Modern.az

Rektor-deputat: "Müəllimlərin hamısına dövlət qulluqçusu statusu verilməməlidir"

Rektor-deputat: "Müəllimlərin hamısına dövlət qulluqçusu statusu verilməməlidir"

14 May 2012, 13:30

Aqiyə Naxçıvanlı: “Mən Naxçivanski nəslinin nümayəndəsiyəm, bununla qürur duyuram”


Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlıdır.

- Aqiyə xanım, siz həm institut rəhbəri, həm də deputatsınız. Ancaq institut rəhbəri kimi daha çox tanınırsınız. Razısınızmı bununla?

- Təbii ki, razıyam. Axı mən şərəfli bir ad daşıyıram: müəllim. Zaman baxımından da pedaqoqluğum üstündür. Az qala 40 ili ötür. Deputat kimi fəaliyyətim isə çox gəncdir. Amma deyim ki, müəllimliyim deputatlığımın stimuludur. Bilirsiniz, müəllim hüzurunda əyləşənin könül zəmisini icarəyə alan, ora həqiqət toxumunu haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən bir şəxsdir. Mən bu qiymətli sözləri elə deputatlara da şamil edirəm.

- Özünüz barədə bir qədər məlumat verə bilərdinizmi?

- Mən Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu 1972-ci ildə bitirmişəm. Sonra təyinatla öz rayonumuza göndərildim. Orada Azərbaycan məktəbində rus dili müəlliminə ehtiyac var idi. Fərqi yox idi: rayon mərkəzi, ya kəndlər. Təyinat yerinə getməli idim. Mənə IV-V sinifləri vermişdilər. Həvəslə işə başladım. Yaxşı yadımdadır, X-XI siniflərdə dərs deyən müəllim ayağını balta ilə kəsmişdi. Güclü müəllim olduğundan heç kim onun sinfinə girmək istəmirdi. Mən təcrübəsiz də olsam, böyük risk etdım. Peşman da olmadım. Tezliklə uşaqlarla dil tapdım. Onlar da məni çox sevdilər. Bir daha özümə inandım. Mən işləməyi, təşəbbüskarlığı, irəliyə getməyi sevən adamam. Fəaliyyət mühüm nemətdir, həyatın hərəkətidir. Bekarçılıq insana əzab verir. Deyirlər, təbiət nə boş məkanı, nə də işlə, fəaliyyətlə zənginləşməmiş zamanı  sevmir. Aktivliyim mənə cığır açdı. Məni rayon Komsomol Komitəsinə işə dəvət etdilər. O zaman komsomolun heç bir şöbəsində qız uşağı işləmirdi. Mən bu buzu əritdim. Bəlkə, müəllim ailəsi olmağım da mənə kömək etdi. Biz ailədə yeddi nəfər olmuşuq. Hamımız da müəllim. Onu da deyim ki, müəllimlikdən ayrılmağımın ən başlıca səbəbi direktorun haqsızlığı oldu.Yetişdirdiyim sinifləri başqasına verdi. Mən də ruhdan düşdüm.Axı uşaqları sona qədər yetişdirmək, müəllimliyimə əmin olmaq istəyirdim. Bu barədə evdə atama dedim - o vaxt atam Maarif şöbəsində metodist işləyirdi. Atam dedi ki, bu məktəb direktorunun qərarıdır. Mən də dedim ki, onda icazə ver komsomolda işləyim, məni ora işə dəvət ediblər. Bu təklif gözlənilməz olsa da, atam qabaqcıl fikirli adam idi. Tərəddüd etdi, amma etiraz etmədi. Anam isə heç razılaşmaq istəmirdi... Beləliklə, mən komsomal komitəsində III katib kimi fəaliyyətə başladım. Az bir müddətdə I katib seçildim. Daha sonra Respublika Komsomol Komitəsinə məktəbli gənclər şöbəsinə müdir təyin edildim...


 - Yəqin ki, çətinlikləriniz də çox olub. Xüsusilə, xanım olduğunuza ğörə bəzi problemlərlə qarşılaşmanız da inkaredılməzdir.

 - Əllbətdə, zirvəyə gedən yol heç də hamar olmur. Hər işin öz çətinliyi var. Gərək ürəyində təpər olsun. Rayonda məni tanıyırdılar. Məni öz doğmaları kimi qəbul edirdilər.

- Hər halda problemlər olmamış deyildi...

- Doğrudur, bəzi söz-söhbətlər də olurdu. Hər şeyə söz tapanlar hər yerdə var. Qadının ictimai fəallığını heç də bir mənalı qarşılamayıb cəmiyyıtimiz. Nə edəsən? Dünya yaranandan xeyir və şər mübarizə aparıb. Dünya yaxşılarındır. Mən nikbin adamam. Həmişə irəliyə baxıram. Mən yorulmaq bilməmişəm, riskli olmuşam. Həmişə düzgünlüyü sevmişəm. Atalar nahaq deməyiblər ki, düz əyrini kəsir. Mən həmişə çalışmışam ki, zəifi güclü edim, çatışmazlığı aradan qaldırım, geri qalan sahəni irəli çəkim. Bir dəfə rayon partiya komitəsinin bürosunda dedim ki, məni niyə təhkimçi olaraq hansısa kəndə göndərmirsiniz? Baxırdım ki, hamı təhkimçidir. Düşünürdüm ki, bəlkə, xanım olduğum üçün məni kəndlərə göndərmirlər. Məni uşaq hesab edənlər də tapılırdı. Mən inad etdim və istəyimə nail oldum. Ən geridə qalan Səməd Vurğun adına kolxoza təhkimçi təyin etdilər. Qısa müddətdə həmin kolxoz qabaqcıllar sırasında yer tutdu. Mən də bir neçə dəfə mükafat aldım.

- İndi necə çatdıra bilirsiniz iki böyük işə? İşin çoxluğundan gileylənməmisiniz ki?

- Mən gileylənməyi sevmirəm. Optimistəm. Mənim fəlsəfəm proqressivizimdir. Gileylənmək yox, iş görmək lazımdır. Mən çevik bir insanam. Bayaq dedim axı. Fəaliyyətsizliyi xoşlamıram. Evdən səhər çıxırdım, axşamacan iş arxasında...Amma etiraf edim ki, ev işləri görmürdüm. Təsəvvür edin, o zaman mən necə cəsarətli addımlar atmışam. Komsomolun I katibi işləyirdim. Ağdaş rayonunda yataqlara gedib orada çobanların yaşayış tərzi ilə tanış olmaq lazım idi. Mən komitə işçilərindən göndərə bilərdim. Lakin özüm getdim. Hər şeyi yerində yoxlamaq, reallığı görmək mənim iş üsulum idi. Əziyyətə qatlaşmağı sevirəm. Bilirsiniz, hələ tələbə ikən tətildə rayona gedər, pioner (o vaxt məktəblilər üçün belə düşərgələr var idi) düşərgələrində işləyərdim. Atamla anamın müəllim maaşı ilə dolanırdıq axı...Mən işləməkdən yorulmurdum.

- Sonra da şəhər həyatı. Gənc qız… Yad şəhər…

- Çox da yad deməzdim. Tələbəliyim burada keçmişdi. Doğmalaşmışdım şəhərlə. Doğrudur, ilk vaxtlar çətinliklərim oldu. Evsizlik, kirayədə qalmaq və s..


- Ailə həyat
ının problemləri də olmamış deyil.

- Problem əsas məsələ deyil. Əsas məsələ onu həll etməkdir. Respublika Komsomol Komitəsində şöbə müdiri işləməyə başladım. Həmin vaxt Ali Partiya Məktəbinə qəbullar üçün yer ayrıldı və göstəriş oldu ki, cavanlar irəli çəkilsin. Mənə də şans yarandı. Bir ildən sonra mən Ali Partiya Məktəbinin müdavimlərindən biri oldum. 2 il oxudum. Təhsilə çox diqqət yetirirdim. Bu məktəbin rəhbəri rəhmətlik Köçərli və Mərkəzi Komitənin şöbə müdiri Əsgərovun diqqətindən yayınmadım və mənə Naxçıvanski kimi bir nəslin soyadını ləyaqətlə daşımağıma görə Naxçıvanda xidmət etmək təklifini etdilər. Birbaşa Naxçıvana-Naxçıvan Vilayət Partiya Komitəsində işə başladım. Orada məxfi və ümumi şöbədə 3 il işlədim. Naxçıvana gedəndə artıq ailəli idim. Yoldaşım Vilayət Komsomol Komitəsində I katib işləyirdi. 3 ildən sonra isə Bakıya qayıtdıq. Mən 26 Bakı Komissarı (indiki Səbail) rayonunda təşkilat şöbəsində işlədim. Yoldaşımı Moskva İctimai Elmlər Akademiyasına oxumağa göndərdilər. Onda mən də onunla getdim Moskvaya. Atıq iki övladımız  var idi.
Qayıtdıqdan sonra körpə uşaqlarla partiya işində işləməyin çətinliyini hiss etdim. Yadımdadır ki, hər dəfə uşaqları baxçadan ğötürəndə gözətçinin tənəsi ilə qarşılaşırdım: “Sən yenə də axırıncı gəlmisən” və s. Allah bilir ürəyində nələr deyirdi. Mən partiyanın mərkəzi komitəsinə müraciət etdim. Oradan da Maarif Nazirliyini (Təhsil Nazirliyi) məsləhət gördülər. O zaman nazir Elmira Qafarova idi. O da mənə idarə rəisliyini təklif etdi, həm də dedi ki, rayonlara getməlisən. Körpə uşaqlarla bu qeyri-mümkün idi. Elə həmin vaxt mən uşaqları tibbi komissiyaya aparmışdım. Burada təsadüfən keçmiş rektorum Köçərli ilə rastlaşdım. İşlərimlə maraqlandı. Hər şeyi ona danışdım. Mənə Ali Partiya Məktəbində işləməyi məsləhət bildi. Evdə məsləhətləşdikdən sonra 1976-cı ildə Ali Partiya Məktəbində pedaqoji fəaliyyətə başladım. Əvvəl müəllim işlədim, sonra baş müəllim, dosent oldum. Fəlsəfədən  müdafiə edib kafedra müdiri, aspirantura və doktarantura şöbəsinin müdiri, elmi katibi oldum.
1999-cu ildə ulu öndərimiz Prezident yanında Döv lət İdarəçilik Akademiyasını yaratdı, mən də ora siyasi idarəetmə fakültəsinin dekanı təyin olundum. Bu fakültə təzə yaradılırdı. Beş il həmin fakültənin dekanı işlədim. 2005-ci il martın 28-də cənab Prezidentin sərəncamı ilə Müəllimlər İnstitutuna rektor təyin olundum. Elə o vaxtdan bu vəzifədə çalışıram. Burada da xeyli çətinliklər oldu. Cənab Prezident buranın bərbad vəziyyətdə olduğunu bilirdi. Yəqin ki, keçdiyim yol, bu illərdə topladığım zəngin təcrübə nəzərə alınmışdı. Görürsünüzmü, zaman böyük müəllimdir. Onun ölçüsündə hər şey durulur, aydınlaşır.

- Aqiyə xanım, Siz müəllim hazırlığı ilə məşğul olan bir institutun rəhbərisiniz. Bu gün cəmiyyətdə çox şey dəyişib. Elə müəllimlər də... Sizcə, nə baş verib?

- Çox şey. Gəlin çevrilib arxaya baxaq. On ildən artıqdır ki, ölkəmizdə təhsil islahatları həyata keçirilir. Bu islahatlar dünyanın mütərəqqi təhsil sistemlərinə yönəlib. Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılır. Artıq müasir dünya “bilikli insan” anlayışından “həyata hazır insan” anlayışına keçid alıb. Deməli, ilk növbədə müəllim buna hazır olmalıdır. Görün neçə nəsil dəyişib. Tələbə müəllim münasibətləri dəyişib. Müsbət işlərimiz çoxdur. Amma hələ də kəm-kəsirlər var. Bir də görürsən ki, müəllim heç nədən bir qaib yazır, neqativ hallara əl atır. Müəllim nüfuzunu, dəyərini aşağı salır. Bunlar müəllimə yaraşmayan hərəkətlərdir. Müəllim-tələbə münasibətləri çox təmiz, şəffaf olmalıdır. Bu münasibətlərə xələl gətirən bir məqamı da qeyd etmək istəyirəm. Bu gün müəllimdən çox şey tələb olunur. Çünki müasir müəllim auditoriyadan geri qalmamalıdır. Axı tələbənin informasiya mənbələri zəngindir, bəzən o müəllimindən çox məlumat əldə edir. Köhnə, saralmış vərəqlərdəki mühazirələr onu qane etmir. Tələbə canlı dialoq axtarır. Müəllim onun tələbini, ehtiyacını ödəyə bilmir. Burda münasibətlər pozulur. Dərsin keyfiyyəti də aşağı düşür, tələbənin müəllimə marağı da. Tələbədən qaçmamaq, onun sual dolu baxışlarından yayınmamaq üçün müəllim elə auditoriyaya girdiyi ilk dəqiqədən mühüm və müasir nəzəri, praktik  bilik və bacarıqlara malik olduğunu nümayiş etdirməyi bacarmalıdır.


- Müəllimlə bağlı dəyərlərin aşağı  düşməsinin bəzi tərəfləri açıqlandı. Amma bunun başqa tərəfləri də var, axı...

- Yəqin ki, siz müəllimlərin zəif tərəflərini maliyyə imkanları ilə əlaqələndirirsiniz. Mən də bununla razıyam. Maddiyyat da önəmlidir. Müəllimin maaşı yüksək olmalıdır. Bir az qeyri-rəsmi də olsa, Cəbiş müəllim maaşa işləyirdi bəyəm. Etiraf edək, eləsi var ki, istəyirsən sən ona ayda lap 1000 manat ver. O, heç vaxt dəyişməyəcək. Çünki biliyi, bacarığı elə o qədərdir. Ətalətdən yaxa qurtara bilmir. O zaman da müəllimlərimiz maaşa görə işləmirdilər. Əməkləri, zəhmətləri maaşdan çox idi. Təmənna güdmürdülər. Təsadüfi deyil ki, müəllimləri dünyaya təmənnasız işıq verən günəşlə müqayisə edirlər. Müəllim əməyinin qiymətini maaşla ölçmək olmaz. Müəllim əməyini qiymətlədirə biləcək bir meyar tanımıram. “Müəllimin qələmi şəhidin qanına bərabərdır” - bu müqayisə ən böyük qiymətdir.

- Orta məktəblərdə yaşlı müəllimləri təqaüdə göndərdilər. Ali məktəblərdə isə bunun qarşısı alındı. Sizin mövqeyiniz nədir bu məsələdə?

- Məktəblərdə, institutlarda, elmi tədqiqat mərkəzlərində çalışanların 65 yaşında təqaüdə çıxmasına tərəfdar olmamışam. Çünki insan yaşı və mövqeyindən asılı olmayaraq varlığının ifadəsini yaşadır. Gənc nəsil yaşlılarla ünsiyyətdə ğörüb görüb-götürür, o ovqatda böyüyür, yaşlaşır. Bu gün yaşlı və gənc tərəzisini düzgün tarazlaşdırmasaq, zərbə yenə də özümüzə dəyəcək. Bizə ədəbi, tərbiyəsi, savadı, etik kamilliyi, mənəvi bütövlüyü ilə fərqlənən yaşlı nəsil nümayəndələri çox lazımdır. Ən azı örnək götürmək üçün. Məgər fenomen ola biləcək yaşlı müəllimlərimiz azdır? Onları qorumaq lazımdır.

Bilirsiniz, təklliflər çox və müxtəlif ola bilər. Bunu hər bir müəssisə rəhbəri özü həll etməlidir. Həm də elə sivil şərait yaratmalıdır ki, insan artıq gücü çatmadığını özü hiss etsin və uzun illər işlədiyi müəssisədən yaxşı xatirələrlə ayrılsın. Qoy,  “peşəkar “mən”ini hər kəs özü müəyyən etsin. Cəmiyyətin inkişafı ilə ayaqlaşmayan, innovasiyaları bilməyən, müasir texnologiyaları mənimsəməyən müəllim özü meydandan çıxacaq. İnsan öz gücünü ölçməyi bacarmalıdır.

- İşdən  uzaqlaşan müəllimlərin yaşayış təminatı necə? Sizi qane edirmi?


- Bu da çox önəmli məsələdir. Deməzdim ki, qane edir. Dövlətimiz öz vətəndaşlarının təminatı qayğısına qalır. Müəyyən vaxtlarda maaşlar da artırılıb. Zaman keçdikcə artımlar yəqin ki, olacaq. Hər il prezident fərmanı ilə 100 ən yaxşı müəllim 5000 manatla mükafatlandırılır. 50 ən yaxşı məktəb 10000 min manat pul alır. Bu müəllimi qiymətləndirmənin maddi və mənəvi sitimulu deyilmi?  Amma mən bir məsələyə- müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinə tərəfdar deyiləm. Bu boyda müəllim ordusu dövlət qulluqçusu ola bilər? Bu sıralarda yaxşısı var, pisi var. Zəhmətkeşi var, tənbəli var. Hesab edirəm ki, bu məsələdə də diqqətli olmaq, seçim etmək lazımdır. Dövlət qulluqçqsu böyük addır. Ən savadlı, ən layiqli müəllimlər bu adı qazanmalıdırlar. Düzgün deyil ki, bunu ucdantutma hamıya şamil edəsən.

- Bəlkə, elə bu təklifinizə görədir ki, müəllimlərə status vermirlər.

- Yox, hələ belə bir təklif verməmişəm. İlk dəfədir ki, fikirlərimi sizinlə bölüşürəm. İnanın ki, mən təcrübəmə, müşahidələrimə əsaslanıb deyirəm bunları. Məndən inciyənlər də ola bilər. Baxın bizdə bir metodist var, monitorinq keçirdik, 30 baldan 7-ni yığa bilmədi. Bir yerə də göndərə də bilmirsən ki, gedib yeni bilik öyrətsin, yeni təlimi öyrətsin. Heç olmasa da, bu yolla özü də öyrənsin. Nə gözləyəsən beləsindən. Burada boş vaxt keçirməklə nəyə nail ola biləcək. Özü də bezəcək, başqaları da.

-Mütəxəssis yoxdu deyə saxlamısınız həmin metodisti?

- Gözləyirəm ki, özü başa düşsün, etirafla getsin. Alınmasa, görünür, ilin sonunda özümüz yola salmalı olacağıq. Məni bir məsələ də narahat edir. Bu gün texnikumlar da, kolleclər də ibtidai sinif müəllimi hazırlayır. Ay canım, nə qədər ibtidai sinif müəllimi hazırlamaq olar.  Bu çox məsuliyyətli bir işdir. Düşünürəm ki, bu məsələdə də bir sistemlilik yaradılsa, yaxşı olar.

- Aqiyə xanım, bir məsələyə də münasibətinizi bilmək istərdik. Sizcə bu gün orta məktəb proqramını mənimsəyən məzun repititorsuz ali məktəbə daxil ola bilərmi?


- Məktəb proqramlarında ağırlıq hiss olunur, sadələşməyə ehtiyac duyulur. Bir də orta   məktəblərdə təhsilin səviyyəsini də qaldırmaq vacibdir. Mənim tanıdıqlarım var ki, yuxarı siniflərdə uşağının məktəbə getməsini məhdudlaşdırır, dərsdən kənarlaşdırıb repititor yanına göndərir. Uşaq da məhz elmi yuxarı siniflərdə yaxşı  mənimsəyir. Əgər məktəbə getmirsə, o nə mənimsəyəcək? Məktəb bilk, bacarıq və vərdişlər verir. Repititor nə edir? Yalnız sirf qəbul proqramına uyğun bilik öyrədir. Şagird testlərə əsasən cavab verir. Bu, sadəcə olaraq əzbərçilik olur. Bir də görürsən, qəbulda yüksək bal yığıb, amma oxumaqda çətinlik çəkir. Valideynlər  narahat olmalıdırlar. 45 dəqiqəlik dərsin verdiyi savadı və uşaqda formalaşdırdığı dəyərləri heç bir repititor verə bilməz. Bir cəhətə də diqqət çəkmək istəyirəm.Uşağı məktəbdən təcrid etmək, yoldaşlarından ayırmaq onda kollektivlə işləmək, əməkdaşlıq, ünsiyyət qurmaq kimi qabiliyyətləri də məhv edir, yadlaşma dərinləşir. Bu da uşağın istər şəxsi, istərsə də ictimai həyatında gələcəkdə problemlərin yaranmasına səbəb olur.

- Necə fikirləşirsiniz, bizdə repititor dəb məsələsidir, yoxsa doğrudan da buna ciddi ehtiyac var?

- Məncə, bu, artıq cəmiyyətdə bir virusa çevrılib. Mən uşaqlarıma repititor tutmamışam. Ehtiyac da hiss etməmişəm. Əsasən uşaqları ilə məşğul olmağa vaxtı olmayanlar repititor tutardılar. Mən bilmədiyim fənni də uşaqlarımın başının üstündə durub oxumağa məcbur etmişəm. Bir növ bələdçilik etmişəm. Bizim nəsil hamısı repititorsuz oxuyub. Uşaq IX sinfə çatıbsa, deməli, onda nə isə bacarıq var. Sadəcə ona sitimul vermək, dəstəkləyici mühit yaratmaq lazımdır. Repititor yanına gedən uşaqların vaxtının çoxu yollarda keçir. Tıxacları da nəzərə alsaq, 4-5 fəndən hazırlığa gedən uşaqların maddi və mənəvi itkisinin vurduğu ziyanı qoy valideynlər hesablasınlar. Kifayət qədər hazırlıq kursları da fəaliyyət göstərir. Bunları da nəzarətsiz qoymaq olmaz. Unutmaq olmaz ki, təhsil şəxsiyyətyönümlüdür. Biz  gələcəyə hazırladığımiz yeni nəslə bilik, bacarıq və vərdişlər verməklə yanaşı, dəyərlər də formalaşdırmalıyıq. Bəs bu dəyərlər harda formalaşdırılır, harda inkişaf etdirilir. Əlbəttdə, məktəbdə. Məktəbin rolu inkaredilməzdir.


- Ali təhsil müəssisələri necə, onlar yararlı vətəndaş yetişdirə bilirlərmi?

- Sualın belə qoyuluşu ilə bir az razılaşmıram. Vətəndaşı tək bir təhsil müəssisəsi yetişdirmir. Ailə və təhsil ocaqları birgə fəaliyyət göstərməlidirlər. Bu hamının işidir. İnsan ki Vətənini sevməsin, torpağını sevməsin, Prezidentini sevməsin, dilini, dinini, bayrağını, himnini  sevməsin, o, nə insandı elə. Bizdə əsas qızlar təhsil alır. Mən onlarla hərtərəfli söhbət edirəm. Başa salıram ki, təhsil yaxşıdır, mədəniyyətdir, sizin hüququnuzdur. Amma çalışın ki, yaxşı ana, gözəl həyat yoldaşı, ömür-gün dostu olun. Bu Vətənə layiq övladları axı siz yetişdirəcəksiniz. Sizin kiçik bir səhviniz onları şikəst edə bilər. Ev dağıdan, eqoist, ana, ata saymayan, qaynana, qaynataya hörmət qoymayan qızlar həyatda da çox problemlərlə qarşılaşırlar.

- Azərbaycan analarının savad  məsələsinə necə baxırsıniz. Bu, vacibdirmi?

- Bəli, həm də necə vacibdir. Mən savad deyəndə diplomu nəzərdə tutmuram. Elə qadınlar var ki, heç bir ali məktəb qurtarmayıblar. Amma o qədər kamil, o qədər zəngindirlər ki, böyük bir ailənin, bütöv bir elin, obanın  ağbirçəyi statusunu qazanıblar. Qızlar üçün zəhmətlə, savadla qazanılan diplom da vacıbdir, bu onların həyat qarantıdır. Savadı olmayan ana sabah bizə-Vətənimizə layiqli övladlar yetişdirə biləcəkmi? Bax, buna görə də məktəbin-təhsil ocaqlarının vəzifəsi şəxsiyyət formalaşdırmaqdır.Analar evdə uşaqlarına nağıllar oxumalıdırlar.Uşağı mütaliəyə yönəltməlidirlər. Mən müşahidə etmişəm ki, uşaqlarımız bəzən ən sadə,  adi, həyati suallara cavab  verə, iki cümləni yanaşı qoyub fikirlərini ifadə edə bilmirlər. Bax burada savadlı ananın yeri görünür.

- Aqiyə xanım, orta məktəb illərini necə xatırlayırsınız? Müəllimlərinizlə görüşürsünüzmü?

- Hər dəfə rayona gedəndə o illərdən mənə əziz olan insanlardan bəziləri ilə görüşürəm. Bu yaxınlarda atamın qəbrini ziyarət edirdim. Orada Azəbaycan dili müəllimimin də qəbrini ziyarət etdim. Bir anda nə qədər xatirə düşdü yadıma. Birini qoy deyim. O vaxtlar rəfiqələrimizlə biir-birimizə qonaq gedər, birlikdə oturub dərs hazırlayardıq. Bir dəfə iki sinif yoldaşı ilə birlikdə yenə dərs hazırlamağa gedirdik. İndiki kimi deyildi o vaxtlar. Kitab tapılmırdı. Kitabxanadan bir kitabı götürüb oxuyur, qeydlər aparıb evdə öyrənirdik.Yolda müəllimimizi gördük. Uzun müddət şabalıd ağacının altında  gözlədik  ki, o, bizi görməsin.

- O qorxu idi, yoxsa...


- Yox, dövrün tərbiyəsi belə idi. Bu tərbiyəni qəbul etməyənlər də var. Bir ata yumruğu yüz müəllim sözünə bərabərdir deyirlər. Hər şey evdən, ailədən başlayır. Evdə beş uşaq olmuşuq. Atamın eynək altından bircə baxışı bəs olub bizə. Onu da deyim ki, çox nailiyyətim atamın gözündə ucalmaq istəyimdən irəli gəlib. O, mənim üçün canlı bir nümunə idi. Atam öz işində təmiz, intizamlı və vicdanlı idi. Dəqiqliyi sevərdi. Tələbkarlığı ilə seçilərdi. 

- Təhsil Nazirliyinin bir sıra səlahiyyətlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilməsinə necə baxırsınız?

- Normal. Bu, qloballaşmanın, dünya təhsil sisteminə istiqamət götürən Azərbaycan təhsilinin inkişafının nəticəsidir. Yaxın illərdə, yəqin ki, bizdə də vahid dövlət imtahanı həyata keçiriləcək. Bütün yeniliklər inkişafa xidmət edir. Qalır özünü doğrultması. Bunu da buraxaq zamanın ixtiyarına...

- Keçid alaq deputatlığınıza. Siz deputatlıqdan nə gözləyirdiniz? Seçiciləriniz sizdən nə gözləyirlər?

- Xalqın elçisi olmaq, onun adından danışmaq böyük məsuliyyətdir. İlk növbədə bu məsuliyyəti dərk edirəm. Mükəmməl qanunlar gözləyirəm, istəyirəm müəyyən təkliflərim qanunlarda öz əksini tapsın. Seçildiyim rayonun problemlərini həll etməyə çalışıram. Fəaliyyətimin bir istiqaməti də budur. Xalq mənə öz taleyini etibar edib, ölkə Prezidenti mənə etimad göstərib. Bundan qürur duyuram. Var qüvvəmlə çalışacağam ki, bu ümidləri, etimadı doğruldum.


-Rektor və deputat, biri digərinə mane olmur ki?

- Qətiyyən, ikisi də doğmadır mənə. Əslində bir fərq görmürəm. Hər ikisi insanlarla, talelərlə bağlıdır. Hiss edəndə ki, hansı problemisə həll etmisən, sənə dikilən ümidli gözlərin işığını artırmısan, kimisə incitməmisən, adamlar gördüyün işdən razı qalıblar, onda rahat oluram. İnsanların sevgi, minnətdarlıq dolu baxışlarını görməkdən məmnunluq duyuram. İnsanlara gərəyəmsə, deməli, insanam. Burada yadıma dahi Hüseyn Cavidin bir aforizmi düşür:                                                                  

“Bəxtiyarsan əgər çəkdiyin əmək,
Vətən süfrəsinə versə bir çiçək”.

 Mən bu mənada özümü bəxtiyar hesab edə bilərəm: həm rektor kimi, həm də deputat kimi.

- Rektorluğunuz deputatlığınıza yardım edə bilirmi?

- Nəyi nəzərdə tutursunuz? Oğuzluların Azərbaycan Müəllimlər İnstitunda təhsil almasınımı? Oğuzdan 300 tələbə bizim filiallarda təhsil alır. Bizim uşaqlar oxuyandırlar, savadlıdırlar. Başqa ali təhsil ocaqlarında da kifayət qədər oğuzlu var. Onları oxutmaq mənim deputatlıq vəzifəm deyil. Mən müəllimlərimə tapşırmışam ki, obyektiv olun, oğuzludur deyə heç kəsə artıq qiymət yazmayın. Düzgün olun, bu sizin nüfuzunuzdur.Onu qoruyun. Qoy hər kəs öz vicdanı qarşısında cavab versin. Bizə savadlı müəllimlər lazımdır.

Bəli, müəllim hər cəhətdən fərqlənməlidir. Onun geyimi də sadə olmalıdır. Bəzək-düzəksiz olmalıdır. Müəllimin davranışı, hərəkətlərı, hətta jest və mimikası da onun ziyalılığından xəbər verməlidir.

Mən sadəliyi, səmimiliyi sevirəm. Özümü nə üçün öyməliyəm. Əgər məni tanıyırlar, hörmət edir, sevirlərsə mən də onlardan ən azı səmimiyyətimi əsirgəmirəm. Vəzifə, şan-şöhrət gedəridir. Yaxşılıq itməsin, insanlıq ölməsin. Azərbaycan müəllimi öz adını uca tutmaq üçünn çox iş görməlidir, nüfuzunu itirməməlidir.

- Öz xarakterinizi övladlarınıza da keçirə bilmisinizmi?

- Mən buna çalışmışam ki, uşaqlarım da sadəlikləri, səmimilikləri ilə başqalarına nümunə olsunlar. Azərbaycanlı olduqlarını harada olmaqlarından asılı olmayaraq unutmasınlar. Milli dəyərlərimizi uca tutsunlar. Güman edirəm ki, mən bu arzuma çatmışam.

- Parlamentdə Oğuzu “unudulan rayon” adlandırmışdınız. “Unudulan rayon”  yada düşməyib?

- İndi vəziyyət xeyli düzəlib. Prezident Oğuzun inkişafı üçün 4 milyon manat vəsait  ayırıb. Ondan əvvəl də 2 milyon ayırmışdı. İndi orada qızğın iş gedir, rayon abadlaşdırılır. Şəhər daha da gözəlləşdirilir.Həyat şəraiti yaxşılığa doğru dəyişir. Mən hər ay seçicilərimlə görüşürəm. Millət vəkili  işləməlidir. Fəaliyyətsiz həyat sönmək deməkdir. Mən hələ yeni həvəslə, böyük istək və arzularla fəaliyyətə başlayıram. Bunu dəyişən, inkişaf edən, gözəlləşən vətənimə vətəndaşlıq borcum,vəzifə borcum,  insanlıq borcum tələb edir.

- Ailə üzvlərniz barədə məlumat vermədiniz...

- Mən Naxçivanski nəslinin nümayəndəsiyəm, bununla fəxr edirəm, qürur duyuram. Babam Əkbər Xurşud Banu Natəvanın nəvəsi olub. Əkbər xan, babam, uzun müddət Qarabağda Natəvanın yanında yaşayıb. Həyat yoldaşım dövlət məmurudur. İki qızım var. Hər ikisi ailəlidir.


Aygün Asifqızı
Elçin Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı