Modern.az

Dayanmadan yavaş-yavaş hədəfə...

Dayanmadan yavaş-yavaş hədəfə...

21 Oktyabr 2020, 09:28

Qəzənfər Həmidoğlu

Araz aşığımızdan, Kür topuğumuzdandır. Zəfər xəbərləri başımızı buludlara ucaldır, amma gərək ayaqlarımız torpaqdan üzülməyə.
Eyforiyaya qapılsaq, başımız gicəllənəcək və bu, hərb ziqzaqlarında qəfil sürprizlərlə rastlaşərkən əks effekt verə bilər.

Sentyabrın 27-dən sonra iki həftə səmalarda pərvaz etdik və oktyabrın 10-da - ilk humanitar atəşkəs elanının birinci günündə turbulansa düşdük. Anında sevinc qüssəyə yuvarlandı, bədgümanlar qılınclarını sıyırdılar. O vaxt "Qüssələnməyin" adlı bir status paylaşmışdım. Bəzi "məyus" həriflər işsiz-gücsüz və təmənnasız bir kəsin adi, amma məramı xoş yazısına tərs baxdılar.

Vətən müharibəsindəyik. Kənd və şəhərlərimiz Ali Baş Komandanın iradəsi , komandirlərimizin məharəti, qəhrəman əsgərlərimizin rəşadəti, özlərini Vətənə fəda etmələri sayəsində işğaldan qurtulur. Amma müjdələrə elə vərdiş etdik və bir az da işi elə sulandırdıq ki, bir gün bir kənd almasaq, yumurtası tərs gəlmiş toyuğa dönərik.

İkinci Qarabağ savaşının birinci ayının sonuna münaqişədə status-kvonu yerlə-yeksan etməklə, düşmən ordusunu və cəmiyyətini hərbi- siyasi- mənəvi cəhətdən pozğuna uğratmaqla, torpaqlarımızı geri almaqla yaxınlaşırıq. Uzunmüddətli savaş üçün Azərbaycan dözümlü görünür. Ermənistan isə tükənir, nə siyasi-mənəvi, nə iqtisadi, nə də hərbi-texniki taqəti var. Ümidləri son 2-3 əsrdə olduğu kimi yalnız və yalnız Rusiyayadır.

Torpaqlarımızı azad etdikcə, cəbhədə və münaqişəətrafı situasiyada kritik və həlledici ana (xaricdən silahlanma və canlı qüvvə cəlbi ilə düşmənin müqavimətinin və xaricdən təzyiqlərin artması) doğru irəliləyirik.

İki tarixi sınaq ərəfəsindəyik: "Laçın dəhlizi" - Kəlbəcər və Şuşa-Xankəndi istiqaməti. Birincisi, münaqişəni içəriyə alır, lokallaşdırır, ikincisi isə, münaqişəni kökündən həllinə yol açır.

Azərbaycan Ordusu qışadək və ya daha qısa müddətdə bu sınaqlardan çıxmağa qadirdir.

Amma köhnə aksiomadlr ki, böyük dövlətlər kiçik dövlətləri heç vaxt asanlıqla rahat buraxmırlar.
Yəni, Rusiya və digər güclərin münaqişəyə müdaxilə riski qalır. Bu risk istənilən an, özəlliklə də Türkiyənin "arxa bağça"sına girmək niyyətindən şübhələnən Moskva tərəfindən, real təhdidə çevrilə bilər. Baxmayaraq ki, bəzi politoloqlar Rusiyanı çoxdan basdırıblar.

Bu arada Azərbaycanın zərbələri erməni cəmiyyətini ruhdan salır, deqradasiyaya uğradır. Paşinyan usə savaşın ermənilər üçün ekzistensial
(mövcudluq) məsələ olduğunu iddia etməklə odun üstünə yağ tökdü, xalqını qorxuya saldı. İndi ermənilər bu gedişlə təkcə Qarabağda deyil, Ermənistanda da sabahlarını görməyə bilərlər. Amma təslim olsalar belə, son söz ermənilərdə yox, sahiblərində olacaq.

Təbii ki, kimsə tarixi fürsəti qaçırmaq istəməz- taleyimiz dönüş dönəmindədir və onun hər bir səhifəsi, ayrı-ayrı məqamları (cəbhədəki döyüşlər, irəliləyişlər və güc nümayişindən tutmuş, siyasi rəhbərliyin diplomatik gedişlərinədək) tariximizə böyük hərflərlə yazılacaq.

Azərbaycan Türkiyənin mənıvi-siyasi dəstəyi ilə prosesi uyğun tarixi şərait və fürsətdə elə sürətlə və mahir irəlilətdi ki, dünya çaşqın qaldı və nəticədə yaxın perspektivdə regionun simasına edilə biləcək ciddi korrektələr üçün yol göründü.

Yeni situasiyada Rusiya və lideri Putinin tutduğu mövqe ilə bağlı fərqli fikirlər olsa da, hamı yekdildir ki, Putin Paşinyanı sevmir və cəzalandırır. Amma Kremlə yaxın dairələrdə, ideoloq və təbliğatçılarda Putinin daha sonra nə edəcəyi barədə aydın fikir yoxdur. Rusiyanın TV-ruporları inersiya ilə anti-Bakı mövqe tutur, Türkiyəni hədələyir və Moskvanın Azərbaycanın öz sərhədləri içində öz ərazi bütövlüyünü bərpa etməsinə "necə müdaxilə edəcəyi" üzərində baş sındırırlar.

Hazlrda belə görünür ki, Putin meydana atılmağa tələsmir, onun saatı hələ çatmayıb.

Başqa mülahizələr də var. Amma çox şeydən, pərdə arxasından, qapalı sövdələşmələrdən xəbərsizik - odur ki, kimsə hadisələrin gedişatı ilə bağlı qəti proqnoza cəsarət etmir..

Yaşayır və şahidi oluruq. Cəbhədə hücum edirik. İntiusiyamız irəlidə daha yaxşı olacağını diqtə edir.

Konfutsiyə gorə, hədəfə doğru sürətlə getmək vacib deyil, başlıcası dayanmayasan: "Yavaş getmək önəmli deyil, əsas olan dayanmamaqdır".
Beləcə, yavaş-yavaş, amma dayanmadan hədəfə doğru!

Qarabağ Azərbaycandır!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir