Modern.az

Türkiyədəki azərbaycanlı həkim: Pandemiya təxmin ediləndən uzun sürəcək” - MÜSAHİBƏ

Türkiyədəki azərbaycanlı həkim: “Pandemiya təxmin ediləndən uzun sürəcək” - MÜSAHİBƏ

Müsahibə

8 İyul 2020, 12:30

“Azərbaycandakı pandemiya ilə mübarizə prosesini yaxından izləyirik”

 
“COVİD-19” adlı virus həyatımıza girdikdən sonra səhiyyə sistemimizdəki çatışmazlıqlar gündəmi zəbt etməyə başladı.  Biz çatışmazlıqarı tənqid etdikcə, bir ucu mütləq həkimlərə toxunur. Son vaxtlar “Bizdə yaxşı həkim yoxdu”, “Həkimlərimiz bacarmadı”  və s. kimi fikirlər tez-tez eşidilir. Amma hər zaman problemləri yaradan səbəbi unudur və “həkimləri danlamaq” prinsipinə üstünlük veririk.

Modern.az saytı olaraq bu gündən dünyanın dörd bir yanında fəaliyyət göstərən həkimlərimizi tanıtmağa çalışacağıq. Bu gün bütün dünya həkimləri ayaqda alqışlayır, çünki onlar koronavirusla “müharibənin” qəhrəmanlarıdır.  
Bizim də ilk qəhrəmanımız Türkiyənin Ankara şəhərindəki xəstəxananın həkimi, ürək-damar cərrahı Fərid Qasımzadədir. Fərid Qasımzadə həm də 2014-cü ildə qurulan Azərbaycanlı Həkimlər Dərnəyi İdarə Heyətinin sədridir. 


Tanışlıq: 1994-cü ildə ailəsinin işi ilə bağlı Türkiyəyə köçüblər. 6-cı sinifdən Türkiyədə təhsilini davam etdirməyə başlayıb. Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs Üniversiteyinin (OMÜ) Tibb fakültəsindən məzun olub. Eyni zamanda, tələbəlik illərində Azərbaycan tarixini, keçmişini və zəngin mədəniyyətini Türkiyədə tanıtmaq üçün aktiv çalışıb. “Samsun Azərbaycan Mədəniyyət və Həmrəlik dərnəyini” qurub. Universitetdən məzun olduqdan sonra təyinatla Türkiyənin Kastamonu vilayətində iki il terapevt həkim olaraq fəaliyyət göstərib. Həmin vilayətin Kürə bölgəsindəki Səhiyyə İdarəsində rəhbər vəzifəni icra edib. “Təşəkkürnamə” ilə mükafatlandırılan həkim 2009-cu ildə Ankara Universiteti Ürək-damar Cərrahiyyəsi klinikasında rezidentura təhsilinə başlayıb. Altı il ərzində bu klinikada ürək-damar cərrahiyyəsi ixtisası üzrə təcrübə qazanıb. Xüsusilə ürək köçürülməsi və süni ürək əməliyatları qrupunda aktiv iştirak edib. 2015-ci ildə "Aorta Anevrimazlarının qapalı yolla təmir edilməsi" mövzusunda elmi iş müdafiə edərək “Ürək-damar cərrahiyyəsi uzmanı” adını alıb. Bir müddət Ordu Üniversiteti Eğitim Araştıma Xəstəxanasında uzman operator cərrah olaraq işləyib.  
Həmin xəstəxanada damar cərrahiyyəsi üzrə bir çox uğurlu əməliyyatlar reallaşdırıb. Hazırda isə Ankara şəhər Xəstəxanasının həkimi, ürək-damar cərrahıdır.

 

- Fərid həkim, sizi tanıdıq. Başqa suallara keçmədən isə hazırda  tibb işçilərinin birləşdiyi dərnək haqqında danışaq. Türkiyədə Azərbaycana bağlı çox dərnək var. Məncə ən maraqlı dərnəklərdın biri də Həkimlər Dərnəyidir. İdeya maraqlıdır…


- Azərbaycanlı Həkimlər Dərnəyin Hacettepe Universiteti Beyin və Sinir Cərrahiyyəsi klinikasında işləyən azərbaycanlı həkim Şahin Xanalıoğlu başda olmaqla digər qurucu üzvlərin təşəbbüsü  ilə qurulub. Dərnəyin əsas məqsədi Türkiyədə və dünyanın müxtəlif ölkələrində tibb sahəsində təhsil alan və səhiyyə xidməti vərən Azərbaycanlı həkimlərin, səhiyyə işçilərinin, tələbələrin birliyi və həmrəyliyini möhkəmləndirmək, onların ehtiyac və problemlərininin həlli üçün səy göstərmək, Azərbaycan ilə Türkiyə və digər ölkələrdəki səhiyyə sistemləri arasında körpü yaratmaqla müxtəlif sahələrdə tədqiqatlar aparmaq, səhiyyənin inkişafı üçün təkliflər hazırlamaqdır.
İlk dəfə 2011-ci ildə Hacettepe Universitetində “Nümunəvi həkim olmağa doğru” şüarlı forumlarla səsini tibb dünyasına çatdıran dərnək Türkiyədə 1500-dən çox  azərbaycanlı həkim və  tələbəni ətrafına toplayıb. Azərbaycanlı həkimlərimizin birgə səyləri ilə ötən illərdə Türkiyədə tibb sahəsində uzmanlıq təhsili alan rezidentlər və tələbələr tərəfindən təşkil olunan və təkcə Türkiyədən yox, Azərbaycandan, hətta ABŞ-dan, Almaniyadan, Rusiyadan da nümayəndələrin iştirak etdiyi 6 tibb formu reallaşdırıb. Forumlarımızın miqyasını böyütmək və bənzər toplantıları Azərbaycanda da həyata keçirmək istəyirik. Birinci növbədə Türkiyədə təhsil alan və işləyən həkim və tələbələrimizin hüquqlarının qorunması prioritetimizdir. Elmi və texniki olaraq dünyanın ən müasir səhiyyə sistemlərindən birinə malik olduğunu düşündüyümüz Türkiyənin tibb təhsili və səhiyyə xidmətləri ilə bağlı bilik və təcrübələrin Azərbaycana tətbiqinə töhfə vermək də bizim missiyalarımız arasındadır. Bununla bağlı layihələr üzərində də işləyirik.


- Dərnəyin Azərbaycan adına keçirdiyi bütün toplantılar faydalıdır. Amma bəzən nəticə bizi daha çox maraqlandırır. Nəyə nail oldunuz bu toplantılarla?

- Əvvəllər Türkiyədə fəaliyyət göstərən xarici rezident doktorlara əmək haqqı vermirdilər. Biz buna nail olduq. Toplantılarımızın miqyasını böyütdük, Səhiyyə Nazirliyindən nümayəndələr, millət vəkilləri, diplomatik korpusumuzun rəhbərliyini dəvət etdik. Bu məsələni dəfələrlə qaldırdıq, müzakirə etdik. Çünkü Türkiyədə işləyən xarici həkimlərin əksər hissəsi azərbaycanlıdır. Nəhayət bizim verdiyimiz təklif Türkiyə parlamentində müzakirədən sonra qəbul edildi. Bu bizim nailiyyətimiz idi.

     

- Hazırda bütün söhbətlər dünyanı bürüyən “COVID-19” virusu ilə bağlıdır. Siz uzun illərdir Azərbaycanda yaşamırsız. Amma Azərbaycan üçün çalışmalarınız təqdirəlaqyidir. Sizcə Azərbaycan bu virusu necə qarşıladı?

- Düşünürəm ki, kimliyindən və harda olmasından asılı olmayaraq  azərbaycanlı adını üzərində daşıyan hər bir həkim Azərbaycan üçün faydalı olmağı düşünməlidir. Bütün uğurlarını Azərbyacana yönəlik hədəfləməlidir.
Hazırda mən istər akademik, istərsə də sosial fəaliyyətimi Türkiyədə davam etdirsəm də, ürəyim Azərbaycanladır. Bundan sonra da əldə edəcəyim uğurlarla Azərbaycana daha da faydalı olacağımı düşünürəm.

Virus məsələsinə gəlincə, dövlət səviyəsində stratejik qərarlarla erkən zamanda məhdudiyətlər və  karantin tədbirləri tətbiq olundu, ilk dalğa daha az yoluxma və aşağı ölümlə tənzimləndi.
Amma sonra davam edən periodda bir çox faktora bağlı olaraq, yoluxma sayı artdı ve görünən odur ki, Azərbaycan səhiyyəsi bir çox dünya ölkəsindəki kimi, xəstə potensialı qarşısında ciddi çətinlik çəkməkdədir. Burda bütün problem həkimlərdə deyil. Ümumi səhiyyə sistemindədir. Pandemiya bizi sovet dönəmindən qalan və islahatlar gözləyən, İcbari Tibbi Sığorta sisteminə keçid, TƏBiB təşkilatının yenicə qurulduğu, ancaq muasir tibbi xidmətin tətbiqi üçün çatışmazlıqlar olduğu dönəmdə yaxaladı.

Mövcud vəziyətdə tibb işçiləri fədakarcasına, həyatları bahasına mübarizə aparırlar.  Paytaxtla müqayisədə bölgələr daha da zəifdir.  Bu çətin ərəfədə zəhmətkeş həkmlərimizi tənqid edənlərə bir sualım var: Musasir tibbi xidmət tələb etdiyiniz həkimlər, tibb bacıları və bütün səhiyyə işçilərmizə nəyi təmin edə bilmişik?

Qabaqcıl ölkələrdəki maddi təminatlar, müasir iş şəraiti, tibbi sığorta sistemi, dərmanların pulsuz verilməsi həyata keçirilibmi? Bütün bunların təminindən sonra tibbi personalın keyfiyəti tənqid edilməyə açıq hala gələcək. İnkişaf etmiş səhiyyənin güclü olduğu ölkələrdə bu belədir.

Müasir tibbi təhsil Azərbaycan Tibb  Universitetinin (ATU) məsuliyətindədir, Azərbaycanda ən yüksək ballarla ən savadlı tələbləri qəbul edən ATU-nun ölkəmizin səhiyyəsini əmanət edəcəyimiz həkimlər yetişdirdiyini bilirik.  Bizlər də - xaricdə yaşayan azərbaycanlı həkimlər olaraq hər zaman elmi-praktik işbirliklərinə açıq olmalı, tarixində dünyaca məhşur tibb alimləri, cərrahlar yetiştirmiş ATU-ya dəstək olmalıyıq.

ATU-nu  və Azərbaycan həkimlərini COVID-19 dönəmindən öncə də mövcud olan  problemlərlə bağlı sorgulamağı düzgün saymıram.
Bu gün pandemiya səbəbi ilə aşkar əskikliyi hiss edilən təcrübəli tibb bacısı ehtiyacı daha bir vacib mövzudur.
 

- Pandemiya ilə mübarizəni xaricdən necə dəyərləndirirsiniz? Mübarizədə faydalı  ola biləcəyini düşündüyünüz addımlar nədir?

- Virus dönəmi fövqaladə vəziyətdir. Dövlət xəstəxanalarının mübarizədə yetərsiz qaldığı görülərsə, özəl  xəstəxanalar pandemiya xəstaxanalarına çevrilməli və təcrübəli tibbi personaldan faydalanılmalıdır. Çünki muasir avadanlıqlı reanimasiya şöbələri olan və təcrübəli həkim heyəti olan çox sayda xəstəxana tanıyırıq.
Türkiyədən Azərbaycana könüllü olaraq pandemiya mübarizəsi üçün gedən həkimlərimizin qarşılaşdığı problemlərdən xəbərdarıq. Məsələn, pandemiya ilə mübarizə aparan xəstəxanalarda ciddi köməkçi tibbi personala ehtiyac olduğunu öyrəndik. Bu personalın işi laboratoriyadan qan daşımaq, xəstələri əməliyyat otaqlarına aparmaq, xəstə mobilizasyonu, fiziki ağır işlərdə həkim və tibb bacılarına kömək etmək olmalıdır.
Məsələn, viruslu xəstələrin sadəcə yeritmək üçün Türkiyədə çox sayda işçi qəbul etdilər. Azərbaycanda bu kadrların tam sistemləşmədiyini görürük. Həkimlər, tibb bacıları hər işi görməyə məcbur qalırlar.


- Azərbaycana gedən həkimlərdən misal çəkdiniz. Onlar dərnəyin üzvləridirmi? Seçimləri necə həyata keçrildi?


- Bəli, ölkəmiz adına bu çətin zamanda çox uğurlu bir layihəyə imza atılmış olduq. Bu uğurlu proyekt 2019-cu ilin dekabr ayında Azərbaycanlı Həkimlər Dərnəyi ilə TƏBİB rəhbərliyi arasında cızılan “yol xəritəsi”nı əsasən reallaşdı. Azərbaycan hökümətinin koronavirus tədbirləri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisi, TƏBİB, Ege Univeristeti Xəstəxanası və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə həyata keçirdiyi bu layihədə əsas məqsəd  Türkiyədə fəaliyyət göstərən azərbyacanlı həkimlərin bu həssas dönəmdə ölkəsinə və ordakı həmkarlarına dəstək olmaqdır. Lahiyədə iştirak etmək üçün ümumilikdə 60-dan çox azərbaycanlı həkim müraciət etdi və seçim şurası təfinden ehtiyaç duyulan ixtisaslar üzrə 19 azərbaycanlı həkim seçildi. Onlar infeksiya xarakterli xəstəliklər, ağciyər xəstəlikləri, anesteziya və reanimasiya, daxili xəstəliklər və təcili tibbi yardım üzrə seçilən mütəxəssislərdir.
 

- Azərbaycanda bu dönəmdə çox sayda həkimlərimizi itirdik… Onların özlərini yetərincə qorumadıqları düşünülür. Siz pandemiya xəstəxanasında çalışan həkim olaraq necə qorunursuz?

- İşlədiyim Ankara şəhər Xəstəxanası Avropanın və Türkiyənin ən böyük xəstaxanası olaraq koronavirusla mübarizə aparır. Xəstəxanamızda fərqli klinik ağırlıqda olan təqribən 1000-dən çox xəstə olduğu üçün alınan tədbirlər və verilən mübarizə işığında vəziyyəti analiz etməyə çalışacam.
Ürək - damar cərrahı olduğum üçün ciddi ağciyər və ürək çatmazlığı vəziyyətində ehtiyac duyulan ECMO (Ürək Ağciyər Pompası) cihazının taxılması və müalicənin gedişatını izləmək kimi nadir hallarda reallaşan müalicə proseslərində iştirak edirəm.  Protokollara uyğun olaraq qoruyucu tulumlardan, N95 tipli masklardan istifadə edərək COVID-19-lu xəstələrin müalicə prosesini həyata keçiririk.  
Bütün tibb işçilərinin virusdan qorunmaq üçün günlük əməl etdiyi iş rejimində maska istifadəsi, əllərin tez-tez yuyulması, antiseptik vasitələrdən istifadə də daxil olmaqla qoruyucu tədbirlərimizi almışıq. Ümumiyətlə, virus Türkiyədə aşkar olunan kimi ciddi təbirlər alındı və qısa zamanda bir çox xəstəxanalar pandemiya xəstəxanası elan olundu. İxtisasından asılı olmayaraq bütün sahələrdə işləyən həkimlər növbəli şəkildə iş rejmində işləyirlər. Tibb işçiləri arasında xeyli sayda yoluxma olsa da, nadir ölüm halları oldu və həkimlərdən bir çoxu sağaldıqdan sonra işlərinə geri döndülər. Xəstəxanada ümumi vəziyyəti normallaşan xəstələr müalicələrinə evdə davam edirlər.
Hələ ki koronavirusun xüsusi müalicəsi yoxdur. Xəstəxanalarda tətbiq olunan müalicə metodları hər gün bir qədər təkmilləşdirilir. Pandemiya üçün təşkil olunmuş xüsusi elmi şura gündəlik iclaslarında ən son elmi yenilikləri dəyərləndirərək və aldıqları qərarları yeniləyərək həkimlərə göndərir. Bununla da xəstəliyin ağırlaşmamasi üçün istifadə olunan dərmanlar və metodlar yenilənir.


- Sizinlə söhbətimizdə bir az da məni qorxutdunuz. Dediniz ki, bu il bu xəstəlik bitməyəcək. Amma ölkəmizdə hələ
virusa inanlar və inanmayanlar arasında savaş gedir… 

 
- Bəli, virustan qorunma şərtlərinə riayət edərək yaşamağı öyrənmək məcburiyətindəyik. Artıq bu məsələ inanmaq və ya inanmamaqdan çoxdan çıxıb. Dünyanın önündə aciz qaldıgı virusa inanmamaq mövzu belə ola bilməz. Əslində Azərbaycanda insanalar ilk başlarda qaydalara əməl etdikləri üçün yoluxma sayı yox dərəcəsində idi. Sonra karantin yumuşadıldı və virüsa yoluxma sayı ardtı. Karantin tədbirləri yenə tətbiq edilərək say azaldıla bilər, ancaq yeni dalğaların da təkrarlanması mümkündür.


-
Niyə? Türkiyə karantinlə durumu stabilləşdirdi.

- Yanlış düçüncədir, Türkiyə karantin elan etdi və səhiyyəsinin gücünü yoxladı ki, bu virusla baş edə biləcək ya yox? Bir növ özünü test etdi və karantini açmağa qərar verdi. Çünki burda səhiyyə güçlüdür və bundan da  ağır durumun altından çıxa biləcək vəziyyətdədir. İndi Azərbaycan səhiyyəsi də günlük test və toluxma sayına görə gediş yolu seçməlidir. Əgər gücü yetmirsə,  karantin şərtləri uzadılmalıdır. İnsanlar bilməlidir ki, özləri özlərinə sahib çıxmalı, qorunmalıdırlar, səhiyyə sistemi yoluxmadan yox, müalicədən məsuliyətlidir.


- Türkiyədə
hazırkı durum necədir...

- Statistik göstəricilər qənaətbəxşdir, ancaq bundan sonrakı mərhələdə bizi nə gözləyir bilmirik. Səhiyyə sisteminin bir sonrakı dalğaya qarşı aldığı potensial tədbirlərlə bərabər karantin rejminin yumuşaldılması mərhələsində cəmiyyətin qoruyucu tədbirlərə nə qədər əməl etməsindən və ya etməməsindən asılı olaraq üçüncü və daha çox dalğalar gözləniləndir.
Bu proses əslində dünya ölkələrində səhiyyənin hansı vəziyyətdə olmasını açıq şəkildə ortaya qoydu. Türkiyə səhiyyəsinin və həkimlərinin pandemiya müddətində ortaya qoyduğu müalicə metodları dünya ölkələrinə yol göstərəcək potensialdadır. Çünki biz dünyanın bir çox qabaqcıl ölkələrində səhiyyə sisteminin çökdüyünə və insanların elementar tibbi xidmətləri ala bilmədiklərinə şahid olduq.


-
Azərbaycanlı Həkimlər Dərnəyinin Azərbaycana rəsmi olaraq yeni bir təklif göndərdiyini eşitdik. Söhbət hansı təkliflərdən gedir?

- Hazırda bu barədə danışmaq istəmirəm, həyata keçərsə, o barədə söhbət edərik. Amma TƏBİB və Səhiyyə Nazirliyinə dəstək və təklif məktubu göndərmişik.


Məhsəti Şərif,
Türkiyə, İstanbul

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi