Modern.az

Sabiq millət vəkili: “Elə deputat var ki, heç onu öz həmkarları da tanımır”

Sabiq millət vəkili: “Elə deputat var ki, heç onu öz həmkarları da tanımır”

13 İyun 2012, 13:50

Vəsadət Əzizov: “Deputat yoldaşımız bildirdi ki, “2-3 gün bundan əvvəl parlamentdə birini gördüm, soruşdum ki, bu kimdir? Dedilər ki, o da deputatdır""

Modern.az saytı Milli Məclisin sabiq deputatları ilə silsilə müsahibələrə başlayır. İlk müsahibimiz 2000-2005-ci illərdə Masallı-Lənkəran seçki dairəsini Milli Məclisdə təmsil etmiş eks-deputat Vəsadət Əzizovdur.

- Vəsadət müəllim, indiki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

-  Mən ilk növbədə həkiməm və həkimlik fəaliyyətimi davam etdirirəm. Heç vaxt bu peşəmdən ayrı düşməmişəm və özümü başqa qiyafədə təsəvvür edə bilmirəm. Milli Məclisin deputatı olmazdan əvvəl də, deputatlıq fəaliyyətim dövründə və sonra da öz doğma peşəmlə (həkimliklə) məşğul olmuşam. Eyni zamanda Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri kimi pedaqoji və elmi fəaliyyətimi davam etdirirəm. 

- Yenidən seçkilərdə iştirak etmək istərdizmi?

 - İstək və reallıq… İstək həmişə reallaşmır və reallaşmamalıdır. Bu həyatın qanunudur. Əks halda həyat mənasını itirər. Mən də bu reallığı qəbul edirəm. Bununla barışmaq lazımdır. Mən Yeni Azərbaycan Partiyasının fəallarından biriyəm və partiyamızın Nərimanov rayon təşkilatının idarə heyətinin üzviyəm. Seçkilərdə partiya hansı qərarı qəbul edərsə, mən də həmin qərara müntəzirəm. Partiya qərar qəbul etsə ki, namizədliyini ver, onda böyük məmnumiyyətlə iştirak etmək istəyərəm.  

- 2000-ci ildə seçkiyə qatılmağınız necə oldu? Bu da partiyanın qərarı ilə oldu?


- Xeyr. 2000-ci ildə seçkiyə qatılmağım partiyanın qərarı deyildi, çünki mən partiyanın siyahısında yox idim. Ancaq siyahıda olmayan partiyamızın digər üzvlərinin seçkiyə qatılmasına qadağa qoyulmamışdı. Mən müstəqil olaraq iştirak etmişəm. Sonrakı proseslərdə partiya öz dəstəyini əsirgəmədi. Mənim deputat seçilməyimdə partiyamızın rolu danılmazdır.

- Seçkilərdə piarı necə təşkil etdiniz?

- Mən o vaxt 25 ilə yaxın idi ki, həkim idim. Kardiologiya İnstitutunun direktoru işləmişdim, Tibb Universitetinin kafedra müdiri idim. Kifayət qədər tanınırdım. Həm də mən böyük bir nəslin nümayəndəsiyəm. Bu amillər qələbəmdə az rol oynamadılar. Ona görə də piara xüsusi ehtiyac yox idi.

- Millət vəkilinin həkimliklə oxşar cəhəti odur ki, hər ikisi insanlar üçün nəsə etməyə çalışır, qayğısına qalır. Mümkündür, bu oxşarlıq sizi deputatlığa aparıb çıxartdı?


- Ola bilər. Mənim deputatlıq fəaliyyətim əsasən tibb sahəsində qanunların hazırlanması ilə bağlı olub. O vaxtlar şəkərli diabet haqqında, psixiatriya haqqında, talessemiya və hemofiliya xəstəlikləri haqqında, yod çatışmazlıqları ilə əlaqədar yaranan xəstəliklərin profilaktikası haqqında və digər qanunlar tərəfimizdən hazırlanıb, parlamentə təqdim edildi. 
Sankt-Peterburqda MDB ölkələri Parlamentlərarası Assambleyası tərəfimizdən hazırlanan şəkərli diabet haqqında qanunu model qanun kimi qəbul etdi.

- Seçicilərlə münasibətiniz necəydi? Əsasən hansı problemlərlə bağlı sizə müraciət edirdirlər?


- Seçicilərlə münasibətim həmişə yüksək səviyyədə olub və indi də belədir. Çünki mənim özüm də həmin regiondanam. Bütün qohumlarım orada yaşayır. Onların xeyir və şərlərində iştirak edirəm. Onların böyük bir qismi həm də mənin pasiyentlərimdir. O vaxtlar da onlar əsasən sağlamlıq durumları ilə bağlı mənə müraciət edirdilər, indi də. Bəzən elə fərdi xahişlər edirdilər ki, bu deputatın fəaliyyətindən tam kənardır. Amma bunu seçiciyə demək olmur. Seçici ki, gəldi qapıya gərək ona hörmətlə yanaşasan. Hətta problemi həll edə bilməyəndə, ona elə qayğı göstərəsən ki, o səndən inciməyə. Seçici  bütün ümidlərini sənə bağlayır, səndən kömək istəyir. Onun ümidini qırmaq olmaz.

- Bir yerdə fəaliyyət göstərdiyiniz deputatlarla münasibətləriniz necədir? Əlaqələriniz davam edir?


- Bir yerdə fəaliyyət göstərdiyiniz deputatları şərti olaraq 2 qrupa ayırmaq olar: fəaliyyətdə olanlar və sabiqlər. Hamısına böyük hörmətim var. Əksəriyyəti ilə ünsiyyətdə oluruq. Ən çox sabiqlərlə görüşürük. Görünür, bu onların boş vaxtlarının çoxluğu ilə bağlıdır.

- Deputatlıq dövrünüz üçün darıxmırsınız?

- O həyatın bir anıydı, gəldi keçdi. Anam məni dünyaya gətirəndə, deputatlıq arzusu ilə gətirməmişdi. Ona görə də o dövr üçün darıxmağa dəyməz. Bəlkə də o dövr üçün yox, o doğma və səmimi insanlar üçün darıxıram.

- Millət vəkillərindən müalicə üçün müraciət edənlər olub?

- Əlbəttə. Millət vəkili ilk növbədə insandır. Onun da xəstələnmək “hüququ” var. Ona görə də onların  həkimə müraciətlərinə çox adi baxmaq lazımdır. Millət vəkilləri, onların ailə üzvləri və qohumları da mənə müraciət edirlər. Mən də imkan daxilində onlara həkim yardımımı əsirgəmirəm. Bu mənim müqəddəs borcumdur.


- 2010-cu ildə keçirilən seçkilərdə namizədliyinizi niyə irəli sürmədiniz?

- Çünki, Yeni Azərbaycan Partiyası məni siyahıya salmamışdı. Mən partiyanın qərarlarına çox hörmətlə yanaşıram.

- Deputatlıq dövrünüz sizin həkim kimi fəaliyyətinizə maneçilik yaratmadı ki?

- Yox, əksinə. Mən Parlament dövründə insanlarla daha çox təmasda oldum. Bu da o insanların mənə həkim kimi müraciət etmələrinə gətirib çıxartdı.

- İndiki deputatların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Birmənalı qiymətləndirmək çətindir. Elə deputatlar var ki, aktivdir, elələri də var ki, passivdir. Bu yaxınlarda maraqlı bir hadisənin şahidi oldum. Üç gün öncə Dənizkənarı Bulvarda 2 sabiq deputat və indiki deputatlardan biriylə çay içirdik. Deputat yoldaşımız bildirdi ki, “2-3 gün bundan əvvəl parlamentdə birini gördüm, soruşdum ki, bu kimdir? Dedilər ki, o da deputatdır”. Yəni elə deputat var ki, heç onları öz həmkarları da tanımır. Ədalət naminə etiraf etmək lazımdır ki, aktiv deputatlarımız çoxdur və onların fəaliyyəti cəmiyyəti təmin edir.

- Sizin deputat olduğunuz dövrlə bugünü müqayisə etsək, daha çox hansının fəaliyyətini yüksək qiymətləndirirsiniz?

- Heç kəs ayranına turş deməz….

- Yenidən deputat olsaydınız, hansı təkliflərlə çıxış edərdiniz?

- Hadisələri qabaqlamaq istəməzdim. Qismət olsa, özünüz şahidi olacaqsınız.


- Necə düşünürsünüz, tibbi siğorta haqqında qanunun tətbiqi vacibdirmi?

- Vacibdir. Cəmiyyətimizin ən yaralı yerlərindən biridir. Ümid edirəm ki, yaxın gələcəkdə bu problem öz məntiqli həllini tapacaq.

- Elə qanun təklifi var ki, ürəyinizdə qalıb?

- Qəfil sualdır. Bu barədə düşünməmişəm.

- Universitet müəllimi kimi, tələbələrinizin səviyyəsi sizi qane edirmi?

- Savadlı tələbələrimiz çoxdur. Onların böyük əksəriyyəti xarici dil də bilirlər. Ona görə də xarici ədəbiyyatlardan asanlıqla istifadə edirlər. Mən onlara çox ümid bəsləyirəm. İnanıram ki, bu tələbələr gələcəkdə layiqli alimlərimiz və həkimlərimiz olacaqlar. Bunula belə zəif oxuyan tələbələrimiz də vardır. Biz bunu inkar etmirik. Çalışırıq ki, onları da düzgün yola dəvət edək.

- Tibb Universitetinin tələbələri xaricdə təhsillərini davam etdirmək istəyirlər. Bunun əsas səbəbi nədir? Burada aldıqları təhsil onları qane etmirmi?


- Təhsili davam etdirmək bütüh hallarda təqdirəlayiqdir. Bunun səbəbi tələbələrimizin daha savadli olmaq arzusudur. Bu heç də Azərbaycan Tibb Universitetində təhsilin zəifliyinin göstəricisi deyil, əksinə, onun uğurudur. Keçən ilə qədər bizdə tələbələr 6 il təhsil alırdılar, 1 il də internatura kursu keçirdilər. Bir il ərzində həkim mütəxəssis kimi formalaşa bilmirdilər. İndi 6-cı kursu bitirənlər həkim diplomu alır, amma həkim-mütəxəssis diplomu ala bilmirlər. Həkim-mütəxəssis olması üçün Avropada və Amerikada qəbul olunmuş təhsil siteminə uyğun olaraq 3 ildən 6 ilə qədər təhsillərini rezidenturada davam etdirməlidirlər. Bu təhsil sistemi bizdə keçən ildən tətbiq olunub. Ona görə də tələbələrimiz rezidenturanı bitirmək məqsədi ilə xarici ölkələrə üz tuturdular. İndi isə tələbələrin əksəriyyəti respublikamızda rezidenturaya daxil olmağa üstünlük verirlər. Rezidenturanı xaricdə bitirmək arzusunda olanlar da var və gələcəkdə də olacaq. Bu normal haldır.

- Mütəxəssis kimi xaricdə təhsil alan tələbələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Yüksək qiymətləndirirəm. Onlar artıq cəmiyyət tərəfindən yaxşı tanınırlar - Rəşad Mahmudov, Kamran Musayev və digərləri.

- Tələbələrin təcrübə keçmək üçün şəraitləri necədir?

- Bütün klinik kafedralar həmişə ayrı-ayrı xəstəxanaların bazasında yerləşib. Son zamanlar universitetimizin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə Universitet klinikaları yaradılıb. Hazırda universitetimizin beynəlxalq standartlara cavab verən Stomatoloji, Onkoloji və Tədris-Terapevtik klinikaları fəaliyyət göstərir. Bir müddətdən sonra Cərrahiyə klinikası istifadəyə veriləcək. Bu klinikalarda tələbələrin təhsili və praktik təcrübəsi üçün maksimum şərait yaradılmışdır.

- Tibb Universitetinin tələbələri universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər. Bunun əsas səbəbləri nədir? Tələbələrin iş tapmaq şansı nə qədərdir?

- Respublikamızda həkimlərin işlə təmin olunması üçün lazimi qədər iş yerləri var. Son illər hörmətli nazirimiz Oqtay Şirəliyevin tapşırığı ilə qəzetlərdə vakant yerlər barədə elanlar verilir, müsabiqələr keçirilir. Kimsə müsabiqədə iştirak etmək istəmirsə, rayonlarda, ucqar kəndlərdə işləmək istəmirsə, bu onun problemidir.

- Burada şəraitin də rolu böyükdür.

- Sizinlə tam razıyam. Mənim bilgilərimə görə kənd rayonlarında həkimlərə lazimi şərait yaradılır.

- Bir mütəxəssis kimi necə düşünürsuz, həkimlərin aldığı maaş qaneedici səviyyədədirmi?


- Yox. Bir həqiqətdir ki, həkimlərin maaşı arzu olunan səviyyədə deyil. Elmi-tədqiqat institutlarında çalışan elmi işçilərin maaşı daha acınacaqlıdır. Bu birbaşa dövlət büdcəsi ilə bağlı məsələdir. İnanıram ki, büdcəmiz artdıqca bu məsələ də öz həllini tapacaqdır.

- Nəzərə alaq ki, bu tək tibbdə deyil. Elə digər sahələrdə də elmi dərəcələrə görə verilən maaşlar qaneedici deyil.

- Mən də belə düşünürəm ki, elmi dərəcələrə görə verilən pullara bir də baxılmalıdır. Çünki, fəaliyyətdə olan alimə elmlər namizədi diplomuna görə 30 manat, elmlər doktoruna görə 50 manat pul verilir. Bu heç bir məntiqə sığmır.

- Övladlarınızdan sizin yolunuzu davam etdirən var?

- Xeyr, yoxdur.

- Həkim və müəllimlər 65 yaşdan sonra təqaüdə göndərilir. Buna sizin münasibətiniz necədir? Bu addımı necə qiymətləndirirsiniz?


- Cənab Prezidentin qərarına çox hörmətlə yanaşıram. Bizdə təqaüdə çıxmaq mədəniyyəti hələ ki, formalaşmayıb. Biz nəinki övladlarımızın, hətta nəvələrimizin və nəticələrimizin taleyinə də (xüsusilə də iqtisadi baxımdan) cavabdehlik iddiasındayıq. Digər tərəfdən etiraf etmək lazımdır ki, pensiya təminatı insanların sonrakı (təqaüd dövrü) həyatının tələbatını ödəmir. Mənə elə gəlir ki, pensiyalar artırılsa insanların özü 65 yaşında məmnuniyyətlə təqaüdə çıxarlar.       

- Tibb Universitetində tələbələrin istifadə etdikləri dərsliklər çox baha olur. Onların aldığı təqaüdlər bu kitabları almağa imkan vermir. Necə düşünürsüz, tələbələrin təqaüd məsələsinə yenidən baxılmalıdır?

- Dünyanın hər yerində kitab bahadır. Belə də olmalıdır, çünki o yuxusuz gecələrin məhsuludur. Bu məsələ universitetimizdə həll olunmaq mərhələsindədir. Demək olar ki, hər il 10 dərslık universitetin hesabına çap olunur. Tələbələrin təqaüd məsələsinə gəldikdə, mən onların təqaüdlərinin artırılmasının tərəfdarıyam.

- Vəsadət müəllim, artıq neçə illərdir universitetdə müəllim işləyirsiniz. Heç olub ki, imtahan ərəfəsində sizə yaxınlaşıb deyələr ki, “hörmətinizi edəcəyik, yaxşı qiymət yazın?”

- Hələ indiyə qədər belə bir təklif olunmayıb. Ancaq bəzi hallarda xahişlər olub. Belə hallar da son vaxtlar kəskin azalıb, demək olar ki, yoxdur. Hazırda universitetimizdə imtahanların böyük əksəriyyəti testlə mərkəzləşdirilmiş qaydada keçirilir. Ona hətta rektor da müdaxilə edə bilmir.

- Son dövrlər ürək xəstəlikləri, eləcə də ürək çatışmazlığından əziyyət çəkən insanların sayı artıb. Bunun əsas səbəbi nədir?

- Bütün dünyada ürək xəstəlikləri geniş yayılıb. Ümumi ölümün yarısıdan çoxu məhz ürək xəstəlikləri hesabına baş verir. Bunun səbəbləri çoxdur. Düzgün qidalanmamaq, qeyri-normal həyat tərzi, az hərəkətlilik, piylənmə, zərərli vərdişlər,  ətraf mühit, ekologiya, stress və s. ilə bağlı problemlərdir.

- Demək olar ki, özəl klinikalarının əksəriyyəti xaricdən həkimlər dəvət edirlər. İnsanların da bu həkimlərə marağı güclüdür. Bunun  əsas səbəbi nədir? İnsanlar bizim həkimlərə güvənmirlər?

- Xaricdən həkim dəvət etmək praktikası demək olar ki, ancaq özəl klinikalara məxsusdur. Bu adətən reklam məqsədi güdür. Bu praktika hələ Sovetlər dönəmində dövlət xəstəxanalarında da olub. Fərqli cəhət ondan ibarətdır ki, o vaxtlar xəstəxanalara dəvət olunan həkimlər dövrün ən aparıcı mütəxəssisləri idilər. İndi isə dəvət olunanların əksəriyyəti heç də öz ölkəsinin aparıcı mütəxəssisləri deyillər. Çünki aparıcı mütəxisslərin öz vətənlərində işləri o qədər çoxdur ki, onların bura gəlməyə nə vaxtları, və nə də maddi ehtiyacları var. Bura yaxşı hallarda ikinci, üçüncü dərəcəli mütəxəssislər gətirilir.
İnsanların bizim həkimlərə inamlarına gəldikdə onu deyə bilərəm ki, xəstələrin 99%-dən çoxu bizim həkimlərə müraciət edir, onlara inanır və uğurla müalicə olunurlar. Xaricdən 5-6 həkim dəvət etməklə 9 milyon insanın sağlamlığını qorumaq olmaz.  

- Cəmiyyətimizdə belə fikir formalaşıb ki, bizdə yaxşı həkim yoxdur. Hamı xaricə üz tutur. Bunun səbəbi nədir?

- Bu cəmiyyətin fikri ola bilməz. Olsa-olsa ayrı-ayrı azsaylı insanların qərəzli münasibətidir. Mən bununla razılaşa bilmərəm. Respublikamızda kifayət qədər savadlı həkimlər vardır. Əgər cəmiyyətin xırda bir zümrəsi onları dəyərləndirə bilmirsə, bu onların öz problemləridir. O ki, qaldı xaricə üz tutmağa…İnsan psixologiyası belədir ki, həmişə yada meylli olur. Doğmadan çox yadlara inanırıq. Bu bizim faciəmizdir. Başqa bir məsələdir ki, bəzi məmurlarımız öz xəstəliklərini cəmiyyətdən (xüsusilə rəhbərlikdən!) gizlətmək üçün xaricə üz tuturlar. Bu da onların şəxsi işləridir.

- Çox vaxt insanlar dərmanların keyfiyyətindən şikayətlənirlər. Nə qədər bahalı dərman alınsa da, təsiri olmur. Belə hallarla rastlaşmısınız?

- Bəli, rastlaşıram. Amerika Birləşmiş Ştatları və inkişaf etmiş Avropa ölkələrinin ekspertizasından keçmiş və lisenziya almış dərmanlardan demək olar ki, şikayət yoxdur. İnkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin dərmanlarında problemlərlə rastlaşırıq. Bəzi hallarda dərmanların nəinki təsiri olmur, hətta toksiki təsir göstərır. Bu daha təhlükəlidir.


Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!