Modern.az

Eks-Baş prokuror Murad Babayev: “General etdiyim adam məni gördü, salam vermədi” - MÜSAHİBƏ - II HİSSƏ

Eks-Baş prokuror Murad Babayev: “General etdiyim adam məni gördü, salam vermədi” - MÜSAHİBƏ - II HİSSƏ

9 İyun 2012, 09:29

Modern.az saytı “Sabiqlər” rubrikasında sabiq Baş prokuror Murad Babayevlə müsahibənin ardını təqdim edir.

– Bəs niyə İxtiyar Şirinovun Baş prokuror keçməyinə kömək etdiniz?

– Mənim əvəzimə başqa birini seçmək istəyirdilər. Mən də istəmirdim, həmin adam Baş prokuror olsun.

– Həmin şəxs kim idi? Mətləb Mütəllimov?

– Yox, bu, Mətləb Mütəllimov da deyildi.

– 20 noyabr faciəsi ilə bağlı nə deyə bilərsiniz? İstintaq qrupunun rəhbəri kimi orada qarşılaşdığınız ciddi məqamlar nə idi?

– Bu hadisə ilə bağlı “Açılmayan cinayətlər” verilişini aparan AzTV-nin əməkdaşı  gəlmişdi. Çox çalışdı, deyim ki, vertolyotu Ayaz Mütəllibov, Tamerlan Qarayev vurdurub. O vaxt da A.Mütəllibovun əleyhinə çıxışlar gedirdi. Mən ona dedim, sən, bura nəyə gəlmisən? Özün də keçmişdə rayon icra başçısı olmusan. Ona dedim, sən camaatın ölümü ilə siyasət qurma, siyasətinlə məşğul olacaqsansa, get, siyasətinlə məşğul ol. Sən gözləyirsən, deyim, Ayaz Mütəllibov günahkardır. Sonra 20 noyabr 1990-cı il hadisəsi ilə bağlı televiziyada veriliş gedəndə jurnalist məni də bu hadisəyə qatdı, guya ki, vertolyotu Ayaz Mütəllibov və Tamerlan Qarayev vurdurub, Murad Babayev də onların günahlarını örtür.
AzTV-nin o vaxtkı sədri Babək Hüseynoğluya zəng etdim, narazılığımı bildiridim. O da çox əsəbləşdi, dedi ki, verilişə baxıb, çox narahat olub. Həmin verilişi dayandırdılar. Müxbiri də  işdən azad etdilər. Hər noyabr ayı gələndə deyirlər ki, müsahibə verin. Mən də deyirəm, daha müsahibə vermiyəcəm.
Müharibədə hər hadisə ola bilər. 18 oktyabr 1991-ci ildə müstəqillik günündə Şuşadan Ağdama vertoloyotla gedirdim. Onda Milli Məclisin deputatı idim.   Çalışırdıq parlamentin iclasına çataq. Vertolyotla gələndə həmişəki marşurutdan kənara çıxdıq. Şuşadan keçəndə, pilot dedi ki, bizi aşağıdan atəşə tutublar. Vertolyotda çoxlu güllə deşikləri var idi. Biz sağ-salamat gəlib çıxdıq.

– Sizin Bakı nəqliyyat prokuroru  təyin olunmağınız necə baş verdi?

– İşdən çıxandan sonra təklif etdilər ki, Gəncəyə prokuror gedim. Dedim ki, yox,  istəmirəm. Onda dedilər ki, fikirləşək görək, sənə hansı vəzifəni verək. O zaman prokurorluq sistemində ən zəif yer Bakı Nəqliyyat Prokurorluğu idi və işləmək asan idi. Oranın da prokurorunu işdən çıxartmışdılar və məni həmin vəzifəyə təyin etdilər. Amma sonradan görünür, peşman olmuşdular, çünki Bakı Nəqliyyat Prokurorluğunun tabeliyindən hava limanını çıxardılar, ayrıca prokurorluq yaratdılar. Daha sonra Xaçmaz Nəqliyyat Prokurorluğu yaratdılar. Hacıqabul və Astara dəmiryollarını da İmişlı Nəqliyyat Prokurorluğuna verdilər. Mən də ancaq Bakı dəmiryol prokuroru oldum.  İldə 3-4 iş olurdu, demək olar ki, istirahət edirdim orada.

– Orada neçə il işlədiniz?

– 7 il. 7 ildən sonra Nəqliyyat Prokurorluğunu da ləğv etdilər. Bizi də ixtisara saldılar. Sonra qanun çıxdı ki, 25 il təcrübəsi olan təqaüdə çıxa bilər. Mən də ərizəmi yazıb, təqaüdə çıxdım. Bir il də sərəncamda qaldım. 50 yaşımın tamamında artıq təqaüddə idim. Ondan sonra bir müddət işsiz qaldım. Sağ olsunlar ki, məni çıxartdılar, indi taleyimdən razıyam. Bir müddət sonra dərs demək üçün Təfəkkür Universitetinə gəldim.

– Maraqlıdır ki, respublikanın Baş prokuroru bu işlə razılaşdımı? Axı çox vaxt vəzifədə olmuş insanlar bunu rahatlıqla qəbul edə bilmirlər.

– Məndə bu proses çox rahat getdi, çünki çox asanlıqla prokuror olmuşdum, çox asanlıqla da istefaya çıxdım. İnsan gərək sadə olsun. Mən təqribən 1973-cu ildən prokurorluq sistemində işləmişəm. İlk dəfə o sistemə Qambay Məmmədovun vaxtında təyinatla getmişəm. Sonra Abbas Zamanov prokuror oldu. Ondan sonra İlyas İsmayılov bu vəzifəyə təyin oldu. İlyas İsmayılov vəzifədə gördüyüm adamlar içərisində ən laiqlisi idi. Ondan sonra  bu vəzifədə İsmət Qayıbov, mən, İxtiyar Şirinov, Əli Ömərov, Eldar Həsənov olub. Eldar Həsənov mənə keçmiş Baş prokuror kimi çox diqqət yetirib. Xətrini indi də  çox istəyirəm, dostluğumuz bu gün də davam edir. Onunla əvəllər tanışlığım olmayıb.

- Zakir Qaralov da uzun müddətdir Baş Prokurorluğa rəhbərlik edir…

– Allah işini avand etsin. Zakir Qaralov mən açılmamış ölüm işləri üzrə baş müstəntiq olanda, bizim qrupa praktikant kimi gəlib, kömək edirdi. Biz bir yerdə çox oturub, çörək yemişik, yoldaşlıq etmişik.

- İndi o vaxtlar çalışdığınız  insanlarla münasibətləriniz varmı?

- Təbii ki, qalır. Ola bilməz ki qalmasın. Özüm çox əlaqə yaratmaq istəmirəm. Məsələ burasındadır ki, hər yerdə olduğu kimi, gördum, insanlar cox qəribədir. Hər halda gözlədiyim kimi olmadı. Bir dəfə dedim ki, general etdiyim adam məni küçədə gördü, amma salam vermədi. İlyas İsmayılov da dedi ki, həmin adam onu  yasda görüb, ona da  salam verməyib. O vaxt İlyas İsmayılov artıq siyasi müxalifətdə idi, amma indi deputatdır, həmin adam yəqin ki, görsə, salam verər.

– Bilirik ki, Cəbrayıl rayonundansınız, sizi cəbrayılıların ağsaqqalı da adlandırırlar…

-  Atam elimizin-obamızın ağsaqqalı, hörmətli adam olub. Yəqin ki, ondan keçib, həm də bu, canımda da var, amma yerliçilik prinsipinin tamamilə əleyhinəyəm. Hər yerin  yaxşısı da, pisi də var. Ancaq el-oba ayrıdır, dar günün dayağıdır. Bu gün hamı məndən qaçıb, elim-obam arxamdadır. Yaxşılıq etdiyim, hesabıma var-dövlət qazanan insanların indi məndən heç xəbərləri də yoxdur. Ancaq yenə də peşiman deyiləm.  Mən bu dünyada yaxşılıq etmək üçün qalmışam. Son 6 ildə, 6 dəfə ağır ürək, boğaz əməliyyatları keçirmişəm.

- Əməliyyat Azərbaycanda, yoxsa xaricdə olub?

– Əməliyyatları Almaniyada və Türkiyədə keçirmişəm. Kritik vəziyyətdən  çıxandan sonra bir şeir də  yazmışdım:

Şükür sənin dərgahına, Ulu Tanrım!
Baş kötükdə olanda da,
Bağça-bağım xəzan tutub solanda da,
Ömür adlı yaşam normal dolanda da,
Yaşamağı həkimlərdən kontur kimi alanda da,
Ürəyimə sevgi verdin, sevinc verdin,
Gözəl etdin həyatımı, qanad verdin,
Şükür sənin dərgahına, ulu Tanrım.

Yəni mən son 6-7 ildə yaşamağı həkimlərdən kontur kimi almışam.

– Onda belə deyək, sonuncu dəfə həkimlərdən nə vaxt kontur almısınız?

– İki il  bundan qabaq Kiyevdə əməliyyat olunmuşam. Ümid edirəm ki, hələ bundan sonra bir az ömrüm qalıb. Konturlarım həmişə bahalı olub. İstanbulda bizə Bakıdan gələn neft milyonçusu kimi baxırlar. Özlərininkilərə 5 minə etdikləri əməliyyatı bizə 10 minə edirlər.

 – O günlərdən nə qalıb?

– Mən o günlərdən narazı deyiləm. Şükür, maaş, təqaüd alıram. İşləyirəm. Elə bir ciddi ehtiyacım yoxdur.

– İş otağınızı özünüz düzəltdirmisiniz?

– Yox, mən bu otağa heç nə etməmişəm. Bura əvvəl keçmiş rektorun qonaq otağı  olub. Sonra qonaq otağını ləğv etdilər, buranı bizə kafedra yeri kimi verdilər.

– Boş vaxtlarınızı necə keçirirsiniz?

– Ən birinci hobbim tennis oynamaqdır. Böyük tennisi sevdinsə, ondan ayrıla bilməzsən. 25 il tennis oynamışam. Hara getmişəmsə, tennis paltarım, raketkam yanımda olub.
Gülləri çox sevirəm. Bağımda hər cür gül var. Müsahibəni bağda versəydim, gözəl güllərimi görərdiniz. Güllərimi  özüm artırıram. Güllərimin  adları da var. İndi gülçülük əsas məşğuliyyətimdir. Əməliyyatdan sonra tennislə elə də məşğul ola bilmirəm.

– Həyat yolunuzu qısa da olsa, danışdınız. İşlərinizə görə övladlarınıza münasibət necədir?

– Mənə və uşaqlarıma qarşı münasibət normaldır. Cəmiyyətdən ancaq müsbət münasibət görmüşəm.

– Övladlarınız harada işləyir?

– Oğlum hüquqşünasdır. Hazırda kiçik biznes fəaliyyəti ilə məşğul olur. Qızım “Uşaqların xöşbəxt gələcəyi” adlı cəmiyyətin sədridir. Qızım 400-500 ürək qüsuru olan uşağı əməliyyat elətdirib. Bu əməliyyatlar cəmiyyətin, dostlarımızın hesabına həyata keçirilir. Məsələn, Türkiyədə olan bir dostum bir uşağın əməliyyat olunması üçün 12 min dollar ödəmişdi. Yeri gəlmişkən, qızımın yaratdığı cəmiyyət Heydər Əliyev Fondu ilə əlaqəli fəaliyyət göstərir.

– Siz açılmamış cinayətlər üzrə uzun müddət çalışmısınız. İndi bu işlərlə bağlı sizdən məsləhət alan olurmu?

– Bu  saat buna ehtiyac yoxdur. İndi hamı elə bilir ki, hər şeyi bilir. Həm də çoxlu savadlı mütəxəssislər var.  

- Ədalətsiz qərar çıxarmağınız yadınıza gəlirmi?

– Heç vaxt. Mənim xöşbəxtliyim odur ki, nə qədər işləsəm də, Allah tamahımı əlimdən alıb. İşlədiyim müddətdə nə qanunsuz, nə də ki sifarişlə adam tutdurmuşam. Cəmiyyətin özü ədalətsizdir, bu gün hamı rüşvət alır, amma kiçik qrup rüşvətxor həbs olunur. Bu, həmişə belə olub. Görürsünüz ki, tutulanların hamısı  yetim-yesirdir. Amma korrupsiyadan söhbət gedəndə, ağlımıza eyni adamlar gəlir, onlara isə heç nə deyilmir. Bu, bizim  vaxtımızda da belə idi, indi də belədir. Amma peşman olduğum bəzi kiçik məsələlər olub.
Mingəçevirdə prokuror olanda Yusif  Yusifov adlı bir rabitə qovşağının  rəisi idi. O, çox sanballı adam idi. Bir gün rabitə qovşağını yoxlatdıranda, kassada külli miqdarda əskiklik gəldi. Biz kassiri məhkəməyə verdik. Yusif Yusifov səhlənkarlıq maddəsi ilə məhkəməyə verildi. Bu, yüngül bir maddədir. Buna görə o, yalnız cərimə edildi. Yusifov kommunist, çox hörmətli adam idi. Bu işə görə onu partiyadan çıxartdılar. O, partiyadan çıxarılmağı özünə bir dərd etmişdi. Onun belə vəziyyəti məni də narahat edirdi.  Sonra mən Baş prokuror olanda ona protest verdirib, bəraət qazandırdım. O, yenidən partiyaya keçə bilmədi, çünki partiya dağılmışdı. Bir gün  mənə zəng etdi ki, onu nahaqdan məhkəməyə vermişik.
”Mən artıq bəraət almışam, indi siz cavab verməlisiniz” -dedi. Mən də gülə- gülə dedim ki, Yusif müəllim, sənin bəraətini mən vermişəm. Mən Baş prokuroram, istəməsəm, heç kəs sizə bəraət verə bilməzdi.

– Həmişə korrupsiya və rüşvətxorluğa bulaşmış hüquq-mühafizə orqanları ilə cinayətkar aləmin işbirliyi olub. Siz buna heç rast gəlmisinizmi?

– Bir dəfə vəzifəli bir adam uşaqlarımla bağlı nahaqdan problem yaratmışdı. Getdim onun yanına, əvvəlcə xahiş etdim. Dedim ki, sən elmlə məşğulsan, ətrafındakı adamlar elm adamlarıdır, amma mən həyatım boyu cinayətkar aləmlə işləmişəm. Sən mənə nahaqdan sataşsan, elə edərəm ki, başını qapıdan çölə də çıxarda bilməzsən. Bu sözləri ona zarafatla dedim, amma hər zarafatda bir ciddiyyət var.

– Cinayətkarlarla heç dostluğunuz var idi?

– Dostluq yox idi. Amma çoxlarını tanıyırdım. Elə adam tanıyıram ki,  cinayətkardır, ancaq hörmət sahibidir. Çünki bəzən cinayətkar adlandırdığımız “Vor zakon”lar hüquq işçisindən daha ədalətli olur.

– Yəqin ki, cinayətkarlar arasında salam verdikləriniz də var idi?

– Əlbəttə. Bilirdim ki, keçmişdə həbsdə olub, amma mənimlə çox mehriban görüşür. Həyatımda belə insanlar çox olub. Təsəvvür edin ki, həyatımın mühüm hissəsini cinayətkar aləmlə işləmişəm. Elə olub ki, residivistlə (bir neçə dəfə məhkum həyatı yaşamış adamlar-red), qatı cinayətkar kimi tanınan adamla söhbət edəndə görürsən ki, olduqca yaxşı insanlardır. Amma həyat elə gətirib ki, cinayətkar olub.

– Heç olub ki, kimsə cinayət törədib, amma görmüsünüz ki, bu cinayət  istəmədən olub, zərurətdən doğub?

– Çox olub. Bakıda bir qadını öldürmüşdülər. Əxlqasız idi, qadın alveri ilə də məşğul olurdu. Meyidi Novxanı kəndindən tapmışdılar. Mən onda ölüm işləri üzrə baş müstəntiq idim. Uzün müddət bu işin istintaqı ilə məşğul oldum, amma tapa bilmədik ki, qatil kimdir. Bir dəfə biri mənə dedi ki, bu qadına görə niyə bu qədər çalışırsan, o, çoxdan ölməli idi. Onda dedim ki, mən qatili cəza vermək üçün axtarmıram, ona görə axtarıram ki, sağ ol deyim ki, cəmiyyəti bu cür qadından azad etdin.

– Hansısa bir məsələyə görə, olubmu ki, bir cinayətkarı vaxtından əvvəl azad etmisiniz? Yaxud da kömək etmisiniz?

–Belə hallar da olub. İndi fikirləşmək lazımdır. Yadımdadır ki, bir qız  bir kişiyə 104 bıçaq zərbəsi vurmuşdu. Qızın 23 yaşı var idi. Kişi bu qızdan əl çəkmirdi ki, onunla görüşsün. Sonda qız da bezib, həmin kişini öldürmüşdü. Amma cavan bir qızın  həyatı məhv oldu. Mən az da olsa, ona kömək etdim. Həmişə mənim  haqlı olan cinayətkara inasani münasibətim olub, baxmayaraq ki, cinayətkara haqlı demək olmaz. Bəzən situasiya özü məcbur edir ki, cinayətkar olasan. Mənim də həyatımda olub ki, demişəm ki, filankəsi öldürəcəm. Tələbə olanda bir müəllim var idi, mənə qarşı ədalətsizlik edirdi. Deyirdim ki, tapıb onu öldürəcəm. Adamı bezdirirlər, cinayət törətməyə məcbur edirlər. Mən baş prokuror olanda bir soyğunçu, adamın evinə yatdığı yerdə daxil olub, əmlakı oğurlayıb. Ev yiyəsi də soyğunçu ilə əlbəyaxa olub, onu öldürmüşdü. Göstəriş verdim ki, buraxın onu. Dedim ki, yaxşı edib öldürüb. Sahibinin yatdığı yerdə onun nə ixtiyarı var ki, evə daxil olub əmlakı oğurlayır. Amma elə adam tanıyıram ki, belə bir cinayətə görə ona 15 il iş veriblər. Guya həmin adam həm də hansısa partiyanın üzvüdür. Kim olursan ol, ilk növbədə ədalətli olmalısan. Həm də insanın gərək tamahı az olsun.
Bir dəfə cəzaçəkmə müəssisəsinə baxan prokuror mənə dedi ki, hələ görməmişəm sizdən dustaqlar bir narazılıq etsin. Baxmayaraq ki, onların həbsində sizin də imzanız olub.  İnsanlara nahaq, qanunsuz hərəkət edəndə mütləq qarşısına çıxır. 13 ildir ki, prokuror vəzifəsindən çıxmışam, amma bir dəfə də olsun kimsə qapımı döyüb, deməyib ki, mənə haqsızlıq etmisən. Baş Prokurorluqdan çıxan gündən mühafizəsiz gəzmişəm, indi də gəzirəm. Ədalətsizliyin olmasında həmişə cəmiyyət günahkar olub. Bir dəfə Heydər Əliyevə bir  sual vermişdilər, onda o demişdi ki, ümumiyyətlə dünya, cəmiyyət özü ədalətsizdir.

– Bayaq dediniz şeir də yazırsınız. Neçə yaşından şeir yazmağa başladınız?

– Təqaüdə çıxmışdım, işim-gücüm də yox idi. Bir gün şair Vahid Əzizlə qarşılaşdım. Dedi ki, təzə kitabı çıxıb. Mən də sürücünü göndərdim, gedib, həmin kitabı gətirdi. Bu şeirləri oxumağa başladım. Ümumiyyətlə, uşaqlıqdan çox mütaliə edən olmuşam. Vahid Əzizin şeirləri mənim həyatımla çox uyğunlaşır. O şeirləri oxuyanda elə bil ki, onları mən yazmışam. Sonra özüm də az-az yazmağa başladım.  Bu gün yüzlərlə şeiri əzbərdən deyə bilərəm. Bəxtiyar Vahabzadə, Xəlil Rza, Paşa Qəlbinur, Məmməd Araz, Vahid Əziz  və s. şairlərin çoxlu sayda şeirlərini əzbər bilirəm.
Mən işdən uzaqlaşandan sonra, Azərbaycandan incidim. İstədim ki, xaricdə yaşayım. 17 gün Moskvada qaldım, bir müddət də Ankarada, amma gördüm ki, qala bilmirəm. Ona görə də Azərbaycana qayıtdım.

– Darıxdınızmı?

– Moskvada olanda dayımoğlu mənə dedi ki, burada qaraları tuturlar. Mən də dedim ki, mən sovet hakimiyyəti vaxtında general olmuşam. Dedi ki, burada ona baxmırlar. Moskvada hələ biznesə də qoşulmaq istədim, gördüm ki, alverçiyə çevrilirəm, bu iş mənə görə deyil. Bilet alıb, qayıtmaq istədim, amma bilet tapılmadı. Bakıya zəng etdim, bir gündə 3 bilet gətirdilər.  Bakıya qayıdanda məni çox yaxşı qarşıladılar. Nə qədər adam gəlmişdi. Elə bil ki, Moskvada bir adi adam  idim, Bakıya gəldim, şah oldum. Gördüm ki, Bakıda məni gözləyənlər var. Ona görə dedim ki, daha getməyəcəm. Orada ayı 10 min dollar olan bir iş təklif etmişdilər, amma dedim ki, bu, mənə lazım deyil, təqaüdümü alıb, Bakıda da qalacam. Sonra Ankaraya getdim oradada qala bilmədim.
Hər zaman həyatımı zövqlə yaşamışam. Hazırda adi müəllim kimi işləyirəm. Kiməsə elə gəlir ki, Murad Babayev adi bir müəllimdir, amma burada işləməkdən də zövq alıram. Ümumiyyətlə, həyatın hər gözəlliyindən ləzzət alıram. Həyatda hər şeydən zövq almaq lazımdır...

Aygün Nizamiqızı
Nihadə Eyyubova

****
Həmçinin oxu:

Sabiq Baş prokuror Murad Babayev: “Mən 7 prezidentlə işləmişəm” - MÜSAHİBƏ - I HİSSƏ
//modern.az/articles/25089/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi