Modern.az

Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı

Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı

6 İyul 2020, 14:57

Saatlının deputatı Əziz Ələkbərlinin Modern.az-la söhbətindən...

 

- Əziz müəllim, iyulun 3-də Saatlı rayonunun bir neçə kəndinin sakinləri su problemindən əziyyət çəkdikləri üçün etiraz aksiyası keçirdilər. Sakinlər su problemlərinin həll olunmasını tələb etdilər. Saatlı rayonunun deputatı kimi, deyə bilərsinizmi nələr baş verir?

 

- Əslində, bu aksiya gözlənilən idi. Saatlı rayonu və qonşu rayonlar elə bir geoloji ərazidə yerləşir ki, bu ərazilərdə yeraltı çaylar olmadığı üçün artezian quyularının qazılması mümkün deyil. Ümid ancaq Kür və Araz çaylarına qalır. Lakin obyektiv səbəblərdən – bir tərəfdən iqlim dəyişikliyi ilə əlaqədar çaylarda suyun səviyyəsinin azalması, digər tərəfdən bu çaylar üzərindəki qonşu ölkələrdə yeni su bəndlərinin tikilməsi və çaylardan daha artıq su götürülməsi nəticəsində artıq neçə ildir ki, hər il əhali su qıtlığından əziyyət çəkir. Bu, inişil də belə olub, keçən il də belə idi və bu il də belə olacağı gözlənilirdi. Yanvar-fevral aylarında Saatlı rayonunda seçki kompaniyası zamanı seçicilərlə görüşəndə bu məsələ tez-tez qaldırılırdı. Doğrudan da, seçkilərdən sonra deputat kimi fəaliyyətimin ilk ayında bu problemlə üz-üzə qaldıq. O vaxt əlaqədar qurumların və əhalinin mütəşəkkilliyi ilə bu problemi birtəhər atlatdıq. Amma hamı bilirdi ki, ən böyük çətinlik iyun-iyul aylarında olacaq. Oldu da.

 

- Demək, əhalinin etirazını haqlı sayırsınız?

 

- Tamamilə haqlı sayıram. Saatlı əhalisi çox zəhmətkeş camaatdır. Bu rayonda sənaye müəssisələri yox dərəcəsindədir, insanlar bütün ümidlərini torpağa bağlayıblar. Gecə-gündüz torpaqda əlləşirlər, əkib-becərirlər, həm dövlətin iqtisadiyyatına töhfə verir, həm də öz ehtiyaclarını ödəyirlər. Bu il də böyük zəhmət bahasına xeyli məhsul əkilib, becərilib, bol məhsul gözlənilir, amma su qıtlığı nəticəsində bu məhsul yanıb kül olur. Sizcə, kəndli neynəməlidir?

 

- Bəzi qüvvələr bunu əhalinin dövlətdən narazılığı kimi qələmə verməyə çalışdı…

 

- Qətiyyən elə şey yoxdur. Saatlılar çox dövlətçi camaatdır. Əhali arasında dövlətə və cənab prezidentə çox böyük ehtiram və inam var. Mən bunu dəfələrlə demişəm, əhali dövlətin maraqlarını hər şeydən üstün tutur. Ən ehtiyac içində yaşayanın belə iki sözündən biri dövlətdir, prezidentdir. Bu da təsadüfi deyil, görürlər ki, ölkə başçısı əhalinin rifahı üçün əlindən gələni edir, dövlətin bütün resursları əhalinin güzəranının yaxşılaşdırılmasına yönəldilib. Görürlər və qiymətləndirirlər. Pandemiya dövründə bunun bir daha şahidi oldular. Heydər Əliyev Fondunun yardımları, Dost xidməti, işsizlik kartları, sosial müavinətlər bu çətin dövrdə əhaliyə çox böyük dəstək oldu.

 

- Bir daha qayıdaq iyulun 3-dəki etiraz aksiyasına…

 

- Ayın 3-də rayonun Çolpu, Nabatkənd və Orta Muğan kəndlərinin bir qrup əhalisi su qıtlığı ilə bağlı etiraz aksiyasına çıxdı, məqsəd yerli icra orqanlarının diqqətini problemin həllinə cəlb etmək idi və elə hesab edirəm ki, istəklərinə nail oldular. Yaranmış vəziyyətlə əlaqədar sakinlərlə rayon rəhbərliyi arasında görüş keçirildi. Sakinlərə problemin yaxın vaxtlarda həll olunması istiqamətində zəruri addımların atılacağına söz verildi. Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli bildirib ki, “hazırda əraziyə maşın və texnikalar yönəldilib. Su nasosları suyun səviyyəsinə uyğun nizamlanır. Yaxın saatlarda problemin həll olunmasına çalışılacaq”. Adamdan soruşarlar: gərək camaat küçələrə çıxa idi, bundan sonra problemin həllinə çalışıla idi? Bunu əvvəldən etmək olmazdı?

Məsələ Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin də diqqətini cəlb etdi. ASC məsələyə aydınlıq gətirmək məcburiyyətində qaldı və bildirdi ki, “rayonun Nabatkənd və Çolpu kəndlərinə kommunal-məişət ehtiyacları üçün suyun verilməsinin təcili bərpa edilməsi barədə yerli istismar idarəsinə ciddi tapşırıq verilib, hazırda bu istiqamətdə iş aparılır və işlər də nəzarətə götürülüb.” Əslində, bu məsələ vaxtında nəzarətə götürülməli idi. Belə çıxır ki, nə yerli icra orqanları, nə də Meliorasiya və Su Təsərrüfatı ASC vəziyətdən xəbərdar deyilmiş. Məncə, bütün bunlar o deməkdir, hər iki struktur öz vəzifə borcunu və məsuliyyətini dərk etmir.

 

- Saatlı rayonunun deputatı kimi, siz məsələ ilə bağlı həyəcan təbili çalmışdınızmı?

 

- Bəli, Saatlılı vətəndaşlarımızdan məsələ ilə bağlı, demək olar hər gün çoxlu zənglər alıram. Milli Məclisin 9 aprel tarixli plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilən zmanı mən həyəcan təbili çaldım. Milli Məclisin həmin iclasının stenoqramı çap olunub, baxa bilərsiniz. Mən həmin iclasda Saatlıda su qıtlığının iki subyektiv səbəbini və çıxış yolunu göstərmişəm. Birincisi, Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalına axıdılan suyun yoldakı itkisinin qabağı alınmalıdır. Çünki Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalına daxil olan suyun dörddən biri Bəhramtəpə su qovşağına çatanadək torpağa hopub itkiyə gedir. Üstəlik, nəticədə həm də qrunt sularının səviyyəsi qalxaraq torpaqların bataqlıqlaşmasına və şoranlaşmasına gətirib çıxarır. Çıxış yolu suvarma kanalının içinin beton üzlüklərlə örtülməsidir. Su itkisinin ikinci səbəbi Yuxarı Qarabağ kanalından Bərdə, Ağcabədi, Beyləqan, Yevlax ərazilərində suvarma zamanı sudan israfçılıqla istifadə olunmasıdır. Nəzarətsizlikdən həmin ərazilərdə suvarma zamanı suyun bir hissəsi kollektorlara axıdılır. Bu məsələyə nəzarət mexanizmi təcili olaraq işə salınmalıdır. Aldığım məlumata görə bir neçə il əvvəl belə bir nəzarət mexanizmi olub və xeyli müsbət nəticələr verib, həmin mexanizm ləğv ediləndən sonra isə vəziyyət xeyli pisləşib.

Hadisədən bir neçə gün əvvəl də mən Meliorasiya və Su Təsərrüfatı ASC ilə əlaqə saxladım, sədr müavini Rafiq Aslanova Saatlıdakı vəziyyəti çatdırdım, kömək istədim, Rafiq müəllim Saatlıdakı vəziyyətlə bağlı məlumatımı anlayışla qarşıladı və həmin gün Bəhramtəpədən Saatlı rayonuna 22-24 kub su daxil olacağını bildirdi, təəssüf ki, bu olmadı. Yəqin fikirləşiblər ki, həmişəki kimi, bu da ötüşəcək. Amma ötüşmədi...

 

- İndi rayonda məsələ ilə bağlı vəziyyət necədir?

 

- Aksiya baş verən kimi mən rayonla əlaqə saxladım, Çolpu, Orta Muğan və Nabatkənd kənd icra nümayəndələri ilə vəziyyəti müzakirə etdik. Bilirsinizmi, bu dəqiqə ən birinci məsələ bütün strukturlar, o cümlədən FHN-dəki nasos resurslarını səfərbər etmək və təcili əkin sahələrini suvarmaqdır. Əks-təqdirdə kəndlinin zəhməti yanıb kül olacaq. Belə olsa, təbii fəlakət kimi, kəndlinin bütün zərəri hesablanmalı və əlaqədar strukturların rəhbərlərinin cibindən ödənməlidir.

 

- Amma əlaqədar dövlət qurumları bütün günahı Kür və Araz çaylarında suyun azalması ilə bağlayırlar.

 

- Kür və Araz çaylarında suyun azalması, heç şübhəsiz, çox ciddi məsələdir, amma bu, həmin sahədəki vəziyyətə bəraət vermir. Cənab prezident əlindən gələni edir, 2020-ci il 15 aprel tarixdə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən  ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb.

 

Lakin ölkədə suvarma suyu ilə bağlı yaranmış vəziyyət və problemin ilbəil kəskinləşməsi göstərir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC də struktur və kadr islahatlarına ciddi ehtiyac var. Təsəvvür edin, keçən ildən hamı bilir ki, yazda, yayda su qıtlığı olacaq, amma bu qıtlıq başlayanda məlum oldu ki, kanallar təmizlənməyib, yazda əkin vaxtı camaatın tələbi ilə tələm-tələsik bu iş qismən görüldü. İndi məsələ kritik həddə çatandan sonra məlum olur ki, rayonda sahələri suvarmaq üçün su nasosları məhdud saydadır, onların da çoxu təmir olunmalıdır.  Halbuki Saatlıda əkin sahələrinin heç olmasa 30-40 faizini nasoslarla suvarmaq imkanı var. Onda soruşuram, bütün qışı Meliorasiya və Su Təsərrüfatı ASC və onun yerli strukturları harada idi?

 

Digər məsələ Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC arasındakı səlahiyyət bölgüsüdür. Əslində, Meliorasiya və Su Təsərrüfatı ASC Kənd Təsərrüfatı Nazirliyinin sifarişlərini yerinə yetirməlidir. Çünki Kənd Təsərrüfatı Nazirliyi hamıdan yaxşı bilir ki, harada nə əkilir və hansı ərazinin nə qədər su ehtiyacı olacaq, harada neçə artezian quyusu qazılmalıdır və s. Həmin artezian quyularının istifadəsinə də Kənd Təsərrüfatı Nazirliyi nəzarət etməlidir, Meliorasiya və Su Təsərrüfatı ASC yox. Belə olan surətdə bu iki qurumun birləşdirilməsi zərurəti də ortaya çıxır. Hər halda mən belə düşünürəm. Cənab prezident çoxlu artezian quyularının qazılması ilə bağlı külli miqdarda vəsait ayırır. Amma Azərbaycanda daha az xərclə təmir oluna biləcək çoxlu artezian quyuları da var və mənə elə gəlir ki, təcili həmin quyuların qeydiyyatı da aparılmalıdır.

 

- Əhali böyük torpaq sahələrini zəbt etmiş oliqarxlardan da narazılıq edir...

 

- Bu da ciddi amildir. Bir çox imkanlı şəxslər, şirkətlər, xüsusilə vəzifəli şəxslər bölgələrdə qohum-qardaşının adına çoxlu torpaq sahələri ələ keçirib, böyük əkin sahələri yaradıblar. Qoy olsun, nəticədə ölkənin xeyrinədir. Amma bu, o demək deyil ki, o şəxslər vəzifə səlahiyyətlərindən və maliyyə imkanlarından istifadə edərək həmin əkin sahələrini, istirahət məkanlarını, meyvə bağlarını camaatın suyunu kəsməklə su içində üzdürməlidirlər. Adamdan soruşarlar necə olur sənin yüz hektarlarla sahən gen-bol su ilə təmin olunur, amma kəndlinin 1-2 hektar əkini susuzluqdan yanıb kül olur. Belə imkanlı şəxslər öz sahələrini xalqın suyu hesabına yox, ciblərindən beş-on manat artıq xərcləyib, vurduqları artezian quyuları ilə suvarsalar, məncə, daha ədalətli olar. Heç kəsin, xüsusilə məmurların və iş adamlarının daha çox varlanmaq naminə kəndlini ac qoymağa mənəvi haqqı yoxdur. Mənə elə gəlir ki, bu məsələyə də xüsusi qayıdılmalıdır. Çünki bu bəla təkcə Saatlını yox, bütün respublikanı bürüməkdədir və yerlərdə ciddi sosial narazılığa zəmin hazırlayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...