Modern.az

Tanınmış diktor Nailə İslamzadə: “Bu serialda mənə ana rolu təklif etdilər, razılaşdım” - MÜSAHİBƏ

Tanınmış diktor Nailə İslamzadə: “Bu serialda mənə ana rolu təklif etdilər, razılaşdım” - MÜSAHİBƏ

Media

13 İyul 2012, 09:41

”Mən daha AzTV-də işləyə bilməzdim, işləsəm də qoymazdılar”


Bir neçə il öncəyədək Azərbaycan Dövlət Televiziyasının tanınmış diktorlarından olan, hazırda isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyən Nailə İslamzadə Modern.az saytına müsahibə verib.

Dosye: Nailə İslamzadə 2 noyabr 1961-ci ildə Balakən rayonunda anadan olub. Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) oxuyarkən, müsabiqə yolu ilə Azərbaycan Dövlət Televiziyasında işə qəbul olunub. Diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. İşlədiyi müddət ərzində "Xəbərlər" proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunmuş proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı, on il ərzində "Ailələr, talelər" verilişinin müəllifi və aparıcısı olub. 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyir.

- AzTV-dən niyə ayrılmaq qərarına gəldiniz?

- AzTV-dən ayrılmaq qərarına gəlmədim, bu qərarı qəbul etmək məcburiyyətində qaldım. 25 il çalışdığım, bütün gücümü, bacarığımı sərf etdiyim işdən təbii ki, işdən ayrılmış bir çox həmkarlarım kimi, mən də istəməzdim. Amma, düşünürəm ki, insana işi ilə yanaşı, çalışdığı mühit də vacibdir. Ətrafımda hörmət etdiyim, illərlə Azərbaycan televiziyasının ağır yükünü çiyinlərində daşımış həmkarlarımın olmadığı yerdə işləyə bilməzdim, işləsəm də qoymazdılar.

- Teleaparıcılıqdan dövlət qulluğuna keçid necə oldu?

- Hardasa işləməliydim...

- Uzun müddət “Ailələr, talelər” adlı verlişin həm müəllifi, həm də aparıcısı olmusunuz. Yenidən belə bir uğurlu layihəyə başlamaq istərdinizmi?

- Bu mövzuda yenidən veriliş hazırlamaq haqqında düşünməmişəm. Amma artıq 6-cı ildir ki, Azərbaycanda efirə çıxmıram, lakin bu gün də məni görəndə bəzən 10 il bundan əvvəl hazırladığım verilişin süjetini mənə danışırlar. Məndə elə təssürat yaranır ki, elə bil “Ailələr, talelər” verilişi hələ də efirdədi. Bunun üçün qədirbilən, diqqətli tamaçılara minnətdar olmalıyam təbii ki.

- İndi bəzən televiziya efirlərində ailə dəyərləri ilə bağlı elə adamlar danışırlar  ki, bişmiş toyuğun gülməyi gəlir. Siz  bu  barədə nə deyə bilərsiniz?

- Son zamanlar ailə haqqında çox verilişlər hazırlansa da, tamaşaçıların belə verilişlərə inamı azalıb. Bunun bir səbəbi də milli-mənəvi dəyərlərimiz haqqında inandırıcı, sanballı fikir söyləyə bilməyən insanların verilişlərə dəvət olunması və bəzi aparıcıların mövzuya hazır olmaması, səriştəsizliyidir.

- Bugünkü teleaparıcılarda sizi nələr qane etmir?

- Televiziya cəmiyyətin, həyatımızın güzgüsüdür. Bu güzgünün parlaq olub-olmaması biz jurnalist və aparıcılardan asılıdır. Bəli, indiki aparıcıların əksəriyyətinin səviyyəsi tamaşaçıları qane etmir. Əsl aparıcının daxili dünyası zəngin olmalıdır, çoxlu mutaliə edib dünyagörüşünü, söz ehtiyatını artırmalıdır. Bu zaman onu gözü, üzünün ifadəsi mənalı ola bilər. Aparıcının ekrandan söylədiyi hər bir söz tamaşaçı qəlbinin qapısının açarıdır. Bu söz o qapını həm bağlaya bilər, həm də aça... Söz, nitq insanın ümumi mədəniyyətinin göstəricisidir. Gənc aparıcıları və jurnalistlərə ən böyük tövsiyyəm ana dilimizdə gözəl danışmalarıdır. Televiziyada danışılan dil etalon olmalıdır. Bir də verilişin janrından asılı olmayaraq, özünü həddindən artıq sərbəst aparan, hər şeyi hamıdan çox bilən kimi göstərən, özundən razı aparıcıları sevmirəm.

- Hazırda serial çəkilişində iştirak edirsiniz. Bu hansı serialdır və  siz hansı roldasınız?

- Bu, “Space” televiziyasının hazırladığı “Cənnətə səyahət” teleserialıdır. Mən orada ana roluna dəvət aldım, tərəf müqabilim isə türk aktyoru, bir çox məşhur türk seriallarının qəhrəmanı Levent Taşçıdır.

- Özünüzü aktrisa kimi sınamaq fikri necə yarandı?

- Mən diktor, aparıcı olduğum zaman  kinostudiyadan bir neçə dəfə təklif gəlmişdi. Amma qismət indiyə imiş. Bu fikir məndə yaranmadı, sadəcə bu rolu mənə təklif etdilər, məni bu rolda gördüklərini dedilər, mən də ssenari ilə tanış olduqdan sonra qəbul etdim. Çünki, bu işin başında Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, filmləri beynəlxalq səviyyədə tanınan, onlarla beynəlxalq müsabiqələr laureatı, tanınmış rejissor və ssenari müəllifi, hörmət bəslədiyim insan Vaqif Mustafayev durur.

- Bildiyim qədər yerli telekanallara baxanda bəzi hallarda əsəbləşirsiniz. Sizi əsəbləşdirən  nələr olur?

- Efirdən təhrif olunmuş ana dilimizi eşidəndə, Stanislavskinin sözləri ilə desək, “taxtaya dəyən noxud” kimi səslənən diksiya eşidəndə, bəzi aparıcıların efirdə səriştəsizliyini görəndə əsəbiləşirəm. Bunlar bəzən verilişlərə baxmağıma mane olur.

- Telekanallardan başqa dəvətlər alırsınız?

- Ara-sıra verilişlərə qonaq, ekspert kimi dəvət edirlər, amma çox az hallarda dəvəti qəbul edirəm, çünki veriliş ruhuma uyğun deyilsə, özümü göstərmək naminə orada iştirak edə bilmərəm.

- Sizin nəslin diktorları bu gün tələbə yetişdirməklə də məşğuldurlar. Sizin necə,  tələbələriniz varmı?

- AzTV-də işlədiyim zaman tələbələrim var idi, indi də bir neçə həftə olar ki, kanalların birinə cavan aparıcılarla məşğul olmaq üçün dəvət olunmuşam.

- Bir oğlunuz var. Hələ nənə olmamısınız ki?

- Yox, oğlum hələ evlənməyib.

-Gələcək üçün hansı planlarınız var? 

- İnşallah reallaşanda sizinlə paylaşaram.






Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək