Modern.az

Polis 3 nəfəri ölümdən xilas etdi

Polis 3 nəfəri ölümdən xilas etdi

Aktual

6 Avqust 2020, 20:03

Xəzər rayonunun Buzovna qəsəbəsindəki çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq təhlükəsi ilə üzləşən azyaşlı qızı xilas edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşı həmin ərazidə xidmət aparan zaman 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükə altına qoyaraq suya atılan polis serjantı onu xilas edib. Vaxtında edilən kömək nəticəsində azyaşlının həyatı xilas olunub.

Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən, həmçinin bu gün Dənizkənarı Milli Parkda daha bir azyaşlı və anası xilas edilib. Park ərazisində xidmət aparan polis serjantları Rəşad Məmmədov və Sevinc Quliyeva bir qadının qışqırığının şahidi olublar. Hadisə yerinə çatanda məlum olub ki, 11 yaşlı M.Abdullayev Dənizkənarı Milli Parkda olan zaman ehtiyatsızlıqdan suya düşüb. Bu zaman onu xilas etməyə çalışan anası A.Abdullayeva da özünü dənizə atıb və hər iki şəxs boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu zaman adları çəkilən polis əməkdaşları həyatlarını təhlükə altına qoyaraq dənizdə batmaq üzrə olan ana və oğlunu xilas ediblər.

Hər iki hadisədən sonra xilas edilən şəxslər və onların valideynləri polislərə bu nümunəvi addımlarına görə təşəkkürlərini bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir