Modern.az

Deputatlar “Eurovision-2012” yarışmasının təşkilini belə qiymətləndirdilər

Deputatlar “Eurovision-2012” yarışmasının təşkilini belə qiymətləndirdilər

24 May 2012, 17:44

Azərbaycanın ev sahibliyi etdiyi 57- ci “Eurovision-2012” Mahnı Müsabiqəsinin artıq ilk yarımfinalı keçirilib. Bu yarımfinalda Azərbaycan öz mədəni, tarixi, siyasi, iqtisadi və sosial ən-ənələrini kifayət qədər yüksək səviyyədə nümayiş etdirə bilib. Hər musiqi nömrəsi arasında göstərilən videoçarxlarda Azərbaycanın dünya ictimaiyyətinə təbliğ edilməsi üçün kifayət qədər işlər görülüb. Bu işlərin nəticəsində də artıq avropalılar Azərbaycan haqqında xeyli məlumat ala bildilər. Həmçinin də ölkəmizin diqqət cəlb edən yerlərini, tarixi abidələrini və mədəniyyətini bu qısa çarxlar vasitəsilə də görmək imkanı əldə etdilər. Bəs, Azərbaycan parlamentarilərinin bu mötəbər yarışma ilə bağlı təəssüratları necədir? Modern.az-ın əməkdaşı bu  məsələ ilə bağlı deputatların fikirlərini öyrənib.

Gövhər Baxşəliyeva hesab edir ki, “Eurovision-2012” manhı yarışması Azərbaycan üçün böyük bir hədiyyədir.
”Ümumiyyətlə, həmişə Azərbaycanın dünya mədəni məkanına, Avropaya inteqrasiyasından danışırıq və bu yarışma da o inteqrasiyasının bariz nümunəsidir. Bu yarışma ilə Azərbaycan qısa müddətdə böyük uğurlara imza atdı. Bu məsələnin birinci tərəfidir. İkincisi, ölkəmizdə bu müsabiqənin keçirilməsi o deməkdir ki, yenə də Azərbaycan mədəni inkişafının bir göstəricini nümayiş etdirir. Yəni biz keçən il bu mahnı yarışmasında qalib gəldik və bu da Azərbaycan mədəniyyətinin, musiqinin  inkişafının xəbərini  göstərir. Üçüncüsü də bu dəqiqə bütün dünyanın, mədəni bəşəriyyətin gözü Azərbaycana yönəlib. Əcnəbi qonaqların Azərbaycana gəlməsi mədəni və ictimai şəkildə tanınması, eyni zamanda da Dağlıq Qarabağ problemi barədə də onların məlumatlandırılması deməkdir “ .

Asim Mollazadə Azərbaycanda keçirilən “Eurovision-2012” musiqi yarışması haqqında öz təəssüratları bu cür ifadə edib: ““Eurovision-2012” musiqi yarışmasının yarımfinalını izlədim və çox yüksək səviyyədə təşkil olunduğunu deyə bilərəm. Mənim zənnimcə Azərbaycan mədəniyyətini və musiqi ənənələrini bütün dünyaya çox gözəl təqdim edə bildik. Hazırda Bakıda Avropa mədəniyyətinnin bir bayramı keçir və bu çox müsbət hadisədir. Bir tərəfdən dünya mədəniyyəti Azərbaycanda təmsil olunur, eyni zamanda Azərbaycan da öz milli dəyərlərini bütün dünyaya nümayiş etdirə bilir. Ümid edirəm ikinci yarımfinal və final da yüksək səviyyədə təşkil olunacaq“ .

Əli Məsimli Azərbaycanda keçirilən 57-ci “Eurovision-2012” musiqi yarışması ilə bağlı gözləntilərinin hər birini müşahidə edə bildiyini deyir: “Bu müsabiqənin ilk yarımfinalı çox yaxşı keçdi və qarşıda bizi növbəti yarımfinal və final gözləyir. Ümid edirəm ki, o zaman da biz layiqli və uğurlu şəkildə Azərbaycanı təmsil edə biləcəyik. Amma bir məsələni də qeyd edim. Əgər insanlar bu yarışmaya qeyri-adi və fövqəl bir hal kimi baxırlarsa, o zaman mən deyərdim ki, o adamlar özləri öz fikirlərində yanılırlar, səhv edirlər. Bu yarışma siyasiləşmiş bir mahnı müsabiqəsidir. Hesab edirəm ki, hər il müsabiqəyə ev sahibliyi edən ölkə öz dövləti, xalqı, millətinin beynəlxalq arenada daha yüksək səviyyədə tanınması üçün nə edirsə, Azərbaycan da bu istiqamətdə çalışıb, çəkilən videoçarxlarda səviyyə görünür“.

Zahid Oruc hesab edir ki, “Eurovion-2012”nin ilk yarımfinalı kifayət qədər yüksək səviyyədə keçib.
”Təşkilatçılıqda sözün ifadə imkanlarının ən son nöqtəsini seçmək olar. Mən hesab edirəm ki, bu yarışmanın ən mühüm nəticələrindən biri Azəbaycanın dünya insanına yeni nöqteyi-nəzərdən  çıxışı oldu. İnformasiya baxımından dünyaya Azərbaycan haqqında bu qədər məlumat toplusu hələ çatdırılmamışdı. Hər biri də kifayət qədər mükəmməl idi və ardıcıllıq da çox düzgün idi. Azərbaycanı ən yüksək səviyyədə tərənnüm edən məqamlar da daxil olmuşdu. Ümid edirəm ki , bu gün keçiriləcək yarımfinalda və finalda da davamı olacaq. Bu yarışmada Azərbaycanın hədəf seçdiyi bütün məqamların olacağını gözləyirəm. Mehriban xanım Əliyevanın kifayət qədər çevik, humanitar miqyasda çox böyük tədbirlərin müəllifi olaraq, beynəlxalq brend səviyyəsində Azərbaycan imzasının daşıyıcısı kimi bu prosesə rəhbərlik etməsi yerində oldu. Bu mənada tədbiri qələbə hesab edirəm. Mənim aləmimdə məqsədlərə nail olduq və qarşıdakı günlərdə bu siyasət özünü bütün dünyada təqdim edəndən sonra hər kəs də bunu etiraf edəcək“.

Könül Səid

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI