Modern.az

Qocaman yazıçı

Qocaman yazıçı

Ədəbi̇yyat

22 Avqust 2020, 10:23

                                                                                                                  (hekayə)

       Sinni bir əsri haqlamışdı. Birisigün yüz yaşını qeyd edəcəkdi. Maşallah, canı hələ də suluydu, qıvraqdı. Yoxsa, neçə gündür dalbadal müsahibələr verməyə, jurnalistlərlə görüşməyə təpəri yetməzdi. Kimsəni qırmırdı, nə desələr artıqlaması ilə öhdəsindən gəlməyə çalışırdı. Ölkənin ən tanınmış yazıçılarından biri sayılırdı. Qalaq-qalaq kitabları vardı. Nəinki öz vətənində, hətta, xarici ölkələrdə də yazdıqları əl-əl gəzirdi.

         Ən çox izlənən ədəbiyyat saytlarından biri yubileyi münasibətilə ondan esse yazmasını istəmişdi. Sabah saytda, doğum günündə isə qəzetdə yerləşdirəcəkdilər. Bu essedə  yazıçılığın sirri-sehrini xırdalamalıydı.  Adətən əvvəlcədən qeydlərini aparar, səhər alaqaranlıqdan gün boy verənə qədər yazardı. Növbəti dəfə palazqulaq qeyd dəftəri və hay-hayı gedib, vay-vayı qalan qələminə sarılmışdı.  Ta yeniyetməlikdən beləydi, öncə əllə qeydlərini edər, sonra kompyuterin arxasına keçərdi. Köhnə vərdişinə sadiqdi. İstər-istəməz bir neçə dəfə cəhd eləsə də, birbaşa kompyuterdə ortalığa babat bir əsər çıxara bilməmişdi. Qələmini mürəkkəb əvəzi iç dünyasına yönəltməyi ilə fərdi yazı üslubunu işə salar, özünəmxsus mətləbləri muncuq kimi sıralayardı.  

       Çox vaxt olduğu kimi bu dəfə də ha çalışsa da, haradan başlamağın yolunu-rizini tapa bilmirdi. Özü də söhbət hələ yazı üçün ilkin qeydlərdən gedirdi. Elə bil, ilk dəfəydi əlinə qələm almışdı. Əksər hallarda karına gələn “fənd”lərindən birini əlacsızlıqdan işə saldı. Sanki tonlarla zığın içindəydi deyə öncə hamama yaxalanmağa yollandı. Havayıdan deməyiblər ki, yazmaq iynə ucu ilə gor qazmağa bənzər. Qurulanandan sonra keçdi növbəti sınanmış “fənd”inə. Başına hava gələnlər təkin başladı yazı otağında bacardıqca sürətlə o baş, bu başa var-gəl eləməyə. Nəhayət ki, bulağın gözünə duz töküldü, qələmi iç dünyasının cığırlarından birinə yol aldı. Başladı ötən bir əsrdə görüb-götürdüklərini, yazıçılığın nahamar yollarını bədii dillə ayaqaltı eləməyə. 

        Əsl yazıçı odur ki, nənə-babalar nəvələrini nağıllara necə kökləyirlərsə, o da oxucularla beləcə dil tapa bilsin. Ən tanınmış söz ustaları pıqhapıq qaynayan eşq tiyanında qovrulanlardır. Həqiqi qələm sahibləri adicə saman çöpündə böyük mətləbləri tutmağı bacaranlardır. Yazıçı, şair əlinə qələm alandan ta qələmi yerə qoyana qədər mütləq “qızdırmalı” olmalıdır. Təfəkkürü ilə təxəyyülü qurşaq tutmalıdır. Hərdən yumağa dönüb sonra yay kimi gərilməyi bacarmalısan. Bəzən aylarla, bəzənsə daha uzun müddətə ilham mənbəyin üzünə qapanır. Sanki, nadir əsərləri sıralayan sən deyilsən. Bu hələ harasıdır, o əsərlərə göz gəzdirəndə hərdən sənə elə gəlir ki, doğrudanmı bunları haçansa mən düzüb-qoşmuşam. Bu, əksər qələm əhlinin başına gələn işdir. O da anlaşılandır, hər bir yoxuşun bir enişi də olmalıdır.

       Bir çox hallarda oyaq vaxtı “yuxu” görməli olursan. Yuxuda sən hər şeyi “şəkilli” gördüyün təqdirdə oyaq vaxtı şahidi olduğun “yuxu”da isə sanki kimsə sənə imla yazdırır. Sadəcə, bacardıqca sürətlə yazmalısan ki, o qiyabi əlaqənin cilovunu əldən verməyəsən. Nə qopara bildinsə, qazancın odur. Yerdə qalanı ustalığına bağlıdır.  Bu proses bir növ azman müğam ustası Alim Qasımovun oxu tərzinə bənzəyir. Dədə-baba qaydasınca yerdəcə bardaşqurma əyləşən ustad qavalı ilə birgə əlini qulağının dibinə bəndləyərək gen yaddaşı vasitəsilə keçmişə körpü salır. Ona ün dünəndən gəlir. Bu dünənin neçə əsr əvvələ gedib çıxdığını söyləmək isə cavabsız sual olaraq qalır. Dərindən düşünəndə adama elə gəlir ki, şəcərəsinin bir qanadı (ana tərəfdən) sofululara gedib çıxan sənətkara öz ali məqsədinə yetməkdə  sanki bu ulu nəsildən də kimsə yardımçı olur. Muğamatımıza yeni nəfəs verən Alim Qasımovun gərgin zəhmətinin bəhrəsi olan sənət inciləri hamımıza doğma gəlir, ruhumuzu oxşayır, bağrımıza kilidlənir. Səbəbi sadədir; əcnəbiləri belə heyrətdə qoyan bu mükəmməlliyin mayası əzəllikdən, millilikdən yoğrulub, ona görə də bunlara qanımız qaynayır.

      İşdi, ədəbiyyat aləminin göbəyində yer almaq istəyirsənsə, ən azı  öz ölkənin və dünya ədəbiyyatının, ədəbi tənqidinin cikinə də, bikinə də dərindən bələd olmalısan. Fəlsəfə, musiqi, incəsənətin bütün sahələri ədəbiyyatın ayrılmaz hissəsidir, bundan da qədərincə baş çıxarmalısan. Ən əsası özünün də köklü-köməcli fəlsəfən olmalıdır. Bacardıqca səyahət etməlisən. Təbiəti duymadan yazıçılığın kandarından o tərəfə adlaya bilməzsən. Əgər formadan düşmək istəmirsənsə, mütamadi olaraq elə yazıçıların əsərlərini oxu ki, səni cırnatsın, ədəbiyyat dünyasına kökləsin. Nəbadə onları yamsılamaq eşqinə düşəsən, əks təqdirdə birmənalı olaraq qələm əhli siyahısından birdəfəlik silinəcəksən, buna qətiyyən şübhən olmasın. Oxumaq sadəcə, sənə yaddaşını qurcalamağa, təfəkkür və təxəyyül xəzinənə daha dərindən baş vurmağa yardımçı olmalıdır. İmkan düşdükcə dəyərli qələm sahibləri ilə çay süfrəsi arxasında söhbətləşmək, arada şərab məclislərinə qoşulmaqda da böyük fayda var. Təbii ki, şərabın küpünə girmədən.  Yaradıcılıqda ən əsas məsələ inkubatorluqdan tamamilə yan durmağı bacarmaqdır, yoxsa ya quyruq hissədə qərarlaşacaqsan, ya da adın heç it dəftərində də olmayacaq.   

      Əsl yaradıcılıq, nadir sənət nümunələri bir növ vəhyə bənzər. Bunlar qəflətən gələn qonağı andırar. Məsələn, öz təcrübəmdən birini misal çəkim... Bir neçə il əvvəl televizorda böyük maraqla “Qolos Rosii”(Rusiyanın səsi) mahnı müsabiqəsini izləyirdim. Duel mərhələsi idi. Növbəti cütlükdə zənci kişi ilə sarışın rus qadını üz-üzəydilər. Hər ikisi öz mahnısını gözəl oxudu. Elə ki, zənci mahnısını bitirdi, sürəkli alqışlar xeyli müddət ara vermədi. Münsiflər heyəti də hamı kimi ayaq üstəydi. Zəncinin ifasını dünyasını dəyişən və indiki ən güclü tenor səsə malik müğənnilərinkinə bərabər tutdular.  Onun nadir səsə malik olduğu dəfələrlə dilə gətirildi. Qadın haqqında da kifayət qədər xoş fikirlər səsləndi. Seçimdə növbəti mərhələyə qadın adladı. Zəncinin də hələki növbəti mərhələyə keçmək şansı vardı; müsabiqənin qaydalarına uyğun olaraq yerdə qalan üç münsifdən ən azı biri onu xilas edə bilərdi. Mən də, bütün tamaşaçılar da indi həmin üç münsif arasında sözün yaxşı mənasında qırğın gedəcəyini gözləyirdik. Di gəl, nəticə tamamilə gözlənilməz oldu. Bayaqdan zənci müğənni barəsində zər xırdalayanlardan heç biri onu xilas etmədi. Mən yerimdəcə donub qalmışdım, haqsızlığa tab gətirə bilmirdim. Salondan etiraz səsləri ucalsa da, artıq gecdi. Azca ötmüş sözü zənciyə verdilər. Mən də bütün varlığımla ona diqqət kəsilmişdim. Təxminən bir dəqiqəyə qədər çıxışında zənci mədəni şəkildə, zərrəcə sezdirmədən sətiraltı anlamda münsiflərə necə lazımdı sözünü dedi. Mənası bu idi ki, mən zənci olduğumu əzbər bilirəm, mənə bu mərhələyə qədər gəlməyə imkan yaratdığınıza görə minnətdaram, buna da min şükür.

        Zənci danışanda özündə olmayan bəndənizə elə gəldi ki, ağlasığmaz nəsə baş verir. Sanki, mən onun energetikasını, aurasını oxuyurdum. Təsəvvür edirsiniz, zənci çıxışını başa vurar-vurmaz duyduqlarım yadımdan çıxmasın deyə palazqulaq qeyd dəftərimə sarı götürüldüm. Qələmi əlimə alıb birnəfəsə qeydlərimi apardım. Bir də onda ayıldım ki, cızma-qaram haradasa on səhifəyə yaxındı. Baş verənlərə özüm də məəttəl qalmışdım. İnanın, ən qəribəsi isə heç də bu söylədiklərim deyil. Bir neçə günə həmin qeydlər əsasında yazdığım hekayə necə və haradan araya-ərsəyə gəldi, günü bu gün də mənim özüm üçün cavabsız sual olaraq qalır. İndi hekayənin məğzini ərz eləyim, bəlkə, əziz oxucular siz yardımçı oldunuz... “Sən saydığını say...” adlı bu hekayədə vaxtilə zavod direktoru vəzifəsinə qədər yüksələn, zamanında ailə qura bilmədiyindən sonradan içkiyə qurşanaraq səfil vəziyyətinə düşən, bütün pul-parasını, vəzifəsini itirərək bircə otağı saxlamaqla ona əzizlərindən miras qalan məhəlləsini də satan, xeyli müddət siçovullar, qarışqalar və hörümcəklərlə bir yerdə yaşamaq məcburiyyətində qalan, ən sonda bu imkandan da məhrum olaraq başını götürüb hara gəldi qaçan talesiz bir insandan bəhs edilir...  İndi, mən deyiləm, sizsiniz, axı, bu hekayədəkilərlə o mahnı müsabiqəsindən kənarlaşdırılan zəncinin nə əlaqəsi? Səmimiyyətimə zərrəcə şübhəniz olmasın, hər şey mən nəql elədiyim kimi baş verdi. Zəncinin çıxışı zamanı mənə “ötürülənlər” əsasında dərhal apardığım qeydlərdə elə bir əsaslı dəyişiklik etmədən sadəcə bu hekayəni köklədim. Ötən zaman ərzində gəldiyim qənaət belədir ki, yəqin həmin zənci son sözünü söyləyərkən qiyabi olaraq özününmü, ya da doğmalarından kiminsə mənim hekayəmdə qələmə aldıqlarıma bənzər həyatını gözləri önünə gətirib. Bunu da zənciyə qarşı haqsızlığa üsyan edərək öz təbii halından çıxan mən hansısa formada duymuşam. Başqa bir ağlabatan variant təsəvvür etmirəm... Bax, sizlərə ərz elədiyim bircə bu misal nadir hekayələrin meydana gəlməsinin, yazıçıların öz əsərlərini yaratmaq üçün bəzən nələrdən keçməli olduqlarının əyani nümunəsidir. Əsl yaradıcılıq bax budur!

      Dediklərim inandırıcı olsun deyə şəxsən öz təcrübəmdən belə nümunələrin sayını artıra bilərəm... Günlərin birində yaşadığım binanın həyətində təsadüfən gözüm üzbəüzdəki qazanxanın divarına tuş gəldi. Oradan birisi binamızın sağ səmtinə boylanırdı. Əvvəlcə elə bildim məni qara basır. Özümü toparlayanda gördüm ki, qazanxananın divarında büstə bənzər kişi başının nisgilli gözləri binamızın birinci blokuna sarı yönəlib. Mənə inanmaya bilərsiniz, amma bu nəmişliyin əl işiydi. Özü də peşəkar rəssamlar belə bu “əsər”ə həsəd aparardılar. Qanan üçün baxışlarından bəlliydi, onun birinci blokda yaşayan hansısa qızda gözü qalmışdı. Çöhrəsindən sözlə təsəvvür edilməsi mümkün olmayan intizar yağırdı. Beləcə, “Nəmişlyin əl işi” adlı hekayəm araya-ərsəyə gəldi...

       Başqa bir misal... Günlərin birində yamanca yorulmuşdum deyə çul düşərək yuxuya getmişdim. Səhərə yaxın artıq yarımyuxulu idim. Qəribə yuxu görürdüm. Sanki, kinoteatrda monitorda film izləyirdim. İnsanabənzər robotlarla adamları bir-birindən ayırd eləmək elə də asan deyildi. Haradasa iyirimi ikinci əsr idi deyəsən. Ayılanda bircə epizod yadımda qaldı. Tezcənə bunu palazqulaq qeyd dəftərimə həkk elədim.  İnsandan zərrəcə fərqlənməyən qadın robot dayəsi olduğu evin sakinlərinə qoşularaq qəbirstanlığa gəlmişdi. Evin yiyəsi məktəbli qızı və oğlu ilə birgə rəhmətlik həyat yoldaşının məzarını ziyarət edirdilər.  Dayə robot, qız və oğlan rəhmətliyin başdaşına sarılmışdılar. Həmin anda dayə robotun ürəyində dilinə gətirdikləri indiki kimi sözbəsöz yadımdadır. O, Tanrıdan ta körpəliklərindən dayəsi olduğu bu uşaqların qanuni anası olmağını diləyirdi.  Həmin ələdüşməz fürsəti fövtə verə bilməzdim, bu epizod mənə yetərliydi. Qısa müddətdə sonralar oxuyarkən çoxlarının bəyəndiyi “ Zəri çərxi-fələk atanda” adlı hekayəni düzüb-qoşdum...

       Yəqinki, bu qəbildən daha bir həyati misal da çəksəm, məncə yetər...  Fəlsəfi düşüncələrə qərq olduğum günlərin birində diqqətimi evimizdə qonaq otağında divardan asılmış rəsm əsəri çəkdi... Çay daşlarından hörülmüş körpünün o biri tayında ucu-bucağı görünməyən meşənin dərinliyində tənha koma vardı. Birdən gözlərimin qarşısında həmin komada söhbətləşən ahıl kişi ilə qadın canlandı. Dərdləşirdilər. Sən demə, tələbəlik dövründə bacısını kəndlərinə tətilə aparmağa gələn qardaşını onun sevgilisi sanan bu məzun tələbə oğlan bir daha istədiyi həmin qızın dalınca gəlməyib. Bundan xəbərsiz qız da özünü sındırmadan taleyi ilə barışaraq oğlanla bir daha əlaqə yaratmağa cəhd göstərməyib. Özü də bunlar mobil telefon nədi, hələ adicə telefonun belə ələdüşməz matah sayıldığı əvvəlki zamanlarda baş verib. Nəticədə bir-birini qəlbən sevən bu kəslər ömürlük subay qalıblar. Nəhayətdə, sıx meşənin dərinliyində bu şəxsləri görüşdürən Tanrı tələbəlik dövründə qızın qardaşı ilə çəkdirdiyi şəkil vasitəsilə əsl həqiqətdən kişini duyuq salır. Di gəl, iş-işdən keçdiyindən artıq nəyisə dəyişmək mümkün deyildi... “Alın yazısı” adlı hekayəm də bu səpgidə qələmə alındı.   

       Arada alın tərinə əl gəzdirən yazıçı tamamən öz aləminə qapıldığından onu səhər, nahar və şam yeməyinə çağıran onbirinci sinifdə oxuyan nəticəsi Qorqudun onun bircə addımlığındaca heykələ dönərək yazdıqlarına susadığından gec xəbər tuturdu. Hələki büruzə verməməyə çalışsa da, doğmasının son vaxtlar öz kompyuterində cızma-qara ilə məşğul olduğundan az-maz xəbərdardı. O, özünün qibləgahı sandığı babasının zəngin şəxsi kitabxanasını da ələk-vələk eləməkdən yoruldum demək bilməzdi. Ona görə də nəticəsinin bacardıqca sezdirməməyə çalışaraq bir gözünün daim onda olmasını anlaşıqlı qarşılayırdı.  Başına gələn, başmaqçı olar.

       Beləcə qocaman yazıçı özünə sakitlik vermədən gün ərzində esse üçün digər qeydlərini də sıraladı. Çalışdı ki, heç bir vacib məqamı yaddan çıxarmasın. Az qala palazqulaq qeyd dəftərini yarılaya. Birdən fikirləşdi ki, yaxşı, yazı nə qədər böyük həcmdə alınsa belə saytda bunu yerləşdirmək elə də problem deyil. Di gəl, axı, həmin esse qəzetdə də çapa getməlidir. Bəs, onda neyləsin? Nə qədər düşünsə də, buna bir çarə qıla bilmədi. Zarafat deyil, söhbət  bir əsrə yaxın dövrü əhatə edən kamil yaradıcılıq təcrübəsini bölüşməkdən gedirdi. Bütün qeydlərini birər-birər gözdən keçirsə də, bircəciyini belə qaralamağa əli gəlmədi. Hamısı ona eyni dərəcədə doğmaydı. Nəhayətdə, belə qərara gəldi ki, məndən yazmaqdı, nəyi necə redaktə eləməyi könüllü şəkildə onların ixtiyarına buraxaram. Saytın da, qəzetin də kollektivinin peşəkarlığına əmindi, illərlə birgə əməkdaşlıq etmişdilər. Sanki üstündən ağır yük götürüldü, işin əsas hissəsinin öhdəsindən layiqincə gəlmişdi. Qalanı ustalıq məsələsiydi deyə rahatca yatağına girdi. Səhərin gözü açılmamışdan esseni kompyuterdə cilalamalı idi.       

      Gözlərini indi-indi əsnəyən Günəşlə birgə ovxaladı. Əl-üzünə su vuraraq palazqulaq qeyd dəftərini qoltuğuna alıb keçdi kompyuterin arxasına. Əllərini bir-birinə sürtüb başladı yaradıclıq taleyini höccələməyə. Dünən alın təri ilə yoğurduqları karına gəldi. Essesi necə lazımdı döşünə yatdı. Ən əsası yazını vaxtında tamamladı. Sonuncu nöqtəni qoyanda ürəyinə gəldi ki, yubileyimə bundan dəyərli hədiyyə təsəvvür eləmirəm. Esseni e-maili vasitəsilə sayta göndərəndə artıq heysizdi. Bu dəmdə nəticəsinin yenə də böyrünü kəsdirdiyinin mahiyyətinə vardı. İlk baxışdan bəlliydi, uşaqcığaz yamanca kefsizdi.

-      Babacan, hamı süfrə başındadır, səbirsizliklə səhər yeməyinə sənin də qoşulmağını gözləyirik...

-      Can, mənim balam... Səhərin göz açılandan niyə belə qaş-qabaqlısan? Yaddan çıxarma ki, sabah mənim yubileyimdir, axı... Bax, indicə baban gözəl bir esseni tamamlayıb ötürdü, bir azdan sayılıb-seçilən saytların birində, sabah isə qəzetdə yerləşdiriləcək. Oxuyub fikrini mənə deyərsən, ey mənim ciyərparəm... İndisə zəhmət olmasa, gəl bu kompyuteri söndür, əvvəlcə mənim şəxsi e-mailimi bağlamağı da unutma... Daha məndə can qalmadı, bax, qocalıq belə şeydir...

     Turan Türksoy aram addımlarla mətbəxə sarı yollandı. Bütün ailə üzvləri bir-bir onu bağrına basdıqdan sonra hamılıqla süfrə arxasına keçdilər.  Nəticəsi səhər yeməyinə bir az gec qatılsa da, bu dəfə onun çöhrəsinin çəmənliyə dönməsi babanın müdrik gözlərindən yayınmadı. O, bunu əzizinin ona olan tükənməz sevgisinə bağladı. 

    Yubileyini sabah ailəsi, yaxın qohumları ilə birgə keçirəcəkdi deyə yazıçı dostları ona bu axşam sürpriz olaraq xudmani bir məclis qurmuşdular. Bundan onu günorta xəbərdar eləmişdilər. O isə səbirsizliklə essesinin saytda yerləşdirilməsini gözləyirdi. Ona söz verilən vaxtdan xeyli ötsə də, hələki yazısından xəbər-ətər yox idi. Fikirləşdi ki, esse həcmcə çox böyük alındığından yəqinki hələ də redaktə işi yekunlaşmayıb. Nəhayət, axşama yaxın yazısı saytda ən mötəbər hissədə yerini alanda şadlığından az qaldı Tanrının dərgahına nərdivan ucalda. İş orasındaydı ki, essenin nöqtə-vergülünə belə qətiyyən əl dəyilməmişdi, necə göndərilmişdisə eləcə də saytda yerləşdirilmişdi. Dost məclisinə tələssə də, yazını birnəfəsə gözünə təpdi, sanki müəllif özü deyildi. Elə ki, esseyə söz ardını oxuyanda az qala gözləri kəlləsinə çıxa. Yazının arxasınca məxsusi təqdimatla onun adıyla guya yeniyetməlik dövründə qələmə aldığı ilk hekayəsi yerləşdirilmişdi. Dəfələrlə matdım-matdım həmin hekayəyə nəzər yetirsə də, beləsini heç cür xatırlamırdı. Naəlac qalıb hekayəni başdan ayağa oxuyandan sonra bir daha əmin oldu ki, bu onluq deyil. Anlaşılmazlıqdan ovqatı təlx olsa da, öz aramızdı, hekayəni bəyənmişdi. Özlüyündə fikirləşdi ki, kaş, doğrudan da bu, mənim yeniyetməlik qələmimin məhsulu olaydı. Bir istədi ki, anındaca saytın baş redaktoruna zəng eləyib bu hekayə məsələsinə aydınlıq gətirsin. Yadına düşəndə ki, həmin şəxs də bayaqdan əlimyandıda onu gözləyən dostlarıyla birgə məslisdədir, tələsik yola düzəldi.

     O, yoldaykən dostları bəh-bəhlə mobil telefonlarında internetdən onun essesini oxuyurdular. İlk hekayəsinə də valeh olmuşdular. Hamı bir ağızdan saytın baş redaktoruna belə bir gözəl təşəbbüsə, qocaman yazıçıya ələdüşməz yubiley hədiyyəsinə görə minnətdarlıqlarını yetirdilər. Turan Türksoy məclisə ayaq basmağı ilə şəninə söylənənlərdən bəxtiyardı. Məclis başladı, nə başladı. Əməlli-başlı vur-çatlasındı. Hamı sinədəftərdi deyə növbə üstə əməlli-başlı qırğındı. Yubilyarın esse və hekayəsinin də bu məclisə məxsusi ovqat qatdığı şəksizdi. Ədalət naminə ilk sözü o məşhur ədəbiyyat saytı və qəzetinin baş redaktoruna verdilər. Məclis iştirakçılarını salamlayan bu hal əhli bayaqdan ona sakitlik verməyən ürək sözlərini dilə gətirdi:

-      Dostlar, hamınızın adından yubilyarı salamlayır, bəri başdan bu bir əsrlik ömrün də, qələmin də ona halal olduğunu xüsusi vurğulayıram,- alqışlar şahə qalxdı. O, sağlığına davam elədi. – Bayaqdan hamımız Turan Türksoyun essesi və hekayəsinin sirri-sehrindən qurtula bilmirik. Bir sözlə, mükəmməl yazıdır. Hekayədən də bəllidir ki, hələ yeniyetməlikdə ikən qələmə alınan bu sənət nümunəsindən azman yazıçı boylanır. Bir daha halal olsun...

      Alqışlar, qəlblərdən qopan sədalar yenə də salonu bürüdü. Xeyli fasilədən sonra baş redaktor sözünün dalını gətirdi:

-      Biz də bugünkü əməyimizi ona halal eləyirik. Düzü, boynumuza alırıq ki, esse ilə tanış olanda ona nəyisə əlavə eləməyin və ya nəyisə qısaltmağın böyük günah olacağını hamılıqla qəbul elədik... Turan bəyin sifarişimizə əlavə olaraq yeniyetməlik dövründə qələmə aldığı ilk hekayəsini bizə göndərməsi barədə qeydlərinə də maksimum həssaslıqla yanaşdıq...

       Bu kəlmələri eşidəndə bayaqdan yerində qurcuxan yubilyar o andaca dodağını dişlədi. Artıq hər şey ona gün kimi aydındı. Hər ehtimala qarşı mobil telefonunda internetə girərək e-mailini açdı. Bəli, essedən sonra onun adından sayta hekayə də göndərilmişdi: “ Sizə yeniyetməykən qələmə aldığım ilk hekayəmi də göndərdim. Məsləhət bilib bunu da saytınızda yerləşdirsəniz, çox məmnun olardım. Dərin hörmətlə, Turan Türksoy”. Bütün günü ona sakitlik verməyən müəmmalı sualın cavabına qovuşanda qamətini bir az da şax-şux tutmağa çalışdı. Köksü fərəhindən dağa döndü. Yubileyinə sözlə ölçüyəgəlməsi mümkün olmayan hədiyyə edən nəticəsini qiyabi olaraq bağrına sıxdı. Özünün də xəbəri olmadan “Ot kökü üstə bitər” kəlmələri biqafil ağzından pərvazlandı. Tezcənə özünü yığışdırıb bütün varlığı ilə sağlığa diqqət kəsildi.     

-      Düzdü, hekayənin üzərində xeyli işləməli olduq. Məlum məsələdir, təcrübənin azlığı özünü göstərirdi. Kompozisiya, süjet xətti və üslub xətalarını yoluna qoymaq üçün bacardıqca çalışdıq... Amma ədalət naminə onu da deməliyəm ki, ilk bədii əsər kimi ümidverici idi, bu hekayədən gələcəyin böyük yazıçısının boylandığı aydınca sezilirdi...

     Bu kəlmələri eşidəndə isə Turan Türksoy sevincindən az qala qol götürüb meydana atıla. Yenə də birtəhər səbrini basıb sağlığa kökləndi.

-      Hekayənin ilk cümlələrindən modernizm abı-havası səpələndiyi şəksizdi. Bütün yeniyetmələr, gənclər belədir; dünyanı yenidən qurmaq istəyi onlara aman vermir. Əsər boyunca bədii gedişlər də kifayət qədər  samballıdır. Kafka, Coys, Kamyu sayağı yamsılamalar, Nitşe və Freydin fəlsəfi nəfəsləri də hekayədən aydınca duyulur. Psixolji ruh hekayə boyunca səngimir. Mənəvi borcumuz bilərək həmin hekayəni də sabah qəzetimizdə də yerləşdirəcəyik. Yəqinki, bunun üçün yazılarını qəzetin növbəti nömrəsinə saxladığımız qələm əhli də bizi anlaşıqlı qarşılayar... Amma Turan Türksoy yaradıcılığına dərindən bələd olan biri kimi mənə çox maraqlıdır ki, nədən onun əsərlərində ötən müddətdə bircə dəfə də olsun modernizm cərəyanının adicə əlamətlərinə belə rast gəlmək mümkün olmur?

     Sağlığın bu məqamı bayaqdan özüylə bacarmayan yubilyar üçün ələdüşməz fürsət oldu. Tələm-tələsik mikrofon istədi. Di gəl, məclis əhli onu bir hoydu-hoyduya götürdü ki, gəl görəsən. Yerlərdən səslər şahə qalxdı: “Ay qardaş, tələsmə, hələ sənin növbənə çox var, imkan ver barı biz də ürəyimizi boşaldaq. Səbəbkar ən axırda danışmalıdır”. Turan Türksoy heç kəsə məhəl qoymadan səsinə güc verib dedi ki, dostlar bircə məqam var mən ona mütləq məhz indi aydınlıq gətirməliyəm, bu çox vacibdir, bunu sonraya saxlamaq mümkün deyil, yoxsa gec olar... Bunu açıqlayanda hamınız mənimlə razılaşacaqsınız, inanın düz sözümdür. Əlacsızcasına məclis əhli ona diqqət kəsildi.  

-      Dostlar üzrlü sayın... İş orasındadır ki, dostum, baş redaktor mənə doğum günümə nə boyda hədiyyə elədiyindən özü də xəbərsizdir. Boynuma alıram, bundan mən də elə indicə onun çıxışı zamanı xəbər tutdum. Hamınıza agah olsun ki, barəsində danışılan o hekayənin müəllifi mənim dost-doğmaca nəticəm Qorqud Türksoydur. Bu gün səhər essemi bitirib sayta ötürəndə heyim qalmadığından e-mailimi bağlayıb kompyuterimi söndürməyi ondan xahiş etdim. Yəqinki mənə doğum günümə hədiyyə eləmək istədiyi hekayəsini əlaqə e-mailləri vasitəsilə hansı saytlara göndəribsə, hamısında redaktə eləməyə ərinərək yola veriblər. Bu, hamınıza gün kimi aydındır, saytların əksəriyyətində yazılara əl dəymədən yerləşdirirlər. Əlacsız qalan yazıq uşaq təsadüfən ona yaratdığım əlverişli fürsəti fövtə verməyərək mənim adımdan hekayəsini göndərib. Bu bir qismətdir, tale yazısıdır, Tanrının məsləhətidir. Bir də ki, hamınıza yaxşı bəllidir, piar indiki yeniyetmə və gənclərin əksəriyyətinin əsas silahıdır. Gəlin, boynumuza alaq ki, onlar bunu bizdən fərqli olaraq həsəd aparılacaq ustalıqla bacarırlar, zamanə uşaqlarıdır da...

     Salonu alqış sədaları bürüdü. Təbrik-təbrik dalınca səpələndi. Qəlbi köksünə sığmayan Turan Türksoy özünü toparlayaraq sözünə davam elədi:

-      Baş redaktora da, onun rəhbərlik etdiyi kollektivə də hədsiz minnətdarlığımı yetirirəm. Acizanə şəkildə onlardan bircə xahişim də var, bizim ailəmizə olmazın sevinc bəxş etmək üçün hekayənin müəllifinin adında düzəliş aparılsın. Əsl müəllif Qorqud Türksoydur. Axı, bu hekayə deyildiyi kimi sabah qəzetdə də çap olunacaq... Bir daha sonsuz təşəkkürlərimi yetirirəm...

-      İndicə eşitdiklərimdən mənim də qəlbim dağa döndü. Nə yaxşı ki, nəslinizdə sənin yaradıcılıq yolunu layiqincə davam etdirəcək birisi var. Biz də hamılıqla ona arxa-dayaq olmağa çalışacağıq, - deyə baş redaktor məmnuniyyətlə növbəti təbrikini səsləndirdi. - Bu əlamətdar yenilik münasibətilə sizi təbrik edir, gənc yazıçıya da yeni-yeni uğurlar arzulayırıq... Hekayənin müəllifinin əsl adı da yaxın bir neçə dəqiqənin içərisində yerini alacaq, buna tam əmin ola bilərsiniz... 

     Turan Türksoyun bu açıqlamasından sonra məclis daha da qızışdı. Hal əhlinin sağlıqları gecədən xeyli keçənə qədər ara vermədi. Yubilyarın şərəfinə “Qocaman yazıçı” dastanı bəstələndi. Həmin dastanın ən gözəl boylarından biri də yaradıcılıqda ilk uğurlu qədəmlərini atan gənc yazıçıya qismət oldu. Ən əsası, zarafat deyil, bir əsrə bərabər ömrün hədər yerə yaşanmadığı kor-kor, gör-gör idi. Bu da hər kəsə qismət olan xoşbəxtlik deyil, nisbətən az və ya çox ömür sürməsindən asılı olmayaraq.

                                                                             Azad Müzəffərli    

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi