Modern.az

Bir şəklin tarixçəsi: Bir jurnalın hekayəsi - “Gənclik”...

Bir şəklin tarixçəsi: Bir jurnalın hekayəsi - “Gənclik”...

Media

5 İyul 2020, 12:30

Əsası “Əkinçi” qəzeti ilə qoyulan  22 iyul Milli Mətbuat günü ərəfəsindəyik. Növbəti həftələrdə mətbuatımız 145 illik yubileyini qeyd edəcək.

Bu ərəfələrdə vaxtilə Azərbaycanda nəşr olunmuş, lakin sonradan müxtəlif səbbələrdən çapı dayanmış populyar qəzet-jurnallar da yada düşür.

Elə Modern.az saytının "Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto da yaxın tariximizin pupulyar bir nəşri ilə bağlıdır...

Söhbət "Gənclik"- "Молодость" jurnalından gedir....

Məkan "Gənclik"- "Молодость" jurnalı redaksiyası... Zaman 1988-1991-ci illər.

Şəkildə soldan sağa - Yevgeni Juravlyov (baş redaktor müavini, rus versiyasının redaktoru), Çingiz Sultansoy (jurnalist), Sabir Sarvan (ədəbi işçi), Hüseyn Əfəndi (şöbə müdüri), Məmməd İsmayıl (baş redaktor), Gündüz Əlizadə (rəssam).

Bu şəkildəki 6 nəfərdən 2-si Məmməd İsmayılla Çingiz Sultansoy həyatdadır, qalan 4 nəfər haqqın dərgahına qovuşub.

"Gənclik"- "Молодость" jurnalının şəkildə olmayan digər əməkdaşları da var idi... Məti Osmanoğlu, Salam Sarvan, Akif Əhmədgil, Səfər Alışarlı da sağ-salamatdırlar.

“Gənclik” 1988-ci ildə yaradılan və Azərbaycan tarixində bəlkə də ən çox tirajla satılan jurnal idi.

Şair Məmməd İsmayılın rəhbərlik etdiyi jurnalın tirajı bir müddət rekord saya - 300 minə çatmışdı. Təəssüf ki, ədəbi-mədəni və ictimai jurnal olan “Gənclik” çox keçmədən tarixə qovuşdu.

Jurnalın ilk baş redaktoru və əsas siması olmuş Məmməd İsmayıl Modern.az saytına “Gənclik” haqqında qısaca belə danışıb:


“Hələ Jurnalistika fakültəsinə yox, Kitabxanaçılıq (həm də qiyabi) fakültəsinə daxil olmağım, Jurnalistika və Filologiya fakültələrində oxuyan  tələbələrin biz “Kitabxanaçılıq”dakılara  üstdən aşağı baxmaları içimdəki o “mən olsam”, “məndən olsaydı” duyğusunu birə-beş körüklədi. Beləcə, çeşidli vəzifələrdən keçə-keçə gəlib “Gənclik” jurnalına qovuşdum. Mənə “Gənclik”ə redaktor olmağı təklif edəndə “İşıq” nəşriyyatının direktoru idim, amma tərəddüd etmədən nəşriyyat direktorluğunu “Gənclik”ə dəyişdim. Çünki ilk dəfə idi ki, imkanlarımla arzularım üst-üstə düşürdü.
 
“Gənclik” Azərbaycan demokratik mətbuatının ilk qaranquşu oldu, tabu qoyulmuş bir çox mövzuları ilk dəfə mətbuata gətirdi, hər aspektdən orijinal, yeni jurnal oldu. Komsomol orqanı xalqın orqanına döndü. “Gənclik” 5-6 nəfərlik redaksiya əməkdaşının yox, 300 minlik abunəçi ordusunun müştərək zövqünün jurnalı oldu.

“Gənclik” elə adı kimi yenilik, oyanış və sıçyarış  oldu. Ölkənin hər yerindən ünvanımıza göndərilən məktubları bir-bir özüm oxuyur və onların jurnalın səhifələrində işıqlanmasına imkan yaradardım. Qısacası, toplum ilk dəfə idi ki, onun ovqatını, ruhunu səhifələrinə daşıyan jurnal görürdü. Bir sözlə, “Gənclik” şanslı, zamanın nəbzini tuta bilən və yolunu, izini itirməkdə olan gəncliyə ən doğru yolu göstərən orqan oldu”.

 
A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər