Modern.az

“Virusla bağlı insanları çaşdıran saytların əməli dövlətə təxribat kimi qiymətləndirilməlidir” - Komitə sədri

“Virusla bağlı insanları çaşdıran saytların əməli dövlətə təxribat kimi qiymətləndirilməlidir” - Komitə sədri

Parlament

8 İyul 2020, 12:54

Kütləvi İnformasiya Vasitələrinin işi əsasən oxucuya dəqiq və təsdiqini tapmış məlumatları çatdırmaqdır. Təəssüf ki, günümüzün reallığında, xüsusilə də pandemiya dövründə həqiqətə söykənməyən informasiyalar yer almaqdadır. Bu da insanlar arasında ciddi çaşqınlıq yaratmaqla yanaşı, dövlətin insanların sağlamlığını qoruması ilə bağlı siyasətinə əks mövqe qoymuş olur. Qanunvericilik nəzərdən yanaşdıqda, bu kimi addımlar dövlətə qarşı təxribat kimi qiymətləndirilir.


Çox vaxt mətbuat, xüsusilə də “reket jurnalistlər” humanist yanaşmadan sui-istifadə edərək dövlətini siyasətinin əksinə gedirlər. Hazırda dünyada, eləcə də ölkəmizdə COVID-19 pandemiyasına qarşı mübarizə aparılır. Hər birimizə aydındır ki, belə məsələlərdə informasiya mübadiləsinin ədalətli və düzgün aparılması əsas şərtdir. Çünki sonda hər hansı yanlış informasiya vətəndaşların sağlamlığını sual altına qoyur.


İxtisasca həkim, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  məsələyə bir neçə aspektdən nəzər salıb. O, Modern.az-a açıqlamasında peşəkarların yetərli olmadığını deyib:


“Kütləvi İnformasiya Vasitələrinin əsas işi ictimaiyyətə vaxtında və düzgün informasiya verməkdir”


“Həmçinin, informasiyanı da onu doğru verə biləcək səlahiyyətli şəxsdən, o sahənin mütəxəssislərindən, peşəkarlardan almaq lazımdır. Bunlar jurnalistlərin bilməli olduğu ən adi qaydalardır. Azərbaycanda elektron KİV-in sayı çoxdur. Çox olduğuna görə də peşəkarlar o qədər də yetərli deyil. Şou effekti yaradan insanların isə jurnalistikadan, mətbuatdan, informasiyanın verilməsi qaydalarından xəbəri yoxdur. Birinci səbəb budur”.


“İctimai qınaq olmalıdır”


Musa Quliyev ikinci səbəbin sosial şəbəkələr olduğunu bildirib:


“Sosial şəbəkələr həddindən artıq genişdir. Ona görə də məsuliyyətsiz, həqiqətə uyğun olmayan, çox zaman uydurma məlumatlar yayılır. Bu məlumatların da mənbəyini yoxlamadan həmin o keyfiyyətsiz elektron KİV-lər götürüb oxunaqlı olmaları üçün yaymağa başlayırlar. Şübhəsiz ki, buna nəzarət də, ictimai qınaq da olmalıdır. Xüsusilə, KİV-lə əlaqədar qurumlar iclaslar keçirməli və öz mövqelərini bildirməlidirlər. Sosial şəbəkələrə nəzarəti gücləndirə və nəzarət yarada bilməyimizin vaxtı çoxdan çatıb. Çünki biz sosial şəbəkələrin problemlərini gördük. Hesab edirəm ki, burada bir neçə istiqamətdə uyğunsuz fəaliyyət var. Ya ermənilərin azərbaycanlı adı altında sosial şəbəkələrə girərək orada  informasiyalar yaymaları, ya da “5-ci kolon”un - Azərbaycana düşmən qüvvələrin hazırladığı informasiyaları yaymaları. Eyni zamanda, bəziləri var ki, özlərinə “layk” yığmaqdan ötrü başqa ölkələrin sosial şəbəkələrindən yanlış informasiyaları götürüb tərcümə edirlər. Yanlış məlumatlar indi sağlamlığa zərbə vurur”.


““Burnunuza sarımsaq suyu sıxın” və sairə”

Komitə sədri deyir ki, pandemiya ilk ortaya çıxan dövrdə virusun xarakterini bilmədiyimizdən digər yuxarı tənəffüs yollarının iltihabı xəstəliklərinə oxşayan bir virus olduğunu düşünürdük:


“Bu zaman türkəçarə müalicələr, qrip və soyuqdəymənin müalicəsi ilə bağlı uyğun olan dərmanların təbliğatı getməyə başladı. Yadınızdadırsa, pandemiya yeni yayılan vaxtlarda deyirdilər ki, “burnunuza sarımsaq suyu sıxın”, “zəncəfil işlədin”, “spirtli içkilərdən istifadə edin” və sairə. Halbuki, bunların hamısı olduqca zərərli şeylər idi. İnsanın immunitetini aşağı salırdı. Ancaq media “maska taxın”, “məsafə saxlayın” yazmırdı. Virusun xarakteri öyrənildikdən, ÜST-lə əlaqələr möhkəmləndikdən sonra artıq beynəlxalq standartları tətbiq etməyə başladıq. Ancaq özünü alim kimi göstərən bəzi adamlar Azərbaycan vətəndaşlarına bu məsləhətləri verməsi barədə məsuliyyət də hiss etmədi. Son vaxtlar sosial şəbəkələrdə “virus yoxdur, virusa inanmayın” çağırışlarına rast gəlinmir. Bu da yaxşı haldır. Görünür, ya özləri bu virusa inandılar, ya da bu çağırışın bir effekt vermədiyini gördülər. Həmçinin elektron KİV-də, mediada, televiziyada maarifləndirmə işləri nəticəsini verdi”.


“Mətbuatın, dövlətin siyasətinə qarşı informasiyalar paylaşmaq təxribat kimi qəbul edilməlidir”

Musa Quliyev mediaya, elektron KİV-ə çağırış da edib:


““Bizi nahaq yerə evə salıblar. Karantin rejiminə ehtiyac yoxdur”, “sosial məsafəni qorudun-qorumadın hamı bu virusa tutulacaq” tipli informasiyalar yayılır ki, bunlar da təhlükəlidir. Nazirlər Kabineti yanında Operativ Qərargah yaranandan heç bir tövsiyə irəli sürə və fikir bildirə bilmədiyimi demişəm. Çünki Operativ Qərargah nə desə, onu etməliyik. Bütün fövqəladə, epidemiya və hərbi rejimlər dönəmlərində hər şey bir mərkəzdən idarə olunmalıdır. Hesab edirəm ki, yanlış çağırışlar edilməməlidir. Yanlış çağırışlar edənlərə tövsiyəm odur ki, kimin nə yeni və original fikri varsa, məktubla Operativ Qərargaha göndərsin. Qərargah həmin fikirləri dərhal nəzərdən keçirəcək. Jurnalistləri diqqətli olmağa, koronavirusla bağlı dövlətin apardığı siyasətə alternativ fikirlər yaymamağa çağırıram. Bu, həm konkret cinayət məsiliyyəti, həm də insanlarımızın sağlamlığına qarşı təxribatdır. Hesab edirəm ki, Mətbuat Şurası, mətbuatla bağlı olan qurumlar bu məsələni nəzarətə götürməli, baş verəcək neqativ halların qarşısı zamanında alınmalıdır. Bu koronavirusla bağlı xəbərlərdən tutmuş, dərmanların satışına qədər bütün sahələri əhatə etməlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?