Modern.az

Ey həyat, sən nə qəribəsən

Ey həyat, sən nə qəribəsən

27 İyun 2020, 12:08

Azad Müzəffərli

(Hekayə)

Kişi... Qadın... Qadın... Kişi... Qadın... Təxminləri hamısı birə-bir özünü doğruldurdu. Əvvəlcə ağaclara yanaşır, fikrini toparlayır, sonra da qənaətinin düzgün olub-olmadığını yoxlamaq üçün qonşuluqdakı qəbirlərə yaxınlaşıb başdaşına nəzər salırdı.  Beləcə ondan çox ağaca və üzbəüzdəki qəbirlərə boylandı, bircə dəfə də olsun yanılmadı. Özü də ağacları sırayla yox, gözəyarısı seçirdi, necəgəldi. Şahidi olduqlarından karıxmışdı. Axı, bu necə ola bilərdi, kişi qəbirləri ilə üzbəüzdəki ağaclar kişini, qadın məzarları ilə yanaşı olan ağaclar isə qadını andırırdı? Bu, bayaq qəflətən ağlına batmışdı. Bədahətən ona elə gəlmişdi ki, qəbirlərlə ağacların düzülüşündə nəsə qəribə bir oxşarlıq var...

     
Bu qəbirstanlığın yaxınlığındakı binalardan birinə köçəndən bəri Kəramət buranı mütamadi ziyarət edərdi. Xeyli vaxtdı işsizdi deyə qanı qaraydı. Üstəlik də ətrafda elə bir fərli yaşıllıq olmadığından o, əksər vaxtlarda həmin qəbirstanlıq boyunca uzanan xiyabanda gəzişərdi. Beləcə nisbi sakitlik tapardı. Bu, paytaxtın kənarında sonradan salınan abad qəbirstanlıq idi. Səliqə-sahmanı ilə seçilərdi. Xiyabanda əsasən çinar və salxım söyüdlər əkilmişdi. Çinar, salxım söyüd, çinar, salxım söyüd; ağaclar bir qayda olaraq bu ardıcıllıqda düzülmüşdü. Kimsə yaxşı fikirləşmişdi bu sıralamanı, gözoxşayan mənzərə alınmışdı. Kəramət bura həm də ona görə tez-tez gələrdi ki, salxım söyüd və çinar ağaclarını çox xoşlayırdı. Biri şümal qamətli ağayana bəylərə, o biri isə başında fatası və ətəkləri yerlə sürünən nəfis gəlinlik paltarı geyinmiş elitar xanımlara bənzəyərdi.

      
Kəramət ta körpəlikdən təbiətin vurğunuydu. Xeyli vaxtdı Bakıda yaşasa da, əslən dağ rayonundan idi.  Bitkilərin, ələlxüsus da, ağacların dilini yaxşı bilirdi. Fikir vermişdi; nədənsə qəbirstanlıqdakı ağaclar meşələrdəki, parklardakı, digər yaşıllıqlardakı ağaclardan xeyli fərqlənir. Qəbirstanlıqdakı ağacların qamətləri daha şax-şux, qabığının da, yarpaqlarının da rəngləri qabarıq olur. Adama elə gəlir ki, bu ağacların yarpaqlarında göz yaşları donub, baxışları canlıdır, sinələri doludur. Dilləndirsən kükrəyərlər, ətrafda uyuyanların taleyinə şərikdirlər. Bir ildən çox idi ki burada gəzişdiyindən qəbirstanlığa beş barmağı kimi bələddi.

    
Fəlsəfi düşüncələr qanadında var-gəl edən Kəramət özünü yaxınlıqdakı kafeyə verdi. Qayğılardan müvəqqəti də olsa qurtulmaq üçün həftədə bir-iki dəfə bura baş çəkər, yüngülvarı boğazını yaşlayardı. Girişində kafe yazılsa da, əslində bura çayxana kimi bir yerdi. Çalışdı, domino və nərd çırpanlardan imkan daxilində uzaq olsun. Başı səs götürmürdü. Kənar masalardan birində oturdu. Sifarişini verdi. Sahibi buranı sanki candərdi işlədirdi. Nə babat xərc qoyurdu, nə də hansısa bir yenilik eləyirdi. Əslində, bu iaşə obyekti çox əlverişli yerdəydi, yaxınlıqda da sən deyən elə bir bərkgedən restoran-filan yox idi. Restoran biznesindən qədərincə baş çıxardığından, hazırda da işsiz olduğundan Kəramət bura sərrafcasına nəzər yetirdi. Bir ara o da qardaşı ilə şərikli restoran işlətmişdi. Daha doğrusu, qardaşı obyektini ona etibar eləmişdi. Pis qazanmırdılar, cəmi bir il ərzində restoranın gəlirini xeyli artırmışdı. Elə indiki babat mənzilini də o hesaba almışdı. Yaşayış yerini dəyişəndən əvvəl işlətdikləri restoran şəhərin uzaq qəsəbələrindən birində yerləşirdi deyə bu işi buraxmalı olmuşdu. Qardaşı da kiməsə güvənə bilmədiyindən obyektini satmışdı, əlində az-çox mayası vardı.  Çörəyini yeye-yeyə baş işlətdi, geniş əraziyə malik bu kafeyə qiyabi şəkildə əl gəzdirdi. Ona elə gəldi ki, buranı cəmi iki-üç il ərzində mataha döndərmək olar.  Eləmədi tənbəllik kafenin yiyəsini səslədi. Sən demə, o da çoxdandır bura sahib çıxacaq birisini axtarırmış, kafeni işlətmək artıq ona əl vermirmiş. Danışdılar, təxmini satış qiymətini öyrənən Kəramət qardaşı ilə məsləhətləşib yaxın günlərdə cavabını deyəcəyini bildirdi.

    
Kafe qardaşlara deyilən qiymətindən xeyli ucuz başa gəldi. Qollarını çırmayıb işə girişdilər. Qısa müddətdə buranı abıra salıb kefin istəyən restorana çevirdilər. Mətbəx tam yeniləndi. Həyətdə talvarın altında hələlik üç təndir və lavaş bişirmək üçün sac yerləri quraşdırıldı. İsti havalarda müştərilərə xidmət göstərməkdən ötəri zövq oxşayan köşklər araya-ərsəyə gətirildi. Kabinetlər də necə lazımdır yeniləndi. Ən əsası ərzaqların əksəriyyətini doğmaca kəndlərindən gətirərdilər. Dəyirman unu, tərəvəz, göy-göyərti, meyvə, tutmalar, turşular, ağartı, mal və qoyun əti, çolpalar, daha nə bilim nələr hər gün səhər tezdən restorana çatdırılardı. Kəndin bağ və bostanları da gur bulaq suyu ilə suvarıldığından məhsullarının dadına dad çatmazdı. Restorana kəndlərindən işləməyə dəvət elədikləri aşpazlar, kababçılar qısa vaxtda ad çıxarmışdılar. Obyektin qalan işçiləri də hərtərəfli təlim görmüşdülər, öz peşələrinin ustasıydılar.

     
Təbii ki, qardaşlar restoranın yan-yörəsinin yaşıllaşdırılmasına da can qoymuşdular. Kəramət çox sevdiyi salxım söyüd və çinar ağaclarının restoranın ərazisinə məxsusi abı-hava qatacağına əmindi. Fikirləşdi ki, uzağa niyə gedim e, elə qəbirstanlığın ərazisində bu ağaclardan  var da, özü də daha gözəgəlimliləri.  Qəbirstanlıq da müqəddəs yerdi.  Düzdü, kiminsə ürəyinə gələr ki, restoranın həyətində qəbirstanlıqdan gətirilmə ağac əkərlər. Eh, nə fərqi var ki, ağac ağacdır da. Bəyəm, mən özüm hər gün gəlib qəbirstanlıqdakı xiyabanda gəzişib ürəyimcə istirahət etmirəm ki?!  Kəramət əlinə qeyd dəftərini alıb düşdü qəbirstanlığın canına, nə qədər qəşəng, çöhrəsindən xanımlıq yağan qız və qadın qəbirləri vardı adı və soyadı ilə nişanladı. Bu qəbirlərin qonşuluğundakı ağaclar daha yaraşıqlıydı. Sonra bağ qayçısını əlinə alıb dan yeri söküləndə başladı qeyd elədiyi qəbirlərlə böyür-böyürə olan çinar və salxım söyüd ağaclarının diri zoğlarını kəsib toplamağa. Gətirdiyi çinar və salxım söyüdlərinin tinglərini elə qəbirstanlıqdakı qaydada torpağa basdırdı. Bu işi kimsəyə həvalə eləmədi, özü nəzarətdə saxladı. Bütün ağacları da necə ki Yaponiyada sakura ağaclarını qeydiyyata alırlar eləcə nömrələdi. Bunu da özünün məxfi qeyd dəftərinə eynilə həkk elədi, rəhmətliklərin başdaşına uyğun adbaad və nömrəbənömrə. Ağacların ətrafında incə zövqlə gül kolları və çiçəklər əkdirdi. Beləcə gözəgəlimli yaşıllıqlar salındı.

     
Keyfiyyət biznesin lokomotividir, bu qızıl qaydaya dönmədən əməl elədin müştərilər sıraya düzüləsidir. Sözsüz; bir də ki halallıq. Kəramət indiyə qədər evinə bircə haram tikə də aparmamışdı, xanımına və balalarına o cür çörəyi qətiyyən rəva bilməzdi. Onun evində yalnız alın təri ilə qazanılmış  kişi çörəyi yeyilərdi. Restoranda hər bir masaya haqq-hesab çeki verilər, sifariş olunanlar bir-bir orada qeyd olunar, qiymətləri göstərilərdi. Haqq-hesab da əksəriyyətin cibinə görə idi. Restorana mütamadi gələnlərə isə güzəştlər edilərdi. Müştərilər özünü çox gözlətmədi. Bura ən çox burnunun ucu kəndləri üçün göynəyənlər üz tutardılar. Bakıdada ki belələri saya gəlmir. Tezliklə bu restoranda boş yer tapmaq müşkül məsələyə çevrildi. Sorağı dörd-bir tərəfə yayılmışdı. Qardaşlar vaxtaşırı kəndlərindən Azərbaycan mətbəxinin dədə-baba qaydasınca  sirlərini bilən ağbirçəkləri restorandakı aşpazlara ustad dərsi keçməyə dəvət eləyərdilər. Yaxın binalarda yaşayanlar həftədə bir neçə dəfə evə müxtəlif xörəklər sifariş verər, ləziz kabablar bişirtdirər, qış aylarında əriştəni, xəngəli buradan daşıyardılar. Çeşidbəçeşid qutablar, təndir və lavaş çörəyi üçün növbə tutmaq lazım gələrdi. Həqiqətən də, cəmi iki-üç ilin içərisində Kəramət buranı mataha döndərdi.

      
İşdən azacıq imkan tapan kimi o, özünü mütləq qəbirstanlıqda gəzintiyə verərdi, bu vərdişinə hələ də xilaf çıxmamışdı. Qonşu qəbirlərlə ağacların həmahəngliyi onun üçün əlçatmaz sirr olaraq qalırdı. Qafasına rəhmi gəlməsə də, hələki bu qıfılın açarını tapa bilmirdi. Günlərin birində restoranda xeyli qələm əhli qonaqdı. Onu lap çaş-baş salmışdılar. Aralarında ən yaşlısı, bu dünyadan qədərincə görüb-götürəni, yanılmırdısa, yazıçı olmalıydı, deyəndə ki, sizin restoranda sanki say-seçmə xanımlarla bir məclisə düşürsən, Kəramət buna məəttəl qaldı. Əslində bu, ondan ötəri göydəndüşmə hədiyyə idi, yoxsa, az qala arada özündən şübhələnirdi; bəlkə, mən qəbirstanlıq məsələsində nəyisə şişirdirəm, mənə belə gəlir. Vaxtilə restoranın ərazisində əkiləcək ağac tinglərini seçəndə də havayı yerə onları nömrələyərək hansı qəbrin qonşuluğundan olduğunu elə-belə qeyd eləməmişdi. Fəhmi ilə nə vaxtsa bunun da işə yarayacağını təxmin eləmişdi.

        
Müştərilərindən ikisinin həmişə məhz eyni masanı sifariş vermələri Kəramətə qəribə gəlirdi, son vaxtlar onlara təklif edilən başqa yerdə oturmazdılar.  Biri haradasa əlli beş-altmış yaşlarında ağayana bir kişiydi. O biri də ondan təqribən üç-beş yaş kiçik olardı;  rus, bəlkə də, malakandı, azərbaycan dilində səlis danışırdı. Yaşlı kişi salxım söyüd, nisbətən cavanı isə çinar ağacının yanındakı masada əyləşərdi. Özü də həmişə tək olardılar. Sən demə hər ikisi qəbirstanlığı ziyarətdən sonra bura gələrmiş. Hiss elətdirmədən fikir vermişdi, yaşlı kişi burada olduğu müddətdə salxım söyüddən gözünü çəkməzdi. Sanki ağacla dərdləşərdi. Bəzən qəhərlənərək gözləri də dolardı. Rus millətindən olan kəs də nəzərlərini küknara dikərdi. Günahkar görkəmi alardı. Adama elə gəlirdi ki, elə bil nədəsə köməklik göstərə bilmədiyinə görə üzrxahlıq diləyirdi. O da doluxsunar, beləcə xeyli müddət daş heykələ dönərdi. 

      
Günlərin birində gözləmədiyi halda yaşlı kişi onu masasına dəvət eləyib dərdini bölüşdü. Rəhmətlik xanımı Aybikənin qonşuluqdakı qəbirstanlıqda uyuduğunu dedi. Hər həftə onu ziyarət etdikdən sonra bu restorana üz tutduğunu söylədi. Səbəbini də özü açıqladı. Bir dəfə təsadüfən bu masada əyləşib çörək yeyərkən böyürdəki salxım söyüddən Aybikənin abı-havasını duyduğunu dilə gətirdi, sanki onunla göz-gözəymiş. O vaxt yaxşıca vurduğundan bunu kefliliyinin ayağına yazmışdı. Sonra dəfələrlə həmin masada əyləşərək çörək yeyəndə qəsdən dilinə bir qram spirt vurmasa da, eyni hissləri yaşadığını yanıqlı-yanıqlı xatırladı. Buna heç cür izah tapa bilmədiyini acizanə şəkildə dilə gətirdi. Kəramət eşitdiklərindən tutulsa da, özünü  ələ almağa çalışdı, sadəcə çiyinlərini çəkdi. Kişi axşamüstü oğlunun ailəsi ilə birgə bura şam yeməyinə gələcəklərini deyib sifarişini çatdırdı. Müştərini yola salan kimi Kəramət qaranəfəsə qeyd dəftərinə sarı götürüldü, hər şey üst-üstə düşürdü; həmin masanın qonşuluğundakı salxım söyüd Aybikə Kərimovanın məzarının yanındakı ağacdan törəməydi. Buz heykəl kimi yerindəcə donub qalmışdı.

    
Gündüz şahidi olduqları isə axşamkının yanında toya getməliydi. Həmən kişi oğlunun ailəsi ilə birgə şam edərkən qız nəvəsi tez-tez salxım söyüdə sarılıb yorulmadan ətrafında dolanardı. Ağacın aşağıya sallanan salxım budaqları ilə oynamaqdan doymaq bilməzdi. Babası da hiss elətdirmədən nəvəsinə göz qoyurdu. Qızın atası yemək soyudu deyə uşağı səsləyəndə, o nə desə yaxşıdı?

-      Ata, xoşum gəlir e, qoy nənə başımı sığallayıb qurtarsın, sonra gələcəm, narahat olma, elə də ac deyiləm...  

    
Bunu eşidəcək, baba ilə bayaqdan bu masaya özü qulluq eləyən Kəramətin baxışları anındaca toqquşdu. Az sonra baba onu kənara səslədi, söhbətləşdilər.

-      Dost, gəl, yaxşılığını məndən əsirgəmə, bu ağacı bizə hədiyyə elə, bağban gətirib çıxartdırıb aparım bağımda əkdirim. Beləcə, bəlkə, sakitlik tapam, mən bundan Aybikəmin ətrini alıram, səndən gizlin deyil, bir dəfə üstüörtülü şəkildə sənə demişəm...

-      Sizin soyadınız, Kərimovdu? – Kəramət özü də bilmədən ağzından qaçırdı. – Mənə belə gəlir?

-      Sən bunu haradan bilirsən? – eşitdiyindən özünü itirən kişi məəttəlcəsinə gözlərini həmsöhbətinə dikdi. O da tələskənliyini yoluna qoymağa çalışdı:

-      Heç... Bilirsiniz, mən bir neçə ildir bu qəbirstanlıqdakı xiyabanda gəzintiyə çıxıram, demək olar ki, qəbirlərin əksəriyyətini də tanıyıram. Həmişə yanlarından ötəndə başdaşlarına diqqət yetirirəm, siz xanımınızın adını çəkəndə soyadını da  xatırladım...

-      Lap yaxşı, yəqinki, indi mənim vəziyyətimi daha anlaşıqlı qarşılayacaqsınız?

-      Əlbəttə, o ağac sizindi, başqa söhbət ola bilməz...

-      Təşəkkürümü çatdırmaqda acizlik çəkirəm... Söz verirəm, əvəzində hansı ağacı istəsəniz səhərisi yerindəcə əkdirəcəm...

-      Qətiyyən narahat olmayın, bu mənlikdir, orada əkməyə yeni tingim var...

    
Səhərisi bağbanla birgə gələn həmən kişi salxım söyüdü yeni ünvanına apardı, sanki dünya onundu. Dönə-dönə minnətdarlığını yetirdi. İş orasındaydı ki, elə o günü rus da öz masasında yerini almışdı.  Hallalıq qanında, canında olan Kəramət mənəvi borcu bilib ona deyəndə ki,  ürəyinizi oxumuşam, bu çinar ağacının sizə doğma olduğundan xəbərdaram və bunu sizə hədiyyə eləyirəm, istədiyiniz vaxt gəlib çıxartdırıb apara bilərsiniz, eşitdiklərindən karıxan kəs az qala qanad açsın. O da öz kişiliyinə, ürəyində saxlamayıb bildirdi ki, nədənsə, bu ağacdan gənc ikən xərçəngdən dünyasını dəyişən və qonşuluqdakı qəbirstanlıqda dəfn olunan qızı Simanın ətrini alır. Əvvəlcədən xəbərdar olduğu həqiqət bir daha təsdiqləndiyindən Kəramətin bir neçə il öncəki “kəşfinə” qətiyyən şübhəsi qalmadı. Yamanca sarsıldı, özünü güclə toparladı.  

      
Günlərlə sakitlik tapa bilmədi. Tutalım ki, Aybikənin həyat yoldaşı, Simanın atası və yazıçının, içi mən qarışıqlı düşündüklərimiz təxəyyülümüzün məhsuludur. Bəs, onda o balaca qızcığazın dediklərinə nə ad qoyaq? O ki hələ Tanrının pənahındadır. “Nənəm saçlarıma sığal çəkir” – bunu onun özündən uydurması heç cür ağlabatan deyil...  Bir daha anladı ki, burada təsadüfilikdən söhbət belə gedə bilməz. Yaxşı, bəs, onda bu tilsimin sirri nədədir?

    
Nəhayət, günlərin birində hər şey öz yerini tutdu. Bir neçə ildir davam edən səyləri axır ki bəhrəsini verdi. Havayıdan deyilməyib ki, ən böyük tapıntılar, ən mükəmməl bədii əsərlər dan söküləndə yuxudan ayılanların aydınlaşmış beyinlərində qəflətən araya-ərsəyə gəlir. Kəramətə də səhərin gözü açılanda sanki kimsə səsləndi ki, ey dili qafil, axı, nizami əsgər sayağı hər bir qəbrin böyründəcə yer alan çinar və salxım söyüdlər dərinə işləyən kökləri ilə qonşuluqdakı məzarlarda uyuyanların nəşindən  şirə çəkib... Az qala, nitqi quruya; ey dadi-bidad, gör dünyada nələr baş verir... Şükür Tanrının kəramətinə!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir