Modern.az

Musa Quliyev: “Bağımdakı 115 bar verən ağacdan pay verməyə meyvə tapmıram...”

Musa Quliyev: “Bağımdakı 115 bar verən ağacdan pay verməyə meyvə tapmıram...”

Ölkə

25 Yanvar 2010, 12:51

Hər bir insanın işdən sonrakı həyatında başqa işləri olur. Hərənin öz maraq dairəsi, daha dəqiq desək, hobbisi var.

Hər bir yaş dövrünə məxsus hobbilərin, maraqların olması mümkündür. Bəzən zaman keçdikcə zövqlər kimi hobbilər də dəyişə bilər. O da mümkündür ki, kimsə uşaqlıqdan məşğul olduğu hobbisini ta qocalanadək davam etdirir.

Modern.az saytı “İşdən sonrakı iş” rubrikasına start verir. İlk qonağımız Milli Məclisin Sosial siyasət komitəsinin sədr müvani Musa Quliyevdir. 

- Musa müəllim, işdən sonrkı işlərinizin nədən ibarət olduğunu bilmək olarmı?

- Mən işdən sonra iş təsəvvür etmirəm. İşdən sonra istirahət, qayğılar var. İş deyndə mən özümün funksional vəzifələrimin icrasını nəzərdə tuturam. Qalan məsələləri iş hesab etmirəm. Şəxsi qayğılar, dostların, seçicilərin problemi çox olur. Seçicilərin problemlərindən başqa  bunların heç biri mənim işimə aid deyil. Sadəcə, elə bilirlər ki, Milli Məclisin deputatı hər şeyə qadir adamdır. Yalnız onu deyə bilərəm ki, o məsələ yoxdur ki, onunla bağlı bizə müraciətlər olmasın. Bunlar hər gün davam edir. Baxmayaraq ki, bəzi məsələlər adamın vaxtını şox alır, amma mən bunu iş hesab etmirəm. Görünür insanların həyat tərzi belədir ki, onlar yalnız yatanda işlə məşğul olmurlar. Qalan vaxt əslində elə iş deməkdir.

Mən onu iş hesab edirəm ki, ondan maaş alıram. Bu da deputatlıq fəaliyyətimdir. Amma yazı yazıram, kitab çıxartdırıram və s. bunların heç birindən pul almıram. İndi kitab çap etiməkdən ötrü özün pul xərcləməlisən. Deputatlıqdan başqa heç bir rəsmi fəaliyyətim yoxdur.

- Boş vaxtlarınızda daha şox nəylə məşğul olursunuz?

- Ailənin bütün təsərrüfat işləri ilə özüm məşğul oluram. Bu sıraya bazarlıqdan tutmuş  evin kiçik təmir işləri aiddir. İlin fəsillərindən asılı olmayaraq imkan düşəndə bağa gedirəm. Demək olar ki, mənim işdən sonrakı fəaliyyətim bağla əlaqəlidir. Bağımdakı ağaclara çox həvəslə qulluq edirəm.

- Bunu sizin hobbiniz də hesab etmək olarmı?

- Belə də hesab etmək olar. Həm də bu gendən, qandan gələn bir məsələdir. Kənd yerində dünyaya gəlmişəm. Gəncədə yaşayanda da asudə vaxtlarımı ağacların yanında keçirmişəm. Bakıda isə uzun müddət bağım olmayıb. Son zamanlar balaca bir bağ aldım. Alanda bağda bəzi ağaclar vardı. İndi onların sayını 115-ə çatdırmışam. İlk vaxtlar bağda gilənar, albalı ağacları çox idi. İndi alma, armud çoxdur. Deyim ki, bağda bütün ağaclardan əkmişəm. Yay mövsümündə yetişən meyvə ağaclarım var. Bağ dövründə bağda yaşayıb meyvə dərməmək bütün ləzzəti qaçırar. Yaxşı ağ tutum da var. İstəsəniz mövsüm zamanı sizi qonaq edə bilərəm. Dostlar, qonşular bağda tutu xoşlamırlar ki, bu, həyətdə natəmizlik yaradır. Amma mən buna elə baxmıram, tut da olmalıdır, külək də əsib tutu həyətə tökməlidir. Tutdan bəhməz bişirilir. Həm də tut bütün yay dövrü yeyilir. Bundan başqa, yaxşı gilas ağacları var. Amma son illər nədənsə Abşeronda ərik ağacları ucdantutma qurudu. Mən bağda yeni tut ağacları əkmişəm, hələ ki, onlar bar verməyib. Bağımda müxtəlif güllərdə var. Hasar boyunca sərv ağacları əkmişəm.

- Bağınızda imtiyazlı ağac hansıdır?

- Son 3 ildə siturus ağacları əkmişəm, onlar daha çox diqqət cəlb edir.

- Dediniz ki, boş vaxtlarınızı ağaclarla keçirmək hobbinizdir. Kənddə doğulmusunuz. Kəndinizdəki ağaclardan da Bakıdakı bağınızda var?

- O sortlar Bakıda ya bitmir, ya da bar vermir. Sovet vaxtlarında kəndimizdən Sumqayıtda yaşayanlar belə sortlardan gətirib bağlarında əkiblər. Mən onlardan belə sortlardan aldım. Məsələn, qızılarmud deyilən ağaclardan. Yəqin o gələn il məhsul verər. Amma kəndimizdəki gilənar sortları bağımda var. Əgər imtiyaz varsa, gilənarlarındı. Uruddan cəviz ağacları gətirib Gəncədə əkmişdim. İndi onları Bakıya köçürmək istəmirəm. Buradakı bağım elə böyük deyil, çünki cəviz ağacı hər yeri tutar. Bilirsiniz, forması eyni ola bilər, ancaq buradakı meyvələr Uruddakı dadı vermir. Bəlkə də, bu, ilkinliklə, ya da itki ilə bağlıdır. 2006-cı ildə kəndimizə gedəndə öz həyətimizdən iki gilə gilas dərdim. Nəsə turş daddı, bəlkə də əhval-ruhiyyə ilə bağlı idi bu...

- Dost, tanışlardan kimlərin bağında olmusunuz?

- Olduğum da var, olmadığım da. Bağ işi elədir ki, daim məsləhətləşirsən. Yaxşı bağlardan nümunələr də götürürsən. Şəxsən mən bağda qazonun tərəfdarı deyiləm. Sanki bu, süni bir örtükdür. Həyətin müəyyən hissəsini qazon etmişəm, amma bağda bunun əleyhinəyəm. Ağacların arasına üçyarpaq çəmən yoncası əkmişəm, bizdə almaçiçəyi deyirdilər ona. Bağın bir hissəsində isə göyərti, müəyyən tərəvəzlər əkirik. Bilirsiniz, nəsə əkəndə istər-istəməz hər gün ona diqqət verməli olursan.

- Bar gətirən agacınız varmı?

- Hamısı bar gətirir.

- Kimlərəsə pay verirsinizmi?

- Ağacların hamısı eyni vaxtda məhsul gətirmir. Özü də burada ağaclar o qədər də böyük olmur. Külək isə ağaclarn barının çox hissəsini qurudur. Belə təsəvvür yaranmasın ki, böyük bir təsərrüfat yaratmışıq, tonla meyvə satırıq, belə şey yoxdur. Əslində bağımızın ekzotik effekti var, nəinki təsərrüfat effekti.

- Deməli, 115 bar verən ağacdan pay verməyə meyvə tapmırsınız?

- Kim qabağa düşüb gəlsə, ona pay çatacaq. Təbii ki, meyvələr yetişən zaman bağa gələnin mütləq sovqatı olacaq.  Amma belə bir misal da var: “Yemək var, aparmaq yoxdur”.  

- Deyəsən sovqat məsələsi həm də dəbdən düşüb?

- Ötən əsrin 70-80-ci illərinə qədər pul həyatımızda o qədər də önəmli rol oynamırdı. O zaman insani münasibətlərdə sovqat daha böyük rol oynayırdı. İndi onu evinin yanındakı mağazadan da ala bilirsənsə, o sovqata ehiyac qalmır. Əvvəllər şəhərdən də kəndə hamı əlidolu zənbillərlə gedərdi. Daha buna da ehtiyac qalmayıb. İndi qonaq gedəndə ya bir süvenir aparırlar, ya da pul verirlər. Hədiyyələri də pul əvəzləməyə başlayıb. Demək olar ki, camaatın biri-birinə pay verib almaq ənənəsi də itir.

- Ağaclara qulluq etmək sizi bezdirmir?

- Əksinə, düşünürəm ki, görən bu bağ olana qədər mən necə yaşamışam. Bəlkə də o zaman gənc olmağım, bir neçə yerdə işləməyim, boş  vaxtımın olmaması- bütün bunlar başımı qatıb. Amma indi ömür əlliyə çatıb. Adam uşaq vaxtı və yaşı artdıqca torpağa daha çox bağlanır. Gözümüzü açıb təbiət görmüşük. İstərdim övladlarımız da belə olsun. Oğlumun 7 yaşı var. Amma ona artıq ağacları tanıtmağa başlamışam. İstəyirəm oğlum da ağacı sevsin, ağacı tanısın. Azərbaycanı sevməyi həyətimizdəki torpağı sevməkdən öyrənməliyik. Öz bağını abadlaşdırmayan adam ictimai yerdə ağac əkməz, məcburi əksə də onu suvarmaz.

Bağdan çox danışdıq. Bununla vaxtımın təkcə bağda ötüşməsi təəssüratı yaranmasın. İdmanla fəal məşğul olmuram. Bəlkə də bu, özümün tənbəlliyimdən irəli gəlir. Bu da vacib məsələdir.

Hesab edirəm ki, qayğılar həmişə olmalıdır. Bu, insanın xarakteridir. Problemlərdən kənar olmaq bəsit həyat yaşamaq deməkdir.

Onu da deyim, boş vaxtlarımı evdə keçirən zaman yeddi yaşlı öğlumla məşğul oluram. Onunla bir yerdə dərslərimizi oxuyuruq, yazılarımızı yazırıq. Sonra şahmat, dama oynayırıq. Hərdən də ailəlikcə gəzintilərə üstünlük veririk.

 

Modern.az 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı