Modern.az

İlyas İsmayılovun “Karyerası”: “Həyatın verdiklərinə qarşı getmə”

İlyas İsmayılovun “Karyerası”: “Həyatın verdiklərinə qarşı getmə”

Müsahibə

11 May 2012, 10:08

“Pul olan yerdə heç vaxt xəsislik etməmişəm”


Ondan qeyri-siyasi mövzuda müsahibə almaq nə deməkdir, bunu jurnalistlər yaxşı bilir. Siyasi mövzuda da danışmağa çox səxavətli olmayan bu siyasətçi sərbəst mövzularda müsahibəyə razılaşarkən maksimum konkretliyə üstünlük verir. Biz jurnalistlərin belə adamları açılışdırmaq üçün istifadə etdiyimiz metodlar, məsələn, onu sual yağışına tutmaq da effekt vermir. Əksinə, onun  “bunun nə əhəmiyyəti var ki”, “bu barədə danışmağın nə mənası var ki” deyə cavab zərbələri adamı çıxılmaz duruma da sala bilir. Bizim müsahibə də bu cür “mübarizə” şəraitində keçdi. Əlbəttə mən, müsahibimin cavab zərbələrini yox, yalnız səmimi cavablarını oxucuya təqdim edirəm. Beləliklə, Modern.az saytının “Karyera” rubrikasının növbəti qonağı tanınmış siyasətçi, millət vəkili, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru, Azərbaycanın kecmiş baş prokuroru, müstəqil Azərbaycanın ilk ədliyyə naziri və... yuxarıda qeyd etdiyimiz “xəsisliyinə” baxmayaraq, jurnalistlərin sevdiyi müsahiblərdən olan İlyas İsmayılovdur.        

- Mən Tovuz şəhərində anadan olmuşam. Atam milis işçisi olub. 33 yaşında vəzifəsinin icrası zamanı, qaçaqlarla vuruşanda həlak olub. Mən anamın tərbiyəsini görmüşəm. O dövrlər hamı üçün ağır illər idi. Müharibədən sonrakı illər.... Belə bir şəraitdə böyümüşük. Atasız böyümək də yəqin atasız böyüyən insanlar bilirlər ki, nə deməkdir.
Puşkin adına Tovuz şəhər orta məktəbini bitirmişəm. Attestat qiymətlərim hamısı “5” və “4”-dür. İki fəndən “3”-üm var: bir rus dili, bir də alman dilindən.

- Hansı peşəni seçmək istəyirdiniz?

- Hüquqşünas olmaq istəyirdim. Ona görə də tarixə və ədəbiyyata meylim çox güclü idi.

- Yəqin atanızın peşəsinə görə.

- Bəli atamla bağlı idi bu arzu. Həm də məndən böyük çox hörmət bəslədiyim xalam oğlu var idi. Hüquqşünas idi. Mən də onun kimi hüquqşünas olmaq istəyirdim. Orta məktəbi qurtarandan sonra iki il instituta girə bilmədim, konkursa düşdüm. Getdim fəhlə işlədim. 1957-ci ildə gəldim Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldum və 1962-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirdim.

- Tələbəlik illəri xatirinizdə necə qalıb?

- Maddi cəhətdən çətinliyimiz olsa da, çox xoşbəxt idik. Hamı eyni səviyyədə idi maddi cəhətdən. Bir-iki nəfərin maddi təminatı bizdən yaxşı idi. Ancaq böyük bir həvəslə oxuyurduq. Gələcəyə ümid var idi. İctimai işlərlə məşğul idik. Tələbə elmi cəmiyyətində çalışırdıq. Yadıma gəlir ki, hələ 1961-ci ildə dördüncü kursda oxuyanda Leninqrad şəhərində tələbələrin elmi konfransı keçirilirdi. Azərbaycandan cəmi iki nəfəri göndərmişdilər o konfransa, biri mən idim, biri də Daşdəmirov Sabir. Ora getdik məruzə ilə çıxış etdik. Bütün bunlar çox xoş, əlamətdar hadisələr idi bizdən ötrü. Mən universiteti qurtaranda həm rus, həm Azərbaycan bölmələrində 50-dən artıq tələbə qurtarmışdı. Hamı da prokurorluğa işə getmək istəyirdi. Bizdən cəmi 5 nəfəri işə göndərdilər. Onların da biri mən idim. Artıq təyinatım gəlmişdi. O vaxt gənc mütəxəssisləri işə SSRİ prokuroru təyin edirdi. Məni Göyçaya müstəntiq təyin etmişdilər. Ancaq ərizə verdim, prokurorluqdan getdim. Bu da yəqin prokurorluğun tarixində yeganə hadisədir ki, ora işə getməkdən kimsə könüllü imtina edib.

- Yəqin həmin səfərin təəssüratı ilə Universiteti bitirəndən sonra təhsilinizi Leninqradda davam etdirmək qərarı vermisiniz?

- Bəli, sonradan da Leninqradda təhsilimi davam etdirdim. Orda getdim, elmi mühiti gördüm. Qiyabi tanıdığımız bir çox alimlərimizlə şəxsən tanış oldum. Sonra da aspiranturaya daxil oldum, oxudum. 1966-cı ildə vaxtından qabaq müdafiə elədim. Qayıtdım Azərbaycana, fəlsəfə və hüquq institutunda, əvvəl kiçik, sonra baş elmi işçi işlədim. 

- Rusiyada niyə qalmadınız?

- Açığı özüm qalmaq istəyirdim və orda da məni saxlamaq istəyirdilər. Ancaq anam çox əziyyət çəkirdi burda. Məni də əziyyətlə böyütmüşdü. Anama görə gəldim. Fəlsəfə və hüquq institutunda işləyib getmişdim, qayıtdım, elə orda da işə başladım. Eyni zamanda o vaxtlar hüquq elmləri namizədləri çox az idi. Barmaqla göstərirdilər. Hüquq fakültəsinin axşam şöbəsində mən rus və Azərbaycan bölmələrində cinayət hüququndan dərs deyirdim. Eyni zamanda Xalq Təsərrüfatı İnstitutunda fəlsəfədən dərs deyirdim. Paralel olaraq “Sosialist qanunçuluğu” deyilən bir jurnal çıxırdı. Onun redaksiya heyətinin sədri idim. Əslində redaksiya heyəti bir məndən ibarət idi. İki il o jurnalı təkcə çıxartmışam. Ali məhkəmənin ayrı-ayrı məhkəmə tədqiqat işlərini ümumiləşdirirdim, məqalələr yazırdım. Jurnalla əlaqədar olaraq bir çox hüquq-mühafizə orqanlarının rəhbərlərinin yanında olurdum. Və onlar da hər dəfə məni işə dəvət edirdilər. Mən də getmək istəmirdim. İstəyirdim gənc yaşlarımda elmlər doktoru olam.

- Amma bir gün bu dəvətlərdən birini qəbul etdiniz?

- Bəli. İşə getməyim də sırf təsadüf oldu. Mən bir amerikan filosofunun konsepsiyası ilə tanış oldum. Onun mahiyyəti bundan ibarət idi ki, həyat sənə nə təqdim edirsə, onu qəbul et. Şüurlu surətdə həyatın tələbinə qarşı getmə. Həyatın sənə təqdim etdiyinə qarşı getmə. Son nəticədə həyatdan razı qalacaqsan, çünki həyat ədalətlidir. Elə bu ərəfədə də növbəti iş dəvətini qəbul etdim. Köçürülmə qaydasında Akademiyadan Fəlsəfə instituna getdim. Məni də respublika prokurorunun köməkçisi təyin elədilər.

- ..Və nəticədən razı qaldınız...

- Bəli, sonra da tale elə gətirdi ki, orda prokuror müavini, prokuror oldum. Amma ondan qabaq 6 il Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı vəzifəsində şalışdım. Sonra Respublika prokurorunun müavini oldum, sonra Respublika prokuroru. Respublika Prokurorluğundan sonra məni SSRİ Prokurorluğuna keçirdilər. Orda şöbə müdiri oldum. Bütün azadlıqdan məhrumetmə yerlərində qanunvericiliyin həyata keçirilməsinə nəzarət edən şöbənin rəisi oldum. Eyni zamanda SSRİ Prokurorluğunun institutunda islah-əmək hüququndan dərs deyirdim. SSRİ dağılana qədər də orda çalışdım. SSRİ dağılandan sonra vətənə qayıtdım və məni ədliyyə naziri təyin etdilər. Üç il də ədliyyə naziri vəzifəsində çalışdım.

- İndi də qərarlarınızda həmin filosofun fikrinə əsaslanırsınız?

- İndi də o fikrə böyük hörmətim var.

- Amma hüquq doktoru da oldunuz.

- Bəli, bu 1990-cı ildə oldu. Leninqradda “Cinayətkarlıq və cinayət siyasəti” mövzusunda müdafiə etdim və hüquq elmləri doktoru adını aldım.

- SSRİ Prokurorluğunun fəxri işçisi adını da almısınız. O adı ki, onu hər adama vermirdilər... Belə demək olar ki, uğurlu karyeranız olub. Amma indiki dövrdə də karyeranızı qurmağa başlasaydınız nəticə belə olardı sizcə? 

- Nə deyim? Onu kim deyə bilər ki? Həyat felin lazım formasını qəbul eləmir.

- Son vaxtlar insanlarda keçmiş sovet dövrüylə bağlı nostalji yaranıb. Sizdə necədir?

- Bizim həyatımızın çox hissəsi o dövrdə keçib. O dövrün yaxşı tərəfi də var idi, pis tərəfi də. Onun üstündən xətt çəkməyə ehtiyac yoxdur. Mən hesab edirəm ki o dövrdə gələcəyə bir inam da var idi.  O vaxt kollektivçilik prinsipi var idi. İnsanı kollektivçilik ruhunda tərbiyə edirdilər. İndi isə insan tənha qalıb, öz dərdiylə...

- Siyasətə gəlməyiniz necə oldu?

- Görünür hər kəs siyasəti bir cür qavrayır. Mənə elə gəlir ki, insanın şüurlu fəaliyyəti elə siyasətlə bağlı olur. Siyasətdən kənarda qalmır insan. Partiya yaratmağıma gəlincə, artıq çoxpartiyalı sistem yaranmıdı. O dövrün tələbinə uyğun olaraq, bizim də tərəfdarlarımız yığıldı, qərara gəldik ki, Ədalət Partiyasını yaradaq. Ədalət hissi güclü olan insanlar yığıldı, partiyanı yaratdıq.

- ADP ilə birləşmək qərarı necə verildi?

- Biz düşünürük ki, o proses gələcəkdə də davam etməlidir, partiyalar birləşməlidirlər. O zaman bizə çox partiyalar müraciət edirdilər birləşmək üçün. Sosial Demokrat Partiyası, Demokrat Partiyası... Müzakirə etdik, belə qərara gəldik ki, birləşək. ADP adı qalsın, mən də sədr olum. Və birləşdik. 

- Bir yerdə güclü idiniz. Amma sonra ayrıldıznız və hər iki tərəf zəiflədi...

- ADP-nin yüksək inkişafı təkcə mənim fəaliyyətimlə bağlı deyildi. Partiyanın rəhbərliyində olan insanların, xüsusilə də Sərdar Cəlaloğlunun da fəaliyyəti ilə bağlı idi. Ayrılandan sonra məlumdur ki, qüvvələrimiz də azaldı. Burda da hansısa fərdi qınamaq istəmirəm. Hər şey dövrlə, zamanla, şəraitlə bağlı idi. Və indiki dövrdə zəif görünməyimizin,  ictimai fikrə təsir imkanlarımızın olmamasının səbəbləri tamamilə başqadır.

- Övladlarınızdan Etimad İsmayılovu artıq tanıyırıq. Bəs o birisi oğlunuz nə ilə məşğuldur?

- Etimad Leninqrad Universitetinin Hüquq fakültəsini qurtarıb. Mətin də Moskva Universitetinin Hüquq fakültəsini qurtarıb. Mətin sonra Nyu-York, Kolumbiya universitetlərini qurtarıb, indi də Nyu-Yorkda çalışır. Mətinin artıq üç övladı var. İki qız nəvəm var, bir oğlan.

- Siyasətçi kimi hədəfiniz nədir?

- Hədəfim xalqa qulluq etmək

- Amma politologiyanın qanunları var. Partiya rəhbəri olan hər bir kəsin hədəfi rəhbərlik etdiyi siyasi qurumu hakimiyyətə gətirməkdir. O cümlədən özünün prezident olması.

- Mən prezident olmaq haqda hələ fikirləşmirəm.

- Nəhayət sonuncu sual: “söz xərcləməkdə” xəsissiniz. Bəs pul xərcləməkdə necə?

- Mənim heç vaxt artıq pulum olmayıb. Həmişə planlı bir büdcəm olub və ona uyğun hərəkət etmişəm. Amma pul olan yerdə heç vaxt xəsislik etməmişəm. Pul xərcləmək kişi üçün böyük xoşbəxtlikdir.

Qızılgül Abdinova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü