Modern.az

“Özümə söz verdim ki, yazı-pozu adamları ilə oturub-durmayacağam” – Ayxan Ayvazla şənbə söhbəti

“Özümə söz verdim ki, yazı-pozu adamları ilə oturub-durmayacağam” – Ayxan Ayvazla şənbə söhbəti

27 İyun 2020, 08:45

O, uzun müddətdir ki, ədəbi mühitdə aktiv deyil. Paytaxtdan gedib. Öz təkkəsinə çəkilib. Ölkənin şimalında yazıb-yaradan gənc yazıçı Ayxan Ayvaza isti söhbətimizi təqdim edirik.

 

Modern.az-ın növbəti  “Şənbə qonağı” gənc yazıçı Ayxan Ayvazdır. Onunla kitabsız və oxucusuz ölkədə yazıçı olmağın çətinliklərindən, məziyyətlərindən danışdıq. Yaradıcılığındakı “süstlük dönəmi”nə işıq tutmağa çalışdıq.

 

- Ayxan bəy, yaradıcılığınızda nə yeniliklər var? Ucqar bir kənddə, karantindən uzaq bir yerdə yazıb-yaratmağın öz xüsusiyyətləri olmalıdır məncə. Siz necə düşünürsünüz?

 

- Yaradıcılıq bir az yekə səslənir. Bu sözə hələ layiq olmadığımı düşünürəm. Yaradıcılıq çox geniş anlam kəsb edir. Gənc bir qələm adamı üçün yaradıcılıq sözü çox ağırdır. Sadəcə yazı-pozu işləri deyək. Yaxşıdır. İndi müvəqqəti ara vermişəm. Məndə belədir, zorla yaza bilmirəm. Mütləq dolmalıyam.

 

Razıyam sizinlə. Kənd yerində yazmağın öz üstünlükləri var. Bircə misalla deyəcəyəm sizə bunu. Məsələn, şəhərdə olanda ədəbi mühitin içində yazmağın o çoxluqda heç kimin vecinə olmur. Kənddə isə sanki özünü yazıçı hesab edirsən. Camaat da səni yazıçı kimi tanıyır. Bu aldanış yazmağın üçün böyük ruh yüksəkliyi verir. Xaçmazın Çarxı kəndində qalıram. Hələ təzə-təzə burada yaşamağıma baxmayaraq, artıq bütün kəndə özümü tanıtmışam. Yəni kəndin populyar adamına çevrilmişəm. Bax bir az da adamı yazdıran səbəblər budur. Bir də kənd camaatı mənə mer-meyvə, tərəvəz, əllərinə nə keçir gətirib verirlər. Deyirlər, kənddə bir yazıçı var, gərək ona yaxşı baxaq. Ümumiyyətlə, şimal zonası dəhşət qonaqpərvərdi.

 

- Yeni roman və ya hekayələr kitabı gözləyəkmi?

 

- Kitab məsələsi bir az qəlizdir. Bundan sonra düşünürəm ki, kitabı elə-belə çıxartmağın mənası yoxdur. Gərək pul versinlər. Bir qazancı olmalı bu işin. Adamlar bizi başa düşmür. Elə bilirlər, ac qarnına yazmalısan, misallar çəkirlər. Xeyr. Elə şey yoxdur. Yazıçı gərək yazdığı ilə pul qazansın. Ayrı cür olanda ya azadlığını itirir, ya da yazıçılıq səriştəsini. Biz pul qazanmaq üçün yazıdan-pozudan kənar iş tapmalıyıq. O da olanda, alınmır, yazıdan uzaq düşürsən. Artıq bu işə bir əncam çəkilməlidir. Mənim yazdığım iki roman var. Hələ tanəm bitirməmişəm. Tələsmirəm də. Yavaş-yavaş redaktə edirəm. Hazır hekayələr kitabım da var. Amma çap etmək üçün gərək oxucu ola. Heç olmasa 1000 oxucu. Varmı o kitabı alacaq oxucu?! Bax bu sual məni düşündürür.

 

- Yaşadığınız rayonda ədəbi mühit varmı? Darıxanda kimlərlə ədəbi söhbət edirsiniz?

 

- Var. Məni bir neçə dəfə qonaq da çağırdılar. Düzü, başım yazmağa qarışdığından görüşə bilmədim. Maraqlı uşaqlar var burda. Sadəcə mən Bakıda ədəbi mühitlə vidalaşıb gəldim. Özümə söz verdim ki, yazı-pozu adamları ilə oturub-durmayacağam. Yəni, yanlış anlaşılmasın, həyatımı buna sərf etməyəcəyəm. Çünki mühit məni sıxırdı, yorulmuşdum eyni söhbətlərdən. İndi daha sadə adamlarla dostluq etməyi, söhbətləşməyi sevirəm. Calaqçı, arıçı, çoban və s. İnanın, onlar daha maraqlı və səmimidirlər. Heç bir iddiaları, eqoları filan da yoxdur.

 

- Çap olunan kitablarınızdan gələn gəlirlər sizi qane edirmi? Ümumiyyətlə, kitab bazarının indiki durumu haqqında fikirlərinizi almaq istərdik...

 

- Təzədən dərdimi təzələdiniz. Əslində yuxarıda bir az bu haqda danışdım. Üç kitabım çıxıb. Sonuncu "Mavra, Zəhra və başqaları" kitabım nəşriyyat hesabına çap olunub. Ordan nəsə qazanc əldə edə bilməyəcəyəm onsuz. Yalnız "Buri" kitabımdan bir az qazanc əldə etmişəm. O da güc-bəlayla. Yaxşı oxucuların sayəsində. Yəni 5-10 oxucu var ki, yazıçının vəziyyətini çox yaxşı başa düşür. Söhbətləri bilirlər yəni. Əslində bir az da ona görə yazırıq. Yoxsa dəli olarıq vallah.

 

Kitab bazarı yoxdur Azərbaycanda. Sırf yazıçılıq kontekstində tənqid etdiyim Varis, Rövşən Abdullaoğlu, Elxan Elatlı və Qaraqandan başqa heç kimin ciddi tirajı yoxdur. Əslində onları sırf mətn hadisəsi kimi tənqid etmişdim. Amma etiraf edim ki, Azərbaycanda əsl yazıçı həyatı yaşayan onlardı. Adamların konkret oxucuları var, kitabları çörək kimi satılır. Mənim onlarla heç bir dərdim də yoxdur. Onları bir yazıçı kimi tənqid etmişəm. Satışları ilə bir işim yoxdur. Onları oxuyanlarla da. Amma burda bir mühüm məsələ var. Azərbaycanda kitab bazarı nə vaxt formalaşacaq?!

 

Yaxşı yazmırsınız, ona görə satılmır deyirlər. İlk kitabım Azərbaycanda ən çox satılan kitab olmuşdu. Yəni məsələ bu deyil. Məsələ odur ki, bizim nəşriyyatlar əziyyət çəkmək istəmir. Hazır tanınan, oxucu kütləsi olan yazıçılarla işləyirlər. Nəticədə bizim kitablar heç kimin qabağına çıxmır. Bizi reklam etmirlər, təbliğ etmirlər. Nəşriyyat öz çıxardığı kitabı satmağa borcludur. Bizdə isə nəşriyyatlar mətbəə rolunu oynayırlar. Sən ancaq Allah umuduna kitablarını sata bilərsən. Yəni, vəziyyət çox qəlizdir. Bu məsələni həll etmək lazımdır. Vallah, normal azad mühit olsa, kimin kim olduğu ortaya çıxacaq. Kim yaxşı yazır, kim pis… aydın olacaq. Gərək “bestseller” müəlliflərindən başqa kitablar oxuyan oxucu kütləsini yaradasan. Şəbəkə qurmalısan, rayonlara kitablar getməlidir, kitabxanalar yeni çıxan kitablardan almalıdırlar.

 

Mədəni proses ölkə boyu getməlidir. Bircə Bakının “Tarqovı”sında yox. Ən ucqar kəndə belə kitab çatmalıdır. Bizim şimal zonasında kitab mağazası yoxdur. Burda oxucularım var, heç biri yeni çıxan kitabımı əldə edə bilmirlər. Yaxud teatr yoxdu bu zonada. Biz kitabı, mədəniyyəti hər tərəfli istəyirik. Camaat səhv başa düşür həmişə. Elə bilirlər başqalarına qısqanclıq edirik.

 

Vallah, bu ölkədə birinin həqiqi, əsl uğuruna, yaxşı mətninə məndən çox heç kim sevinə bilməz. Mən o mətnlərin çox oxunmasını istəyirəm. Özü də təbliğ etmə, reklamdan uzaq dur, denən xalq oxumur. Xeyr, oxuyurlar. Sadəcə hərəkət lazımdı. Bu kitab şəbəkəsini qurun da daha! Nə qədər demək lazımdır?! 15 ildir ədəbi mühitin içindəyəm. 20 ildir bu söhbət gedir. Hələ də bir yol qət eləməmişik.

 

- Niyə bizdə kitab sənayesi inkişaf etmir? Əngəl və ya maneə varmı bunun üçün?

 

- İstəmirlər. Azərbaycan xalqını kitabdan uzaq tuturlar ki, onları idarə etmək asan olsun. Yoxsa nə var ki kitabı təbliğ etməyə? Bir aya ölkədə hamı kitab oxuyar. Təbliğat olandan sonra heç kim deyə bilməz nəticə olmadı. Saatlarla danışılası mövzudur. Di gəl, heç bir perspektiv yoxdur.

 

-Oxucu qıtlığı yaşanan ölkədə yazıçı, şair olmaq çətin deyil ki?

 

- Biz üçüncü növ dünya ölkəsiyik. Əgər yazmağa başlamısansa və şöhrət, pul-para dərdi ilə bura gəlmisənsə, istiqamətini dəyişdir, get başqa yola. Azərbaycanda yazıçılığın nə demək olduğunu anlayırsansa, vəssalam, buna dözəcəksən. Bəzən adam bir oxucu üçün yazır. O varsa, o oxuyursa, demək yazmağa dəyər. Yazıçılıq həm də zaman məsələsidir. Sən bu dövrə görə yox, bütün zamanlara görə yazırsan. Amma Nazim Hikmət demiş, öləndən sonra oxunmaq istəmirəm. Həm də bu ölkədə Rafiq Tağını öldürdülər. Oxuyan oldumu? Yaxud Mövludu. Bir az maraqlandılar, vəssalam, qurtardı. Vəziyyət belədir. Bunu dərk etməli, reallığı qəbul etməlisən. Onda asan olur. Yox, məni belə oxuyacaqdılar, kitablarım satılacaqdı kimi xəyallara qapılırsansa, heç nə, tay sənə sözüm yoxdur.

 

-Oxucu qıtlığını bir çoxları kitabların bahalı olması ilə əlaqələndirirlər. Siz necə düşünürsünüz?

 

- Məncə, səbəb o deyil. Azərbaycanlı üçün kitab həmişə lazımsız sayılıb. Kitabı atıblar, yandırıblar, çarpayının dirəyini bərkitmək üçün istifadə ediblər. Hələ biz xalq olaraq kitabı almaq mərhələsinə keçməmişik. Kitabı müəllifdən hədiyyə istəyirlər. Pulsuz olmasını istəyirlər. Oxuyan, həqiqi oxucu qəpiyi-qəpiyinin üstünə qoyacaq və gedib kitabı alacaq. Və mən belə oxucular da tanıyıram. Yaxşı ki o cür oxucular var.

 

- Ayxan bəy, bizimkilər niyə dünya ədəbiyyatına çıxa bilmirlər? Sizcə bizim yazarların buna nəfəsi çatmır, ya başqa səbəb var?

- Biz hələ öz ölkəmizə çıxaq, dünyanı sonra düşünərik. Bu dünyaya çıxmaq söhbəti artıq lətifəyə çevrilib. Buraxın bu söhbətləri. Yazıçı dünyaya çıxmır. Onu dünyaya təqdim edirlər. Bizdə bu resurslar yoxdu. Biz hələ ölkə olaraq dünyaya çıxmamışıq. Bir sorğu edin, görün dünya Azərbaycanı necə tanıyır. Ondan sonra söhbətimizə qaldığımız yerdən davam edərik.

 

Söhbətləşdi: Tural Turan

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir