Arxiv
8 İyun 2012, 10:28 | MÜSAHİBƏ
Sabiq Baş prokuror Murad Babayev: “Mən 7 prezidentlə işləmişəm” - MÜSAHİBƏ

”Kamran Bağırov mənə demişdi ki, “insanları incitməyin. Hamıya kömək edin, onsuz da  vəziyyət çətindir”.

Modern.az saytı “Sabiqlər” rubrikasında eks-Baş prokuror Murad Babayevlə müsahibəni təqdim edir.

– Bildiyimiz qədər Sizin ətrafınızda hüquqşünas olmayıb. Necə oldu ki, hüquqda oxumaq qərarı verdiniz?

– Mən hər zaman tikinti mühəndisi olmaq istəmişəm. Heç vaxt hüquqşünas olmaq ağlıma gəlməyib. Məktəbi qurtaranda Texniki Universitetə qəbul olmaq istədim, amma ikinci imtahandan keçə bilmədim. O zaman bu, mənə çox pis təsir etmişdi. Axı mən riyaziyyat fənni üzrə respublika olimpiadasında iştirak etmişdim. Fikirləşirdim ki, məndən pis oxuyan uşaqlar universitetə qəbul oldular, amma mən kəsildim. Bundan sonra fikirimdə bir dəyişiklik oldu. O vaxt “Azərbaycan” jurnalından bir povest oxumuşdum. Orada prokurorlardan, müstəntiqlərdən yazırdılar. Ondan sonra məndə hüquqşünaslığa bir həvəs yarandı. 1968-ci ildə sənədlərimi Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə verdim. Çox çətinliklə qəbul oldum, çünki həmin il o fakültəyə daxil  olmaq asan deyildi. Məsələn, bütün qəbul imtahanlarından 8 nəfər “5” alan var idi.  1968-ci ildə bu hadisə Hüquq fakültəsi tarixində yeganə bir hal oldu. Həmin abituriyentlər şikayət edəndən bir-iki ay sonra onları da universitetə qəbul etdilər. Bu gün həmin şəxslərdən biri siyasətçi kimi tanınan Araz Əlizadədir.

– Nə üstünlüyünüz var idi ki, digər “5” alanlar kənarda qaldı, siz isə hüquq fakültəsinə qəbul olundunuz?

– Birinci növbədə, bu fakültəyə iş təcrübəsi olanları qəbul edirdilər. Mənim belə təcrübəm vardı. Bir il mühasib işləmişdim. O vaxtlar Hüquq fakültəsinə daxil olmaq çox prestejli bir məsələ idi. Bizə tanınmış alimlər, professorlar dərs deyirdilər: Məmməd Xələfov, Əziz Əsədov, Qasım Manayev, İsa Məmmədov, Vahid Qəhrəmanov, Cəfər Möhsümov və s. Bu müəllimlər bizim üçün böyük bir məktəb idilər. 1973-cü ildə  universiteti bitirdim. Sonra məni təyinatla Respublika Prokurorluğunda işə götürdülər. 1973-cü ildə Binəqədi rayonuna təcrübəçi müstəntiq kimi təyin etdilər. O zaman qrupda mənimlə Azərbaycan bölməsindən 6 nəfər var idi, ancaq məni Bakıda saxladılar, qalanlarını rayonlara göndərdilər. Artıq Binəqədi rayonunda müstəntiq idim, işlərim yaxşılığa doğru gedirdi. Bir müddət sonra Bakı Şəhər Prokurorluğunda açılmamış ölüm işləri üzrə baş müstəntiq oldum. Açılmamış ölüm işləri üzrə 4 il baş müstəntiq işlədim. Bu, 1977-80-ci illərə təsadüf edir. O zaman  27-29 yaşım var idi.

– Gənc kadra belə bir çətin sahəni necə həvalə etdilər?


– Yaşlı bir qadın vardı, polkovnik rütbəsində, bizim qrupa o, rəhbərlik edirdi. Bakı Şəhər Prokurorluğunda baş müstəntiq işləyirdi. Ölüm işlərindən yaşlı adamlar boyun qaçırırdılar, çünki bu, ağır bir iş idi. Gecə-gündüz işləyirdik. Məsələn, dincəlldiyin zaman xəbər gəlirdi ki,  Pirallahı adasında üzərində zorakılıq əlamətləri olan  meyid tapılıb. Gedib ona baxmayınca, həmin meyid ortalıqda qalırdı. Demək olar ki, Bakı şəhərində, 3-4 il ərzində ən ağır, açılmayan ölüm işləri ilə məşğul olmuşam. O dövrdə bizim qrupa DİN-dən 12 nəfər ən təcrübəli adam göndərilmişdi. Baxmayaraq ki, biz prokurorluqda işləyirdik, DİN bizim üçün kabinet, maşın  vermişdi, ekspert-kriminalist ayırmışdı. 1977-1980-ci illərdə Bakıda nə qədər ölüm işlər vardısa, hamısı mənim əlimdən keçirdi.

– O dövrün maraqlı işlərindən nəyi xatırlaya bilərsiniz?

– “Reket” sözünün hələ mövcud olmadığı o vaxtlarda məlumat daxil oldu ki, iki kriminal qrup varlı bir adamdan bac almaq istəyir. Bunun üstündə bu iki qrup arasında mübahisə yaranmışdı. Qanlı gölün ətrafında atışma olmuşdu. Atışmada 1  nəfər ölmüşdü, 1-i ağır  yaralanmışdı, 3 nəfər isə hadisə yerindən qaçmışdı. Uzun müddətdən sonra onları tapdıq. Ən maraqlısı odur ki, mən hələ birinci kursda oxuyarkən bu qrupları tanıyırdım. Tələbə yoldaşımgilə getmişdim, küçədə onu gözləyirdim. Həmin cinayətkarlar o vaxtı məni sorğu-sual etməyə başlamışdılar ki, niyə burda dayanmısan. O zaman 17 yaşım vardı. Bu adamlar məni mədəni surətdə küçədən qovdular. Onlar bu məhəllənin lotuları idilər. Sonra elə oldu ki, onların cinayət işinə baxmaq mənə qismət oldu, görən kimi tanıdım. Çünki bu hadisədən sonra da, onları daha bir dəfə görmüşdüm. Bakı Şəhər Prokurorluğunda işləyəndə həmin adamları  tutub gətirdilər. İşin rəhbəri də mən idim. Məhkəmədə onlara ağır cəzalar verildi. İlk dəfə “reket” sözünü də orada eşitdim.

– Bəs, necə oldu ki, Bakı Şəhər Prokurorluğundan Mingəçevir Şəhər Prokurorluğuna keçdiniz?

– Bir  müddət Bakı Şəhər Prokurorluğunda zona prokuroru işlədim. Əliş Əliyevi Bakı şəhər prokuroru təyin edəndə Səbail rayonunun prokurorunu işdən çıxartdılar. Onda heç 30 yaşım yox idi. Səbail rayon Prokurorluğuna da namizəd axtarılırdı. Bakı şəhər prokuroru tanımaza-bilməzə namizədliyimi Səbail rayon prokuroru vəzifəsinə verdi. O vaxtkı respublika prokuroru Abbas Zamanov məni yanına çağırdı və söhbət etdi. Düzü, ora keçməyə qorxurdum, çünki Səbail mərkəzi rayonlardan idi. Fikirləşirdim ki, bacarmaram. Əliş Əliyev isə deyirdi ki, bacararsan. Sonra Mingəçevirə getdim. Mingəçevirdə işlədikdən sonra isə məni Respublika Prokurorluğuna gətirdilər. Mingəçevirin birinici katibi çox ciddi adam idi. Ona elə bir adam lazım idi ki, sözü ilə oturub-dursun. Təsadufən, belə qərara  gəldilər ki, məni Mingəçevirə göndərsinlər, hətta birinci katib respublika prokurorunun yanına gəldi, mənimlə söhbət etdilər. Başqa bir namizəd də var idi. Amma birinci katib Aydın Məmmədov mənim üzərimdə dayandı. Aydın Məmmədov bir vaxtlar Bakının rəhbəri olub, kifayət qədər tanınmış  və hörmətli şəxs idi. Dedi ki, bu cavan adamdır, necə istiqamət versən, elə də işləyəcək. 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərinə prokuror keçdim. Artıq 30 yaşındaydım, evli idim, iki övladım vardı.

– Bu cür irəliləyişinizdə yəqin ki, atanızın da hörməti rol oynayıb?

– Mingəçevirə prokuror keçməyim, Mingəçevirdən baş prokurorun birinci müavini vəzifəsinə gəlməyim və s. bütün vəzifələrin əmrini alandan sonra atam bundan xəbər tutub. Bir dəfə biri mənə dedi ki, sən atanın hesabına prokuror olmusan.  Kinayəsini başa düşdüm. Dedim ki, bəli, atamın hesabına prokuror olmuşam. Atam Köçəri Babayev Ali Sovetin deputatı, Sosialist Əməyi Qəhrəmanı idi. Onunla həmişə fəxr etmişəm. Baş prokurorun birinci müavini vəzifəsinə keçəndə Mingəçevir şəhərinin birinci katibi Ramiz Tarıverdiyev mənə dedi ki, xəlvət işlər görürsən. Mərkəzi Komitədə sənin birinci müavin olmağın barədə məsələ müzakirə olunub. Sonra DTK-nın Mingəçevir şöbəsinin sədri mənə dedi ki, DTK sədri Ziya Yusifzadə Bakıdan zəng edib, sənin haqqında məlumat istəyir. Təbii ki, o da mənim haqqımda məlumat vermişdi. Sonra təqdimatla məni Moskvaya göndərdilər. 1987-ci ilin  martın 31-nə əmrimi aldım. Beləliklə, 36 yaşımda məni Baş prokurorun birinci müavini təyin etdilər. SSRİ tarixində 36 yaşında cavan baş prokuror müavini oldum. Tezliklə general rütbəsi də aldım.

– Təyinatınız Qarabağ münaqişəsinin başladığı dövrə təsadüf edir...


– Bəli, 1988-ci ildə Qarabağ hadisələri başladı. Fevralın 11-də xəbər gəldi ki, Xankəndində mitinqlər başlayıb. Ayın 23-də Xankəndinə getdim. Artıq ilk qurbanlar vardı, Əsgəranda iki nəfər ölmüşdü.  Sonra Sumqayıt hadisələri oldu. Dağlıq Qarabağda tabelikdən çıxan ən axırıncı prokurorluq idi. Demək olar ki, 1992-ci ilin axırına qədər həyatım Qarabağda keçib. Məni dəfələrlə girov götürmək cəhdləri olub. Məndən sonra Şükür Rzayevin başına belə bir iş gəldi.  

– Siz müxtəlif dövrlərdə  işlədiniz. Bu xalqı birləşdirən bir ideya,  xətt tapmaq olmazdımı?

– İdeya da var idi, xətt də, amma reallığa gələndə olmadı. Siyasət uğurlu deyildi.   Yadımdadır, o vaxtkı Baş prokuror  İlyas İsmayılov çox çalışdı ki, Əbülfəz Elçibəyə izah etsin ki, MDB-yə qoşulmağa mane olmayın. MDB-yə getməsək, bizə faciə baş verəcək, amma Əbülfəz Elçibəy  qətiyyən razı olmadı.

Xocalı hadisələri zamanı soyqırımı haqqında danışmaq üçün məni AzTV-yə  çağırmışdılar. Televiziyada Xocalı hadisələrinin necə baş verməsi haqqında saat yarımlıq müsahibə verdim. O verilişə qədər məni əvvəlcədən hazırladılar ki, nələri danışım. Dedim ki, narahat olmayın, fikirlərimiz üst-üstə düşəcək. Mən dedim ki, o vaxtkı rəhbərlik və özüm də günahkaram. Sonra da fikirləşdim ki, “özüm” sözünü çıxardarlar, onların adlarını saxlayarlar. Amma müsahibəmdən Ayaz Mütəllibovun adını çıxartdılar. Sonradan Nizami Xudiyev dedi ki, “sən guya, Ayaz Mütəllibovu tənqid edirsən, amma əslində tərifləyirsən”. Ayaz Mütəllibov sessiyada alovlu çıxış etdi, dedi “ay qardaşlar, ay deputatlar, ay Xalq Cəbhəsi MDB-yə getməsək, bizim üçün çox pis olacaq”, ancaq muxalifət ona imkan vermədi.  Mən də bunu demişdim.

Məndən müsahibə alarkən hər dəfə soruşurlar: “Niyə Qarabağ məsələsi belə oldu?” Deyirəm, arxivi qaldırıb baxın. O vaxt Valeh Bərşadlı müdafiə naziri idi. Deyirdi ki, “mənə üç ay vaxt verin, Azərbaycan ordusunu düzəldim”. Müxalifət də  Müdafiə Nazirliyinin qarşısında mitinq etdi ki, 3 aya ermənilər Bakıya dolacaq. İndi arxivə baxsınlar ki, Valeh Bərşadlıya işləməyə niyə imkan vermədilər? Sonra da onu işdən çıxartdılar, yerinə hərbi ilə əlaqəsi olmayan adamlar qoydular. Ancaq bunun çoxlu başqa səbəbləri  də var...

Yadımdadır, 1992-ci ilin sentyabrın 1-də Ağdərə alınmışdı. Elçibəyin sədrliyi ilə iclas gedirdi. Yarım saatdan sonra Valeh Bərşadlı gəldi. Elçibəy dedi: “General, nə qaş-qabağını sallamısan, bu  gün qələbə günümüzdür, Ağdərəni almışıq, niyə sevinmirsən, üzündən  narazı adama oxşayarsan...”.
O da dedi: “Bəy, vaxtından qabaq sevinirsiniz. Ağdərəni belə almaq bizə lazım deyildi. Dekabr-yanvar aylarında ermənilər alınan əraziləri yenidən geri qaytaracaq”. Elçibəy dedi ki, “nə danışırsınız?”. Bərşadlı cavab verdi ki, “mən sizə sübut edə bilərəm ki, ermənilər həmin əraziləri yenidən alacaqlar, icazə verin, izah edim. Şərti olaraq keçmiş sovet ordusundan 100 tank bizə, 100 tank ermənilərə verməli idilər, iyun ayında 50 tank bizə, 5  tank ermənilərə, iyul ayında 25 tank bizə,  5 tank ermənilərə, avqust ayında bizə 15 tank, ermənilərə 10 tank, noyabr ayında axırıncı iki tankı bizə veriblər. Dekabr ayında ermənilərə 50 tank verəcəklər, amma bizə heç nə verilməyəcək, çünki  payımızı almışıq. Həm də ermənilərə təzə tanklar, bizə isə köhnə tanklar verirdilər. Digər silah növlərimiz də köhnədir”.
Bərşadlı deyirdi ki, “Tikinti mühəndislərini çağıraq, arxada istehkamlar quraq”. Müdafiə naziri deyirdi ki, “Sən nə danışırsan?  biz qabağa getmək istəyirik, sən də arxadan istehkam qurmaq istəyirsən?”.
Bərşadlı də deyirdi ki, biz istehkam qurmalıyıq ki, düşmən hücum edəndə  qarşısını ala bilək. Yaxud Bərşadlı deyirdi  ki, ehtiyatda 10 tank saxlayıb. Bir də görürdün ki, nazir göstəriş verir ki,  “Burada vəziyyət pisdir,  tank göndər...”. Sonda Əbülfəz Elçibəy dedi ki, “Bərşadlını hərbi məktəbə göndərək, qoy orada hərbiçi hazırlasın”. Bir  anlıq sükut yarandı. Mən söz aldım, dedim ki, Aşıq Ələsgərin bir sözü var: “Ay həzərat, yaman dərdə düşmüşəm, desəm öldürərlər, deməsəm, ölləm”. Dedim ki, Azərbaycanın Müdafiə Nazirliyi sistemində yeganə peşəkar hərbçi Valeh Bərşadlıdır. Bu gün də onu işdən çıxartdınız. İsa Qənbər mənə dedi ki, “burda səni kimdir öldürən, hələ Aşıq Ələsgərdən misal da gətirirsən”. Dedim  ki, siz deyə bilərsiniz ki, sən, prokurorsan, işinlə məşğul ol. Amma mən bunu deməsəm, sonra özümü bağışlaya bilmərəm.

O zaman prezidentin hərbi məsələlər üzrə müşaviri, general-leytenant Yaşar Paşa idi. Türk ordusundan məsləhətçi kimi dəvət edilmişdi. Mən danışandan sonra  Yaşar Paşa da söz istədi. Dedi: “Siz çox böyük bir səhvə yol verirsiniz. General Bərşadlı nəinki Azərbaycanda, bütün Sovetlər Birliyində tanınan hərbçidir. Biz onu yüksək qiymətləndiririk. Hərbi məsələlər üzrə prezidentin müşaviriyəm, amma mən hərbi hissəyə gedirəm, məni orduya buraxmırlar. Belə ordu olmaz”.

Bərşadlını işdən çıxartdılar.  Bir aydan sonra məni də işdən çıxartdılar.  Bir neçə ay işsiz qaldım. 1993-cu ilin fevralında məni Bakı Şəhər Nəqliyyat Prokurorluğuna təyin etdilər. Bərşadlının proqnozları düz çıxanda ona zəng etdim, dedim ki, siz deyən kimi də oldu. 

– Bu hadisələrə qədər Siz artıq Baş prokuror idiniz...

– İsmət Qayıbov 20 noyabr 1990-ci ildə şəhid olduqda mən birinci müavin idim.  Mənim təqdimatımı xəbərim olmadan Ali Sovetə verdilər, sonra da Baş prokuror təyin etdilər. Azərbaycan Respublikası Ali Soveti tərəfindən təyin olunan ilk baş prokuror mən olmuşam. 26 noyabr 1991-ci il tarixli qərarla. Məndən qabaqkıların hamısının əmrini  Moskva verirdi. Baş prokuror olandan bir həftə sonra Ayaz Mütəllibovla görüşmüşəm.

- Yəqin ki, Baş prokuror kimi xarici səfərlərdə də olurdunuz…


- Bəli. 1992-ci il mayın 2-də Azərbaycan hüquqşünaslarından ibarət nümayəndə heyəti İranın baş prokurorunun dəvəti ilə qonşu ölkəyə səfərə getmişdi. Nümayəndə heyətinin rəhbəri də mən idim. Ali Məhkəmənin sədri Hüseyn Talıbov, Bakı şəhərinin, Naxçıvan MR-in prokurorları da nümayəndə heyətinə daxil idilər. Biz Tehranda, Təbrizdə maraqlı görüşlər keçirdik. Rəfsəncani ilə də görüşümüz oldu.
Mayın 8-nə keçən gecə Azərbaycana qayıtdıq, Şuşanın işğalı xəbəri o səfəri burnumuzdan gətirdi…
1993-cü ilin noyabrında Ali Məhkəmənin sədri Tahir Kərimli ilə birgə ABŞ-da, Nyu-York şəhərində rəsmi səfərdə olduq. Onda BMT-nin ofisində, Nyu-York Federal məhkəməsində vacib görüşlər keçirdik…

– Maraqlıdır, Siz üç prezidetnlə işləmisiniz...

– Mən 7 prezidentlə işləmişəm. Baş prokurorun birinci müavini olarkən tez-tez  Mərkəzi Komitənin birinci katiblərinin yanında olurdum. Hələ birinci müavin işləyəndə İlyas İsmayılov Moskvada, xaricdə olarkən bəzi vaxtlar onu mən əvəz edirdim.
Prezidentlərə qədər də Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov kimi birinci katiblərlə işləmişdim. İki-üç ay Yaqub Məmmədovla da işlədim. Ayaz Mütəllibov iki günlük yenidən qayıtdı hakimiyyətə. Gələn kimi göstəriş verdi ki, məni işdən çıxarsınlar. Yaqub Məmmədovdan sonra İsa Qəmbər, daha sonra Əbülfəz Elçibəy, ondan sonra da Heydər Əliyev gəldi. Onunla əlaqəmiz az oldu. Artıq mən işdən çıxmışdım. Üst-üstə 7 rəhbərin kabinetində olmuşam, 7 ölkə başçısı görmüşəm.

– O kabinetdə nələr daha çox yadınızda qalıb?

– Çox maraqlı hadisələr olub...  İşlədiyim insanlar içərisində ən insanpərvər Kamran Bağırov olub. Kamran Bağırov yeganə adam idi, Baş prokurorun birinci müavin olanda mənə demişdi ki, “insanları incitməyin. Hamıya kömək edin, onsuz da  vəziyyət çətindir”.
Bir dəfə “525-ci qəzet”də də Kamran Bağırov haqqında danışmışam. Mənə bu barədə sual verdilər, mən də cavab verdim. Onda Kamran  Bağırov sağ olsa da, ölüm ayağında idi. Şiş xəstəliyindən əziyyət çəkirdi. Müsahibədən sonra onun yanına getdim. Dedim, bax, mən belə müsahibə vermişəm. O, kövrəldi, əlimdən tutdu. Dedi ki, yaxın otur, biz dost olmuşuq. Bağırov bir ürək sözünü də mənə dedi. Ancaq indi bu haqda danışmaq istəmirəm.
Birgə işlədiyimiz dövrdə dostluğumuz yox idi, təqaudə çıxandan sonra dostluq etməyə başladıq. Həmişə onunla birgə tennis oynayırdıq. Hətta bir dəfə Antalyaya getmişdik. Orada almanların iştirakı ilə yarış keçirilirdi. Kamran Bağırovla mən orada hamını udduq. Onda hamı məəttəl qaldı ki, biz necə oynayırıq? O, yaşlı idi, mən də ağır çəkili. Xalq Cəbhəsi hakimiyyətə gələndə mən Baş prokuror idim. Bir neçə ay onlarla işlədim. Ondan sonra məni işdən çıxartdılar. İşdən çıxartdılar deyəndə ki, bəlkə də qalıb işləyərdim, amma  öz xahişimlə işdən çıxdım. Parlamentdə məsələmi səsverməyə qoydular. Deputatlar işdən çıxmağıma səs vermədilər, özüm xahiş etdim ki, işləmək istəmirəm. 

– Xələfiniz İxtiyar Şirinov oldu…


– İxtiyar Şirinov Əbülfəz Elçibəyin hüquq məsələləri üzrə müşaviri idi. Mən çıxandan sonra o, Baş prokuror oldu. Amma heç onun özü bu vəzifədə olmaq istəmirdi. Onun təyinatında mənim də rolum olub. O vaxtlar onunla  münasibətimiz sərin idi. Baş prokuror olanda qəzetdə müsahibə də vermişdim ki, İxtiyar Şirinovla hüquq islahatı keçirmək mümkün deyil. İndi  “Ədalət” qəzetində çıxan həmin məqaləni saxlayıram. Hətta bunu müzakirəyə çıxartdılar ki, mən niyə dövlət müşaviri haqqında belə söz demişəm. Əbülfəz Elçibəy bu sualı mənə verəndə dedim ki, yaxşı etmişəm və səbəbini də izah etdim.   

– Bəs niyə onun Baş prokuror keçməyinə kömək etdiniz?

– Mənim əvəzimə başqa birini seçmək istəyirdilər. Mən də istəmirdim, həmin adam Baş prokuror olsun.

– Həmin şəxs kim idi? Mətləb Mütəllimov?

Ardı var

Aygün Nizamiqızı
Nihadə Eyyubova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayolardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53