Bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında 8-ci növbədənkənar qurultayı keçirilib. Modern.az xəbər verir ki, tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qurultayda çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Əhliman Əmiraslanov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbi, ruhu cəbhədə döyüşən hərbçilərimizin yanındadır.
Ə. Əmiraslanov xatırladıb ki, Ağsaqqallar Şurasına uzun illər rəhbərlik etmiş Fəttah Heydərov vəfat edib.
Qurultayın gündəliyinə Ağsaqqallar Şurasının Nizamnaməsinin yeni redaksiyada qəbulu, Ağsaqqallar Şurasının yeni sədrinin seçilməsi və digər məsələlər daxil edilib.
Ə. Əmiraslanov nəzərə çatdırıb ki, qurultayda müzakirəyə təqdim edilən Nizamnamənin yeni redaksiyası 8 fəsildən ibarətdir.
Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına Prezident İlham Əliyevin təbriklərini çatdırıb.
Qurultayda deputat Eldar Quliyevin Ağsaqqallar Şurasının sədrliyinə namizədliyi irəli sürülüb.
Daha sonra qurultayda Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib.