Modern.az

Yazmağın ölüb-dirilmək əzabı... - “13 alqış işləmişəm, 14-cüyə gücüm çatmadı” - Xalq yazıçısı ilə MÜSAHİBƏ

Yazmağın ölüb-dirilmək əzabı... - “13 alqış işləmişəm, 14-cüyə gücüm çatmadı” - Xalq yazıçısı ilə MÜSAHİBƏ

27 May 2020, 09:22

Modern.az saytı jurnalist Səfurə Çərkəzqızının illər öncə qələmə aldığı və indiyə kimi internetdə yayımlanmayan daha bir müsahibəsini təqdim edir.

***

Bir ara gecələrimizi radiodan səslənən aydan arı, sudan duru Tanrı dualarıyla yaşardıq,  səhərlərimiz belə açılardı...  Sonra birdən-birə evlərimizdən “Yol”, “Su”, “Torpaq”, “Ana”, “Halallıq”, “Sevgi”, “Övlad”, “Yurd”... duaları əksildi. Görəsən niyə? Səbəbini  yazıçı Mövlud Süleymanlıdan sordum...

- Mən duaları alqışlar adlandırmışdım. Çünki bunlar “dua” sözünün yarandığı dövrdən çox-çox qabaqlara aiddir. Onları özüm yazmamışam, bərpa eləmişəm. Lap uşaq vaxtlarımdan, gəncliyimdən yaddaşımda qalanları, hər eldən götürdüyüm bir kəlmə sözü toplayıb işləmişəm. Sonra 1992-ci ildən onları radioda səsləndirmişəm.

- Bəs niyə birdən-birə bu alqışlarımız  kəsildi?

- Özüm istəmədim. Bir az başqa səpkidə, yeni ruhda işləmək lazımdı. İndiyə qədər 13 alqış işləmişəm, 14-cüyəsə gücüm çatmadı. Bu, böyük güc tələb eləyir. Çox məsuliyyətli işdir. Bir də mən elə bir mühitdəyəm ki, tam sərbəst ola bilmirəm. Gərək  bir neçə ay işdən kənar olasan ki, istədiklərini eləyə biləsən. Alqışlar elə bir zamanda yaranıb ki, onda Allaha Tanrı deyərdilər. Yola sitayiş eləyərdilər, and içərdilər. Bir dağ görən kimi ona səcdə qılardılar. Bu bizim ərəb istilasına qədər olan mədəniyyətimizdir. Həyatımızın bütün sahələrinə aid dualarımız, alqışlarımız  var. Amma biz onlara laqeyd yanaşırıq, ona çayın kənarında bir ağacın bitməsi kimi baxırıq.

- Baş-ayaq olan dünyamızı nizama salmağa bu dualarımızın, alqışlarımızın  gücü çatarmı?


- Məncə, özümüz baş-ayağıq. Bir də ki, əgər siz içəri girən kimi dualardan başlayırsızsa, alqışlarla bağlı mənə kimsə  kövrəlmiş halda zəng eləyirsə, deməli, onlar nəyəsə qadirdir. Xalq dualarda özü, mədəniyyəti ilə üz-üzə gəlir. Bu mədəniyyət musiqimizdə də yaşayır. “Ruhani” adında saz havasını yəqin eşitmisiniz. Əslində o, “Urfani” adlanmalıdır. Həmin havanın kökü hürufiliyə gedib çıxır. Mən bunu elə-belə demirəm. Rəhmətlik Aşıq Hüseyn Saraclıdan bir dəfə soruşdum ki, niyə hamı “Ruhani”, siz isə “Urfani” deyirsiz bu havaya. Dedi,  “Ruhani” adı düzgün deyil. Çünki ruhanilər sazı qadağan eləmişdilər. Rəhmətlik heç hürufiliyin nə olduğunu da bilmirdi. Hər şeyi fəhmlə anlayırdı. “Bəhməni”, “Mansırı” havaları da o dövrün psixologiyasını, gün-güzəranını, fəlsəfəsini özündə yaşadır. “Mansırı” isə sən demə, Həllac Mənsurmuş.


- Bütün bunları bədii yaradıcılığınıza gətirmək fikriniz varmı?


- Yaradıcılıqla məşğul olmuram.


- Niyə?


- Səbəb odur ki, mən yazını asan yazmıram. Ölüb-dirilmək həddinə qədər əlləşirəm. Çalışıram ki, içimi, ruhumu tamam təmizləyim. İndisə ona vaxtım yoxdu. Azərbaycan Dövlət Teleradio Şirkətinin radio üzrə sədr müaviniyəm, işim çoxdu.  Bu vəziyyətdə heç nə yaza bilmərəm.


- Sizcə, bu sənətkar üçün  ağır tale deyil?


- Əlbəttə, çox ağırdı, dəhşətlidi! Düzdür, mən radiodakı işimi də yaradıcılıq hesab eləyirəm. Amma... Şəxsən özüm üçün yaza bilmirəm. Axır bir neçə ildə ancaq iki-üç şeir yazmışam. Vəssalam.


- Bəs mənəvi ehtiyacınızı necə ödəyirsiz?


- Hələlik ümid eləyirəm. Ümidlə özümü aldadıram.

- Qəribədir, sənətkar hiss eləyir ki, özünü aldadır...

- Özünü aldatmaq sənətkarın yaşamağıdır. Yoxsa, sənətkar ayaqlarını uzadıb ölər. Hərdən fikirləşirəm ki, hər şey yaxşı olacaq, müvəqqəti çətinlikdir, kəndə gedəcəm... Daha nələr...

- Yaradıcılıq üçün mütləq kənd lazımdı?

- Yox, əksinə. Mən kənddə yaza bilmirəm. Çünki orda hər şey məndən, yaza biləcəyimdən güclüdü. Tutaq ki, biçinçi obrazı yaratmaq istəyirəm. O, gözümün qabağındadır. Mən onu görürəm. Və o reallığı çöldə qoyub evdə ondan yazmağa gücüm çatmır. O artıq mənim yazacaqlarımdan güclüdü, çünki onu yaşayır...

- Bəzənsə sənətkarın yaratdıqları  onun özündən daha güclü, gözəl olur.

- Görünür, onun daxili daha gözəldir. Böyük olanlar özündən xəbərsiz böyüklüklər yaradır. Amma bəzi adamlar var ki, daxillərindən xəbəri olmur. Bir sözlə, gözəllikləri içi  gözəl olanlar yarada bilər.

- Amma böyük sənətkarların çoxusu insanlara acıdil, adamayovuşmaz, eqoist təsiri bağışlayırlar. Sizcə, niyə belədi? 

- Mühit, kütlə sənətkarı anlamır. O, yaratdıqlarını yaradıb, nəyi varsa verib, özü qalıb qıraqda. Necə ola bilər ki, gözəllikləri yaradan insanın özü pis olsun? Məncə, ziddiyyətlə dolu olan sənətkar başa düşülməyəndə  dediyiniz o fikirlər yaranır. Yadımdadı, gəncliyimdə sevə-sevə oxuduğum bir sənətkarın yanına getmişdim. Məni çox etinasız qarşıladı. Amma onun haqqındakı fikirlərim heç də dəyişmədi. Anladım ki, mən onu tanıdığım qədər o məni tanımır, istedadıma bələd deyil. Mənə təsadüfü bir adam kimi yanaşır.

- Bəs özünüz nə vaxtsa kimlərinsə  sizin haqqınızdakı düşüncələrini  alt-üst eləmisiz?

- Ola bilər. Çünki bir az sərt hərəkətlərim var. Amma sadəliyi çox sevirəm. Heç vaxt otağımın qapısını örtüb içəridə otura bilmərəm. Qapım hamının üzünə açıqdı. Amma, yəqin ki, mən də kiminsə qəlbinə dəymişəm. Həyatdı,  hər şey olur.

- “Hər şey olur” -dediyiniz bu həyatın hansı məqamında aciz qalmısız?

- 1986-cı ilədək həmişə, hər gün yazmışam, bir küncə çəkilib başım üstdə Allahı, pəncərədən gecəni, təbiəti duymuşam. Amma bu işə gələndən, yazmağı atandan sonra cəmiyyət arasında özümü birtəhər hiss eləyirəm. Mənə insanlarla ünsiyyətə girmək asan olmadı. Anladım ki, mənimçün yazmaq danışmaqdan çox-çox asanmış.

- Deməli, mən bayaqdan suallarımla sizi çətinə salmışam?

(Gülür).

- Yox, daha çətin deyil, öyrənmişəm. Necə deyərlər, bir dilbilməz quş idim, oxuyub bülbül oldum...

1997-ci il


Səfurə Çərkəzqızı,
"Sevdalılar"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır