Modern.az

Azərbaycanda deputat ilk dəfə gəlirlərini açıqladı, bayrampuluna aydınlıq gətirdi

Azərbaycanda deputat ilk dəfə gəlirlərini açıqladı, bayrampuluna aydınlıq gətirdi

Parlament

1 Avqust 2020, 07:47

Milli Məclisin üzvü  Erkin Qədirli  Qurban bayramına görə deputatlara verilən və dünəndən sosial şəbəkələrdə müzakirə səbəb olan məsələyə aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, E.Qədirlinin sözlərinə görə, deputatlara verilən bayram payı köhnə qaydadır və illərdir tətbiq olunur.

 

"Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə) - Novruz, Ramazan, Qurban və Həmrəylik Günü. Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub.

 

Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki:

1) etik saymıram;

2) reklamdan xoşum gəlmir;

3) hamıya yardım etmək imkanım yoxdur".

 

Erkin Qədirli Milli Məclisin deputatları arasından ilk millət vəkili olaraq özünün maliyyə hesabatını açıqlayıb:

 

"Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır. Maaşdan başqa gəlirim yoxdur.

 

Xərclərim:

 

1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);


2) 2,400 (anamın evində təmir işləri);


3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);


4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);


5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

 

Bunları söylədiyim anda maaş kartımda 9,860 manat 59 qəpik qalır.

 

Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar".

 


Deputat hesabatını belə davam etdirib:

 

"Heç bir bankda kreditim və ya depozitim yoxdur. Heç bir şirkətin səhmdarı deyiləm. Adıma yalnız bir əmlak var - 2007-ci ilin buraxılışı olan Toyota Corolla (tiptronik) maşını. 2007-ci ildə Toyota Mərkəzindən 3 illik kreditlə almışdım. Maşının qiyməti 20,000 manat, ilkin ödənişim 2,000 manat olub (10%). Krediti Bank of Baku-dan götürmüşdüm (öz seçimim deyildi, Toyota onlarla işləyirdi). Krediti, yanılmıramsa, 22%-lə almışdım (elə verirdilər). Maşınımı aldığım vaxtda ayda 2,100 manat maaş alırdım (xarici layihədə çalışırdım). Aylıq ödənişim 700 manat olub. 2011-ci ildə krediti bağladım. Arada, işsiz qaldığıma görə, maddi sıxıntılarim oldu, ona görə kredit ödənişlərim yubandı. Adıma daşınmaz əmlak yoxdur. Ağlınıza korrupsiya sxemlərini gətirməyin. İş elə gətirdi. Bunu izah etmək üçün gərək şəxsi həyatımla bağlı detallara girim, onu isə etmək istəmirəm. Bunun deputatlığımla əlaqəsi yoxdur.

 

Şəxsi xərclərimin inandırıcı olmayan dərəcədə az olduğunu düşünənlər var. Güman ki, belə suallar məlumatsızlıqdan qaynaqlanır (başqa şeyi ağlıma gətirmək istəmirəm). Məlumatsızlığınızın mənbəyi də özüməm, çünki hesabatda bəzi şeyləri yazmamışam. Niyə yazmamışam? Çünki onlar maddi məlumatlar deyillər. Amma bir halda ki, sual verildi, şübhə oyandı, cavabımı yazım.

 

Mən tək yaşayıram. 2014-cü ildə yoldaşımla boşandıq. Şəxsi ehtiyaclarım çox deyil, istəklərim ondan da azdır. Aylıq (ortalama) 4-5 manatlıq işıq sərfiyyatım olur. Yalnız oturduğum otağın işığını yandırıram, böyük lampaları işlətmirəm, qaranlığı sevirəm. Yalnız yay aylarında işıq xərclərim bir qədər artır (kondisionerə görə). Qaz xərclərim lap azdır (evdə nadir hallarda özümə nəsə bişirirəm). Yalnız qış aylarında kombi günə 1 manat yandırır. Onu da çox soyuq və güclü külək olanda işlədirəm (soyuğu sevirəm). Ən sabit xərcim internetdir - ayda 18 manat. Telefonla çox az daşınıram (telefonda danışmağı sevmirəm). Yemək xərclərim azdır. Geyim xərclərim lap azdır. Mühafizəkar olduğuma görə, şəxsi həyatımda yenilik arzulayan birisi deyiləm. Paltarı ancaq ehtiyacım yarananda alıram (cırılanda, söküləndə və s.). Deputat olandan bəri özümə yalnız iki köynək, bir cüt ayaqqabı (kostyumla geyinmək üçün), kəmər, bir neçə cüt corab və altpaltarı almışam.

 

Yuxarıda ancaq kartdan olan ödənişlərimi yazmışam. Mən ərzaqa kartdan nadir hallarda pul xərcləyirəm (hərdən böyük marketlərə gedəndə). Əksər hallarda ərzağı evimin yanında olan kiçik dükanlardan alıram (nağd pulla). Başqa nağd xərclərim də olur. Ümid edirəm, deputat olana qədər pulsuz yaşadığımı düşünmürsünüz və ona qədər, çox da olmasa, bir az pul yığdığımı güman edə bilərsiniz.

 

Burada bir haşiyə yerinə düşür. 2016-cı ildə Natiq Cəfərli həbs olunanda, ReAl-ın İdarə Heyətinin bütün üzvlərini prokurorluğa çağırdılar (dindirməyə). Hər birimizin maddi durumu ilə maraqlanırdılar. Mənim dindirməmdə müstəntiq mənə belə bir sual verdi: "Erkin müəllim, nəylə yaşayırsınız, pulunuz haradan gəlir?" Mən də sabit qazancım olmadığını, əsasən daha öncə yığdığım puldan xərclədiyimi, bir də dostların yardımı hesabına yaşadığımı dedim (o illər işsiz olmuşam). Onda müstəntiq soruşdu: "Nə qədər pul yığmısınız?" Dedim: "5-6 min olar, dəqiq yadımda deyil". Müstəntiq (təəccüblə): "5-6 min? Mən Sizi belə zəif bilmirdim". (haşiyənin sonu).

 

Ümumiyyətlə, harada və necə işlədiyimdən asılı olmayaraq, barəmda hər zaman çeşidli söz-söhbətlərin olduğunu bilmişəm. Nədənsə, çoxları aza qane olduğumu, rüşvət almadığımı və s. ağlına gətirmirdi. 12 il BDU-nun Hüquq Fakültəsində dərs dedim, axıra qədər barəmdə "əşşi, bu da alır", "ola bilməz ki, almasın", "özünü sadə göstərir, amma yoxlasan, nə qədər pulu çıxar" sayağı dedi-qodu gəzdi. İlk illərdə bu, məni çox rahatsız edirdi. Sonra alışdım. Üstəlik, onsuz da əsas rəyi tələbələr verirdi, ondan isə çox rahat idim. 12 il ərzində üst-üstə minlərlə tələbəyə dərs dedim, birinin də rüşvət aldığımı söyləməyə əsası olmadı. İndi deputatam və eyni dedi-qoduların olduğunu görürəm. Yalnız, bu dəfə belə şeylər məni rahatsız etmir. Mən o psixoloji aşırımı çoxdan keçmişəm.

 

Bunu da deyim, inanmasanız da olar. Kimsəni inandırmaq kimi bir məqsədim yoxdur. İstəklərimin çox az olduğunu yuxarıda qeyd etmişəm. Məsələ ondadır ki, həyatda istədiyim şeylərin çoxunu pulla almaq olmur. Ona görə də, ya da həm də ona görə də, pul mənim üçün heç zaman məqsəd və ya motiv olmayıb. Bir deyimdə olduğu kimi - pulla çarpayı ala bilərsiniz, amma yuxu ala bilməyəcəksiniz. Mən belə yaşayıram".

 

Erkin Qədirli hesabatına belə yekun vurub:

 

"Bunu da deyim, mövzunu növbəti hesabatıma (ilin sonuna) qədər bağlayaq.

 

Xərcləri detallı yazmaya da bilərdim. Məqsədim özümü asket kimi göstərmək olmayıb. Azla qane olanam, amma asket deyiləm. Həyatımdan razı olmasam da, yaşamağı sevirəm. Xərcləri ona görə detallı yazdım ki, siyasətçilərin və vəzifəli şəxslərin hesabatlılığı üçün bir tək gəlirin qanuni olması yetmir. Hətta xərclərin qanuni olması yetmir. Siyasətçilərə və vəzifəli şəxslərə yaraşmayan xərclər ola bilir, onların mənbəyi qanuni olsa belə. Şəraitdən də asılı ola bilir. Məsələn, deputat kimi məhdudiyyətsiz hər yerə getmək imtiyazım var, amma karantin dönəmində mən yalnız bir dəfə Bakıdan çıxmışam - Tovuza getmişdim (gəzməyə getməmişdim). Mən karantin olmayan bölgələrin birinə gedib, orada istirahət edə bilərəm. Bunu mənə qanun da icazə verir, maaşım da imkan yaradır. Bununla belə, çoxlarının Bakıdan çıxa bilmədiyi bir ortamda mənim bölgələrimizə gəzməyə getməyim qanuni olsa da, yaxşı olmaz. Hüquq yalnız qanundan ibarət olmadığı kimi, həyat da yalnız hüquqdan ibarət deyil.

 

Bilmirəm, anlada bildimmi? Yəni, xərclərimi detallı qeyd etməyim yuxarıdakı gümanımdan doğdu. Bununla kimisə yordumsa, üzrlü saysın. Sonrakı hesabatlarımı bu qədər detallı yazmaram. Gəlirimi göstərərəm, əmlakla bağlı durumu yazaram və s. Siyasətçiyə yaraşmayan xərclərə yol verməməyə çalışacağam".

 

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...