Arxiv
25 İyul 2020, 12:29 | ƏDƏBİYYAT
Səhv düşəndə yerimiz

                                            (hekayə)

Nədənsə, ona elə gəlirdi ki, dənizlər, okeanlar insanların göz yaşlarından yaranıb. Saya-hesaba gəlməyən bəşər övladlarının göz yaşları əsrlər boyunca dama-dama göl olub, lap Xəzər kimi. Göz yaşlarının ardı-arası kəsilmədiyindən dəryalar daşmasın deyə buxarlanaraq bulud-bulud asimana dirənir. Göylər gözünü sıxdıqca yaşlar təzədən Yerə ələnir, arınır-durulur və bir hissəsi yenidən dənizlərə, okeanlara qovuşur. Bu nəhrlərin suyunun acı dadması isə kədər yaşlarının çoxluğundandır. Nə yaxşı ki, sevincdən qaynaqlanan göz yaşları da kifayət qədərdir. Yoxsa, dənizlərin, okeanların suyu öd dadardı.

        İstirahət günüydü. Hələ hənirtisi duyulsa da, günorta artıq yola düzəlmişdi. Yamanca tıncıxdı. Toğrul yenə əlini telefonuna atdı. “Ümid rəqsi”ni köklədi. Bəstəkar, arajimançı Tərlan Məmmədhüseynovun cəmi-cümlətanı üçcə dəqiqəlik bu möhtəşəm klipinə qisməti səhv düşənlərin oxşar həyat romanı birə-bir həkk olunub. Bənzərsiz musiqiyə, orijinal kompozisiyaya diqqət kəsildi. İstəklər, arzular, xəyallar, insanı yerindən oynadan yaşantılar növbələndi. Saf duyğular, mənəvi əzablar, həyatda yeri səhv düşən iki nəfərin qəlb təlatümləri qanad çalaraq cövlan elədi. Sonda paklıqdan yoğrulmuş bu kəslər göz-gözə gələrək daş heykələ dönüb əlacsızcasına yenə də ümidə sarıldılar. Mahnı nisbətən də olsa ruhuna sığal çəkdi.

      Nadir zövq və zəngin iç dünyasından qaynaqlanan bu musiqinin sədalarının təsiri altında Toğrul pianoya sarı yönəldi. “Ümid rəqsi”ni öz aurasına uyğunlaşdırıb barmaqlarını işə saldı. Gözlərini qapayıb, ətrafı unutdu. Öz improvizəsinin şöləsində doydum demədən xeyli var-gəl elədi. Az qala bu dünyadan qopa. Elə bu dəmdə qulağına ipək kimi qadın səs gəldi, - Özünü yorma, xeyri yoxdur. Bu vəfasız dünya belə gəlib, elə belə də gedəcək.... Etiraz etmirsənsə, axşamüstü sahildə görüşək, dərdləşək. Mümkünsə, saat yeddidə “Mirvari” kafesində, birgə yemək də yeyərik. Məncə, bölüşəcəyimiz çox şey var....

         Gözlərini açanda nə görsə yaxşıdır, sən demə, bayaqdan “Ümid rəqsi”nin klipi bu dəfə üzbəüzdə onun pianosunun üzərində canlanıbmış. Həmin animasiya klipdəki qadın sualdolu nəzərlərini ona zilləmişdi. Əvvəlcə Toğrula elə gəldi ki, deyəsən, onu qara basıb. Alnından puçurlanan soyuq tərə əl gəzdirdi. Yox, yanıla bilməzdi. Kimin olduğunu kəsdirə bilməsə də, o müdrik və mənalı gözlər ona doğmaydı, o səsdəki tanış notları da aydınca duydu. İnanılmaz gəlsə də, bu beləydi. Sinni əllini üstələmişdi. Ömründə ilk dəfəydi belə sirli-sehrli vəziyyətlə qarşılaşırdı.

        Qafasında yellər oynadı. Ha əlləşsə də, bayaqkı küləyin hayandan əsdiyini kəsdirə bilmədi. Bir də onda ayıldı ki, bulvardadır, “Mirvari” kafesinin qənşərində. Hər ehtimala qarşı Bakı buxtası ilə üzbəüz masalardan birini bəlirlədi ki, birdən yerlərin hamısı tutular, o da üzüqara olar səbirsizliklə gözlədiyi məchul qonağının yanında. Ürəyinin dərinliyində əmindi ki, mütləq gələcək. Hələ saat yeddiyə xeyli qalmışdı. Kafenin klassik aurası onu ağuşuna aldı. Konsturktivizm üslubunda inşa edilmiş bu iaşə obyekti nahaq yerə paytaxtın say-seçmə incilərindən biri sayılmır. İdeyası vaxtilə Meksikadakı oxşar kafedən gəlmədi.  Deyilənə görə, daha belə bir kafe İspaniyada  var.

        Paytaxt sakinlərinin və qonaqların uzun illər boyunca ən sevimli istirahət guşələrindən sayılan “Mirvari” kafesi ilə bağlı sicilləmə xatirələrindən qopub ilkin sifarişini verdi. Saat yeddini təzəcə ötmüşdü ki, incə zövqlə geyinmiş, çöhrəsindən nur yağan ortaboylu xanım-xatun bir qadın masasına yaxınlaşdı. Ondan təxminən bir-iki yaş kiçik olardı. Anındaca tanıdı, bu o idi, klipdə ona xoş təbəssümlə boylanan həmən kəs. Salamlaşdılar, cəld yerindən qalxaraq ona üzbəüzdəki yeri göstərdi.

-      Toğrul...

-      Fidan...

-      Şox şadam...

-      Mən də...

         Dinməz-söyləməz köhnə tanışlar tək xeyli bir-birini süzdülər. Qarşısındakı kübar xanımın baxışında qəribə bir dərinlik vardı. Gözləri xeyirxahlıqdan yoğrulmuşdu. Diqqət yetirdikcə, sanki gözlərinin qarasındakı fəzilət xəzinəsinin qapıları dalbadal açılır, hər tərəfdən məxsusi gözəlliyə bələnmiş zəka nuru yağırdı. Çöhrəsindən bəlliydi; qəlbi ətri insanı bihuş edən güllərə, çiçəklərə bələnmiş ucsuz-bucaqsız çəmənliyə, ruhu isə zirvəsindən qarı əskilməyən silsilə dağlara bənzəyirdi.  Sükutu qadın pozdu:

-      Deyəsən, yenə də tanımadınız?

-      Üzürlü sayın, tanış gəlsəniz də, heç cür axıra qədər xatırlaya bilmirəm...

-      Elədirsə, bir az da düşünün, bəlkə, yadınıza gəldim... Yəqinki, bayaq baş verənləri də hələki axıra qədər çözə bilməmisiniz?

-      Düzünü deyim, elədir, lap məətəl qalmışam... Klipdə qəflətən necə canlandınız axı? Bu heç cür ağlıma batmır...

-      Əvvəlcədən onu deyim ki, sizin gözləriniz yumulu olduğundan həmən klipdə birgə rəqs edən cütlüyün elə məhz biz olduğumuzu tutmamısınız...

-      Sizinlə mən?..

-      Bəli, mənimlə siz... İş orasındadır ki, “Ümid rəqsi” elə bizim kimi alayarımçıq talelilərin mahnısıdır. Siz pianoda həmən musiqini ifa eləyəndə təsadüfən mən də piano arxasında eyni hisslərə qapılmışdım ... O klip mənim də pianomun üzərində canlanmışdı, sadəcə olaraq sizdən fərqli olaraq mən gözlərimi qapamadığımdan köhnə qonşumu tanıdım...  

-      Mənə qəribə gəldi... Amma siz deyirsinizsə, inanıram ki, elə belə də olub... Hə, deməli, biz həm də haçansa qonşu olmuşuq...

-      Bəli, vaxtilə biz qonşu idik, bu barədə bir az sonra söhbətləşərik, hələlik istəyirəm məni ilk baxışdaca tanımadığınıza görə cəza əvəzi bir az səksəkədə olasınız, yaddaşınızı qurcalayasınız... Onu deyim ki,  mən bizim rəqsimizi böyük şövqlə başdan ayağa qədər seyr elədim və fürsəti fövtə verməyib o andaca sizinlə görüşmək qərarına gəldim. Sizin alicənab və təmənnasız şəxs olduğunuzu yaxşı bilirəm.   Fikirləşdim ki, indiki məqamda bizim qarşılıqlı mənəvi dəstəyə kəskin ehtiyacımız var. Mən başa düşdüyümdən, deyəsən, ikimiz də eyni durumdayıq...

-      Vay, vay, başımız söhbətə nə təhər qarışdısa, yemək sifariş verməyi də unutdum... Sən Allah, ürəyiniz nə istəyirsə, deyin, heç bir problem yoxdur...

-      Bu dəfə məclis sahibi sizsiniz, nəyi buyursanız mənim üçün də xoş olacaq... Sadəcə, xatırlatmaq istərdim ki, əgər, yaddaşım məni aldatmırsa, siz gəncliyinizdə “Faber” şampan şərabını çox xoşlayırdınız, mümkünsə ondan da sifariş edin... İçki içməsəm də, sizinlə azacıq dadına baxacam...

-      Əlbəttə, Almaniyanın o şərabının tayı-bərabəri yoxdur,  məmnuniyyətlə...

         Bayaqdan gözünü  Toğruldan çəkməyən ofisiant tələm-tələsik ona yaxınlaşdı, dediklərini qeyd elədi. İsti yeməklərin dalınca götürüldü. Masanın ətrafındakı cütlük bir-birini mənalı baxışlarla süzərək  əvvəlcədən sifariş verilən yüngül yeməklərin dadına baxmağa başladı. Toğrul hələ də nə baş verdiyini axıra qədər anlaya bilmədiyindən sükutu yenə Fidan pozdu:

-      Zənnimcə, əgər yanılmıramsa, bizi birləşdirən orta məxrəc ikimizin də “həyat yoldaşı”mızın yox, sadəcə, “həyət yoldaşı”mızın olmasıdır. İnan, əksər ailələrdə belədir. Əlacsızlıqdan taleləri ilə barışıb bizim kimi reallıqla ayaqlaşmaq məcburiyyətindədirlər. Sənin də mənimlə eyni taleni yaşadığını tez-tez “Ümid rəqsi”nə üz tutmağından bildim...

-      Boynuma alıram, düz tapmısınız. Məncə, bizimlə eyni taleni bölüşənlər sanki qapısı açıq qəfəsdə yaşayırlar. Qəfəs isə istədin-istəmədin qəfəsdir.

-      Düzdü, özü də burada qarşı tərəfin pis adam olmasından söhbət getmir. Sadəcə, ailə quranlar bir-birinə bab olmursa,  hətta,  sevginin də gücü heç nəyə çatmır. Belələri həyatı yola vermək məcburiyyətində olurlar, bəzi hallarda isə lap cəhənnəm əzabı ilə üz-üzə qalırlar.

-      Elədir, iş orasındadır ki, kimsə də sinəsinə döyüb bunu əvvəlcədən dəqiqliyi ilə proqnozlaşdıra biləcəyini deyə bilməz. Bu, inandırıcı deyil. Burada qismət də vacib rol oynayır.

-      Bilirsən, xarakterlərin, dünyagörüşlərinin, energetikaların fərqliliyi, zəkanın sürəti, vərdişlərin üst-üstə düşməməsi, müxtəlif prinsipial məsələlərə münasibətdə əks mövqedən yanaşma, birinin astagəl, o birinin cəld olması,  intim həyatda tamlığın əldə edilməməsi və sair. Ümumi anlaşmanın olmaması müxtəlif toplam səbəblərdən yaranır... Biz hələ normal insanlardan danışırıq, vay o günə ki, iki yamangünlük taleyini birləşdirmiş ola... Belələrindən danışmağa belə dəyməz...

-      Bir çox hallarda “həyət yoldaşı” ilə birgə günü-günə satmaq məcburiyyətində qalanları nə yaxşı ki övladları, nəvələri xilas edir...

-      Düzdü, gün ərzində başları onlara qatışdığından zamanın nə vaxt ötüşdüyünün mahiyyətinə varmırlar, əslində bu bir növ onların qanlarının arasına girir...

-      Fəlsəfi anlamda yanaşdıqda isə həyat anima ilə animus, yəni kişi ilə qadın arasında münasibətlərin uzlaşmasıdır. Bu, qəlblə ruhun ittifaqıdır. İnanca görə, qəlb rolunda kişi, ruh rolunda isə qadın iştirak edir. Təbiət etibarı ilə anima erotik və emosional, animus isə düşünən və tənqidi olur. Təəssüf ki, anima ilə animus heç də həmişə həyat adlı qəliz bir tamaşanın öhdəsindən bacarıqla gələ bilmirlər...  

 

         Söhbətin fəlsəfi axara yönəldiyi bu dəmdə ofisiant isti yeməkləri gətirdi. Toğrul qədəhlərə “Faber”dən süzdü. Məclisin gedişatından bəlliydi, bu durum ikisinin də ürəyincə idi. Yeri gəldikcə bir-birinə artıq  “sən” deyə müraciət də edirdilər. Qədəhləri toqquşdurub qarşılıqlı şərəfə nuş elədilər. Olduqca tamlı, yüngül, ürəyəyatımlı, yumşaq, xoşagələn ətirli bu şampan şərabı Toğrulla Fidanın əhval-ruhiyyəsinə bir az da təravət qatdı.

-      Hə, indi də gələk növbəti mətləb üstə... Deyəsən, adım da, vaxtilə qonşu olmağımız da sənin köməyinə yetmədi. Hələ də mənim kim olduğumu tapa bilmədin... Burda deyiblər e, sənə güvəndiyim dağlar, sənə də qar yağarmış...

-      Bir daha boynuma alıram, tanış gəlsəniz də, heç cür dəqiqləşdirə bilmədim... 

-      Yaxşı, sənə bir ip ucu da verim, qonşuluqdan başqa biz eyni ali məktəbdə təhsil almışıq, Bakı Dövlət Universitetində, mən coğrafiya fakültəsində oxuyurdum, iqlimşünaslıq ixtisası üzrə.  Sən isə məndən iki kurs yuxarıda filologiya fakültəsindəydin... O vaxtı siz artıq başqa yerdə yaşayırdınız, bizim qonşuluğumuzdan köçmüşdünüz...

-      Aha, indi anladım, vay-vay, necə də illər yaddaşımı yaman günə qoyub ey...

-      Yadına düşdü də, hə, vaxtilə məhlədə göz verib, işıq vermədiyin o qızı bacardıqca universitetdə də  qaralamışdın... Amma axıra qədər səndən səs çıxmadı ki, çıxmadı...

-      Bağışla, Fidan xanım, günahkaram, boynuma alıram. Düz buyurursunuz, o vaxtlar doğrudan da mənim sizə olduqca qaynar münasibətim vardı... Ələlxüsus da, mən sonuncu kursda oxuyanda, bu şüurlu, yetkin seçim idi. Sizə qədər xoşuma gələn bir neçə qız olmuşdu, amma bunlar bədahətən alınmışdı, yeniyetməliyin işartıları idi...

-      Yaxşı, bəs, niyə sevgini ürəyində saxladın?

-      Nə bilim, dəfələrlə qərara gəlsəm də, nəsə sonda alınmadı. Düzü, siz də həddən ziyadə ciddiydiniz, adam yaxın düşməyə cürət eləmirdi. Heyf, neyləyəsən, qismət... Onu da deyim ki, məni də çox qınamayın, əməlli-başlı dəyişmisiniz, zarafat deyil, axı, aradan otuz ildən çox vaxt ötüb... Gözlərinizsə, həmən gözlərdir, şax-şux, xoşniyyətli, nuru bir qram da olsun əskilməyib...

-      Məncə də heyf, bəlkə də, xoşbəxtlər xoşbəxti idik... Digər tərəfdən isə sizinlə razıyam, qismət... Əksəriyyətin taleyi belədir...

        Deyə-gülə məclislərinə bir az da rəng qatdılar. Ədalət naminə, şampan şərabına da söz ola bilməzdi. Əsl, onlarlıqdı. Ruhlarına sığal çəkirdi. Beləcə xeyli söhbətləşdilər, biri-birindən hal-əhval tutdular, iş-gücdən, gələcək planlarından danışdılar. Yeri gəldikcə xatirələr aləminə də baş vurdular. Mənəviyyət çəpərini aşmadan bacardıqca qarşılıqlı mənəvi dayaq olmağa çalışdılar. Sonda Fidan bildirdi ki, xaricdə beynəlxalq konfransda tanış olaraq evləndikləri əcnəbi həyat yoldaşının işi ilə əlaqədar təxminən bir aya başqa ölkəyə köçəsidilər. Gedənə yaxın eyni məkanda bir dəfə də görüşməyi qərara aldılar. Fidan Toğruldan mobil telefonunun nömrəsini götürdü, arada votsapla əlaqə saxlayacağını dedi. Beləcə xoşbəxt bir ömrə bərabər qaynar duyğularla hər kəsən öz “qəfəs”inə yollandı.

        Növbəti istirahət günü Fidandan ilk xoş müjdə gəldi. Becərdiyi güllərin bir neçəsinin şəklini votsapla göndərmişdi. İlk baxışdan bəlliydi, güllərə nə təhər ürəkdən qulluq eləyirdisə, bütün aura və energetikası onlara hopmuşdu. Toğrul da qənaətini votsapla bölüşdü:

-      İnan, tam səmimiyyətimlə deyirəm, o gülləri sanki indicə öz əllərinlə dərib mənə təqdim elədin. Ətrindən, təravətindən doymaq olmur. Sənin energetikan da qanıma hopdu, elə bil, yenidən doğuldum, ruhum təzələndi. Hədsiz dərəcədə dərin təşəkkürümü çatdırıram.

-      Çox sevindim, sənə halaldır...

-      Artıq mən əzbər bilirəm ki, güllər, çiçəklər sənin həyat fəlsəfənin himnidir. Elə ilk andaca diqqətimi çəkdi ki, onların hər birinin lal nəğməsi var. Ümumi avazı sənlik olsa da, o nəğmələr özünəməxsusdur, fərqlidir...

-      Düz tapmısan, mən güllər, çiçəklərlə nəfəs alıram, onlarsız məhv olardım. İnan, təkcə, bağçamızı, evimizi yox, işlədiyim elmi-tədqiqat institutundakı otağımı da nəbatat bağçasına çevirmişəm.

-      Qanan üçün dediklərinin həqiqiliyi sənin mənə göndərdiyin - güllə birlikdə çəkdirdiyin şəklindən bəllidir. O gülün ən gözəl qönçəsi elə sənsən, həqiqi sözümdür, bu qətiyyən xoşagəlmək üçün deyilən şərti söz deyil, danılmaz reallıqdır...

-      Bütün varlığımla becərdiyim güllərin hər biri mənim rəfiqəmdir. Düzdü, eynən həyatda olduğu kimi bəziləri mənə daha doğmadır. Səhərin alatoranından qaş qaralanadək onlara qəlbən, ruhən qulluq eləyirəm. Söhbətləşirik, yaşantılarımızı bölüşürük. Onlarda o qədər tükənməz müsbət könülaçan energetika var ki, bunu sözlə ifadə eləmək mümkün deyil. Qədirbiləndilər, insanın sevincini, xoş duyğularını nə təhər bölüşürlərsə, eləcə də, qayğılarına da, ağrı-acılarına da  yiyə dururlar.

-      Tam şərikəm, təbiət insanın ayrılmaz parçasıdır...

-      Güllər də insanlar kimidir, nə qədər candan qulluq eləsən, bir o qədər də diri, təravətli görünürlər. Ətirləri də daha ürəyəyatımlı olur. Dəfələrlə fikir vermişəm, təkcə insanlarla yox, öz aralarında da söhbətləşir, bir-birinə naz satır, hətta, gözəllik “yarışı”na da köklənirlər. Tanrının yaratdıqları hamısı möcüzədir.

-      Sən təkrarsızsan, estetikan da mükəmməldir, qızıl insan və nadir qadınsan... Var ol!

-      Təşəkkür, mənim də sənə ehtiramım sonsuzdur...

       Beləcə hər həftənin istirahət günlərində Fidanın votsapla göndərdiyi, yenicə açan güllərinin ətri Toğrula dünyanı bəxş edirdi. Bu şəkillərdəki güllərin hər birində mükəmməl insanlıqla tamamlanan yüksək əyarlı qadın energetikası vardı. Elə Toğrulun da kasadlığı bu sarıdan idi. Cəmi bircə ayın içində illərlə tamamlaya bilmədiyi elmi işinə nəhayət ki, nöqtə qoydu. Rəylər də olduqca müsbət idi, hətta, onun elmi tapıntıları ilə bağlı tanınmış alimlərdən bir neçəsi mətbuatda yazılar da çap elətdirdilər.

        Günlərin birində Fidandan növbəti mesaj gəldi ki, bəs, dediyim o xudafisləşmək məqamı artıq yetişdi, yaxın günlərdə köçürük. Görüş yerini dəyişmək olmaz, sabah yenə də saat yeddidə “Mirvari” kafesində iki-üç saatlığa köhnə dostlar təki mənəvi zənginliyə qovuşaq, qonaqlıq bu dəfə mənlikdir. 

     Toğrul ötən dəfəki kimi kafeyə vaxtından xeyli əvvəl gəlmişdi. Axşamın həniri duyulmaqdaydı. Sahildəki sərxoş buludlar batmaqda olan Günəşlə səmada qaçdı-tutdu oynayırdı. Dünəndən özünə əl qataraq taqətdən düşən dalğalar isə artıq mışıl-mışıl mürgü döyürdü. Kefə baxan qağayılar sahilboyunca gəzişən insanlara görə-gör ovçuluq məharətlərini nümayiş etdirirdilər. Təbiətin təkrarsız melodiyası insanın ruhunu oxşayırdı. “Mirvari” kafesindən ətrafa yayılan pianonun sədası bu melodiyaya əlavə çalarlar qatırdı. Toğrul bir neçə gün əvvəl burada quraşdırlan piano ilə böyür-böyürə yerləşən masalardan birini seçib sifarişini verdi. “Faber” şərabını da unutmadı.

      Düz saat yeddi tamamda Fidan özünü yetirdi. Gəlişi ilə məclisə bir qucaq sevinc, təkrasız energetika, qadın şaxlığı-şuxluğu bəxş elədi. Sözlə ölçüyəgəlməz təbəssümü ilə işıqlandırdığı masadakı güldana əlləri ilə becərdiyi çeşidbəçeşid gülləri yerləşdirdi. Kafedəki pianoda mahir ifaçının  səsləndirdiyi rəngarəng lirik musiqilər də hamının ürəyincə idi. Sanki, ətraf bir tərəfdən Xəzərin, o biri tərəfdən isə zirvəsi qarlı  uca dağların əhatələdiyi  füsunkar çəmənliyə çevrildi. Şahidi olduqlarından Toğrulun da qəlbi dağa döndü,  çöhrəsi çiçəyə bələndi. Hər ikisinin növbəti, əslində yəqinki, xoşbəxt bir ömrə bərabər sonuncu günü yaşamağa kökləndikləri ilk baxışdanca aydınca sezilirdi.

-      Salam, təbrik eləyirəm, professor mərtəbəsinə yüksəlmisən, sağ əlin mənim başıma, - deyə Fidan qəlbən sevincini bölüşdü.

-      Salam, təşəkkür, sizin sayənizdə, bunu mən demədən də əzbər bilirsən...

-      Minnətdaram, hər şey qarşılıqlıdır. Ötən bir ayın içərisində mən də demək olar ki, elmi işimi müdafiə eləmək səviyyəsinə çatdırmışam, bircə qalıb son akkordlar, inşallah o da bu gün, sabahlıqdır, yaşa...

-      İnan, bir daha deyirəm, nə insan, nə də qadın kimi sənin tayın-bərabərin yoxdu, qədir-qiymətin ölçüyəgəlməzdir... Təbii ki, hər bir mükəmməl bəndə təki sənin də  hansısa çatışmayan cəhətlərin var, bu anlaşılandır, mütləq yalnız Tanrıdır!

-      Lap şişirtmə də, bilirəm, bunlar hamısı məni çox istədiyindəndir...

-      Qətiyyən yox, vallah düzünü deyirəm, hətta, bu məqamda söz də acizdir əsl reallığı ortalığa qoymaqda... Əgər, rəssam olsaydım, məmuniyyətlə sənin nəfis portretini araya-ərsəyə gətirərdim. Yeri düşmüşkən, bu halda istərdim, səni hələ yeniyetməliyindən tanıyan bir filioloq kimi sənin sözdən heykəlini yaradım, etirazın yoxdur ki?

-      Buyur, göstər məharətini, nə deyə bilərəm ki, -deyə Fidan şaqraq gülüşünü başına atdı.

-      İlk növbədə, insan kimi, - Toğrul davam elədi, - sən analitik düşüncə tərzinə, ziyalı mühitindən qaynaqlanan hərtərəfli potensiala, istənilən məsələyə kompleks şəkildə və müxtəlif rakurslardan yanaşma imkanına malik,  özünəməxsus, fərqli qənaəti olan, müsbət auralı şəxsiyyətsən. İti zəka, zəngin təfəkkür, yaradıcı təxəyyül, sərhədsiz fantaziya, istənilən məclisə əlavə çalar qatmaq bacarığın, doğmalarının sevincinə də, kədərinə də şərik olmağın sənin yüksək insani meyarlara söykənməyindən xəbər verir. Eyni zamanda sən gözütox, səbirli, nəzakətli və kübar bir xanımsan, - söylədiklərinin içdən gələn olduğu birə-bir Toğrulun çöhrəsinə yansımışdı.

-      Aha, sən demə, mən indiyə qədər özümü yaxşı  tanımamışam, icazə ver , bir az özümü çəkim, - yarı ciddi-yarı zarafat Fidan özünə bacardıqca bir az da şax-şux görkəm verdi.

-      Bu hələ harasıdır... İndi isə qadın kimi, – Toğrulun çöhrəsi bu dəfə lap çiçəyə bələndi, - incə zövqlü, sadə, xanım-xatun, elitar, qaynar, olduqca yüksək əyarlı energetikaya malik, ürəyəyatımlı səs, dərindən sevməyi və sevgisinə yiyə durmağı bacaran, həsəd doğuran çöhrəsi və bu çöhrəni məntiqi şəkildə tamamlayan mənalı gözlər, aramla ləpələnən dalğaları andıran füsunkar saçlar, böyük ürək sahibi, bənzərsiz qəlbi və ruhu ilə qarşı tərəfi məftun edən, sirri-sehri bir an da olsun əskilməyən Fidan xanım, daha doğrusu, dünyanın say-seçmə xanımlarından biri... Sən o qədər güclü qadınsan ki, əgər, qarşı tərəf sənə bab olarsa, sənin həyat fəlsəfəni, yaşantılarını bölüşərək iç dünyana nüfuz eləyə bilərsə, sənin ucalığında ola bilərsə,  sən onu birmənalı şəkildə kül eləyərsən. İnan, sən o qədər möhtəşəmsən ki, səninlə nəinki xoşbəxt bir ömür, hətta, hər günü xoşbəxt bir ömrə bərabər səadəti yaşamaq mümkündür... Var ol!

-      Bu mənəm?! Çox, çox təşəkkür!!! – Fidan bayaqdan eşitdiklərindən təvazökarcasına qanad açmışdı.

       Beləcə, tamından doyulması mümkün olmayan  “Faber”dən də dada-dada həyatdan görüb-götürdüklərini xırdalaya-xırdalaya məclislərinə bir az da ovqat qatdılar. Heç cür razılaşmaq istəmirdilər ki, taleyin bu ələdüşməz fürsəti tezcənə buxarlanaraq məchulluğa yön alsın. Elə bu istəkdən qaynaqlanaraq iç dünyalarına köklənib fəlsəfi axara üz tutdular:

-          Sevgini qamarlamaqla deyil? Gərək qismətində ola, - Toğrul yanğılı tərzdə dərindən köks ötürdü.

-           Elədir, eşq yeganə oddur ki, kösövü birbaşa Tanrıdandır, di gəl, gərək, bəxtin də ayaq üstə ola...

-          Qarşılıqlı yüksək energetika insanın qanını qaynadır, təfəkkür və təxəyyülünü itiləyir, Tanrı fəlsəfəsinə yaxın olursan, insanlıq və mənəviyyat sərhədini aşmadan həsəd aparılacaq bir ömür yaşamaq imkanı qazanırsan...

-           Ulu yaradan səni insan kimi xəlq eləyibsə, nəinki xoşbəxt bir ömür, gərək, hər günü xoşbəxt bir ömrə bərabər səadəti yaşamağa səy göstərəsən...

-          Xoşbəxtlik zirvəsinə doğru yamacları aşa-aşa sonuncu aşırıma yetişmək və köks dolusu nəfəs alaraq cənnətlə gözbəgöz olmaq fürsəti yalnız  bir-birinə bab olanların qismətinə düşür...

-          Düzdü, qarşılıqlı sevgi odunda bir-birini yontalayaraq, daha da zənginləşərək xoşbəxtlik zirvəsinə ucalmaq böyük səadətdir, - bu dəfə Fidan içdən heyifsiləndi.

-          Həyatın həzzini çıxarmaq, estetik yanaşma, öz potensialını qədərincə dəyərləndirmək və bundan yaradıcı şəkildə yararlanmaq hər bir normal insan balasının ümdə amalı olmalıdır...

-          Əslində, həyat energetika uğrunda döyüşdür, sən bunu vətəndən, milli dəyərlərdən, əzizlərindən, təbiətdən, işin-peşənlə bağlı say-seçmə uğurlardan, ən başlıcası isə qarşı cinsdən  alırsan...

-          Elədir, ilk növbədə könül verdiyin insanla, həmçinin, doğmalarınla, dostlarınla, ünsiyyətdə olduğun hər bir dəyərli kəslə münasibətdə harmoniya tapmaq bacarığı çox vacib insani keyfiyyətdir...

-          Kübarlıq anadangəlmədir, qanda olmalıdır, sən yalnız onu zənginləşdirə bilərsən...

-          Ən əsası, şəxsi azadlığını hər şeydən üstün tutmağı bacarmasan, sənin həyatda nail olduqların qaraq qəpiyə də dəyməz....

-          Tam şərikəm,  səninlə adicə söhbətin özü belə ələdüşməz fürsətdir....

-      Hər şey qarşılıqlıdır, mən də belə düşünürəm, sədd heyf ki, biz başqa-başqa sahillərdəyik... Yoxsa, Tanrının özü belə bizim səadətimizə həsəd aparardı!!! Boynuma alıram, sənlə görüşümüzə qədər mənim həyatım durğu işarələrsiz, alayarımçıq cümlələrdən ibarət qarmaqarışıq mətnə bənzəyirdi... Dəyəri ölçüyəgəlməz mənəvi dəstəyə görə hədsiz minnətdarlığımı qəbul elə, – Toğrul bütün varlığı ilə qarşı tərəfə səsləndi.

-      Nə yaxşı ki, VARSAN! Ruhən və mənən həmişə yanımdasan, inanıram ki, əvəzolunmaz mənəvi dəstəyin mənə sonacan yetəcək, – Fidan da dostuna qəlbən minnətdarlığını yetirdi.

     Amansız zaman öz işini görməkdəydi. Şirin söhbətdən bir də onda ayıldılar ki, vədə tamam olmaq üzrədir. Heç cür ayrılmaq istəməsələr də, başqa çıxış yolu da yox idi. Qəfil Fidanın ağlına orijinal bir ideya gəldi:

-      Əzizim, boynumuza alaq ki, bizə bu əvəzolunmaz qarşılıqlı mənəvi dəstək imkanını məhz “Ümid rəqsi” bəxş elədi. Zənnimcə, minnətdarlıq rəmzi olaraq elə bu musiqinin sədaları altında da xudafisləşsək lap yerinə düşərdi... Nə deyirsən?

-      Əla, ideyadır, bax, görürsən sən sadəcə fantaziyasan...

-      Onda gəl vaxt itirmədən kafenin işçilərindən icazə alıb, birlikdə keçək piano arxasına... Haydı, tərpən...

     “Ümid rəqsi”nin təkrarsız melodiyası ürəkləri dağladı. Toğrulla Fidan piano arxasında möcüzə yaradırdılar. O qədər ürəkdən ifa eləyirdilər ki, kimsə biganə qala bilmirdi. Xəzər də bütün varlığı ilə bu bənzərsiz kompozisiyaya diqqət kəsilmişdi. İş orasındaydı ki, ötən dəfə olduğu kimi yenə də animasiya klip pianonun üzərində canlanmışdı. Toğrul Fidanın həqiqəti söylədiyinin bu dəfə özü canlı şahid oldu. Ən gözlənilməzi isə mahnının sonluğunda baş verdi. “Ümid rəqsi” yekunlaşmaqda ikən klipdə Fidan başını yüksək ehtiramla tərəfmüqabilinin çiyninə qoydu. Toğrul isə bütün varlığı onun füsunkar saçlarına sığal çəkdi. Sonra doydum demək bilmədən nur saçan gözlərindən öpdü... Əvəzində Toğrulu mənalı, qaynar baxışları ilə süzən Fidan ruhən onunla vidalaşaraq əbədi ayrılığa aparan qumlu cığıra qədəmlərini basdı. Ondan geri qalan isə qoşa ləpiri oldu.

 

 

    Azad Müzəffərli 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə son sutkada daha  22  nəfər koronavirusdan öldü 14 Avqust 2020, 21:50 Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçildi 14 Avqust 2020, 21:33 Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46