Modern.az

Milli olmayan soyadlarımız

Milli olmayan soyadlarımız

19 Yanvar 2010, 15:17

Azərbaycan vətəndaşı milli soyadı ilə tanınmalıdır

Son zamanlar cəmiyyətimizin ən çox müzakirə etdiyi mövzulardan biri də milli soyad sonluğu məsələsidir. Əslində bu mövzunun gec də olsa belə, gündəliyə gəlməsi hər bir vətənpərvər insanı sevindirib. Çünki insanlarımız təkcə dövlətimizin deyil, həm də soyadlarımızın da rus əsarətindən xilas olmasını istəyir. Artıq azad ölkənin azad vətəndaşı kimi özünün soyadı ilə də dünyada tanınmaq istəyir.

Çaparidze, Maxaraşvili soyadlarını eşitdikdə dərhal onun milli mənsubiyyətinin gürcü olduğunu anlayırsan. Və ya Mikoyan familiyasını eşitcək onun erməni olduğuna şübhə etmirsən. Bu səbəbdən azərbaycanlıların da özlərinə milli və vahid bir soyad sonluğu seçməsinə ehtiyac var. Lakin soyad sonluğunu seçərkən də onların Azərbaycan dilinin qayda-qanunlarına uyğunluğuna, götürüləcək soyad şəkilçisinin milli olmasına və ahəng qanununa tabeliliyinə fikir verilməlidir.

Hazırda soyad sonluğunun seçilməsi istiqamətində bir neçə variant ətrafında müzakirələr aparılır. Bunlar "-lı, -li, -lu, -lü", "-gil", "-zadə", "-oğlu, -qızı" şəkilçiləridir. İndi isə onların hər birini ayrı-ayrılıqda təhlil edək və bunların hansının daha uğurlu olacağı qənaətinə gələk.

Təklif olunan variantlardan biri olan "-gil" şəkilçisinin soyad sonluğu kimi qəbul edilməsi mümkün deyil. Çünki bu şəkilçi isimdən qohumluq mənası bildirən isim düzəldir. Məsələn, əmimgil, dayımgil, babamgil və sair. Bu şəkilçi xüsusi isimlərə artırıldıqda - Məmmədgil, Vəligil, Əhmədgil və sairə yaranır ki, bu şəkildə soyadların qurulması heç də məqsədəuyğun deyil.

Biz soyad sonluğu seçərkən onun həm səslənməsinə, həm semantikasına, həm müxtəlif məna çalarlarına, həm də gələcək nəsillər qarşısında öhdəmizə götürdüyümüz bu taleyüklü məsələnin uzunmüddətli yaşamasına diqqət yetirməliyik. Bu manada qohumluq əlaqəsi yaradan "-gil" şəkilçisindən soyad sonluğu kimi istifadə olunması doğru deyildir. 

Digər variant olan "-zadə" şəkilçisini soyad sonluğu kimi qəbul etmək istəyənlər isə bilməlidir ki, bu, alınma şəkilçidir. Fars şəkilçisi olan "-zadə"ni soyadlarımızın sonuna milli forma kimi qəbul etmək olmaz. Biz "-ov, -ova", "-yev, -yeva"dan rus formulu olduğu üçün imtina etdiyimiz təqdirdə, yenidən başqa bir dilin, başqa bir millətin əsarəti altına düşüb onu qəbul etməməliyik. Lakin başa düşürük ki, həyat, cəmiyyət, dilçilikdəki qayda-qanunlar istisnasız olmadığı kimi, müstəsna hal kimi bu şəkilçidən istifadə etmək istəyənlərə də sərbəstlik vermək olar. Lakin bir neçə ildən sonra bu soyad sonluğunu ictimaiyyətin çox az bir hissəsi istifadə edəcək və ondan imtina edənlərə yeni soyad formulu axtarmaq məcburiyyətində qalacağıq.

Milli soyad sonluğu kimi təklif olunan variantlardan biri də "-oğlu", "-qızı" sözləridir. Lakin bu sonluqlar da müəyyən problemlər ortaya çıxarır. Qeyd etdiyimiz kimi, soyad sonluğu seçilərkən onun səslənməsi və işlənməsinə diqqət yetirilməlidir. "-oğlu", "-qızı" işləndiyi bir neçə maqamlarda isə şəxsin kimin oğlu və ya qızı olması təkrarlanır. Məsələn, Əhmədoğlu Əvəz Əhməd oğlu, Babaoğlu Vidadi Baba oğlu və yaxud qadınlar Əhmədqızı Sevda Əhməd qızı və sair. Göründüyü kimi, bu şəkildə ad, soyad, atanın adı yazıldıqda heç də ürəkaçan bir mənzərə alınmır.

Digər bir tərəfdən kimsə öz atasının adını özünə soyad götürüb və ona "-oğlu" sözünü əlavə edirsə, bu da sonradan problem ortaya çıxardır. Belə ki, soyadını dəyişdirən kəsin övladı yenidən özünə familiya düzəltməli olur.

Soyad sonluğu üçün təklif olunan ən yaxşı forma məhz "- lı, -li, -lu, -lü"dir. Əvvəlcə bildirək ki, bu, milli şəkilçidir. "-lı, -li, -lu, -lü" 4 variantlı şəkilçidir. Buna görə də sözlərə şəkilçi artırılarkən ahəng qanunu gəzlənilir. Məsələn, Əliyarlı, Müslümlü və sair. Bu soyadları Əliyarov, Müslümov kimi işlətdikdə isə fərq dərhal hiss olunur. Alınma şəkilçilər dilimizin qayda-qanunlarına tabe olmayaraq sözlərin sonuna artırılarkən morfonoloji hadisə olan ahəng qanunu pozulur. Dilimizdə özləşmə meyillərinin gücləndiyi bir vaxtda bunun da çox böyük əhəmiyyəti var.

Lakin bəzi hallarda bu şəkilçi əlavə olduqdan sonra sözlərin yaxşı səslənmədiyini düşünənlər də olur. Məsələn, "Qazıyev"in "Qazılı" səslənməsini qəbul etməyənlər ola bilər. Qənaətimizcə, bu da onunla əlaqədardır ki, həmin soyadları eşitməyə hələ qulaqlarımız alışmayıb. Onlar bizə yad ifadələr kimi gəlir. Lakin bu soyadlara alışandan sonra burda heç də qəribə halın olmadığını anlayacağıq.

Bu da faktdır ki, "-ov, -ova", "-yev, -yeva" şəkilçilərinin "-lı, -li, -lu, -lü" şəkilçiləri ilə əvəzlənməsinin başqa üstünlükləri də var. Belə ki, "-lı" şəkilçisi tələffüz zamanı vurğu qəbul edir. "-ov" və "-yev" şəkilçiləri isə vurğu qəbul etmir. Bu da tələffüzün bir qədər çətinləşməsinə gətirib çıxardır. Məsələn, Məmmədli və Məmmədov sözlərini müqayisə edərkən bunları açıq şəkildə görmək mümkündür.

Bu gün ictimaiyyətdə müzakirə olunan digər məsələ də soyadların sonuna "bəyli", "xanlı" sözlərinin əlavə edilməsi ilə bağlıdır. Bu

kimi sözləri soyadlarına əlavə etmək istəyənlərdən bəy və ya xan nəslindən  olmaları ilə bağlı sənəd tələb olunur. Lakin nədənsə, bu məqamda Azərbaycan dilinin qrammatikası unudulur. Əvvəlcə bildirək ki, qrammatikamıza görə, "ağa", "bəy", "xanım", "şah" kimi sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda bitişik yazılır. Məsələn, Ağabəy, Əlibəy, Xanımana, Aləmşah və sair. Bu sözlər mürəkkəb adlarda titul, şəcərə, ləqəb bildirdikdə isə sözlərdən sonra gəldikdə ayrı və kiçik hərflərlə yazılır. Məsələn, Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir və sair. Eyni zamanda, "şeyx", "seyid", "şah", "sultan" sözləri də rütbə, titul bildirib sözlərdən əvvəl gəldikdə böyük hərflə yazılır. Şeyx Mahmud Şəbüstəri, Seyid Əzim Şirvani, Şah İsmayıl Xətai, Sultan Süleyman və sair. Yəni yalnız bu halda həmin sözlər şəcərə daşıyır. Bax, bu halda, vətəndaşlar adlarından sonra bəy, ağa və ya xan yazmaq istəyərlərsə, onda onlardan belə bir şəcərədən olmaları ilə bağlı sənəd tələb olunmalıdır. Əks halda isə, yəni "bəy", "xan" sözləri mürəkkəb ismin tərkib hissəsi olduqda (məsələn, Qasımbəyli, Rüstəmxanlı) vətəndaşlardan şəcərə ilə bağlı sənədlər tələb olunmamalıdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü