Modern.az

Vaqif Bayatlı: “Yazıçılar Birliyində iki nəfər dedi ki, “o dəlidi, kim onu gətirib bura?”" - MÜSAHİBƏ

Vaqif Bayatlı: “Yazıçılar Birliyində iki nəfər dedi ki, “o dəlidi, kim onu gətirib bura?”" - MÜSAHİBƏ

31 May 2012, 14:50

“Şeirlərimi imzasız çap edəcəm. Əsl sənət xəlqiləşməlidi və Allahın olmalıdı”

“Bu insan kimi isə bədbəxtliyimdir ki...”


Məşhur şair, tərcüməçi, ruh adamı Vaqif Bayatlı Odər bir həftə ərzində müsahibənin saatını, gününü bir neçə dəfə dəyişsə də, nəhayət vaxt təyin edib görüşə bildik. Görüş təbiətin qoynunda, insanların istirahət etdiyi, uşaqların qaçıb əyləndiyi bir parkda oldu. Boş skamyaların birinə əyləşib ədəbiyyatdan və Vaqif Bayatlı Odərin ruh aləmindən söhbət etdik. Modern.az Vaqif Bayatlı Odərin müsahibəsini təqdim edir.

- Sizə müsahibənin günü ilə bağlı zəng etdim və bir neçə dəqiqə danışdıq. Bu bir neçə dəqiqə ərzində müsbət enerjinizin təsirini duydum. Bu enerji hardan qaynaqlanır və insanlara bunu  necə ötürə bilirsiniz?

- Mən ən dəhşətli, ən pis şeyləri də gözəl göstərməyə və daha da gözəlləşdirməyə çalışıram. Bu da ki, hər oğulun işi deyil. Milləti də gücləndirmək üçün məhz elə bu lazımdı və bu da mənim missiyamdı. Beləcə insanlara ötürəcəyim müsbət enerji daha da güclənəcək.

- İndi şəhərin ən gözəl parklarından birində əyləşmişik və ətrafımızda da insanlar durmadan axın edir. Bəs belə bir hal olubmu ki, beləcə parkda əyləşib insanları müşahidə edəsiniz? Bir insanı həddindən artıq dərdli, problemli görəsiniz və yaxınlaşıb onun dərdini bölüşmək istəyəsiniz ?

- Belə dərdli insanlar hədindən artıq çoxluq təşkil edir. Mən belə insanlarla görüşürəm və danışıram. Bu şair kimi xöşbəxtliyim, amma insan kimi isə bədbəxtliyimdir ki, bircə insan da mənim nəzərimdən qaçmır. Arada da çalışıram ki, o insanlara baxmayım. Çünki baxan kimi onların dərdini, problemini və kədərini o dəqiqə hiss edə bilirəm. Bəzən elə hiss edirəm ki, məndən də dərd, qəm, ağrı keçir. Arada gözəl duyğular, sevgilər də keçir. Bəzən isə insanların özəri bilmədən yanımdan ötüb keçənlər üçün üçün dua edirəm. Çalışıram ki, onların energetikasını daha da gücləndirim və gözəlləşdirim.

- Deyəsən müsahibələrinizin əksəriyyətini elə təbiət qoynunda verirsiniz. Bu da ki, sizin daha çox təbiətə yaxın olmağınızdan xəbər verir. Bəs təbiətə bağlılığınızın bir sərhəddi varmı?

- Bəzi müsahibələrimi də gəzə-gəzə vermişəm. Hətta xarici müxbirlər də belə müsahibələr alıblar və onlar da buna çox təəccüblə yanaşıblar. Bilirsiniz, mən belə daha canlı oluram və daha yaxşı duyuram hər şeyi. İnsan axı oturub çox fikirləşəndə daxili bir biclik yaranır və çox şeyləri gizlədirsən, amma hərəkət edəndə, yeriyəndə isə daha təbii və daha güclü olur. Güclü o mənada ki, insan belədə enerjisini və mənzərəsini daha dəqiq ifadə edə bilir. Təbiətə bağlılıq deməzdim buna, daha çox göy üzünün adamıyam. Həmişə də bu məsələni qaldırıram və mənə gülürlər ki, Vaqif elə göydən yapışıb. Yer üzü göy üzündə kiçicik bir nöqtədi, milyardda biridir. Biz hamımız göy üzünün övladlarıyıq və İlahi də bizi belə yaradıb. Bunu dərk etməliyik və duymalıyıq. Bir də düşünməliyik ki, bu bizə nə verə bilər? İnsan özünü göy üzünün bir hissəsi olduğunu dərk edəndə Yerin xırda və cılız problemlərini özünə yaxın qoymayacaq. Yer üzündən yapışmaq isə İlahini inkar eləmək və ondan uzaqlaşmaq deməkdir. Yer üzü ilə göy üzünü qarşı-qarşıya qoymaq olmaz. Elə bilin ki, Xəzər dənizi ilə hansısa bir gölməçəni müqayisə edirsən. Bəzən də olur ki, bu Yer insanlarının dilində danışıram. Əbədi həqiqətlərimi və ideylarımı onlara izah etməli olduğum üçün Yer dilində danışmalı oluram.

- Siz necə düşünürsünüz, indiki dövrdə insanlar yalnız öz mənfəəti üçünmü yaşayır?

- Mən qəti bu fikirlə razı deyiləm. Öz mənfəətini güdməyən onlarla insanlar tanıyıram və bəziləri də artıq bu dünyadan köçüb. Məsələn, Əbülfəz Elçibəy mənim dostum idi və o tipdə olan bir neçə insanın da adını çəkərəm ki, xalq üçün yaşayıblar. Bu insanlar heç vaxt özlərinin mənfəətini xalqın mənfəətindən daha üstün tutmayıblar.

- Bu fikri daha çox bəzi yaradıcı insanlara aid etmək istərdim, çünki mənfəətləri üçün qələmə sarılıb saxta yazılar da yazırlar. İnsanların içində İlahi üçün, insanlıq üçün yazıb-yaradan çoxdur, yoxsa saxta yazanlar?

- İnsanlıq üçün yazıb-yaradan. İngiltərənin həftəlik dərgilərindən birinə müsahibə verəndə belə bir fikir demişdim: “Azərbaycan poeziyasını bir orduya çevirsən hətta ingilis ordusunu darmadağın edər”. Bu fikrə heç qısqanmadan və çəkinmədən dərgilərində yer verdilər. Bizim şeirin səviyyəsi ingilis şeirinin səviyyəsindən qat-qat yuxarıdır.

- Hüseyn Cavidin belə bir misrası var: “Mən fəqət hüsnü-xuda şairiyəm, Yerə enməm də səma şairiyəm”. Sizcə göy üzünü bu qədər tüstü bürüdüyü halda, səma şairləri təmiz qala biliblərmi?

- Siz Cavidi yada saldınız və deyim ki, elə şairlər var ki, cismani şairlərdi, yəni bədənləri şairdi. Amma ruh aləminin şairləri isə çox az olur. Ruhi şairlərə o toz, çirk heç vaxt bulaşmır. O çirkin özü belə, onlara yaxın gələ bilmir. Bəlkə də İlahi təmizliyə sahib olduqları üçün.

- Bəs plagiatlıqla bağlı nə deyə bilərsiniz, belə bir problem yaşamısınız? Yəni sizin şeirinizi özəlləşdirənlər olubmu?

- Əslində mən düşünürəm ki, imza ləvğ olunmalıdı və söz, şeir yaşamalıdı. Mən əksinə sevinirəm ki, mənim düşündüyümü kimsə yayır və götürür.

- Həmişə deyirsiniz ki, dostlarınız, yazı adamları sizə kosmosu duyan kimi baxır. Bəs deyə bilərsiniz, göylər bizdən niyə üz döndərib?

- Göylər bizdən heç vaxt üz döndərə bilməz. Bir az siyasətə də toxunacam. Elə götürək türk dünyasını, hardasa 20 il bundan öncə neçə türk dövlətinin adını saya bilərdik? Heç birinin, ancaq Türkiyənin, bir də yarım müstəqil olan Kıbrısın. Amma indi bu siyahı artıb, hətta deyərdim ki, Türk dünyası bizim dilimiz və düşüncəmiz deməkdir. Amma Azərbaycanda bəzi xalqlar var ki, türk sözündən qıcıqlanırlar. Çox nahaq yerə belə düşünürlər. Türk etnosu daha geniş bir anlamdır. Bununla da bu sualın cavabını bitirək. Çünki göylərin bizdən üz döndərmədiyi anlaşılır.

- Şairlər sanki hər yazdıqları şeirdə sınağa çəkilirlər. Bəs bu sınaq nə zamansa bitəcəkmi?

- Mən bunu heç vaxt düşünməmişəm və hesab etmirəm ki, şairlər şeirlərində hansısa bir sınağa çəkilirlər. Şairlər yalnız İlahi bir sınağa çəkilə bilər. Elə insanlar da var ki, zamanın insanları deyil, zamansızlığın insanlarıdı. Onlar zamanı özlərinə tabe edə bilir. Zaman da ki,onların zamanı olur artıq. Bir tərəfdən də deyərdim ki, zaman bir az da yalanla qurulan bir şeydi.

- Bəs Azərbaycanda sizi nə cəlb edir, yoxsa burdan birdəfəlik çıxıb getmək istədiyiniz zamanlar olub?

- Hətta sovet dövründən mənə Moskvada yaşamaq təklif olunub, amma imtina etmişəm. Balıq necə öz akvariumunda yaşayır, mən də Azərbaycanda eləyəm. Gərək ətrafımda olan hər kəs mənim dilimdə danışsın. Başqa yerdə yaşaya bilmərəm. Bu torpaqsız, bu ağaclarsız mən yaşaya bilmərəm. Bəlkə ancaq dilimə yaxın olan türk ölkələrində yaşaya bilərəm.

- Səhv etmirəmsə, siz 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz və o zaman  bir sıra problemlərlə də üzləşmisiniz?

- O vaxt Yazıçılar Birliyinin rəhbərliyi də dəyişirdi və mən kitabım çıxmadığı halda üzvlüyə qəbul olunmuşdum. O zaman mənə inanın ki, dünyanın bütün ittihamlarını deyirdilər. Hətta dəli olduğumu iddia edənlər də var idi. “Dəlixana da yatıb” deyirdilər. Yazıçılar Birliyində iki adam çıxışında dedi ki, “o dəlidi, onu kim gətirib bura?”. Misramı oxudular və düşündülər ki, camaat da deyəcək ki, bu dəlidi, amma əksinə hər kəsi məni alqışladı.

- Həqiqətənmi şairlər, yazıçılar zəifləyəndə oxucular şairləşir və meydan sulamağa başlayır?

- Bunu şairlərin dünyadan yapışmaq cəhdi kimi izah edərdim. Əsl şairlik isə dünya həqiqətlərindən yapışmayanda olur. Belə deyək də İlahinin ətəyindən yapışmaqdan başqa bir şey olmamalıdır və ədəbi poeziya bunun üzərində qurulub. Mən sizinlə razı deyiləm, oxucu şairləşə bilməz. Mən ilk dəfə 29 yaşımda çap olunuşam. Ən yaxşı işi o vaxt Yusif Səmədoğlu etmişdi. Oxudu və çap elədi şeirlərimi. Bir il redaksiyasına kim gəlirdisə, ona da oxuyurdu. Əslində hansısa bir şeirə, ya yazıya imza qoyanda sanki bu dünyadan yapışırıq. Ən yadda qalan şeirlər imzasız olanda bayatılaşır. Gələcəkdə yəqin ki, şeirlərimi imzasız çap edəcəm. Əsl sənət xəlqiləşməlidi və Allahın olmalıdı.

- Olubmu ki, nələrisə deməyib qəlbinizdə gizli saxlamısız?


- Heç nəyi gizli saxlamıram və elə sovet dövründə də istədiklərimi demişəm. Nə istəyirdim yazırdım, indi də eləyəm. Amma o vaxtı bəzilərini  ixtisar edirlər və ya başında nəsə yazırdılar. Amma indi o şeirlərin çoxunu ilkin variantında yenidən kitabıma salacam. Bəziləri bu fikri bəyənmir, mən də ilkin variantı göztərirəm oxuyurlar və deyirlər əladı, dəyişmə. Daha bilmirlər ki, elə ilkin varianta baxırlar.

- Bəs gənclik illərində yazdığınız şeirlərdən hansınınsa zəif olduğunu düşünərək onu cırıb və yandırmamısınız? 

- Mən o qədər şeirlərimi itirmişəm, cırıb atmışam və mənim üçün bu adi bir haldır. Əgər mənimdisə, qayıdıb gələcək. Pis və zəiflər isə qayıtmayacaq. Ruh itmir və həqqitən bu şeirlər ruh ilə yazılıbsa heç vaxt itə bilməz.

- Necə düşünürsünüz, kimlər daha çox saxtakarlıq və ikiüzlülük edir: aktyorlar, şairlər, yoxsa adi insanlar?

- Mən ikiüzlü, yalan danışan insalardan çox uzağam. Ona görə də nə deyim, bilmirəm. Bəlkə aktyorların və adi insanların elə özlərindən soruşaq? Mən insanların ancaq gözəl şeylərini yadda saxlayıram. Mənim beynim, ürəyim zibilxana deyil ki, pis şeyləri yığıb saxlasın. Heç vaxt saxlamıram da. Olub ki, bir neçə nəfərlə mehriban görüşmüşəm və sonra deyilər ki, bəs sizinlə dalaşmışdıq. Mən də deyirəm ki, yadımda saxlamıram. Beyni də yükləmək olmaz. Heç kəslə də küsülü qala bilmirəm.

- Bir az  da Müasir Azərbaycan ədəbiyyatına toxunaq. İnkişaf edən və geriləyən tərəflərindən danışmanızı istərdim.

- Mən ədəbiyyatın geriləyən tərəfini görmürəm, əksinə deyərdim ki, çox sürətlə inkişaf edir. Xüsusən də poeziya və nəsrdə gənclərin inkişafını görürük. Mən buna sevinirəm. Elə götürək Kamal Abdullanı, onun Nobelə namizəd seçilməyini. Bəziləri dodaq büzsə də, mən buna sevinirəm.

- Daha çox oxuduğunuz müəllif və kitablar varmı?

- Müasirləri də, dünya ədəbiyyatını da oxuyuram. Ən çox sevdiyim yazıçı Dostoyevskidir, sevdiyim şair isə Füzulidir. Arada da düşünürəm ki, başqa şeylər də istəyirəm. Onlar da Yerdə yoxdur. Bilirəm ki, İlahinin yanındadır, onun ətəyindədir. Onları hiss edəndən sonra çox şeylərə  acıyıram və düşünürəm ki, niyə onlar da bu səviyyədə deyil. Yerüstü həqiqətlər niyə göyüzü həqiqətlər kimi deyil. Darxdırıcı gəlir hər şey və ildən-ilə də daha çox tənhalaşıram, yalqızlaşıram, tək oluram. Sevinirəm ki, mən türkəm. Tənhalığın heç bir dildə 3 mənası yoxdu. Tək, tənha, yalqız. Belə geniş pəncərəsi yoxdur. Tənhalığının İlahi həqiqətlərini axtarırsan. Bəziləri paxıllıq edir Kamal Adbullanın Nobelə aday olmasını, amma mən deyirəm ki, gəlsinlər görsünlər ki, burada xəzinə var. Bir müddət sonra buna da maraq öləcək.

- Yaradıcılığınızda nə kimi yeniliklər var ?

- Yeni kitabımı hazırlayıram. Çox arzu edərdim ki, imzasız çıxsın. Arada da düşünürəm ki, hansısa şeir çatmır saxlayıram.

- Sizin şeir deməyiniz başqa bir dünyadır. Sanki hardasa çox uzaqlarda olursunuz o anlarda. Arada coşqun dəniz, arada da sakit çay olursunuz...

- İlk dəfə gəncliyimdə şeirlərimi oxuyanda mənə deyirdilər ki, elə bil Quranın avazı ilə oxuyursan. Özüm isə heç nə cür oxuduğumu bilmirdim. Oxuyanda elə bilirdim ki, hansısa musiqi aləti ilə oxuyuram. Belə duyurdum. Sonra ud almaq istədim, iki il bundan əvvəl, amma saxladım almadım, çünki xəstələndim. Uda yazığım gəlir, qolu bir az şikəst kimidi. O ud azarı hələ də qalıb məndə. Sonra da saza keçəcəm. Özüm duyuram bu musiqini, istərdim hamı duysun.

- Bəs siyasi aləmdən kimləri özünüzə yaxın hiss edirsiz ?

- Millət vəkili Qənirə Paşayevanı deyə bilərəm və qeyd edim ki, o çox nəhəng bir  xanımdı. Sonra isə dostum yazıçı, millət vəkili Aqil Abbası deyə bilərəm. Qənirə xanım xalqımız üçün çox işlər görür, daim insanlara dəstək olur. Bu iki şəxsə mənim hörmətim və dərin rəğbətim var. Hər bölgənin problemləri ilə məşğul olmağa çalışırlar.

- Tərcümə ilə yenə də məşğul ola bilirsiniz, vaxtınız varmı?

- İndi tərcümə etmirəm. Amma tərcüməyə özümü həsr etsəm, ayrı bir işlə məşğul ola bilmirəm. Bu günə kimi kifayət qədər tərcümə etmişəm. İndi də bilsəm bir vacib, lazımlı şair var, tərcümə edərəm. Devrim şairləri də təəssüf ki, yoxdur.

- Sevgi sizin aləminizdə nədir və ona necə bir ad, izah verərdiniz?

- Sevgidən başqa bir şey varmı mənim aləmimdə? Hər şey İlahiyə böyük bir sevgidən gəlib keçir. Sevgisiz insanlar çox mənasız və eybəcər olardı. Hər yaşda da sevmək olar. İlahini kim nə qədər duyursa, bir o qədər sevgisi olacaq deyərdim.

- Tanrı hər birimizə duyğuları yüz faizlik verir, amma o faizləri bölmək necə ola bilər? Axı insanlar fərqlidi.

- Allah bizə yüz faiz gözəllikləri və duyğuları verir. Baxır insanlar o fazin neçə hissəsini üfunətə çevirib korlayır. Əsl insan gərək özü özünü gözəlləşdirsin və gözəllik qoxusun.

- Sizi müasir ədəbiyyatda daha çox sürrealizm cərəyanının nümayəndəsi sayırlar. Siz bununla razısınız?

- Mənim yaradıcılığımda bütün cərəyanlar  var.

- İndi sizin elə bir dövrünüz başlayıb ki, yaşlaşırsınız, həm də sanki uşaqlığa tərəf addımlayırsınız. Mən nədənsə belə duyuram...

- Çox düzgün duymusunuz və deyərdim ki, elə bütün insanlar uşaqdı. Bunu şeirlərimdə də demişəm və hamı sonda gəlib uşaqlaşacaq. Bəziləri də özlərini yaşlı göstərməyə çalışır. Çox təəssüf edirəm ki, dünya uşaq olmaqdan qorxur. Şeirlərimin hamısı uşaq ruhu əsasında yazılıb. Mən uşaq dilində yazıram. Bunlar uşaq şeiri deyil səhv salmasınlar. Sadəcə uşaq dilində yazıram.

Könül Səid

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir