Modern.az

“5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat  

“5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat  

10 İyul 2020, 11:03

“Dünya enerji bazarlarındakı durğunluq və qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədiyini hamımız hiss edirik. Yeni növ koronavirusun pandemiya elan olunduğu gündən bütün dövlətlər yaxın dövrün iqtisadiyyatına dair ən bədbin proqnozlara hazırlıq görməyə başlamışdılar. Azərbaycan da istisna deyildi. Mart ayından etibarən ilin bu dövrü üçün xüsusilə rentabelli işləyən ticarət və turizm sahələri faktiki staqnasiya şəraitindədirlər. Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın da gəlirlərinin azalması ilə nəticələndi. Bununla belə, bu ilin ilk 5 ayının nəticələrinə görə, milli iqtisadiyyatımızdakı geriləmə cəmi 1,7 faizdir”.

 

Bu fikirləri Modern.az-a  Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

 

Deputat hesab edir ki, mövcud reallıqda bu göstərici Azərbaycan iqtisadiyyatının real əsaslar üzərində dayandığının bariz nümunəsidir.

 

“Hazırki dövrün ən ciddi problemi gələcəyə dair proqnozun olmamasıdır. Dünyada heç kim pandemiyanın nə vaxt bitəcəyi və yaratdığı iqtisadi sıxıntıların hansı müddətə aradan qalxacağına dair ehtimalla çıxış edə bilmir. 5 ay ərzində iqtisadiyyatımızın cəmi 1,7 faiz azalması qorxulu rəqəm deyil. Cənab Prezident bugünlərdə bildirdi ki, bu geriləməni tez bir müddətdə kompensasiya etmək mümkün olacaq” – deyən millət vəkilinin fikrincə, sərt karantin rejiminin ilk günlərində çoxları daha bədbin ehtimallarla çıxış edirdilər.

 

E.Allahverdiyevin sözlərinə görə, dövlət ilk gündən vətəndaşların sağlamlığı amilini önə çəksə də, bugünkü reallıq göstərir ki, dövlət xərclərinin artması iqtisadi sabitliyə ciddi təsir göstərməyib:

 

“Prezident ilk gündən bildirdi ki, bizim üçün öncə vətəndaşın sağlamlığı, sonra isə iqtisadiyyatdır. Bu, faktiki olaraq iqtisadiyyatın ikinci plana keçdiyinin elan olunması idi. Ancaq bu gün biz görürük ki, hətta bu kursun mövcudluğunda belə milli iqtisadiyyatımız möhkəm zəminlər üzərindədir. Bu, əlbəttə ki, bizim üçün gələcəyə dair ciddi ümidlər verən faktordur”.

 

Deputat bildirib ki, sosial layihələrin təxirə salınmaması, xüsusilə məcburi köçkünlər, şəhid ailələri və hərbçilərə yönəlik tədbirlərin davam etdirilməsi dövlətin maliyyə ehtiyyatlarının kifayət edəcək həddindən xəbər verir:

 

“Dövlət başçısı bu il məcburi köçkünlər üçün rekord sayda binaların tikiləcəyinin, 7 mindən çox köçkün ailəsinin yeni mənzillərlə təmin ediləcəyinin anonsunu verdi. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək, halbuki ildə 700-800 mənzil təqdim edilir. Orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı təqribən 85 minə yaxınlaşır. Bu, 300 mindən çox insan deməkdir. Hazırda dünyanın barmaqla sayılacaq ölkəsində bu həcmdə sosial layihələr həyata keçirilir” – deyə deputat bildirib.

 

Milli Məclisin deputatının sözlərinə görə, istənilən böhran yeni imkanlara yol açır.

 

“Təbii ki, biz istəməzdik bu itkilərimiz olsun. Ancaq yaranmış çətin situasiyada yeni imkanlar tapmağa çalışmalıyıq. İndi hamımız kənd təsərrüfatı sahəsində ciddi yüksəlişin olduğunu görürük. Məncə bu reallıq bizim aqrar sahənin inkişafında yeni səhifəni açmağımıza stimuldur. Son 5 ayın göstəricilərinə görə, bu sahədə 3,6  faizlik artıma nail olmuşuq. Heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 5,3 faiz artım var. Pandemiyaya baxmayaraq, kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir qıtlıq yaşanmayıb” – deyə E.Allahverdiyev söyləyib.

 

E.Allahverdiyevin fikrincə, istənilən halda iqtisadiyyatın bir yerdə dayanması daimi proses ola bilməz. İqtisadi münasibətlər, ixrac-idxal prosesi bərpa olunduqca, karbohidrogen ehtiyyatlarına dünya bazarlarındakı tələbat artdıqca Azərbaycanın əsas ixracat məhsulunun qiyməti sabitləşəcək. Bütün bunlar iqtisadi perspektivlərə dair pozitiv siqnallardır: “Təbii ki, böyük itkilərimiz var. Söhbət tək iqtisadiyyatın fəaliyyətsizliyindən getmir. Axı dövlət ziyan çəkmiş sahələrin, xüsusilə özəl sektorun ayağa qalxması üçün iri vəsaitlər ayırıb, sahibkarların itkilərinin bir qismini öz üzərinə götürüb, şirkətlərin işçilərinin əməhaqqılarının ödənməsini həyata keçirir. Bunlar böyük xərclərdir. Ancaq bunların kompensasiya ediləcəyinə ciddi ümidlər var. Məsələn, çoxları neftin qiymətinin kəskin aşağı düşməsini sanki iqtisadi kollaps kimi qələmə verirdilər. Halbuki cənab Prezident də bəyan etdi: neftin barreli hətta 14 dollar olacağı tədqirdə Azərbaycan iqtisadiyyatı bu təzyiqə tab gətirmək gücündədir”.

 

Millət vəkilinin sözlərinə görə, hazırki vəziyyətdə dövlət çətinlikləri dəf etməyə səfərbər olduğu halda təəssüf ki, bəzi siyasi qüvvələr hətta neftin qiymətinin aşağı düşməsindən sevinir, bunu bir fürsət kimi görürlər: “Prinsipcə, bu, bizim üçün yenilik deyil. Təəssüf doğuran sadəcə odur ki, eyni xalqın nümayəndəsi olasan və belə cılızlıq nümayiş etdirəsən. İqtisadi itkilərimiz bərpa olunacaq, ancaq siyasi cılızlıq, savadsızlıq, sabahı görmək bacarığının yoxluğunu kompensasiya etmək çətindir. Ələxsus da bu şəxslərdə. Bunu arxada qalan illər də göstərir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır