Modern.az

“Donuz qripi”nə qarşı vaksin vurdurmaqdan imtina edənlər var

“Donuz qripi”nə qarşı vaksin vurdurmaqdan imtina edənlər var

Ölkə

18 Yanvar 2010, 14:58

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) A/H1N1 virusuna (“donuz qripi”) qarşı Azərbaycana göndərdiyi 172 min doza vaksin artıq əhalinin risk qrupuna aid olan təbəqəsinə, əsasən tibb işçilərinə, gömrük-sərhəd xidmətinin əməkdaşlarına, bronxial xəstələrə və hamilə qadınlara vurulmağa başlayıb. Ancaq bəzi insanlar vaksin vurdurmaqdan imtina edirlər.
Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov vaksinlərin məcburi vurulmadığını qeyd edib: “Risk qrupuna daxil olan insanların vaksin vurdurması vacibdir. Bu vaksinlər 90-92 % effekt verir. Bu da təbii ki, böyük göstəricidir. Heç bir ağırlaşma olmur. Bəzən qızdırma verə bilər. Bu da təbii hal sayılır. Vaksinlərin heç bir qorxusu yoxdur, əksinə mikrobları öldürür. Ancaq peyvənd olunma məcburi deyil,  kim istəmirsə vurdurmaya bilər”.
Ş.Qurbanov Azərbaycana gələcəkdə də vaksinlərin gətiriləcəyini bildirib: “
172 min doza vaksin risk qrupuna daxil olan insanlara vurulur. Bunun 5 ay müddətinə başa çatdılıması nəzərdə tutulub. Mərhələ-mərhələ əlavə 800 min dozanın gətirilməsi də gözlənilir. Bu da əhalinin 10 faizinin peyvənd olunması deməkdir”.
Ş.Qurbanov soyuq aylarda əhalini ehtiyatlı olmağa çağırıb: “Xəstəliyin qış aylarında artması təhlükəsi böyükdür. Ona görə də insanlar bu aylarda özlərini qorumalıdırlar”.

Professor Adil Qeybulla vaksinlərin kütləvi şəkildə vurulmasını vacib hesab etmir: “İnsanları vaksin vurdurmağa məcbur etmək indiki situasiyada düzgün olmazdı. Kontingent müəyyənləşməlidir. Xüsusi pandemiya təhlükəsi olacağı təqdirdə və insanların özləri bu təhlükəni başa düşdükdə vaksinasiya kütləvi şəkildə aparıla bilər. Məsələn, ağ ciyərində və  müəyyən bir mübadilə xəstəliyi olanların vaksinasiya olunması məqəsəduyğundur. Çünki istənilən halda hər bir xəstəlik üçün onların immuniteti zəif olur. Ancaq bu gün kütləvi şəkildə vaksinasiya aparmağa ehtiyac yoxdur. Çünki epidemiya və ajiotaj xeyli səngiyib və onun yenidən vüsət alacağı görünmür. Bu baxımdan mən hesab edirəm ki, daha çox problemi olan xəstələr vaksinasiya olunmalıdır. Həm də vaksinlərin vurulması könüllü həyata keçirilməlidir”.
A.Qeybulla da vaksinlərin təhlükə yaratmadığını deyir: “Bu cür xəstəliyə qarşı allergiya əleyhinə dərmanlardan istifadə etmək lazımdır. İstər Hepatit A, C, istərsə də “donuz qripi” əleyhinə olan vaksinlər molekulyar biologiyanın ən müasir üsulları ilə hazırlanır. Vakisnlər yalnız allergik reaksiyalar yarada bilərlər.Vaksinlərin hansısa xəstəlik törətməsi mümkün deyil”.
Professor “donuz qripi” ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Bu xəstəliyin hansısa güclər tərəfindən yayılması fikri dünya ölkələrində birmənalı qarşılanmır. Xeyli ittihamlar irəli sürülür. Ancaq bu fikiri səsləndirən insanın əlində gərək müəyyən fakt olsun. Məntiqi cəhətdən bu cür nəticələrə gəlmək mümkündür. Amma real olaraq bu belədirmi?”.
Xatırladaq ki, indiyədək Azərbaycanda 14 nəfər "donuz qripi"nə yoluxub. Onlar arasında ölüm faktı qeydə alınmayıb. Xəstələr hamısı müalicə edilərək evə buraxılıblar.

Günay MUSAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi