Modern.az

Xankəndlilərdən Ali Baş Komandana müraciət: “Bizi döyüşə göndərin!”

Xankəndlilərdən Ali Baş Komandana müraciət: “Bizi döyüşə göndərin!”

6 Noyabr 2020, 10:32

Bugünlərdə əslən Xankəndindən olan keçmiş döyüşçülər “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyevanın təşəbbüsü ilə redaksiyamıza müraciət ediblər. Onlar Azərbaycan əsgərinin torpaqlarımızı işğalçı Ermənistandan azad etmək üçün başlatdığı əks-hücumdan fəxr duyduqlarını, bir nəfər kimi Ali Baş Komandanın yanında olduqlarını bildiriblər.

Xankəndililər könüllü olaraq savaşa qatılmaq istədiklərini söyləyərək, bunun üçün müvafiq qurumlardan icazə istəyiblər.

 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şöbəsinin sədri Ramiz Ağayev:

“Otuz il öncəki müharibə ilə bu gün gedən müharibəni müqayisə etsək, çox fərqlərin olduğunu görərik.

Hazırda Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün torpaqlarımız işğaldan azad edilir.

Biz müharibədə döyüşən keçmiş döyüşçülər olaraq, cəbhədə vuruşmaq üçün Ali Baş Komandanın icazəsini gözləyirik. Hər an erməni dığaları ilə üzbəüz gəlməyə hazırıq”.

 

Kobra” ləqəbli Nazim Hüseynov: “1988-ci ildən ermənilər tərəfindən Azərbaycana qarşı başlanılan müharibədən bu günə qədər səngərdə, hərbi xidmətdəyəm.

Ali Baş Komandanın əmrini gözləyirəm ki, hərbi xidmətə yollanım. Azərbaycanın döyüş taktikasına bütün dünya heyrandı. Arzu edirəm ki, Kərkicahan rayonuna bizim ayağımız dəyməmiş, ömrümüz sonlanmasın. Qarabağda döyüşənlərə arzum odur ki, sağ-salamat gəlsinlər və toylarının, xeyir işlərini azad olunmuş torpaqlarımızda qeyd edək. O yerlərini coğrafiyasını, dağını, dərəsini bizdən yaxşı tanıyan yoxdu. Bizi heç olmasa bələdçi kimi müharibəyə göndərsinlər. Özümüzü arxa cəbhədə gərəksiz adamlar kimi hiss edirik”.

 

Şərif Cəfərov: “İlk dəfə1991-ci il sentyabrın 25-i Şuşa-Xankəndi arasında döyüşlər başlamışdı. O zamanlar ordu, silah-sursat yox idi, sadəcə “Makarov” silahı verilmişdi bizə. Amma indi gedən döyüşlərdə hər cəhətdən yüksək səviyyədə təmin olunmuşuq. Qarabağda döyüşən əsgərlərin hamısı bizim övladlarımızdı. Biz öz oğullarımızla çiyin-çiyinə vuruşmağa canla, başla hazırıq”.

 

Mürvət Əliyev: “1988-ci ildə özünümüdafiə dəstəsində olmuşam. Hərbi xidmətimi 816  nömrəli hərbi hissənin 4-cü rota komandiri müavini olaraq davam etdirmişəm. Bütün döyüşlərdə iştirak etmişik. Bu gün müzəffər Ordumuzla fərəh hissi keçiririk. Qarabağa, evimizə gedirik. Orduda xidmət etməyə hər zaman hazırıq. Orada şəhid olmaq bizim üçün qürur olar”.

 

Mehman Rzayev: “İllərdir torpaq həsrətilə ürəyimiz közlənirdi. Sentyabrdan başlanan 2-ci Qarabağ döyüşlərində əldə etdiyimiz uğurları görərək qürurlanırıq. Torpaqlarımızın alınmasında hər zaman ordumuza dəstək oluruq və olacağıq. Arzu edirəm ki, bayrağımız bütün işğal olunmuş torpaqlarımızda azadlıq nəğmələri ilə birgə dalğalansın”. 

 

Qazi Soltan: “Kərkicahan sakiniyəm. Müharibə başladı, biz o müharibələrdə əvvəldən axıra qədər iştirak elədik. Elə vaxt olub ki, Kərkicahan da heç kəs olmayıb. Hüseynov Nazim Mərdan oğlu ilə ikimiz bir yerdə qalıb döyüşmüşük sonuna qədər. Son qanımıza qədər döyüşmüşük. Qazi olmuşuq. Biz bu gün də canla-başla döyüşməyə, düşməni məhv etməyə hazırıq. İstəyirik ki, keçmiş döyüşçü,  Kərkicahanı kimi döyüşə gedək. Əgər Prezidentimiz buna icazə versə, qəbul etsə biz çox xoşbəxt olarıq.
Hazırda müharibədə olan əsgərlərimizə güc, uğur diləyirəm. Allah onlara qüvvət versin. Ali Baş Komandanımıza müraciətim odur ki, bizidə döyüşə göndərsin”. 

 

Fidan İlqarqızı   
Mehri Qurban

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir