahım, bu nədi, bu nə biabırçılıqdır? Əyanlar sizin qabağınızda ayaq üstə dayanıblar? Bu dəqiqə diz çöksünlər. Yoxsa... – deyib Birrəng  qəməsini çıxararaq əyanlara tərəf hücum çəkdi. Fərmanın sağ qulağından yapışıb kəsdi. Vəkilin anqırtısı aləmi götürdü. Qanı başqalarının üstünə sıçrandı. Əyanlar qorxu içində diz çökdülər.

Şah isə qarışmırdı. Razılıqla bu mənzərəni seyr edirdi. Sonra Birrəng baş vəziri qulaqladı. Sanki əmr gözləyirdi. Şah isə dinmirdi. Baxırdı. Baş vəzirin titrəməsinə baxırdı. Birdən ayağa durub dedi:

– Aslan, bu nə ədəbsizlikdir? Sən hara baxırsan? Şahın qarşısında gör nə iş görürlər?

Baş vəzir və əyanlar şahın sözündən ürəklənib ayağa durdular. Tez Birrəngi əhatəyə alıb, qəməsini əlindən aldılar, – Şahım, edam etdirmək lazımdır bu tərbiyəsizi! – deyə yerbəyerdən səsləndilər.

– Onu demirəm, – deyə şah dilləndi.

– Bəs nəyi deyirsiniz, şahım? – deyə əyanlar matdım-matdım şahın üzünə baxdılar.

– Deyirəm ki, ayaqyolu ola-ola şahın xəlisinin üstünə niyə işəmisiniz? Rədd olun gözümün qabağından, tərbiyəsizlər, ədəbsizlər. İkinci vəzir Birrəng Göyverən, sən isə qal.

Fərman ağrıdan ufuldaya-ufuldaya, sidiyə bulaşmış qanlı qulağını yerdən götürüb, əyanlarla eşiyə çıxdı.

– Hə, Birrəng, necəydi? Hirsin soyudumu bir az?

– Sağ olun, şahım. Heyfimi aldım. Baş vəzirin qulağını kəsəndə bilirsinizmi necə sakitləşdim?

– Kimin? – deyə şah şaqqanaq çəkdi. Aslan da gülməyini saxlaya bilmədi, – Sən vəkil Fərmanın qulağını kəsdin. Amma o Qurbandan da pisdir.

– Ay Birrəng, mən sumağı əba geyinəni demişdim, – deyə Aslan dilləndi.

– Nə bilim vallah, Aslan dedi ki, bəs sumağı əba geyinəndir baş vəzir. Mənim də gözüm qızıb yəqin, rəngləri səhv salmışam.

– Yaxşı, indi də sənin ev məsələni həll eləyək. Keçmiş ikinci vəzirin mülklərini əlindən almışıq. Get ailənlə onlardan birinə yerləş. Sabah görüşərik.

– Var ol, şahım. Amma sizdən acizanə bir xahiş.

– De.

– Mənə başqasının evi lazım deyil. Halal qazancımla tikdirdiyim mülkü geri qaytarsanız bütün nəslimlə minnətdar olaram sizə.

– Axı baş vəzir getdi, – deyə Aslan dilləndi.

– Hara? İznsiz hara getdi? – deyə şah qeyzləndi.

– Şahım, şalvarını dəyişməyə.

Aslanın cavabından şahın qırışığı açıldı. Hər üçü gülməyə başladı. Saraydan çoxdan idi ki, belə gülüş səsləri gəlməmişdi.

– Birrəng,  amma bu gün elədiyini bir də təkrar eləmə ha...

– Şahım, bəs baş vəzir? Axı onun qulağını kəsməliydim. Sizin tapşırığınızı yerinə yetirmədim.

– Lap düzgün yerinə yetirdin. Fərmanı sənə göstərməyi mən demişdim Aslana. Qurbanın da vaxtı yetər inşallah. Layiq olduğun mənsəbə də yetdin. Bundan  sonra sarayda Aslandan sonra daha bir yaxın adamım peyda oldu. Amma, qulağında sırğa elə, burda bir şah var. Əmri də o verir. Qəzəbinə tuş gəlsən, sonu edamdır.

Bu sözdən sonra Aslan da, Birrəng də şahın qarşısında baş əyərək təzim etdilər.

– Aslan, baş vəziri gözləmə. Mühafizlərdən də götür ikinci vəzir Birrənglə  get o evi boşalt, yiyəsinə qaytar. Orda kim yaşayırsa gətir sal zindana. Sabah ayırd edərik.

– Başüstə, şahım.

– Allah ömrünü uzun eləsin, şahım.

 

***

 

Gecə düşür. Şah yenə də yuxuya gedə bilmir. Yerindən qalxıb eyvana çıxır. Xəyala dalır: şəhər qaynayır. O isə təkdir. Dövrəsi də soyuq divarlar, bir də mühafizlərdir. Gecələr əyanları da saraydan qovur. Ki, birdən onu taxtdan devirərlər. Bəs nə vaxtadək belə davam edəcək? Bəlkə tək-tənha çıxsın şəhərə. Axı Aslan da insandır. Bütün günü ayaq üstə olur. Üstəlik, bütün tapşırıqları da ona verir. Gecələr də onunla dərviş seyrinə gedir. Yox, yaxşısı budur tək çıxım şəhərə. Necə çıxım? Əyanlar bunu bilsələr onu adi əyyaşın qurbanı edərlər. Heç meyiti də tapılmaz. Sonra da baş mühafiz Aslanı edam etdirərlər ki, bəs “şahımızı yaxşı qorumamısan. Bizim vaxtımızda sarayın üstündən quş uçanda qanad salardı...” Sonra da baş vəzir keçib oturacaq şahlıq taxtında. Yox e... gedəcəyəm – tək gedəcəyəm. Taleyə inanan adamam. Kimin ağlına gələrdi ki, məndən şah olacaq? Oldum ki... İndi də alnıma ölmək yazılıbsa, demək taledir – ölməliyəmmiş. Dərvişə də məmləkətdə hörmət böyükdür. Hər şeyin düzünü danışdığına görə. Heç şahlar da onlara toxunmurlar.

Göyverən Şah dərviş paltarını geyinir. Gizli yolla şəhərə çıxır. Təqribən səmti bilirdi. Çox işıqlı olan yerlər varlı məhəllələriydi. Qaranlıq, naabad küçələr isə kasıb-kusubların oylağı. Yenə adətincə bir kasıb qapısını döyür. Cavab gəlmir. Bu dəfə bir az bərk döyür. Qapı açıq olduğundan azacıq aralanır. İçəridən boğuq öskürək səsi gəlir. Göyverən bir də qapını döyür.

– Gəl də... görmürsən qapı açıqdır? – deyə içəridən kişi səsi gəlir.

Göyverən içəri girib salam verir.

– Ay əleyküm salam. Geyimindən dərvişə oxşayırsan, amma davranışından əyana.

– Ağsaqqal, niyə elə bildiz ki?

– Dərvişlər həyasız olur. Sən isə elə qapını döyə-döyə qalmısan. Hər gün birini qovuram qapıdan. İçəri buraxmıram.  Səhərəcən boş-boş danışırlar. Ağzımı açmağa qoymurlar. Day demirlər ki, mən də ürəyimi açmağa bir qərib adam axtarıram. Ürəyim az qalır ki, partlasın. Yenə də elə bildim ki, onlardandır. İznsiz içəri soxulsaydın, səni də qovacaqdım. Xoş gəlmisən, bala.

– Xoş gününüzə gəlim, ağsaqqal. Dərvişəm. Sizin şəhərdən keçirdim. Gecələməyə yer tapma...

– Saxla! Dedim axı sənə – dərvişə oxşamırsan. Əgər oğrusansa, oğurlanası bir şeyim yoxdur. Səfilsənsə, gecələyə bilərsən. Əgər nağıllardakı dərviş paltarı geymiş şahlardansansa, məndən bir kəlmə də qoparda bilməyəcəksən. Çünki bütün şahları ədalətsiz və riyakar hesab edirəm. Hamısı görüntüdən başqa bir şey deyil. Yalnız özlərini, şahlıqlarını fikirləşirlər. Verdiyi fərmanlar da yalnız öz var-dövlətlərini artırmaq üçündür.

– Yox, ay ağsaqqal, mən də nağıl oxumuşam. Şah vəziriylə dərviş seyrinə çıxıb həmişə. Mən isə arıq, çəlimsiz, kasıb bir dərvişəm. Gecələməyə yer axtarıram.

– Sənə yer verərəm. Qarnını da doyduraram. Amma əvvəlcə qışqırmalısan.

– Niyə?

– Şərtim belədir. Qışqır!

– Aaaa.

– Bərkdən qışqır!

– Aaaaaa.

– Yox bir az da bərkdən, – deyib qoca şahın budundan yaxşıca çimdik götürdü. Göyverənin qışqırığı göyə çıxdı. Qoca sakitcə gözlərini qapıya dikib, qulaqlarını sanki at kimi şəklədi. Bir az beləcə donub qaldı, – Yox, şah deyilsən.

– Dedim axı şah deyiləm. Çimdikləmək nəyə lazım idi? – şah çimdiyin yerini ovuşdura-ovuşdura soruşdu.

– Dedim təksənsə, yəqin ki, mühafizlərin bayırda keşik çəkir. Bir şey olsa içəri doluşacaqlar. Ona görə də qışqırmağını istədim. Amma yenə deyirəm, sən dərvişə oxşamırsan. Mən adam tanıyanam, – deyə qoca Göyverən Şahın düz gözünün içinə baxdı, sonra isə –  Yaxşı, yəqin acsan, – deyib ayağa durub ortaya lavaş, pendir, soğan qoydu. – Kasıbın olanından. Nuş elə, bala, – dedi.

Şah ac olmasa da  lavaşın içinə pendir və soğan qoyub dürmək düzəltdi. Guya ki, iştahla yeməyə başladı.

– Ağsaqqal, tək yaşayırsan?

– Yox, tək yaşamıram. Tənhayam.

– Çətin şeydir tənhalıq. Mən də tənhayam. Heç kimim yoxdur.

– Yox, mənim yeddi oğlum vardı. Amma indi tənhayam.

– Hardadırlar indi? Niyə səni tənha qoyublar ki? Heç olmasa biri qalardı da...

– Hara qalaydı. Həqqi Şah imkan verdi ki?

Ortaya sükut çökdü. Qocanın gözləri doldu.

– Deyiləsi dərd deyil, bala. Danışmaq da olmur. Bu elə bir dərdi ki, gərək bununla fəxr edəsən, vəssalam!

Göyverən dinmirdi. Qoca isə ağlayırdı. Hönkürtüylə ağlayırdı. Göyverən isə çaş-baş qalmışdı. Adam da dərdlə fəxr edər? Qoca ağlayıb sakitləşdi.

– Sən qəribsən. Amma sənə də açıq danışa bilmərəm.  Dolaşdığın yerlərdə bizim məmləkəti biabır eləyərsən. Amma sənə lətifəyə dönmüş bir əhvalat danışacağam. Özün nəticə çıxart.

– Danış, qoca. Lətifələri sevirəm.

– Deməli, ucqar dağ kəndində bir ailə yaşayırmış. Ailənin yeddi oğlu varmış. Yeddisi də igid, pəhləvan cüssəli oğul imiş. Əkində-biçində çalışır, firavan yaşayırlarmış. Günlərin bir günü şahın adamları gəlir ki, bəs ay kişi, şahımız filan şahlığa müharibə elan edib. Oğlanlarından ikisini cəngə aparırıq. Ata-ana oğullarına xeyir-dua verib müharibəyə yola salırlar. Bir müddətdən sonra oğlanların qara xəbəri gəlir. Üstündən bir az keçir. Şahın adamları yenidən gəlirlər ki, bəs şah başqa bir şahlığa müharibə elan edib. O biri iki oğlunu orduya göndərməlisən. Gözlərinin yaşı qurumamış iki oğluna da xeyir-dua verib şaha qurban deyirlər. Torpaq qurbanları qəbul edir. Bir müddətdən sonra şahın adamları yenidən kəndə gəlirlər. Qocanın iki oğlunun da orduya çağrıldığını bildirirlər. Bir oğluyla qalan qoca onları yola salanda üzünü şahın sərdarlarına tutub bilirsənmi nə deyir?

– Nə?

– Gedin şaha deyin ki, gələn dəfə müharibə elan edəndə mənim belimə arxalanmasın.

Göyverəndən bir şaqqanaq qopur ki, gəl görəsən. Gözlərindən yaş gələnəcən gülür. Birdən qocaya baxır. Görür ki, o ağlayır. İçin-için ağlayır. Yana-yana ağlayır.

– Yeddi oğlum vardı. Kasıbçılıqla, çətinliklə böyütmüşdüm. Yeddisi də şir kimi oğul idi. Mənə arxa idilər. Kömək idilər. Təzəcə ağ günə çıxırdım. Onlarla fəxr edirdim. Əlimi ağdan-qaraya vurmağa qoymurdular. Subay qızları olan atalar mənlə arvadı tez-tez evlərinə qonaq çağırırdılar, yaxınlıq yaradırdılar. Həqqi Şah bir gündə yeddisini də müharibəyə apardı. Dedim ki, heç olmasa sonbeşiyimi aparmayın. Ağır gündə dayağım olsun. Razı olmadılar. Yeddisinin də qara xəbəri birdən gəldi. Analarının ürəyi dözməyib partladı. Səkkiz əzizimi öz əllərimlə qəbrə qoydum. Oğlanlarımın adlarını şəhid, mənim adımı isə şəhid atası qoydular. “Ağlama, fəxr et, hər adam bu zirvəyə yüksələ bilməz” söylədilər. Mən də tutuquşu kimi təkrar elədim. Gecələr isə xəlvətə çəkilib ağladım. Sən isə, qərib, şaqqanaq çəkib gülürsən.

– Allah rəhmət eləsin hamısına. Siz Allah bağışlayın. Mən lətifəyə gülürdüm. Sizin faciənizi bilmirdim axı?! Amma düz deyirlər, fəxr elə. Bəlkə bununla təskinlik tapasan.

– Ay qərib, təskinlik tapardım. Bilirsənmi nə vaxt?

– Nə vaxt?

– Yeddi oğlum dünyaya gəlib. Şahın xəbəri olubmu? Gəlib balışlarının altına qızıl pul qoyubmu? Mollaxanada, mədrəsədə oxumağına pul ödəyibmi? Xəstələnəndə beşiyi başında dayanmağı, gecələr yuxusuz qalmağı, həyəcan keçirməyi cəhənnəmə, loğmanın, dərmanının pulunu ödəyibmi? Heç olmasa doğum günlərinin bircəciyində olsa belə qapıma hədiyyə göndərib, təbrik edibmi? “Yeddi oğul, yeddi düşmən çəpəri böyüdürsən” deyib, kömək, yardım yox, heç olmasa vergilərdən azad edibmi? Bunların cüzi bir hissəsini etsəydi, yandırmazdı məni. Ay qərib, mənim və oğlanlarımın şaha nə vaxt borcu yarandı axı? Bir də ki, düşmən bizə hücum çəksəydi, başqa məsələ. Axı, Həqqi Şah özü hücum edirdi. Nədi, nədi yeni torpaqlar zəbt edəcək, kiminsə şahlığını yağmalayacaq. Öz varını, dövlətini artıracaq. İndi də oğlu Göyverən Şah taxta çıxan kimi vergiləri qaldırıb. Eybi yox, xalq dözər. Təki pulumuz getsin, amma heç kim ölməsin, əmin-amanlıq olsun. Mənim günümə heç kim düşməsin. Dözülməz dərddir. Sənin də başını ağrıtdım. Amma azca da olsa yüngülləşdim. Dur sən də yat, bala. Səhər nə vaxt istəsən durub gedərsən. İstəsən qalarsan. Elə bil ki, öz evindir. Sən də tənhasan, mən də...

– Yox, ağsaqqal. Mən dərvişəm. Səyahət etməyi çox xoşlayıram.

– Dedim axı – dərvişə oxşamırsan. Dəxli yoxdur. Yat. Gecən xeyrə qalsın.

– Xeyrə qarşı, ağsaqqal.

 

***

 

Saray. Göyverən Şah taxtında oturub.

– Aslan!

– Bəli, şahım!

– Baş vəziri çağır.

– Başüstə, şahım.

Baş vəzir içəri girib təzim edir.

– Göyverən Qurban, müharibə dövründə ailənin tək və ya sonbeşik övladı cəngə göndərilməyəcək. Bu bir. Şəhid valideynlərinə də aylıq müavinətlər təyin edirəm. Onların sayını, müavinətin məbləğini baş xəzinədar Hətəmlə təyin edib, mənimlə razılaşdır.

– Əmr edərsiz, şahım.  Amma, yaman çoxdurlar. Xəzinədə pul çatmaz.

– Necə yəni “pul çatmaz”. Bəs müharibələri nə üçün edirdiniz? Var-dövləti artırmaq üçün etmirdinizmi?

– Şahım, əldə edilən qənimət müharibəyə xərclənən pulu görür. Xeyrimiz isə ərazilərimizin genişlənməsi, bizə meydan oxuyan qonşu şahlığın məhvi və üstümüzə qalxmaq istəyən digər şahlıqların gözünün qorxudulmasıdır.

– Axı hamı deyir ki, bizim məmləkət varlıdır.

– Şahım, düz buyurursunuz. Amma camaatın əlindəki pul xəzinədə olan puldan yüz dəfə çoxdur. Məmləkətimizdə həmişə belə olub.

– Camaatın əlindəki, yoxsa sizlərin?

– Bizlərin adı çıxıb, şahım. Amma cəmi qırx nəfərik, indi də otuz doqquz olduq. Biz əyanlar göz qabağındayıq. Ona görə də hamı bizi görür, bizə paxıllıq edir. Amma məmləkətdə elələri var ki, bircəciyi bizim hamımızı cibinə qoyar. Biz də onları soyuruq, məhv edirik. Özü də o vaxt məhv edirik ki, qudurub şahlıq, əyanlıq eşqinə düşürlər. Hətta verməli olduqları xüms-zəkatı da ciblərinə qoyurlar. Vergilərdən kəsirlər. Biz isə sanki məmləkətin canavarlarıyıq. Canavar isə meşədə xəstəni, quduzu parçalayar ki, mühitə ziyan yetməsin. Sürüyə hücum edəndə isə acdır ya tox, fərq etməz, qoyunlara diş atıb murdar edər. Bu dövlətin idarə olunmasında əsas qanunlardandır. Nə qədər gec deyil, qulaqkəsən Birrəngi saraydan uzaqlaşdırın. Onun kimi tacirlər, müflislər, haramzadalar, xalqın qanını sorub varlananlar bilirsizmi məmləkətdə nə qədərdir? Beşini əzirik, on beşi meydana gəlir. Özü də öz sələflərindən də beşbetər, qansız, yırtıcı. Bu qızıl hərisləri siçovullar kimidir. Tez artırlar.

– Sən deyən, Yolaverənlər sülaləsinin dövründəydi. Mənim vaxtımda isə başqa cür olacaq. Heç kim əzilməyəcək.

– Şahım, dövrün, sülalənin buna dəxli yoxdur. Bütün cahanda idarəetmə eynidir. Əgər məmləkəti qorumaq, hakimiyyətinizi uzatmaq yox, ömürlük etmək istəyirsinizsə, qaydaları dəyişməyin. Hakimiyyətin ləzzətini qulaqkəsənlərə, kasıb-kusuba daddırmayın. İdarəedilməz olarlar. Sonra əllərində qalarıq. Yox, əgər belə buyurursunuzsa... əmrinizə tabeyik.

– Baş vəzir, balıqlarla qarışqaların məsələsini bilirsən də...

– Xeyr. Bilmirəm, şahım.

– Gölün səviyyəsi qalxdıqca, su sahili basdıqca balıqlar sevinirlər ki, çoxlu qarışqa yeyə biləcəklər. Amma günlərin bir günü suyun səviyyəsi gözlənilmədən aşağı düşür. Balıqlar geri qayıda bilmirlər. Qalırlar sahildə çapalaya-çapalaya və ölürlər. Onda sağ qalan qarışqalar bu balıq leşlərinə daraşıb başlayırlar kef çəkməyə. Baş vəzir, bu məmləkətdə balıqlar çox kef çəkib, indi isə dövran qarışqaların dövranıdır.

– Şahım, düzünü siz bilirsiniz. Amma onu da nəzərə alaq ki, “balıq” biz əyanlarıqsa,   “su” da var-dövlətdir. Var-dövlət çox olanda, biz suda balıq kimiyik. Amma “qarışqa” adlandırdığınız xalq biz balıqların cəsədini – hazır ruzini, var-dövləti yeyib-dağıdandan sonra, harınlayacaq. İşdən-gücdən, zəhmət çəkib yuvasına ruzi daşımaqdan yadırğayan, daha da şirniklənən, lap elə quduran xalq ac qalanda yenidən öz xilaskarı və himayədarı saydığı sizin üzünüzə baxacaq. Yenə “balıq cəsədləri” tələb edəcək. Özü də ki, ədayla, əmrlə. Sanki belə də olmalıymış kimi. Onda nə verəcəksiniz onlara? Vəhşiləşən – daxilən qarışqa xislətli, zahirən canavarlaşan xalqa, hə? Özünüzü?

– Həddini keçirsən, vəzir! Yadında saxla, sənin kimi canavarların gücü sürüylə gəzməklərindədir. Qarışqa isə sürü deyil, qafilədir. Yenidən öz sıralarına qayıdacaqlar. Ormanlar şahı aslan isə həmişə tək olub. Həmişə yüksəkdə olub. Onun gücü isə meşədə yaşayan canlılardadır – bütün canlılarda.  Baş vəzir, həddini bil. Mən necə dedim, elə də olacaq! Baş mühafiz Aslan!

– Bəli, şahım, – deyə Aslan otağa girib təzim edir.

– Çağır əyanları.

Əyanlar içəri girib təzim edirlər.

– Baş xəzinədar Hətəm!

– Bəli, şahım.

– Qüdrətin məsələsi nə yerdədir?

– Şahım, nəzərinizə çatdırım ki, keçmiş ikinci vəzirin evindən tapılan min qızıl xəzinəyə yatırıldı. On beş mülk, at ilxısı, mal-qara sürüləri, əkin torpaqları isə xəzinənin nəfinə müsadirə edildi. Sizin əmr etdiyiniz kimi, ata-babasından qalma miras malikanə özünə saxlanıldı, bir də iki atı olan araba.

– Aslan, daha bir şeyi qalmadı ki?

– Xeyr, şahım. Hər şeyə özüm nəzarət edirdim.

– Yaxşı. Bu məsələni həll etdik. Birrəng, yaxın gəl. Aslan, ikinci vəzir əbasını onun çiyninə sal, – Aslan şahın əmrini yerinə yetirir. Birrəng diz çökür, – İkinci vəzir Göyverən Birrəng!

– Bəli, şahım.

– Sənin sırada yerin baş vəzir Göyverən Qurbandan sonra, vəkil Göyverən Fərmandan əvvəldir. Keç yerinə.

Birrəng sırada yerini tutur. Şah üzünü Fərmana tutub:

– Fərman, lap yadımdan çıxmışdı. Sağ qulağın necədir?

– Yaxşıdır, şahım.

– Həmişə yaxşı ol, yaxşı ol. Görürsən də... olmayan şey həmişə yaxşı olur, – deyə şah gülümsəyə-gülümsəyə Fərmanı süzdü.

– Amma, şahım, küçəyə çıxa bilmirəm. Bu gün saraya gələnəcən küçə uşaqları “tayqulaq, tayqulaq” deyə-deyə düz məni sarayacan ötürdülər. Hələ arxama təpik də vurdular. Biabır olmuşam qohum-əqraba, el içində.

– Baş mühafiz Aslan, bu nə biabırçılıqdır. Mənim əyanlarıma qarşı belə hörmətsizlik olar? Əmr edirəm, bu gündən əyanların hər birinə iki mühafiz təyin edilsin. Başlarıyla cavabdehdirlər onların həyatına. Bircə bu qalmışdı ki, rəiyyət mənim əyanıma şıllaq ata.

– Başüstə, şahım.

– Birrəng, evinə yerləşdinmi?

– Bəli, yerləşdim, şahım. Bütün ailəmiz ölənəcən duaçıdırlar sizə.

– Aslan, mülkdə yaşayanlar  necə oldu?

– Şahım, otuz beş-qırx yaşlarında bir kəniz idi. Deyir ki, mən Həqqi Şahın hərəmi olmuşam. Ona elə ordaca bir otaq ayırıb, eşikağasına tapşırdım. Sizin əmriniz gələnəcən. Bir də qulluqçular idi. Onları buraxdım, getdilər evlərinə.

– Deməli, hərəmdir, – deyə şah mənalı-mənalı baş vəzirə baxdı. Qurban başını aşağı saldı, – Yaxşı! Aslan, düz eləmisən. Aydınlaşdırdınmı ki, ev kimindir?

– Bəli, şahım. Mülk – yiyəsi vergiləri ödəyə bilmədiyinə görə – xəzinənin nəfinə müsadirə edilib.

– Yaxşı, lap yaxşı. Qalan məsələləri Birrəng özü həll edər. Bizim daha vacib işlərimiz var. Mülk, hərəmxana vaxtı deyil.  Hələlik gedə bilərsiniz.

Əyanlar otaqdan çıxırlar. Şah üzünü Aslana çevirib:

– Hə, Aslan, deyirdin ki, əyanlara nəzarət edə bilmirəm. Yəqin ki, day giley-güzarın olmaz.

– Ömrünüz uzun olsun, şahım. Kəsilən bir qulaqla müşkül məsələni həll etdiniz.

– Aslan, sabah cümədir. Məscidə gedəcəyik.

– Şahım, bir sözüm də var.

– De.

– Şahım, camaatın içində sizinlə bağlı yeni söz-söhbət yayıblar.

– Yenə də dindarlar, yoxsa Fərman?

– Aydınlaşdıra bilməmişəm hələ.

– Nə deyirlər?

– Deyirlər ki, Göyverən Şah atası Həqqi Şahın ruhuna hörmətsizlik edib. Basdırılan günü ehsan versə də, nə üç, yeddi, qırx mərasimi keçirib, nə də saqqal saxlayıb.

– Yəqin dindarların işidir. Sabah cümə namazında göstərərəm onlara. Aslan, cəllad da bizimlə gedəcək. Təbərzini də özüylə götürsün. Balaca bir ağac kötüyünü də qoltuğuna vursun. 

– Başüstə, şahım.

 

***

 

Gecə düşür. Axşam azanıyla qalanın darvazaları bağlanır. Gecikən karvanlar qala divarlarına yaxın ərazidə düşərgə salırlar. Ocaqlar qalanır. Süfrələr salınır. Hərə öz heybəsindəkini çıxarıb ortaya qoyur. Göyverən Şah isə hündürlükdən bu mənzərəni seyr edir. Fikrə gedir: yəqin ki, mənə paxıllıq edirlər. Əgər məni görsələr, yaxşı tanısalar, beş dənə dəsmal götürüb ağlayarlar. Deyərlər ki, kül başına, sən də özünü şah sayırsan? Biz şah olsaydıq...

Düz də deyərlər. Nə şah kimi şaham, nə də ki, rəiyyət kimi rəiyyət. Rəiyyətdən də pisəm. Çünki rəiyyətə həsəd aparan şaham. Hər şeyim var. Amma bir tikə çörək tapanda sevinən kasıb kimi xoşbəxt deyiləm. Elə hey istəyirəm ki, başqasını sevindirim, başqasını xoşbəxt edim və bundan da həzz alım. Bəs özüm? Özüm nə vaxt sevinəcəyəm? Nə axmaq sual verdim. Bundan artıq sevincmi olar? Mən şaham. Amma nə edim ki, iki nəfərə pul verib, gözünün qabağında sevişdirərək həzz alan imkanlı, bədəncə karsız, beliboş qoca kişilərə bənzəyirəm. Əslində onlar heç olmasa cavanlıqda nəsə ediblər. İndi də qocalıqlarının dadını bu cür çıxarırlar. Mən isə cavanam. İyirmi bir yaşım var. Hələ qadın nə olduğunu bilmirəm. Kişi nə olduğunu isə bilirdim. İndi onu da bilmirəm, bilmək də istəmirəm. Amma nə edim ki, yuxum da gəlmir. Bu qədər yuxusuzluq olar? Gözümü yuman kimi Həqqi Şah yatağımda peyda olur. Bilsəydim sonu belə olacaq, onda ağlamazdım, qışqırmazdım, atamı, anamı, kənd adamlarını köməyə çağırmazdım. Sonda da baş vəzir məni öldürüb, meyitimi ilim-ilim itirərdi. Onların qətlinə səbəb oldum, özümün isə bugünə qalmağıma. Yox, bu qədər fikirləşmək olmaz. Adam dəli olar. Hərəmxananı tez yaratmalıyam. Barəngahı tez tapmalıyam. Yaxşı ki, vaxtında mükəmməl təhsil almışam. Yoxsa əyanlar məni çoxdan dirigözlü yemişdilər. Atam da son nəfəsdə hər şeyi olmasa da vacib şeyləri başa saldı. Yox, bu qədər fikirləşmək olmaz. Səhərə çox qalır. Yaxşısı budur, sərgərdan paltarı geyinib düşüm şəhərə. Yenə də kasıb məhəllələrinə. Ora mənə saraydan çox doğma gəlir.

 

***

 

Dar küçələr, döngələr. Heç adamın küçə deməyə də dili gəlmir. Burdan heç araba da keçə bilməz. Bir də araba niyə də keçməlidir ki? Kasıbın heç atı da yoxdur, qalsın arabası. Uzunqulağı olan kasıb varlı sayılır. Onu da əvvəl-axır ehtiyacdan satır.

– Taqq-taqq! – şah qapını döyür. Öz-özünə fikirləşir. İndi deyəcəklər ki, “kimdir?” Mən də deyəcəyəm ki, “Allah qonağı”. Onlar da cavab verəcəklər ki, “Allaha da qurban olum, qonağına da”. Bu kasıb ürəkləri nə qədər geniş olurmuş, İlahi. Keçmiş ikinci vəzirim Qüdrət belə deyə bilməzdimi? Lap heç deməsin. Mənim adımı niyə təhrif edirdi ki? Ondan şahı soruşan oldumu?

– Kimdi? – içəridən qadın səsi gəlir.

– Allah qonağı, – deyə şah cavab verir.

– Allaha da qurban olaq, qonağına da. Buyurun, – deyə qapını qara örpəkli, ortayaşlı bir gəlin açır. Yaşmaqsız-filansız.

– Bacı, üzr istəyirəm. Bilmədim ki, evin kişisi evdə yoxdur. Üzr istəyirəm...

– Gəl, gəl, niyə ki? Dörd oğlum var. Amma, hələlik evin kişisi də mənəm, qadını da. Çünki uşaqlar balacadırlar. Yəqin başa düşdün də... dulam.

– Yox, ay qadın, olmaz. Evin kişisi olmayan evə girmərəm. Müsəlmançılıqdır.

– Başa düşmədim, sən mənim dörd oğlumu kişi saymırsan? Qəribsən, qonaqsan. Allah yanında günaha bataram. Keç içəri. Deyəsən qayınanan səni çox istəyir. Süfrə üstünə gəlib çıxmısan.

– Qayınanam yoxdur...

– Yaxşı, yaxşı, söz güləşdirmə. Olsun “gələcək qayınanan”.

Göyverən Şah gecəqonduya girir. Yarıqaranlıq otağın ortasında salınan süfrədən dörd cüt göz ona sarı baxırdı. Dul arvadın təkidiylə şah süfrənin arxasına keçir.

– Qərib, yaxşı qarın qutabım var. Dünəndən qalıb. Bir də ki, quzu baş-ayağı. Bu gün bişirmişəm. Hansından yeyirsən?

Nə? Qarın qutabı? Xaş? Yayın bu cırhacırında? Şah belə fikirləşsə də biruzə vermədi.

– Hər ikisindən. Çoxdandır nə qutab yemişəm, nə də xaş.

– Yox, ay qərib, xaş mal dırnağından olar. Bu isə qoç baş-ayağıdır. Yanında da sirkə-sarımsağı.

– Bəh-bəh! – deyə şah ağzını marçıldatdı.

Dul arvad baş-ayağı qızdırıb, bir kasa çəkib şahın qabağına qoydu.

– Ay bacı, sizin məmləkətdə neçə qapı döymüşəm, neçə evdə qonaq olmuşam – hamısında da eyni cavabı verirlər: Əvvəlcə “kimdir?”, sonra isə “Allaha da qurban olum, qonağına da” cavabı. Çox qonaqpərvər xalqsınız. Son tikənizi də qonaqla bölürsünüz.

– Düz deyirsən, ay qərib. Qonaqsevərlik qanımızdadır. Rəhmətlik anam, nənəm qonağın payını ayrıca saxlayardı. Ki, birdən bivaxt gələr, biabır olluq. O ki, qaldı hamının eyni cavab verməsinə... bu nəsillikcədir. Nənəm öz babasından eşidib, anam öz babasından, mən də atamdan, babamdan. Nəsildən-nəslə ötürə-ötürə gedirik. O ki, qaldı qapı döyüləndə “kimdi” sualı verməyimizə? Bu bizə Həvva nənəmizdən qalıb. Yəqin bilirsiz lətifəni.

– Yox, bilmirəm.

– Bu dünyaya sürgün ediləndən sonra, Adəm atamız Həvva üçün gildən, samandan, qamışdan bir ev tikir, taxtadan qapı düzəldir ki, evdə olmayanda qurd-quş gəlib Həvvanı parçalamasın. Axşam ovdan qayıdanda qapını döyür. İçəridən Həvva soruşur ki, “kimdir?”. Adəm də hirslənib “bu dünyada ikimizdən başqa heç kim yoxdur. Nə “kimdi, kimdi” salmısan?” deyə cavab verir. İndi, ay qonaq, tutalım Həvva səhv edib. Bəs, Adəmdən də eyni şeyi soruşan lazımdır ki, bəs sən qapını niyə döyürsən? Bilirsənmi niyə? Çünki, nəzakət, ədəb qaydaları əcdadlarımızın qanında olub və bizə də gəlib çatıb.

– Özü də ki, fikir vermişəm, – deyə şah əlavə elədi, – qapını heç cəftələmirsiz.

– Ay rəhmətliyin oğlu, oğurlanası nəyimiz var ki... Öldürmək istəyən isə yüz qıfıl vur,  qapını kökündən çıxarıb girəcək, – şah yeməyin sonuncu qaşığını da vurdu. Qadın qaynar suyla islatdığı dəsmalı ona verdi. Göyverən yapışqanlı əllərini sildikdən sonra, – Qutab da verimmi? – deyə qadın təklif etdi, – Özü də abqorayla. Çox dadlıdır.

– Ver, bacı, aşpazlığına söz ola bilməz, – deyə şah dul qadını təriflədi.

– Ana, bizə də ver, doymamışıq, – deyə uşaqlar da dilləndi.

– Eh, sən mənim o biri yeməklərimdən dadmamısan. Allah kasıbçılığın üzünü qara eləsin. Nə edim, qardaş, gücüm buna çatır. Ərim xəstəlikdən öldü. Qaldım dörd uşaqla. Böyüyünün on dörd yaşı vardı, kiçiyinin yeddi. Qayınata, qayınana, qayınlar da yiyə durmadı.

– Niyə ki? Müsəlmançılıqda dul gəlini evdən buraxmırlar. Lap qardaşla evləndirəni də tapılır.

– Mən qərib ölkədənəm. Xaçpərəstəm. Nə qədər elədilərsə İslamı qəbul etmədim. Ona görə. Xülasə, qovdular məni evdən. Din qardaşlarım kömək durdu. Gecəqondunu tapıb, şey-şüyümü daşıdılar bura. Ümidimi də bağladım Mirağa Pirinə. Dirilərdən mənə kömək olmadı, müqəddəs ruhlar yaşatdı məni. Həm mənən, həm maddi. Yəqin, sənə də qəribə gəldi bu cırhacırda  qarın qutabı ilə kəllə-paça bişirməyim.

– Düzünü desəm, hə.

– Ay qərib, birdən elə başa düşərsən ki, gedib pirdə dilənçilik edirəm ha... əsla. Sadəcə əlim hər yerdən üzülmüşdü. Qonşu arvad dedi ki, Mirağa seyid övladı olub, onu ziyarət et, ruhundan kömək istə. Dedim axı onu tanımıram. Özü də ki, xaçpərəstəm. Məni ora buraxmazlar. Dedi ki, Ağanın sağlığında yanına bütün millətlərin, dinlərin nümayəndələri gəlirdi, hamısı da dərdinə əlac tapırdı. Qonşumuz bir gün gedəndə məni də özüylə apardı. Orda gördüm ki, qurban kəsənlər də var. Baş-ayağın, qarnın da atırlar. Həmin gün qonşu arvaddan utandım. Ertəsi gün gedib gördüm ki, qurban kəsdirən yoxdur. O biri gün də getdim. Bəxtimə qurban kəsən vardı. Qurban kəsəndən icazə alıb baş-ayağını götürdüm. Qarnını elə orda təmizləyib, ovdan suyunda yudum.

– Ay bacı, bəs qurban kəsən sənə ət payı vermədi? Eşitdiyimə görə qurban elə sənin kimi kasıblar üçündür axı?

– Nə? – deyə qadın gülməyə başladı, – Nə pay, nə ət? Heç iç-ciyərini də vermirlər. Aparıb bişirib imkanlı qohum-qonşularını qonaq çağırırlar ki, bəs filan pirdə qurban kəsdirmişik. Bunu fəxr bilirlər. Ya da ki, pay-pay bölüb özükimilərinə paylayırlar. Onlar da bir ağızdan “Allah qəbul eləsin” deyirlər. Görəsən göydəki Allah belə toxların dualarını qəbul edirmi? Hə, ay qonaq, nə başını ağrıdım. O gündən başladım həmin pirə pənah aparmağa.

– Bəs nə əcəb məscidə müraciət etmədin. Onlar ki, yığılan fitrə-zəkatdan kasıb-kusuba əl tutmalıdırlar.

– Ay qərib, dedim axı, mən qərib ölkədənəm. Müsəlman deyiləm. Ərim müsəlman olduğu üçün, uşaqları mollaxanaya götürdülər, yenə sağ olsunlar. Amma məni məscidin kandarına da buraxmırlar. Mən xaçpərəstəm, – deyib boynundan asdığı xaçı şaha göstərir, – Qonaq, daha gecdir.  Yatmaq vaxtıdır.

– Süfrəniz açıq olsun. Amma burda gecələməyəcəyəm. Məscidə gedərəm.

– Necə istərsən, qonaq. Otağımız balaca olsa da ürəyimiz genişdir.

– Allah köməyin olsun, bacı.

 

***

 

Saray. Əyanlar şahın otağında düzülüblər.

– Əyanlar! Bu gün cümə namazıdır. Hamılıqla namaza gedəcəyik.

Əyanlar mat-mat bir-birinin sifətinə baxdılar. Ki, nə əcəb şahın yadına düşüblər.

– Sizi müşayiət eləmək bizimçün böyük şərəfdir, şahım, –  deyə baş vəzir hamının əvəzinə dilləndi.

 

***

 

Şah və əyanlar mühafizlərin müşayiətiylə məscidə yaxınlaşdılar. Şeyx Mərdan və baş axund Bərxudar şahı qapıda gözləyirdilər. Onlar şahın arxasıyca gələn, bir əlində təbərzin, o biri əlində isə kötük tutmuş, üzü qırmızı örtüklü cəlladı görəndə üşəndilər.

– Şahım, xoş gəlmisiniz. Amma cəlladı silahla Allah evinə buraxa bilmərik.

– Bu, silah deyil, onun alətidir.

– Olmaz, şahım. Qanunlar belə tələb edir.

– Ay şeyx Mərdan, kəndçi orağıyla gəlsəydi buraxmayacaqdınız? Xarrat çəkiclə gəlsəydi geri qaytaracaqdınız? Dərzi iynə-sapla gəlsəydi qovacaqdınız..? Bu da cəlladın alətidir də... Özü də ki, sarayın ən hörmətli adamıdır. Məndən çox ondan qorxurlar. Çünki mən hardasa rəhmliyəm, amma bunun doğma qardaşı da olsa, güzəştə getmir. Özü də ki, seyid övladıdır. Adı da cəllad deyil, Mirqəzəbdir.

– Şahım, onda həyətdə qılsın namazını, məscidin içinə girməsin.

– O, namaz qılmağa gəlməyib, məni müşayiət edir, – deyə şah səsini qaldırdı və əliylə şeyxi, baş axundu ehmalca kənara itələyib, – Cəllad, əyanlar, arxamca gəlin, – deyib məscidin içinə girdi. Şah, saray əyanları, şeyx və digər din xadimləri birinci sırada düzülüb namaza başladılar. Cəllad isə nümayişkaranə onlardan da yuxarı başa keçib, kötüyü minbərin yanında yerə qoydu, təbərzini üstünə çaxdı. Əllərini sinəsində çarpazlayıb sakitcə dayandı. Namaz başlandı və bitdi. Vaiz minbərə çıxıb moizəsinə başladı:

– Ay cəmaət, Haqq dünyasında bir Siratül-müstəqim – Sirat körpüsü var. El arasında biz adına “Qıl körpüsü” deyirik. Tükdən nazik, qılınc tiyəsindən itidir. Siratdan keçmək həm möminlərin, həm də kafirlərin vəziyyətində dəyişiklik yaradacaq. Yəni, kafirlərin əzabının üzərinə əzab gələcək. Onlar əvvəlcə Sirat körpüsünün üzərində əziyyət çəkəcək, sonra oradan cəhənnəmə yuvarlanacaqlar. Cənnət əhli isə Siratdan keçərkən cəhənnəmdəkilərin ah-naləsini eşidəcək və bütün bunlardan xilas olduqlarına görə şükr edib sevinəcəklər. Bu, möminlərin sevinc və həzzini daha da artıracaq. Bəzi möminlər isə əməllərinə uyğun olaraq Sirat körpüsünü çətinliklə keçəcəklər ki, bu da onların həmin günahlardan təmizlənmələrinə və cənnətə pak halda girmələrinə səbəb olacaq. Əgər siz də Sirat körpüsündən rahat keçib cənnətə düşmək istəyirsinizsə, sakit olmalısınız, dinimizin bütün tələblərinə əməl etməlisiniz, nəzir-niyazı vaxtında ödəməlisiniz, şeyximizə, axunda və digər din xadimlərinə hörmətlə yanaşmalısınız. Onlara təzim etməlisiniz. Bildiniz?

Vaizin son müraciətindən sonra dindarların “şeyximizə, axundumuza uzun ömür” sədaları məscidi bürüdü. Birdən Göyverən Şah ayağa qalxdı. Üzünü vaizə tutub, – Düş minbərdən, gəl bura, – deyə hökm etdi. Səs məscidin qübbəsində əks-səda verdi. Dindarlar arasında təlaş hiss olunmağa başladı. Baş mühafiz Aslan silahlılara başıyla “hazır olun” işarəsi verdi. Əyanlar, şeyx və axund da durmaq istəyəndə şah, – Oturun yerinizə, mənim vaizlə işim var, – deyə onlara çımxırdı. Vaiz dizləri titrəyə-titrəyə şaha yaxınlaşdı.

– Şahım, nə buyurursunuz?

– Sən bir ali ruhani savadı görmüş adam kimi məni və avamları başa sal ki, qıl nədir?

– Qıl tükdür, şahım, tük.

– Mən də bilirəm tükdür, – deyə şah sağ əliylə vaizin saqqalından yapışdı. Vaiz ağrıdan qışqırır, imdad dolu baxışlarla şeyxə baxırdı. Amma heç kim onu şahın əlindən almağa cəsarət etmirdi. Cəllad isə təbərzini kötüyün üstündən götürüb sinəsinə sıxıb hazır vəziyyətdə saxlayaraq,  mənzərəni soyuqqanlılıqla seyr edirdi. Şah balaca bir tük qoparıb, vaizin saqqalını buraxdı. Tükü başı üstünə qaldırıb camaata göstərərək, – Ay camaat, bax vaizin dediyi qıl budu. Görürsünüzmü?

– Xeyr, şahım, görmürük. Uzaqdır axı? – deyə dindarlar yerbəyerdən dilləndilər. 

Şah tükü yerə atdı.  Üzünü vaizə tutub:

– Vaiz, tük hanı? Bir göstər.

– Görmürəm, şahım.

– Ay dələduz, indi hələ sağsan görmürsən. Bəs öləndən sonra mürdəşir gözünü bağlayacaq e... onda Qıl körpüsündən necə keçəcəksən? Bir halda ki, ayağının altındakı tükü görmürsən. Cəllad! – deyə şah üzünü cəllada çevirdi.

– Şahım, rəhm elə, – deyə vaiz şahın ayaqlarına düşdü, – müqəddəs kitabda belə yazılıb. Mən də təkrar edirəm. Orda ruhumuz bizə yol göstərəcək, gözümüz bağlı olsa da, olmasa da...

– Cəllad! – deyə şah dübarə qışqırdı.

– Bəli, şahım, – cəllad onlara yaxınlaşdı, – əmrinizə tabeyəm, – deyib vaizi həmən boğazladı. Dindarlar ayağa qalxmağa başladılar.

– Şahım, qan tökməyin. Bura Allah evidir, – nəhayət şeyx də dilləndi.

– Göyverən Qurban, mən bilirdim ki, nəsə olacaq. Şah bizi namaza yox, demə qırdırmağa gətiribmiş. Tapdalayıb öldürəcəklər hamımızı, – deyə vəkil Fərman təşvişlə üzünü baş vəzirə tutdu. Soyuqqanlı Birrəngin çəpəki baxışlarından sonra isə özünü yığışdırdı.

– Ay camaat, sakit olun. Səhərdən sizi aldadırlar, heç cınqırınız da çıxmır. Müqəddəs kitabda yazılanları düz deyir. İzahını da düz verdi. Bu öz yerində. Bəs sonu? Ay vaiz, kitabda yazılıbmı ki, Qıl körpüsünü keçmək üçün “nəzir-niyazı vaxtında ödəməlisiniz, hörmətli şeyximizə, axunda və digər din xadimlərinə hörmətlə yanaşmalısınız. Onlara təzim etməlisiniz”?

– Xeyr, şahım, – deyə vaizin səsi güclə eşidildi.

– Bərkdən de. Hamı eşitsin səni, – deyə şah qışqırdı.

– Xeyr, şahım. Onları özümdən artırdım.

– Deməli, sən Allah kəlamından öz ağalarının hörmətini artırmaq, nəzir-niyaz qutunuzu doldurmaq üçün istifadə edirsən, hə? Bundan sonra belə olmayacaq. Mən qoymaram ki, siz mənim rəiyyətimi aldadasınız. Bildiz? Sizə yerinizi göstərməsəm, bundan sonra min il də bu xalqı aldadacaqsınız. Ay camaat, sizcə bu vaizin ən yoğun yeri haradır? Başımı?

– Bəli, şahım, – yerbəyerdən səslər gəldi.

– Cəllad, bunun başını qoy kötüyə!

Şahın əmrindən sonra şeyx, axund da ayağa qalxdılar. Dindarlar da onlara baxıb qeyri-ixtiyari ayağa durdular. Həyətdə namaz qılanlar da içəri girməyə başlamışdılar. Təşvişi görüb baş mühafiz Aslan da öz dəstəsiylə camaatı yara-yara birtəhər içəri girdi. Amma şah əliylə işarə edib onların bayıra çıxmasını əmr etdi. Cəllad isə vaizi sürütdüyüb minbərin düz yanına apardı. Başını kötüyün üstünə qoydu. Təbərzini yuxarı qaldırıb, şaha baxdı. Şah isə heç bir işarə vermədi. Sakitcə yaxınlaşıb cəlladın qulağına nəsə pıçıldadı. Cəllad baltanı aşağı saldı.  Baltanın sapını eninə kötüyün baş tərəfinə qoydu.

– Cəllad, işini bitirdin? – deyə şah soruşdu.

Məscidə ölü bir sükut çökmüşdü. Cəllad vaizin başının altındakı kötüyü götürüb, qoltuğuna vurdu, təbərzini çiyninə qoydu. Vaiz üzüqoylu döşəməyə sərələndi.  Hamı çaşqınlıq içində bir-birinə baxırdı.

– Bəli, şahım. Əmr etdiyiniz kimi, – deyə cəllad cavab verdi.

– Yaxşı, – deyib şah minbərə qalxdı, – Ay dindarlar! Bu vaizlər, bu xətiblər, bu mollalar bütün günü mənim əleyhimə danışırlar. Deyirlər ki, mən İslam dininin qanunlarına riayət etmirəm. Atam Həqqi Şaha yas saxlayıb qırx gün saqqal buraxmamışam, ağlayıb ah-fəğan etməmişəm. Mən yazıq anadan olandan üzümü qırxmışam ki, hələ bir atam öləndən sonra saqqal da buraxım? Kosayam. Tüküm təkəm-seyrək çıxır, – dindarlar şahın sözündən gülüşməyə başladılar, –  Üç, yeddi, qırx mərasimləri təşkil edib, ehsan verməmişəm. Yaxşı, mən eləməmişəm, bəs şeyxin, axundların, mollaların, əyanların da əl-ayağını  bağlamışdım? Bəs din? Bəs şəriət qanunları? Həqqi Şah onların, sizlərin şahı olmayıbmı? Verəydilər də ehsan... Onu da mən deməliydim? Amma ki, moizə oxumaqda, xalqı aldatmaqda bir dənədirlər. Sizə vacib sözüm var: mollaların sizə dediyi və mənə irad tutduğu məqamları düzgün sayıram. Mən atam Həqqi Şahın ruhuna  ehsan kimi məscid tikdirmək barədə əmr vermişdim. Amma bunu sizə bəyan etməmişdim. Günahım budur.

– Allah atanıza rəhmət eləsin, – deyə namaza yığışanlar hamılıqla dilləndi.

– Amma Həqqi məscidi digərlərinə bənzəməyəcək. Bu məscid şeyxə, baş axunda yox, saraya tabe olacaq. Məscidin ətrafında ehsan evləri tikiləcək. Ölüsü düşənlər əzizlərinin üç, yeddi, qırx, il mərasimlərində burda ehsan süfrələri açmalıdırlar. Özü də ki, yalnız kasıblar üçün. Qurbangahlar açılacaq. Kimin qurban niyyəti var, qurbanlıqlarını orda kəsməli və yalnız kasıb-kusuba paylamalıdırlar. Hüms-zəkat da Həqqi məscidinə ödənməlidir. Bu ehsan otaqlarına dinindən, milliyyətindən asılı olmayaraq bütün kasıblar buraxılmalıdır. Molla ehsanı verilən mərhumların ruhuna dualar oxumalı, hamı bir ağızdan “Allah Həqqi Şaha rəhmət eləsin”, “Allah qəbul eləsin” deməlidir. Ehsana gələ bilməyən şikəst və yataq xəstələri üçün yemək evlərinə çatdırılmalıdır. Mənim şah olduğum məmləkətdə bir nəfər də ac adam olmamalıdır. Heç olmasa gündə bir dəfə də olsa, isti yemək yeməlidir. Mənim şah olduğum məmləkətdə bir kasıb da qalmamalıdır.  Varlıların nəzərinə: kasıblar üçün nəzərdə tutulan xüms-zəkatı ödəməyənlərin, ya gizlədənlərin sağ qulağı yerindəcə kəsiləcək. Qoy hamı uzaqdan tanısın və lənətləsin kasıbların qismətini yeyənləri. Bu işləri ikinci vəzirim Göyverən Birrəngə tapşırıram. O, həm müflisləşmiş tacir olub, həm də Qulaqkəsənlər məhəlləsinin sakini. İndi ikinci vəzirdir, səlahiyyət sahibidir. Hər iki zümrəni yaxşı tanıyır. Aclıq, səfalət nə olduğunu da yaxşı bilir.

– Əmr edərsiniz, şahım, – deyə Birrəng ayağa durub təzim elədi.

– Növbəti cümə namazında görüşənədək, – deyib şah minbərdən düşdü. Camaatın “Allah atana rəhmət eləsin”, “Allah ömrünü uzun eləsin” sədaları altında məsciddən çıxıb, atına mindi. Başının dəstəsiylə saraya tərəf yol aldı.

 

***

 

Cümə namazından sonra hamı baş vəzir Qurbanın malikanəsinə yığışıb. Bircə Birrəng yoxdur. Başlarının üstündə də şahın təyin etdiyi mühafizlər.

– Göyverən əyanlar, cüməmiz mübarək. Bu gün qıldığımız namazları Allah qəbul eləsin.

– Allah qəbul eləsin, – deyə hamı bir ağızdan dilləndi.

– Göyverənlər, şahımızın məscid tikdirmək qərarını hamımız alqışlayırıq, – deyə baş vəzir sözünə davam elədi.

– Bəli, bəli, – deyə əyanlar razılıqla başlarını yellədilər.

– Biz də bu işə öz töhfəmizi verməliyik. Əyalətlərdə – valiliklərin tabeliyində də bu cür Həqqi məscidləri tikilməli və xalqın ixtiyarına verilməlidir.

– Düz buyurursunuz, Göyverən Qurban, – deyə əyanlar hamılıqla dilləndi, – vallah, elə bil ki, ürəyimizi oxuyursunuz.

– Hamınız şahidi oldunuz ki, din xadimləri şahımıza qarşı əks mövqe tutub. Biz də öz növbəmizdə onların əyalətdəki mövqelərini zəiflətməliyik. Ona görə də hərə öz təsir dairəsində olan valiliklərdə iş görməlidir, – deyə baş vəzir sözünü davam etdirdi.

– Bəli, Göyverən Qurban, tam düz buyurursunuz, – deyə vəkil Fərman yerindən dilləndi, – Onlar bizim şahlığı daxildən zəiflətmək istəyirlər. Müzürr ünsürdürlər. Bəlkə də bizi istəməyən şahlıqlardır onları buna vadar edən.

O biri əyanlar da “Bəli, düzdür” – deyə dəstək verdilər.

– Bir gözəl xəbər də var, – baş vəzir sözünə davam elədi, – Saray əyanı Dürəngin oğlu olub. Təbrik edirik, Dürəng. Gözün aydın. Böyük oğul olsun. Xeyrin görəsən. Adını qoymusanmı?

– Baş vəzir həzrətləri, sağ olun təbriklərə görə. Hələ adını qoymamışıq. İstəyirdim ki, atamın adını qoyum:  Hüseyn...

Bunu eşidən vəkil Fərman yerindən hoppandı:

– Nə? Hüseyn? Sən belə qələt eləyirsən bütün nəslinlə ki, atanın adını qoyursan uşağa. Ay uşaq, sən qudurmusan? Səni iti qovan kimi qovmaq lazımdır saraydan. Sənin qanında millilikdən bir qətrə də əsər-əlamət yoxdur. On əsr geriyə gedib, köhnə ərəb adlarını sürütdüyüb gətirib qoyursan gül kimi uşağa – məmləkətimizin gələcəyinə. Amma gözünün qabağında olan bu cür müasir adı görmürsən. Sənə bir dənə sillə çəkərəm – onda o saat gözlərin də görər,  şüurun da oyanmağa başlayar. Küçüyün biri küçük. Baş vəzir, saraya şüuru olmayan uşaq-muşağı yığmağının axırı budur e... Atası heyf ki, qocalıb çıxıb getdi. Yerinə isə gör kimi buraxdı. Düz deyirlər e, oddan kül...

– Yaxşı, Göyverən Fərman. Cavandır. Yavaş-yavaş uyuşacaq, – deyə baş vəzir vəkilin sözünü yarımçıq kəsdi. Sonra üzünü Dürəngə tutub, gözlərini ağardıb, – Göyverən Dürəng, nə deyirsən? Nəsə sözün yarımçıq qaldı bayaq.

– Düz buyurursunuz, baş vəzir həzrətləri. Mən bayaq dedim ki, hələ adını qoymamışıq. Atamın adını qoymağı isə çoxdan əhd eləmişdik. Davamını gətirmək istəyirdim ki, möhtərəm vəkilimiz imkan vermədi. Əcəb də elədi. Böyüyümüzdür, ağsaqqalımızdır. Təpikləsə də haqqı var. Üzüm ayağının altında. Mən ailəmizin ilki olan oğluma şahımızın şərəfinə Göyverən adını vermək istəyirəm. Amma...

– Nə? Amma? Vallah sənin başın işləmir. Nə “amma”? – Fərman yenə də özündən çıxıb gözüylə mühafizləri işarə verdi.

– Amması budur ki, gərək şahımızdan icazəni siz ağsaqqallarım  alasınız. Onun izni, xeyir-duası olmasa bunu etməyə cürətim çatmaz.

– Bəh-bəh-bəh! Qanacağına əhsən! Abır-həyana söz ola bilməz! Atan Hüseynin çörəyi halal olsun sənə! – deyə yaşlı əyanlar yerbəyerdən səsləndilər.

– Günü sabah şahımıza müraciət edərik, – deyə hamının əvəzindən Qurban dilləndi, – Yeni Göyverənlər sülaləmizin yeni adı mübarək olsun. İlk addım, ay Göyverən Dürəng, səndən gəldi. Çərkəzin balası demişkən, axırıncı yox, axarıncı olsun. Bu adla çox irəli gedəcək Göyverən balamız. Adına layiq olsun. “Göyverən sülaləsinin yeni üzvü Göyverən Dürəng oğlu Göyverən”. Bəh-bəh! Mübarəkdir!

Bu zaman ortaya yemək gəlir.  Buludlarda plov, yanında səbzi qovurması, kütüm balığının ləvəngisi, ayrıca kiçik qablarda kişmiş, ərik qovurması, masquralarda camış qatığı, təndir çörəyi, qaymaq, motal. Necə deyərlər, bülbül dilindən lülə-kababacan hər şey. Əyanlar şam yeməyinə başlayırlar.

 

***

 

Gecə düşüb. Göyverən Şah yenə də yuxuya gedə bilmir.

– Aslan!

– Bəli, şahım.

– Çıxaq bir şəhəri seyrə.

– Hansı tərəfə, şahım? Yenə Qulaqkəsənlər məhəlləsinə? Ora gediriksə, əlavə mühafiz götürüm.

– Yox, Aslan, bu dəfə varlılar tərəfə gedəcəyik. Heybənə də pendirdən-lavaşdan qoy, acından ölməyək, – deyə şah gülür, – Bunlar adama çörək verən deyillər.

Şəhərin işıqlı yeri. Varlılar məhləsi. Hər evdən gülüş səsi gəlir, çal-çağırdır. Şahla Aslan yanaşı addımlayırlar. Gəlib bir evin yanında dayanırlar. Evdən vay-şivən, ağlaşma səsi gəlir.

– Əfdal, bu qapını döymüşük. Yadınızdadırsa Qüdrətin atasından miras qalan malikanəsidir.

– Bilirəm, Aslan. Bir də döyək qapını. Görək bu dəfə nə deyəcəklər.

– Taq-taq... – Aslan qapını taqqıldadır.

– Kimdir? – qapının o tərəfindən kişi səsi gəlir.

– Allah qonağı, – deyə Aslan şahın işarəsiylə cavab verir.

– Başqa qapı döyün. Heç nəyimiz yoxdur. Yağmalanmışıq. Şah hər şeyimizi əlimizdən alıb. Allah, necə götürdün axı bu zülmü? – qapı çırpılır. Bu zaman arvad-uşağın vay-şivəni daha da zilə qalxır.

– Əfdal, bu dəfə başa düşmək olar. Hər şeylərini əllərindən alıb xəzinəyə yatırdım.

– Aslan, saraya qayıdırıq! – şah başqa söz demədi. Fikirli-fikirli addımlamağa başladı.

 

***

 

Saray. Səhərdir. Şah qəzəblidir. Baş mühafiz Aslan şahın qarşısında dayanıb.

– Aslan, adamlarını da götürüb gedirsən keçmiş ikinci vəzirim Qüdrətgilə! Axtarış aparırsan! Get! – deyə Göyverən Şah əsəbi şəkildə Aslana əmr etdi.

– Başüstə, şahım. Amma...

– Nə amma? Yaxşı axtarmamısan! Sənə əmr edirəm: get bir də axtar!

– Başüstə, şahım. Amma...

– Yenə, amma? Məni cin atına mindirmə, Aslan. Baxmaram ki, ən yaxın adamımsan.

– Şahım, bir vacib xəbər var. Onu çatdırmaq istəyirdim.

– De!

– Dünən saray əyanları baş vəzirin evində yığışıblarmış. Sizin Həqqi məscidi tikdirməyinizi alqışlayaraq, təşəbbüsünüzün əyalətlərdə tətbiq olunmasını vacib biliblər.

– Yaxşı, lap yaxşı. Başqa?

– Sonra isə dindarların sizin haqqınızda şayiələr, hədyanlar yaymalarından qəzəbləndiklərini ifadə ediblər. Vəkil Göyverən Fərman dindarları “müzürr ünsür” adlandırıb.

– Əla, bu lap əla. Sonra?

– Sonra da saray əyanı Dürəngə gözaydınlığı veriblər.

– Niyə?

– Oğlu olub. Oğlunun da adını sizin şərəfinizə Göyverən qoymaq istəyir.

– Bu da əla. Başqa sözün yoxdursa, get!

– Xeyr, şahım. İcazənizlə.

Aslan təzim edib otaqdan çıxır. Son xəbərlərdən sonra Göyverən Şahın hirsi yatır. Çöhrəsinə gülüş qonur.

– Mühafiz!

– Bəli, şahım.

– Əyanlar gəlib?

– Bəli, şahım, izninizi gözləyirlər.

– Gəlsinlər.

Əyanlar içəri girirlər. 

– Göyverən Birrəng, işlər necə gedir?

– Hər şey qaydasındadır, şahım. İşlərə başlanılıb. Allah qoysa, Həqqi məscidini vaxtında tikib başa çatdıracağıq.

– Əyanlar, Həqqi məscidi nəinki məmləkətin, bütün bölgənin ən böyük məscidi olmalıdır. Bildinizmi? Ən yaxşı memarları, ən yaxşı ustaları cəlb eləyin. Məncə Əraf məhəlləsi ən gözəl yerdir.

– Bəli, şahım. Paytaxtın mərkəzidir. Həm də hündür yerdir. Hər yerdən görsənir. Karvan yollarıyla gələnlər birinci, məscidi görəcəklər.

– Görsünlər, görsünlər. Qoy qonaqlar görsünlər ki, bu məmləkətin şahı İslam dininə necə hörmətlə yanaşır.

Bu vaxt vəkil Fərman ağzını baş vəzir Qurbanın qulağına yaxınlaşdırıb:

– Qurban, heyf ki, qonaqlar hər cümə namazında şalvarlarının qabağını da, dalını da saraldan din xadimlərinə şahın hörmətini görməyəcəklər. Hi-hi-hi...

– Kiri! Eşidər. O biri qulağın da başına ağırlıq edir deyəsən.

– Qurban, düzünü desəm, mən gözləyirdim ki, bu bizi həqiqi göyvərənə çevirə, qulaq kəsməyinə min şükür. Xudaya, bizi o biabırçılıqla sınağa çəkmə.

– Yaxşı, Birrəng, sən get, – deyib şah üzünü baş vəzir Qurbana çevirdi, – Göyverən Qurban, nəsə sözün var deyəsən.

– Ömrün uzun olsun, şahım. İki şad xəbərimiz var. Birincisi odur ki, sizin məscid tikdirmək haqqında qərarınızı əyalətlərdə bəyəniblər. İstəyirlər ki, valiliklərin hər birində Həqqi məscidləri tiksinlər. Əlbəttə ki, sizin razılığınız, xeyir-duanız olarsa.

    – Tiksinlər. Razıyam. Əyalətlər də bu qərarımdan bəhrələnməlidirlər. Oranın kasıb-kusubu durub paytaxta gəlməyəcək ki... İkinci şad xəbəri de.

– İkinci şad xəbərimiz budur ki,  sarayınızın əyanı Dürəngin oğlu olub. Adını sizin şərəfinizə Göyverən qoymaq istəyir. Əlbəttə ki, xeyir-duanızla.

– Lap əla. Göyverənlər sülaləsinin layiqli övladı olsun. Baş xəzinədar Göyverən Hətəm!

– Bəli, şahım.

– Göyverən Dürəng oğlu Göyverən həddi-buluğa çatanacan hər il xəzinədən adına on qızıl ayrılsın. Təhsil xərcləri də mənim boynuma. İkinci Göyverənin qədəmləri sayalı olsun.

– Amin Allah. Şahımıza da uzun ömür, – deyə bütün əyanlar yerbəyerdən dilləndilər.

– Başqa sözünüz yoxdursa, gedin!

Əyanlar gedirlər. Şah otaqda tək qalır. Fikrə gedir: axı nə etməyə çalışır? Rəiyyəti xoşbəxt etməkmi istəyir, yoxsa varlını rəiyyət səviyyəsinə salmaq? Bu yolla yaranan bərabərlik ona başucalığı gətirərmi? Əyanlarını, din xadimlərini hörmətdən salmaqla nəyə nail olur axı? Axı, bərabərlik deyəndə nəyi nəzərdə tutur? Ortaq məxrəc hansıdır ki, hamını o məxrəcə yatırsın? Bir qarın çörəyi havayı verməklə rəiyyət varlı olacaq? Yaxud da varlıları yağmalamaqla rəiyyəti xoşbəxt etmək mümkündürmü? Axı rəiyyət çoxdur, varlı, əyan isə az. Bəlkə baş vəzir düz deyirmiş: balığı qarışqaya yedizdirmək olmaz. Sonu pis olar. Yox. Bu yolu başlamışam, sonacan da getməliyəm. Atam Həqqi Şah demişkən – bərabərlik yaratmalıyam, bərabərlik. Şah kimi ilk atacağım addımları da Həqqi Şah deyib. Bir şey bilir ki, deyib də... Yəqin, bunun sonu da bərabərliyə aparıb çıxaracaq. Bəs lap son vəsiyyəti nə məna verirdi ki? Qəbrə düşüb, çiynini tərpədəndə niyə axı meyitini üzü üstə çevirdim? Yaxşı ki, axund görmədi. Kənarda dayanmışdı. Sonra da cənazənin üstünə yaşıl ipək qumaş sərdim ki, bəs şahın vəsiyyəti belə olub. Din xadimləri bunu bilsəydilər çoxdan qoparağımı götürmüşdülər. Nə isə... Hələ Barəngahı da tapmamışam. Yəqin ki, onda sirlər yatır – atamın açıb deyə bilmədiyi sirlər.

Bu zaman qapı döyülür.

– Gəl!

Baş mühafiz Aslan içəri daxil olur.

– Şahım, əmrinizə əsasən Göyverən Qüdrətin malikanəsini bir də axtardım.

– Bir şey tapdın? – deyə şah qəzəblə soruşdu.

– Bəli, şahım. Elə əvvəlki qədər... Min qızıl.

– Gördünmü, Aslan. Sən isə deyirdin ki, yaxşı axtarmışam.

– Günahkaram, şahım. Elə yerdə gizlətmişdilər ki, heç ağlıma da gəlməzdi.

– Bəs siz hardan bildiz, şahım?

– Atam başa salıb, Aslan. Həm də nə qədər yadımdan çıxmayıb deyim. Həqqi Şahın il mərasiminə qədər qəbrin üstündə bir türbə tikdir. Hətəmə denən ki, nə qədər pul lazımdırsa xəzinədən buraxsın.

– Başüstə, şahım. Qibleyi-aləm, əyalətlərdən hakimlər gəlib.

– Gəlsinlər.

Baş vəzir və hakimlər içəri girib şaha təzim edirlər.

– Nə olub, nə məsələdir?

– Şahım, – deyə baş hakim irəli çıxıb, – yeni fərmanınıza əsasən artıq nə vaxtdır ki, edam qərarlarını icra edə bilməmişik. Əmrinizi gözləyirik.

– Mənim əmrim olmadan siz nə karəsiniz ki, mənim rəiyyətimi edam edəsiniz?

– Əmr edərsiniz, şahım. Hökm sizindir. Bütün məmləkətdən yüz əlli üç məhkumdur.

– Hökmləriniz düzgündür? Əminsinizmi ki, bu adamlar həqiqətən də edama layiqdirlər?

– Bəli, şahım. Hamısı qatildirlər.

– Edam hökmü icra edilsin. Özü də Həqq dövlətinin mərkəzi meydanında. Günü sabah. Camaatın gözü qabağında. Qoy hamıya görk olsun. Hər bir məhkum edam ediləndə hökmü oxuyub, etdiyi cinayəti aydın dildə deyin. Qoy hamı bilsin ki, hər hansı cinayət cəzasız qalmayacaq. Baş vəzir Göyverən Qurban, əmrimin icrasına məsul sənsən. Hər şey hazır olanda mənə də xəbər et. Özüm iştirak edəcəyəm.

– Əmr edərsiniz, şahım.

– Gedə bilərsiniz.

Baş vəzir və hakimlər gedirlər. Şah fikirlidir: yüz əlli üç nəfərin qətlinə fərman verdim. Buna haqqım çatırmı? Onları mən yaratmışam ki, mən də ölümünə fərman verim? Bəlkə bağışlayım? Yox! Olmaz! Bəlkə zindana saldırım? Yox! Oğurluq, dələduzluq edənə də zindan, qatilə də? Bəs ədalət? Cinayəti eyniləşdirmək ədalətdirmi? Bəlkə əfv edim? Qoy Həqq dövlətində etdiklərinin cəzasını nə vaxtsa inandıqları o biri dünyada alsınlar. Bu, nə qədər doğru olar ki? Yox, mən belə xırda şeyləri də fikirləşsəm, onda gərək şahlıqdan imtina edim. Çünki şah məmləkəti qanun və qılıncla idarə edir, hisslərlə yox. İdarəetmə belə olmasa şah şah deyil.

 

***

 

Axşam düşür. Şah otağında təkdir. Sarayın eyvanından paytaxtı seyr edir.  Sərgərdan olub, şəhərə çıxmaq istəyir. Bir anlıq fikrə gedir: başqa adla gəzməkdən bezmişəm. Axı nə vaxtacan “Allah qonağıyam”, “dərvişəm” deyəcəyəm. Yəni mənim “mən şahınızam” deyib öz rəiyyətimin bir gecəlik qonağı olmağa ixtiyarım yoxdurmu? Var. Onlarla çörək kəsməyə, söhbətləşməyə ixtiyarım yoxdurmu? Var. Əlbəttə ki, var. Şahın hər şeyə ixtiyarı var. Bəs bundan niyə istifadə etmirəm? Et də... Bunu axı kim mənə qadağan edib? Elə isə bu gecə elə öz əbamda çıxacağam şəhərə.

Şah şəhərin məhəllələrini dolaşır. Sadə görünüşlü bir evin qapısını döyür. Qapı arxasından səs gəlir:

– Kimdir?

– Şahdır, – deyə Göyverən Şah amiranə səslə cavab verir.

– Kim? – yenə də soruşurlar.

– Şah.

Elə bu an qapının arxasından ağlaşma qopur. Bir kişi qapını açır.

– Buyurun, gəlin içəri. Ay uşaq, dayı zarafat edir. Siz də qorxdunuz? Qorxmayın. Heç görün şaha oxşayır? Cavan oğlandır.

Şah içəri girir. Süfrə arxasından yeddi-on yaşları arasında dörd oğlan uşağı ona baxaraq ağlayırdı.

– Ay qonaq, bax, mənə inanmırlar. Sən də de ki, şah deyiləm, inansınlar. Yaman qorxublar.

– Mən şaham! – deyə Göyverən Şah bir də amiranə şəkildə təkrar etdi. Uşaqlar bir az da bərkdən ağlamağa başladılar. Bunu görən Göyverən naəlac qalıb şah olmasını inkar etdi, – Bunlar niyə “şah” sözünü eşitcək ağladılar, hə? – deyə maraqlandı.

– Heç, ay qonaq, fikir vermə. Uşaqdılar da... Qorxdular yəqin.

– Bəs sən niyə qorxmadın?

– Kimdən? Səndən?

– Məndən yox, şahdan. Şah rəiyyətinin qonağı ola bilməz ki?

– Ay rəhmətliyin nəvəsi, – deyə ev yiyəsi uğunub özündən gedir, – şahın bizdə nə işi var? O nağıllardadır ki, şah axşam vaxtı öz vəziriylə dərviş paltarı geyinib şəhərə çıxıbmış. Bu nağılları quraşdıranlar istəyiblər ki, öz şahlarının ədalətli surətini yaratmaqla həm də çatışmayan şeyləri izhar etsinlər. Bunlar hamısı nağıldır, rəvayətdir. Ay qonaq, inanma belə şeylərə. Şah heç vaxt ədalətli ola bilməz. Bir də... əgər şahsansa tacın hanı, mühafizlərin hanı? O ki, qaldı əbana. Bundan on qat qəşəngini varlı tacir, əyan da geyinir. Yaman zarafatcılsan ha, qonaq. Bu dəqiqə süfrə açarlar səninçün. Yəqin acsan. Hardan gəlib, hara gedirsən?

– Bəs hardan bildin ki, qəribəm?

– Ay qonaq, yerli adam olsaydın evinə-eşiyinə gedərdin də... Day tanımadığın qapını niyə döyürdün ki?

– Düz deyirsən. Karvansaraylar da ağzınacan doludur. Yer tapmadım.

Balacalar şahın inkarından sonra sakitləşirlər. Ortaya yemək gəlir. Şah təndir çörəyindən kəsib cücə-bozbaşının içinə doğrayır.

– Qonaq, bivaxt gəlmisən, sən Allah bağışla. Biz qonağa cücənin döş ətini veririk. Amma...

– Narahat olmayın, mən sümüklü yerini daha çox xoşlayıram. Bəh-bəh. Çoxdandı belə dadlı yemək yeməmişdim. Ev xörəyi başqa şeydir. Biz də öyrəşmişik kababa. Xanımına minnətdarlıq.

– Anam bişirib. Biz tərəflərdə yeməyi evin ağbirçəyi bişirər.

– Allah anana ömür versin.

– Bu da küküdür.

– Bəh-bəh. Sizin məmləkətin yeməklərinə söz ola bilməz. İndi gör şahın sarayında necə yeməklər bişirirlər də...

– Düz deyirsən, qonaq. Ehtimal etmək olar. Amma bilmirəm. O kim, biz kim. Biz balaca adamlarıq. Kargüzar işləyirəm. Birtəhər ailəmi dolandırıram. Adım da Lərzandır.

– Mənim adımsa... – şah karıxdı. İstədi Göyverən Şah desin. Amma birdən əsl adı yada düşdü, – ... Əfdaldır. Yaxşı, heç demədin axı, bu balacalar “şah” sözünü eşidəndə niyə ağladılar?

– Vallah, desəm inanmazsan.

– Sən de, inanaram.

– Bizim uşaqlar nağılsevəndirlər. Nağıl danışmasaq, yatmazlar. Ona görə.

– Lərzan, nağılın ağlamağa nə dəxli var ki?

– Bizim nağılların da başlanğıcı bilirsiz də necədir: “Biri vardı, biri yoxdu. Bir zalım padşah vardı”. Vəssalam. Ona görə də uşaqlar şah adı gələndə qorxurlar. Yeməklərini yeməyəndə, özlərini pis aparanda zalım padşahla qorxuduruq onları. İndi isə elə bildilər ki, həqiqi şah gəlib. Onları asacaq-kəsəcək-tökəcək. Ona görə ağladılar.

– Həəə... – deyə Göyverən Şah fikrə getdi, – Yox, axı bütün şahlar zalım deyil. Eşitdiyimə görə sizin şahınız adil şahdır. Fəqir-füqəranı da sevir.

– Ay qonaq, nəyi yaxşıdır e... Taxta çıxan kimi vergiləri iki dəfə qaldırdı. Mühafizlərini artırdı. Axı, soruşan lazımdır ki, kimdən qorxursan? Nədən qorxursan? Əslində biz səndən qorxmalıyıq e... Cümə namazına da silahlı mühafizlərlə gedir. Gör nə qədər qudurub ki, o gün özüylə cəlladı da aparıb. Hara-hara – Allah evinə. Heç haqq-mürüvvət qalmayıb. Cəlladı aparmaq heç, az qalıb ki, vaizin boynunu elə ordaca vurdursun. Özü də düz minbərin dibində. Sonra da, ay qonaq, deyirsən ki, uşaqlar niyə qorxur, niyə ağlayır. Nə uşaq, nə körpə – mən özüm də qorxmağa başlamışam.

– Sən niyə qorxursan? Ağzında deyirsən ki, din xadimlərinə nəsə edib. Yəqin cızıqlarından çıxıblar da, ona görə.

– Düzdür, ay qonaq, şah etməyinə onlara edir, amma o yandan da özünü xalqa göstərir. Necə deyərlər “qızım sənə deyirəm, gəlinim, sən də eşit”. O ki, qaldı din xadimlərinə, Allah evinə... Şah yadında saxlamalıdır ki, şahlar gəldi-gedərdir, Allah isə əbədi.

– Şahın arxasında xalq dayansa necə, güclü sayılmır?

– Düzdür. Şahın arxasında xalq dayanır. Məscidin, din xadimlərinin arxasında isə Allah. Biz xalq şahımızı sevsək də, Allaha səcdə edirik. Şah düşünməlidir ki, onun rəqibi hansısa şeyx, axund, vaiz, molla deyil. Onun bu dünyada bir rəqibi var – Allah. Onunlasa heç vaxt bacara bilməz. Sadəcə, vaxtı çatmaz. Ömrü yetməz. O ki, qaldı nağıllarla böyüyən nəslə... nə etsən də onların yaddaşından zalım şah surətini silmək mümkün deyil. Nağılları qadağan etməyəcəklər ki? Düz demirəm, qonaq?

– Düz deyirsən, düz deyirsən, – deyə Göyverən Şah fikrə getdi. Yaman yerdə axşamlamışdı.

– Ay qərib, yəqin xəbərin var, şahımız sabah meydanda yüz əlli üç nəfərin boynunu vurduracaq. İstəsən gedib baxarsan. Heç olmasa asdırsaydı, yenə dərd yarıdır. İndi təsəvvür elə, mənim uşaqlarımdan kimsə o səhnəni görsə... gələn dəfə “şah” sözünü eşidəndə ağlamayacaq, qorxusundan ürəyi gedəcək.

– Hə. Düz deyirsən. Amma bu səhnəni görən uşaq böyüyəndə inanmıram ki, cinayət törədə. Bu tərəfi də var axı...

– Qonaq, düz deyirsən. Amma, tərbiyənin başqa yolu da var axı. Məsələn, vaizin moizəsindəki qıl körpüsü, qır tiyanı, cəhənnəm əzabı.

– Ay Lərzan, axı bunlar hamısı yalandır. Sən ki, savadlı, bilikli adamsan.

– Ay qərib, ağıllı insana bu həqiqətə bənzər yalanlar da bəs edər. Axmaq, nadan, qatil, oğru onsuz da bildiyini edəcək. Əsrlər boyu belə olub.

Şah fikrə getdi: deməli, məmləkətdə bu cür bilikli adamlar da varmış. Ən böyük düşmən elə bunlarmış ki. Mən də sarayda düşmən axtarıram. Bundan yüz dənə olsa, çətin ki, hörmətin qalxa el içində, ay Göyverən Şah. Bunun uşaqları indidən şaha qarşı qəzəblidir. Əşşi, qəzəb nədi, nifrətləri aşıb-daşır. Hə, yaman yerdə axşamladın, Göyverən. Yox. Qoy bunu bir az da danışdırım. Görüm başqa nə deyəcək əleyhimə.

– Xəbərin olar yəqin. Şah paytaxtda və əyalətlərdə Həqqi məscidləri tikdirir, ehsan evləri, qurbangahlar açdırır. Özü də ki, hamısını fağır-füqəralar üçün edir...

– Ay qonaq, sən göydən gəlmisən? Bu məscidlər nə vaxta açılacaq? Hə? Ən yaxşı halda üç-dörd ilə. Düz demirəmmi?

– Bəli.

– Burda deyiblər e... “ölmə, eşşəyim, ölmə. Yaz gələr yonca bitər”. İkincisi də bu məscidlərin hərəsinə xəzinədən nə qədər pul xərclənəcək. Eləmi?

– O da düz.

– Ondansa şah vergiləri iki dəfə qaldırmayaydı. O məscidlərə ayrılan pulu da paylayaydı kasıb-kusuba. Ay qonaq, bu siyasətdir. Bu, gözdən pərdə asmaqdır. Bu qədər qızıl kasıb-kusuba görə xərclənmir. Şah demək istəyir ki, mən dinimizə hörmətlə yanaşıram. Allahın yerdəki kölgəsiyəm, əksiyəm, nəyiyəm. Rəiyyətimi çox sevirəm. Gözə kül üfürür.

– İndi deyirsən ki, məscidlər tikməklə pis iş görür də şahınız.

– Əsla. Amma gəl bir şeyi də deyim. Məmləkətdə onsuz da nə qədər məscid var. Onların yanında tikmək olmazdımı ki, bu ehsan evlərini, qurbangahları? Hə? Olardı. Sadəcə Göyverən Şah məscidləri şeyxin, axundların nəzarətindən çıxarıb, xüms-zəkatı da özününküləşdirmək istəyir. Sabah deyəcək ki, ölünü də mən yuyuram, gülabı da mən paylayıram. Sən şahsan e şah! Şah da belə şeylərə qarışar? Hardasan, ay Həqqi Şah? Sən iyirmi bir yaşlı uşaqda məkrə bax, siyasətə bax. Amma Həqqinin oğludur. Gözləmək olardı. Bircə görməmişliyini başa düşmürəm. Axı, bütün bu məmləkət onundur da. Şeyx də, axundlar da, mollalar da onun rəiyyətidir də... Niyə belə edir axı? Niyə özününküləri talan edir? Gücünü əcnəbilərə göstərsin, onları yağmalasın. Bunu başa düşərdim. Haqq qazandırardım. O ki, qaldı Həqqi məscidini tikməsinə. Düzdür, rəhmətlik şahımız Həqqi şahın xatirəsinə məscid ucaltmaq olar. Ona halaldır. Day hər kənddə-kəsəkdə yox da...

– Yaxşı, ay Lərzan, məscidi bildim. Bəs sən şahın yerinə olsaydın o yüz əlli üç qatilə hansı cəzanı verərdin?

– Bilmirəm, ay qonaq, o çətin məsələdir. Allaha şükür edirəm ki, şah olmamışam. Bir yandan da yazığım gəlir ona. Çünki məmləkətdə hərənin ağzından bir avaz gəlir. Ağzı bağlamaq da mümkün deyil. İndi xalq üzdə “bəh-bəh” deyir, arxada isə deyinir. Bir azdan isə söyəcəklər. Ağzı bağlamaq olar e... amma, onda gərək hamını ucdantutma qırasan. Bu da mümkün deyil. Mühafizləri artırmaqla, hədə-qorxuyla xalq idarə edilməz. Əvvəl-axır bunun fəsadı olacaq. Xalq arxasında durmayanda saray əyanları da şahı asanlıqla devirə bilərlər. Üstəlik, “canımız bundan qurtuldu” deyən xalqın alqışını da qazanarlar.

– Ay ev yiyəsi, çox Allah, Allah dedin. Adildirmi o Allah?

– Bəli. Adildir.

– Yaratdığı insanı əzab-əziyyətlə yaşadır – adını qoyur ki, “sınağa çəkirəm”. Sonda cismani öldürür. Amma yenə də əl çəkmir. Başlayır ruhunu sınağa çəkməyə. Ya cənnətlik edir, ya cəhənnəmlik. Səncə düzgündürmü bu?

– Bəli. Özü yaradır, özü də öldürür. Əslində özü də öldürmür. Mələyi Əzrayıl edir bunu. Amma cəhənnəmlik, ya cənnətlik olmağı insan özü haqq edir. Qıl körpüsündən ya keçir, ya da keçə bilmir.

– Bəlkə şahınız da o yüz əlli üç məhbusa öz istədikləri  cəzanı versin.

– Yox, ay qonaq. Heç kim özünü oda verməz. Hamısı deyəcək ki, təqsirimiz yoxdur, imam övladıyıq. Ölümün xofu böyükdür. Özü də ki, bu yalan müqəddəs yalan sayılar. Əslində şahın xofu böyük olmalıdır. Ki, bir kimsə cinayət etməsin, zalım kasıbı incitməsin. Düzünü desəm, əslində o yüz əlli üç nəfərdə təqsir yoxdur, bütün təqsirlər Göyverən Şahın özündədir.

– O necə olur ki?

– Eşitməmisən rəvayəti?

– Yox.

– Guya ki, Misir padşahı Firon belə deyib: “Əgər Nil sahilində bir canavar bir quzunu parçalayıb yeyirsə, bu, canavarın təqsiri deyil. Mənim təqsirimdir. Ya quzu yiyəsiz qalıb, ya da canavar həddini aşıb”. Həqqi Şahın bütün şahlıq dövründə heç bu qədər adam edama məhkum olunmamışdı. Bəlkə bundan da artıq edam olmuşdu. Amma biz görməmişdik. Təqsirkarı daş-qalaq etdirməsi barədə söhbətlər eşitmişəm, amma görməmişəm. Həqqi Şahın xofu böyük idi. Amma Göyverən altı aydır şahdır, artıq yüz əlli üç nəfərin ölümünə hökm verib. Özü də meydanda boyunlarını vurdurmaq istəyir. Bu Göyverən Şah lap qana susayıbmış ki... Qaniçənin biri qaniçən.

– Lərzan, yaxşı qiymət verdin şahınıza. Bilikli adama oxşayırsan.

– Yaxşı təhsil almışam, qonaq. Amma indi görürəm ki, gərək heç oxumayaydım. İnsan anlamayanda rahat yaşayır. İndi sən özün de. Bunları bilməklə nəsə bir şey qazanmışammı? Yox. Qazandığım quruş elə kargüzarlıqdandır. Vəssalam. Adımı da boşboğaz çağırır camaat. Bu bildiklərim, anladıqlarım mənə artıq yükdür – Cəlil babam demişkən – anlamaq dərdi, anlamaq yükü. Qonaq, yol gəlmisən. Yəqin yorulmusan. Uzan, yat. Mən də tezdən durmalıyam. Gecən xeyrə qalsın.

– Xeyrə qarşı.

 

***

 

Səhər. Saray. Şah pəjmürdə halda taxtında əyləşib. Dərin fikrə gedib: tanımadığım qapını döyüb “kimdir?” sualına – Şaham! – deyə cavab verəcəyim təqdirdə özüm haqda xoşagəlməz sözlər eşidəcəyimi düzü gözləmirdim. Mən özümü xalqın tərəfində bilirdim. Bu da xalqımın başbiləninin fikri. İndi Allah bilir mənə dediklərini neçə yerdə danışıb. Yaxud da düşündüklərinin çoxunu ürəyində saxladı. Bəs indi nə edim? Məscidlərin tikintisini dayandırımmı? Yox. Olmaz. Şah verdiyi fərmanı ləğv etməz. Ləğv etsə saray əyanlarının yanında hörmətdən düşər. Hə, yaman çətin vəziyyətə düşmüşəm. Din xadimlərinin necə, ipini boş buraxım? Yox, belə etsəm yenə gedib xalq içində hörmətdən salacaqlar məni, ağızlarına gələni danışacaqlar. Bir yandan da kargüzar Lərzan deyir ki, onsuz da hörmətdən düşmüşəm. Yaxşı, bütün bunlar qalsın bir tərəfə. Bir azdan meydana getməliyəm. O yüz əlli üç nəfəri necə edim? Fironun diliylə desək – quzularımı parçalayıb yeyən canavarlarımı. Əfv edimmi? Bəlkə zindana salıb orda çürüdüm? Yox. Onda o biri cinayətkarların da ayağı yer alacaq. Ölümə yalnız ölümlə cavab verərlər. Bəlkə elə qala çərçivəsində edam elətdirim? Heç camaat görməsin. Yaxşısı budur ki, bu dəfə elə dediyim qaydayla edim. Çünki əmr vermişəm, carçılar da yayıb. Hamı meydana yığışıb. Xalq məni qətiyyətsizlikdə qınayar.

– Aslan.

– Bəli, şahım, – deyə Aslan içəri girib təzim edir.

– Meydana gedirik.

– Hazırıq, şahım.

 

***

 

Meydan adamla doludur. Kürsünün üstündə böyük kötük qoyulub – edam kötüyü. Cəllad təbərzinini sinəsinə sıxaraq hazır vəziyyətdə dayanıb. Yüz əlli üç cani əlləri-qolları zəncirli dayanıb öz ölümlərini gözləyirlər. Rəngləri ağappaqdır. Kimisi sakit dayanıb, kimisi ağlayır. Kimisi şalvarını isladıb. İzdihamdan da ağlaşma səsləri eşidilir. Bəzilərinin bunlara yazığı gəlir, baxışlarında mərhəmət var. Çoxu isə “əcəb oldu. Qoy bilsinlər ki, insan qanı axıtmaq nə deməkdir” söyləyir.

Göyverən Şah at belində meydana girir. Aləmə sükut çökür. Şah atdan düşüb kürsüyə qalxır. Ölümə məhkumların sırasının qarşısından keçə-keçə  onların üzünə baxır. Hamısı gözlərini qırpmadan şaha baxırlar:

– Şahım, bağışla, – deyə hər biri gözünü şahın gözünə zilləyir.

– Necə, ay binəva? Axı mən şaham, Allah deyiləm. Bağışlamaq yalnız Allaha məxsusdur.

– Şahım, yalvarıram, bağışla... – növbəti ölümə məhkum yalvarır.

Şah onlara baxdıqca düşünür: aman Allah, necə də binəvadırlar. Gözlərindən də imdad yağır. Nəvaxtsa bunların da qabağında özləri kimi bu cür baxışlı, amma günahsız, bəlkə də günahkar insan və insanlar durub. Amma onlar rəhm etməyiblər. Bəs onda mən niyə rəhm etməliyəm, hə? Yox. Mən axı “onlar” deyiləm. Ömrümdə heç toyuq başı da kəsməmişəm. Nə olsun ki? Toyuq başqa, insanları qətlə yetirən insansa başqa.  Yox. Axı mən heç qarışqa da yaratmamışam.

Qatillərlə üz-üzə dayanıb bir daha fikirləşən şah üzünü camaata tutub:

– Ay camaat, Allahın yaratdığını Allahdan başqa heç kim öldürə bilməz. Bu qatillər bilsinlər ki, bir qarışqa yaratmağa qadir olmadıqları halda neçə-neçə insanın ölümünə bais olublar. Hakimlərin mənə dediyinə görə hamısının günahı sübuta yetirilib. Hamısı ölüm hökmünə məhkum ediliblər. Sadəcə, mənim təsdiqim qalıb. Mən isə bu boyda günahın altına girə bilmərəm. Bu gün, sizin qarşınızda hakimlərin verdiyi hökmləri ləğv edirəm.

Meydandan uğultu qopdu. Məhkumlardan bəziləri yerə sərələndi. Mühafizlər dalğalanan izdihamın kürsüyə doğru irəliləməsinin qarşısını qalxanlarıyla almağa çalışırdılar.

– Hara ləğv edirsən? O mənim ailəmi qılıncdan keçirib...

– Hara ləğv edirsən? O mənim qardaşımı öldürüb...

– Niyə rəhm edirsən? Şahım, rəhmin indiyə qalıb..? Rəhm edirsənsə biz zavallılara rəhm et... Yoxsa bu qatillərə...

Dalğalanan izdiham kürsüyə doğru irəliləyirdi. Mühafizlər canlı sədd qurub çətinliklə də olsa camaatın qarşısını alırdılar. Amma bir-ikisi mühafizlərin səddini yarıb kürsüyə qalxdı. Ölümə məhkumlardan birini qamarlayaraq, yerə sərib, təpikləməyə başladılar. Əli-qolu zəncirlinin baş-gözü qana bulandı. “İmdad, imdad” – deyə qışqırmağa başladı. Mühafizlər onu qisas hissiylə yananların əlindən güclə də olsa aldılar. Göyverən Şah isə bu mənzərəni seyr edirdi. Dəhşət içində seyr edirdi. Şah əlini yuxarı qaldırdı. İzdiham sakitləşdi. Göyverən yenidən ölümə məhkumların sırasından keçib, hər birinin qarşısında dayanmağa başladı. Bir az əvvəl şahın gözünün içinə imdad diləyiylə baxan məhbuslar hamısı başlarını aşağı salmışdılar. Şah sağ əlini bir-bir onların başına qoyaraq – Mən əfv etdim, Allah bağışlasın! – deyə-deyə sıranın axırına addımlayırdı. Cəllad isə şahın ardınca onların və huşunu itirib yerə uzananların əl-ayağındakı dəmir buxovları açıb zənbilə doldururdu. İzdiham isə bu mənzərədən heç nə anlamayaraq sakitcə seyr edirdi. Şah sonuncu qatilə çatanda izdiham kükrəməyə başladı. Bu zaman  əfv olunanlar şahı dövrəyə alıb, ayaqlarına sarıldılar:

– Şahım, yalvarırıq əfv etmə bizi. Boynumuzu vurdur, şaqqalatdır, yandır... nə edirsən et – amma sən et. Günahkarıq. Sən öldür bizi. Amma bu vəhşilərin əlinə vermə...

Şah kürsünün ortasında dayanıb yerindən tərpənə bilmirdi. Əfv olunanlar ayaqlarına sarılıb, ətəyindən yapışıb ətrafında böyük bir çevrə yaratmışdılar. Şahı yerindən tərpənməyə qoymurdular. Mühafizlər də yaxın gedə bilmirdi. Kütlə isə bu səhnəyə baxaraq sanki yerindəcə donmuşdu. Daha doğrusu, onlara çatmırdı seyr etdikləri – vəhşi, yırtıcı canilər onları “vəhşi” adlandırırdılar. Amma hövsələlərini basıb sonu gözləyirdilər.

Şah cəllada “get” işarəsi verdi. Əfv olunanlar şahın ayaqlarını buraxıb ayağa qalxdılar. Kənara çəkilib ona yol verdilər. Şah üzünü camaata tutub ucadan:

– Mən əfv etdim. Məmləkəti tərk edib getsinlər. Allah özü günahlarını bağışlasın! – deyib atına mindi. Mühafizlərin müşayiətiylə meydandan uzaqlaşdı.

 

***

 

Saray. Əyanlar şahın qabağında düzləniblər. Heç kim dinmir. Otağa ölü sükut çöküb. Şah:

– Aslan, şəhərdə vəziyyət necədir?

– Bilmirəm sözlə necə ifadə edim.

– Necə yəni?

– Vallah, şahım, ilk dəfəydi ki, belə bir hadisə baş verirdi. İndinin özündə də hamı təlaş içindədir.

– Açıq danış. Səbrimi tarıma çəkmə.

– Siz meydanı tərk edəndən sonra əhali əfv etdiyiniz yüz qırx bir nəfəri yalın əllə qətlə yetirib. Ölənlərin meyitlərinin dalıyca isə heç kim gəlməyib. Qalıb...

– Yüz qırx bir?

– Bəli, şahım. Siz “hökmləri ləğv edirəm” deyəndən sonra on ikisinin sevincdən ürəyi partlayıb ölmüşdü.

– Bu nə özbaşınalıqdır? Bu nə özcəzadır? Salın onları zindana. Elə qalada da boyunlarını vurdurun. Mən əfv etdiyim adamları nə ixtiyarla qətlə yetiriblər?

– Şahım, heç birini həbs edə bilmədik. Çox idilər. Kürsü də ağırlıqlarına tab gətirməyib çökdü. İyirmi üç nəfər də dinc sakin tapdaq altında qalıb öldü, neçəsi yaralandı. Çox iyrənc bir mənzərəydi.

– Deməli, qisas. Mən həyat bəxş etdim, Allah isə öldürdü. Əvəz-əvəz etdi. Deməli, əcəlləri oracan imiş. Baş vəzir, sən nə deyirsən, düzgün qərar verdimmi?

– Həmişə son söz sizindir, şahım. Fikrinizi də meydanda elan elədiniz. Biz də bu qərarınızı alqışlayırıq, – deyə baş vəzir dilləndi.

– Bilirəm son söz mənimdir. Onda sizi neyləyirəm? Bəlkə qovum elə hamınızı saraydan? Heç nəyə yaramırsınız. Tutuquşu kimi eyni sözləri təkrarlayırsınız.

– Şahım, cəsarətimə görə bağışlayın. Vəhşi təbiətdə hər şey öz-özünü tənzimləyir. Siz onları əfv etməklə vəhşi təbiət qanununun bizim cəmiyyətə qədəm qoymağına şərait yaratdınız. Bundan sonra çətin ki, kimsə qanunlara inansın, qaziyə, hakimə, saraya, şahına pənah gətirsin. Elə yerindəcə cəzasını verəcəklər cinayət törədənlərin.

– Bəs ikinci tərəfini necə, fikirləşirsənmi, Göyverən Qurban?

– Yəni ki, cinayət yoluna gedənlər bundan qorxacaq?

– Hə.

– İnanmıram. Amma onu da dəqiq bilirəm ki, zindan cəzasına layiq olanları – oğru, cibgir, dələduzları da elə özləri cəzalandıracaqlar. Kimin kimdən xoşu gəlmirsə şərləyəcək, sonra da salacaq təpiyinin altına. Bu başıpozuqluğun qarşısını almaq çox çətin olacaq. Sonda isə dövlətə, onun şahına hörmət itəcək. Qoluzorlular hər yerdə meydan sulayacaq. Sonda isə saraya gəlib, bizə meydan oxuyacaqlar.

– Şahım, gərək onları zindana salıb öz əcəlləri çatanacan çürüdəydiniz,  – deyə vəkil Fərman baş vəzirin sözlərindən sonra ürəkləndi.

– Nə? Başın xarabdır? Zindanları dolduraq və bu cavanları da əcəlləri çatana qədər yedizdirək, içizdirək, geyindirək? Mühafiz qoşaq? Hə? – deyə şah qeyzləndi.

– Şahım, onda mən də baş vəzir kimi sizin bu aç-burax qərarınızı alqışlayıram. Savab yiyəsi oldunuz.

– Kəsin səsinizi! – deyə şah vəkil Fərmanın sözündən hiddətləndi, – Allahım, mənim məsləhət verənlərimə bax. Durun rədd olun burdan! Bunların məsləhət verməyinə bax. Artıq qocalmısınız. Sizin hamınızı cəzalandırmaq mənə borc olsun.

Əyanlar təzim edərək otaqdan çıxdılar. Baş mühafiz Aslan qapını bağladı. Göyverən Şahın hirsi soyuyandan sonra:

– Aslan, ölənləri bir arabaya yığdır. Aparıb ümumi qəbirdə dəfn elətdir.

– Başüstə, şahım, – deyə baş mühafiz təzim etdi.

– Di get!

– Şahım.

– Nədir, Aslan?

– Sarayın qapısında on-on beş adam dayanıb. Sizi görmək istəyir.

– Niyə?

– Bilmirəm. Deyirlər ki, sözümüzü ancaq və ancaq şahımıza deyəcəyik.

– Gəlsinlər.

Ziyarətçilər otağa daxil olub, şaha təzim edirlər. İçərilərindən ən yaşlısı irəli çıxır.

– Şahım, bura gələn rəiyyətinizin – içi mən qarışıq – dünən oğul və qız övladları dünyaya gəlib. Adlarını qoymaq istəyirik. Adətlərimizə görə sağ adamın adını qoyanda gərək özündən icazə alasan. Oğlan uşaqlarını Göyverən, qız uşaqlarını isə Göyveranə adlandırmaq istəyirik. Əgər şahımız icazə verərsə.

– Bəh-bəh – Göyverən. Bəh-bəh – Göyveranə. Qız adı səslənir daha şairanə. İcazə verirəm. Xeyir-dua verirəm. Adlarıyla böyüsünlər, – deyə qanıqara olan Göyverən Şahın qırışığı açıldı, – Aslan, baş xəzinədar Göyverən Hətəmi çağır.

– Başüstə, şahım.

Göyverən Hətəm həmən gəlir.

– Göyverən Hətəm, əmrimi hamıya çatdır. Kim məmləkətdə yeni doğulmuş oğlan uşaqlarına Göyverən, qız uşaqlarına Göyveranə adını qoyacaqsa, xəzinədən adına ildə on qızıl ayrılacaq. Bu toplanmış pulları o uşaqlar yalnız on səkkiz yaşı tamam olan gün ala biləcəklər.  Get icra elə.

– Başüstə, şahım, – deyib Hətəm otaqdan çıxır.

– Həqq dövlətinin, Göyverənlər sülaləsinin yeni övladlarına xeyir-dua verirəm. Xeyirli övlad olsunlar.

“Şahım, Allah ömrünü uzun eləsin”, “Başımızın üstün­dən əskik olmayasan” deyə-deyə yenicə ata olmuş valideynlər otağı tərk edirlər.

Adamlar gedəndən sonra baş xəzinədar Hətəm izn alıb otağa girir.

– Şahım, bu minvalla getsə, xəzinədə pul qalmayacaq. Mühafizlərin sayını artırdıq. Şəhid ailələrinə aylıq müavinətlər təyin etdik. Məscidlərin tikintisinə xeyli qızıl gedəcək. İndi də bu adqoyanlar çıxdı meydana.

– Bəlkə etirazın var mənim adımın uşaqlara qoyulmasına?!

– Xeyr, şahım. Sadəcə, bunlar Göyverən Dürəngin oğluyla bağlı xəbəri, yəni ki, ilə on qızıl və təhsil haqqı məsələsini eşidib, belə qərar veriblər. İndi rəsmi fərmanı bütün məmləkət eşitsə...

– Nə? – deyə şah qəzəblə taxtından durdu, – İndi sən deyirsən ki, xalqım bunu mənə olan məhəbbətindən yox, hansısa on qızıla görə edir?

– Cəsarətimə görə bağışlayın, şahım. Bu gün on-on beş nəfərdisə, sabah əlli olacaq, o biri gün yüz. Bunun qarşısını almaq olmayacaq. On səkkiz yaşına çatan, kasıb ailədən olan uşaq üçün yüz səksən qızıl bilirsinizmi nə deməkdir?  – deyə Hətəm başını aşağı saldı, – Üstəlik, müharibələr də baş verəcək. Şəhid ailələrinin sayı artacaq.

Göyverən Şah fikrə getdi.

– İndi, ay baş xəzinədar, deyirsən ki, on səkkiz ildən sonra pulumuz olmayacaq ödəməyə? Və bu uşaqların hamısı da on səkkiz yaşına çatacaq? Şəhid böyüdənə qədər xəzinədən bir quruş almayanlara da minnətdarlıq əlaməti olaraq aylıq verməyək?

– Bunu başa düşürəm, şahım. Amma mən sizin fərmana əsasən, hər ilin axırında bu “on qızıl”ları xəzinədən silməliyəm axı.

– Kağızda silirsən. Qızıllar ki, xəzinədə qalır.

– Xəzinədə qalır. Amma ki, əmanət kimi. Əmanətə də xəyanət etmək olmaz. O ki qaldı şəhid ailələrinə... onlara həmişə qanpulu verilib.

Şah baş xəzinədara əliylə “get” işarəsi verir. Hətəm otaqdan çıxır. Şah fikrə gedir: deməli, əmanətə xəyanət etmək olmaz. Olmaz əmanətə xəyanət etmək. Baş xəzinədar mənə dərs keçir deməli. Neynək. Qoy keçsin.

– Aslan, daha heç kimi yanıma buraxma. Tək qalmaq istəyirəm.

– Başüstə, şahım, – deyə Aslan da təzim edib otaqdan çıxır.

 

 

***

 

Axşamdır. Qaranlıq düşüb. Şah dərviş qiyafəsində, tək-tənha, başında fikirlər şəhərin məhəllələrini dolaşır: aylardır ki, şaham. Bir günah işlətmişəmmi? Yox. Bir kasıbın xətrinə dəymişəmmi? Yox. Fərman verəndə də yalnız onları düşünmüşəm. Bəs kargüzar Lərzanın dedikləri, baş xəzinədarın etirazı nəydi? Nahaq atamın vəsiyyətinə qulaq asdım. Gərək əvvəl olduğu kimi də qalaydı. Baş vəzir idarə edəydi, mən də məmləkəti gəzib dolanaydım. Amma, yox. Mən Həqqi Şah deyiləm. Məni öldürüb çoxdan yerimə keçmişdilər. Atam da bir şey  bilir ki, deyib də... Amma bu yüz əlli üç qatil məsələsində yaman ilişdim. İlk ciddi qərar idi ki, özüm verirdim. Allah axırını yaxşı gətirsin. Kargüzar demişkən, çətin şeydi şah olmaq. Bu yuxusuzluq da lap məni əldən salacaq. İyirmi iki yaşım var. Artıq, alnımda qırışlar əmələ gəlməyə başlayıb. Bu boyda dövlətin baş vəziri bir hərəmxananı bərpa edib qurtara bilmir. Aslan da Barəngahı tapmır. Mən də qalmışam xalqla əyanların, din xadimlərinin arasında. Yaxşı ki, gecə səfərlərim var. Az da olsa başım qarışır. Təzə nəsə öyrənirəm. Bəs gecələr niyə çıxıram ki, şəhərə. Atam Həqqi Şah günün-günorta çağı mühafizsiz gəzirdi aləmi. Yox. Kargüzar düz deyirdi: Həqqi Şahın zəhmi, xofu bəs idi. Kim cürət edib ona pis niyyətlə yaxınlaşa bilərdi ki? Bir də ki, məmləkətə səfər etməsəydi mənə necə rast gələcəkdi? Necə də fəxrlə deyirəm e... daş düşəydi o günə. Doğrudan da düz deyirlər e, tale başqa şeydir. Yox, yadıma salmaq istəmirəm o günü. Şah məni saraya göyvərən etməyə gətirmişdi, uşaq idim, bunu anlamırdım. Amma indi Göyverən Şaham. Uşaq deyiləm artıq. Bunu dərk etməliyəm. Onda tək idim, indi isə sülaləm var. Bu ad tək məndəydi. Amma indi Göyverən, Göyveranə adlı oğlan və qızların sayı getdikcə artır. Mənim öz nəslim yaranır. “Göyvərən” təhrifini isə daha saray əyanlarından eşitmirəm. Çünki artıq hamısı Göyverənlər sülaləsinin üzvləridir. Yaxşı, indi kimin qapısını döyüm? Varlının, kasıbın, yoxsa ortababın? Varlı qapını açmır. Kasıbın dərdlərinə qulaq asdıqca ölüb-dirilirsən. Ortabab isə elədiklərimi heçə çıxarır. Yaxşısı budur ki, kasıb qapısı döyüm:

– Taq-taq...

Qapının arxasından səs gəlmir. Şah yerdən götürdüyü qənbərlə bir də qapını taqqıldadır. Qulağı öyrəşdiyi “kimdir?” sualını eşitmir. Çevrilib başqa evə üz tutanda qapı açılır. Qırx-qırx beş yaşlı bir kişi kandarda görünür. Qəribə-qəribə şaha baxır. Sonra başını qapıdan bir az da bayıra çıxarıb sağa-sola diqqətlə nəzər yetirir. İçəridən xırıltılı səs gəlir:

– Kimdi orda?

– Heç, əmi, sısqa bir oğlandır. Səfilə oxşayır, – deyə qapını açan ortayaşlı kişi gözünü şahdan çəkməyərək içəridən gələn səsə səs verir.

– Nə istəyir?

– Nə istəyirsən, ay uşaq?

– Qalmağa yerim yoxdur. Acmışam, – deyə Göyverən Şah cavab verdi.

– Yaxşı, burax gəlsin, – yenidən xırıltılı səs eşidildi.

Şah içəri girdi. Yarıqaranlıq, tüstü basmış otağın küncündə qırx beş-əlli yaşlarında üç nəfər dövrə vurub əyləşmişdi. Özü də ki, bardaş qurub oturmamışdılar. Ayaqlarını dizlərindən qatlayıb çömbələrək bellərini divara dayamışdılar. Ortada kuzəyə bənzər bir şey vardı. Üstündə köz qaralırdı. Kişilər Göyverən Şaha qəribə-qəribə baxırdılar.

– Gəl, otur, – deyə bayaqkı xırıltılı səsin yiyəsi ona yanında yer göstərdi. Şah bardaş qurub əyləşdi, – Deməli səfilsən, hə?

– Səfiləm, həm də qəribəm. Sizin şəhərə gəldim ki, bir iş tapam. Deyirlər şahınız ədalətli şahdır. Kasıb-kusubun adamıdır.

Dövrə vurub əyləşənlər şahın bu sözündən qəşş edib özlərindən getdilər. Handan-hana sakitləşib, şahın matı-qutu quruyan sifətini görüb  yenidən qəşş etdilər, qarınlarını qucaqlayıb döşəməyə uzandılar. Göyverən nə edəcəyini bilmirdi. Sakitcə durub tamaşa edirdi. Bura nə evdi? Bu kişilər kimdir? Ortadakı kuzəyə bənzər, böyründən xortum sallanan şey nədir? Niyə bardaş qurmayıb, bu cür oturublar? Bir də... axı nə gülməli söz dedi ki, bunlar da belə qəşş edib özlərindən getdilər.

– İndi sənə nə verək, ay sısqa səfil? Hə?  Bizim çörəyimiz yoxdur. Mənim qapıma yeməyə gəlmir adamlar. Zövq almağa, dünyadan təcrid olmağa gəlirlər. Sən isə bizim şəhərə pənah gətirmisən. Guya ki, xoşbəxtliyini burda tapacaqsan. Ay axmaq, tapsaydıq, elə biz tapardıq da... day bura niyə toplaşırdıq ki?

Kişilər yenidən qəşş etdilər. Gözləri yaşaranacan güldülər. Handan-hana ev yiyəsi:

– Bizi də yaman qorxutdun. Elə bildik fərraşlardır. Bu köpək uşağı da it kimi iy bilir. Qapı-pəncərəni də bağlayırıq, yenə iyləyə-iyləyə gəlib tapırlar. Ay Rəsul, gəl közlə bunu, ayıldıq.

– Başüstə, Qənbər kişi, – deyə qapını şaha açan kişi ocaqdan köz götürüb kuzəyə bənzəyən qabın ağzına qoydu. İçəridə pıqqapıq səsi gələndə evin yiyəsi xortumu götürüb ağzına apardı. Bir-iki qullab vurub xortumu yanında oturana ötürdü. Beləcə növbə gəlib Göyverən Şaha çatdı.

– Ay səfil, növbə sənindir. Düzdür bu, havayı deyil. Amma, qonaqsan da... nə vaxtsa əvəzini çıxarsan, – deyə Qənbər kişi minnət qoyaraq, xortumun ucunu ona uzatdı.

– Elə səhərdən xəbər almaq istəyirdim ki, bu nədi? – deyə şah təəccüblə soruşdu.

Kişilər yenidən gülməyə başladılar.

– Ay bala, sən bizim mayamızı batıracaqsan. Belə getsə çətin ki, hallanaq. Bu tütündür.

– Tütün nədi? – deyə şah yenidən gözlərini döydü.

– Gül kimi uşaqdır e... Adamın heç bunu pozmağa ürəyi gəlmir, – deyə Qənbər kişi və qonaqları yenidən qəşş elədilər. Özünə gələndən sonra, – Ay uşaq, bax bu şirədir. Bura da şirəxanadır. Başa düşdün?

– Yox.

– Tiryəkdir. Bizlərə də tiryəki deyərlər. Yenə qanmadın? Eşmək nədir, onu da bilmirsən? – deyə Qənbər sol əlini şaha uzadıb, az qaldı ki, nəşə eşməkdən dərisi getmiş ovcunu onun gözünə soxsun.

– Yox, – deyə şah çimçəşərək başını arxaya çəkdi. Matdım-matdım kişinin sifətinə baxdı.

– Bu ortadakı qabın da adı hoqqadır. Qəlyan da deyirlər.

– Nə qəşəng adı var. Deyirlər e... hoqqa çıxarma. O ifadə burdan gəlib?

– Hə.

– Bu qabda nə var ki, hələ hoqqa da çıxarasan.

– Dadına bax, biləcəksən.

Şah xortumu əlinə alıb ucluğunu ağzına apardı. Bir qullab vurub tüstünü havaya buraxdı.

– Hə, nə olsun, burda nə var ki? Tüstüdü də, aldım-buraxdım.

– Elə, yox. Tüstünü sinənə çək.

– Necə?

– Bax, qullab ki, vurmursan, o zaman nəfəsinə alanda bu sözləri de: “Hiih, nənəm gəldi”.

Şah Qənbər kişi dediyi kimi elədi. Boğazı qıcıqlandı. Tüstü onu boğdu. Öskürməyə başladı. İkinci qullabı da vurdu. Gözləri dumanlanmağa başladı. Xortumu Qənbər kişiyə ötürdü. Özünü divar tərəfə verib onlar kimi oturmaq istəyirdi ki, Qənbər kişi:

– Ay uşaq, hələ tezdi səninçün elə oturmaq. Təzə-təzə başlamısan, ağrıların nə tez başladı? – deyə dilləndi.

Bir dövrədən sonra növbə yenidən Göyverən Şaha çatdı. O, “Hiih, nənəm gəldi” deyərək, yenidən tüstünü sinəsinə çəkdi. İkinci qullabı da vurdu. Xortum əlindən döşəməyə düşdü.

 

***

 

Gecədir. Sarayın zindanı. Axşam Tiryəkilər məhəlləsindən tutulan beş nəfər bir zindana salınıb. Əlləri-ayaqları qandallanıb. Şah yuxudan oyanır. Divarlara, ətrafındakılara baxır.

– Bura haradır? Siz kimsiniz? Mən hardayam?

Qənbər kişi və yanındakılar gülərək:

– Zindandayıq, ay səfil. Gör nə qədər çəkib ki, bizi də tanımır e.., deyirdim də... mal yaxşı maldır, – deyə Qənbər kişi və tiryəkilər gülüşürlər, – Ay səfil, şahın zindanındayıq. Axşam fərraşlar gəlib bizi tutdular. Səni ayılda bilmədik. Qol-qıçından tutub leşini atdılar arabaya. Gətirdilər bura. İndi isə hakimin yanına aparacaqlar.

– Niyə? – deyə şah təlaşla soruşdu.

  • Necə yəni “niyə”? Cəzalandırmağa. Çünki məmləkətdə tiryək çəkmək qadağandır, cinayətdir.

– Qadağan idiysə, bəs niyə çəkirdiz?

– Ay uşaq, bəs kişilər niyə zina edir? Bəs insanlar bir-birini niyə öldürür? Bəs adamlar niyə oğurluq edir? Bəs qadınlar niyə xəyanət edir? Bəs... bəs... uzadımmı? Bu şeylərə qanunla icazə verilirmi? Yox. Amma bunlar baş verir və çox vaxt da cəzasız qalır. İndi biz də neçə illərin tiryəkisiyik. Heç kimi də qırmırığ-çatmırığ. Amma, bu gecə ilişdik. Yəqin mənim boynumu vurarlar, sizi də atarlar zindana.

– Elə niyə?

– Çünki mən təkcə çəkəni deyiləm, həm də bunun alıb-satanıyam, yayanıyam. Ona görə. Səni də istəyirdim bunun alverinə öyrədəm. Gördüm ki, kasıb, qərib uşaqsan.., – bunu deyib Qənbər susdu. Birdən qeyzlənərək, – Dayan, dayan, fərraşlar ətimizi yesələr də, sümüyümüzü çölə atmazdılar. Bəlkə mühafizləri sən gətirmisən qapıma, hə? Casusun biri, casus! – deyib hələ də tiryəkin təsirindən taqətsiz olan Göyverənin boğazından yapışıb boğmağa başlamışdı ki, bu an saray mühafizləri gəldilər.

– Qalxın ayağa. Hakimin yanına aparırıq sizi.

Qənbər mühafizləri görüb şahın boğazını buraxdı. Ona kömək edib ayağa qaldırdılar. Şah birtəhər başını qaldırıb, – Mühafizlər, baş mühafiz Aslana deyin ki, Əfdal  burdadır, – deyib huşunu itirdi.

 

DAVAMI VAR

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...