Modern.az

Qarabağ icmasından növbəti BƏYANAT

Qarabağ icmasından növbəti BƏYANAT

29 İyul 2020, 17:14

Ermənistanın müxtəlif bəhanələr altında münaqişənin mahiyətini təhrif edən və işğalın nəticələrinin möhkəmlənməsinə hesablanmış cəhdlərini qətiyyətlə pisləyirik.

Modern.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağın azərbaycanlı İcması tərəfindən verilən bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Ermənistanın əlaltısı olan qondarma rejim danışıqların formatı ilə bağlı cəfəng iddialarından əl çəkməyərək özünü yenidən “münaqişə tərəfi” kimi təqdim etməyə çalışıb:

"Dəfələrlə qeyd etdiyimiz kimi, münaqişənin həlli üçün aparılan danışıqların formatı ATƏT-in müvafiq qərarları, o cümlədən 1992-ci il Helsinki Yekun Görüşü zamanı qəbul olunmuş sənədlərdə təsbit olunub. Bir daha bəyan edirik ki, bütün dünyanın qəbul etdiyi kimi, münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır. Ona görə də, qondarma qurumun öz aləmində hansısa “bəyanat” verməsi, onun “mətninin” üzərində çap edildiyi kağız parçasından da dəyərsizdir.

O ki, qaldı 1994-cü il atəşkəs məsələsinə, Ermənistan ondan ərazilərimizin işğalının möhkəmləndirilməsi üçün istifadə etmişdir. Bu dövr ərzində Ermənistan münaqişənin həll olunmasının hər vəchlə qarşısını almış, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olmuş, o cümlədən qanunsuz məskunlaşdırma aparmışdır.

Ermənistanın dəfələrlə danışıqlar formatını dəyişdirmək cəhdi beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən rədd edilərək qətiyyətlə pislənib. Lakin, cəzasızlıqdan azğınlaşmış Ermənistan rəhbərliyi bu mövqeyindən əl çəkməyib və ilhaq siyasətinə xidmət edən addımları ilə kövrək sülh prosesinə zərbələr endirməkdə davam edib. 12 iyul 2020-ci il tarixində biz bunun bir daha şahidi olduq.

Aydındır ki, münaqişənin sülh yolu ilə tənzimlənməsində Ermənistan maraqlı deyil. Lakin, Ermənistan bilməlidir ki, onun torpaqlarımızı işğal altında saxlaması uzun sürməyəcək. Biz istənilən halda öz dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir