Modern.az

Bizim əsgər: “Dedi ki, Vətən çağırır, getməliyəm, başqa söhbət ola bilməz!” - Jurnalist ailəsindən REPORTAJ

Bizim əsgər: “Dedi ki, Vətən çağırır, getməliyəm, başqa söhbət ola bilməz!” - Jurnalist ailəsindən REPORTAJ

9 Noyabr 2020, 11:58

Modern.az saytında “Bizim əsgər” rubrikasına davam edirik. Budəfəki yazımızda jurnalist ailəsinə səyahət edəcəyik. Qonağımız həmkarımız Fərəh Sabirqızıdır. Fərəh xanım həyat yoldaşı, hal-hazırda döyüşlərdə iştirak edən jurnalist  Məğrur Əliyev haqqında danışacaq. Məğrur bəy cəbhəyə zabit kimi yollanıb.

 

- Öncə bizə həyat yoldaşınız haqqında məlumat verməyinizi istərdik…

- Deyərdim ki, Məğrur mükəmməl ata, çox diqqətli həyat yoldaşıdır. Ailədə çox məsələlərə özü nəzarət etməyi xoşlayır. Onu səbrli, mülayim xasiyyətli, amma həm də prinsipial insan kimi xarakterizə edərdim. Politologiya sahəsi üzrə təhsil alıb, amma 25 ilə yaxındır media sahəsində çalışıb. İndiyədək Azərbaycanın sayılıb-seçilən media qurumlarında işləyib. Cəbhəyə də məhz baş redaktor müavini postundan gedib.

Məğrurun özü Füzulidəndir. Odur ki, Qarabağ məsələsi bizim evdə, ailədə hər gün danışılan, müzakirə olunan, yada salınan mövzulardan olub. Zabit rütbəsi olduğuna görə, daha çox həvəsliydi. Həmişə deyirdi ki, təki əmr verilsin, gedib vuruşaq. Arzusuna çatdı. Çox qəribədir, tale elə gətirdi ki, məhz doğulduğu Füzuli uğrunda döyüşlərdə iştirak etdi. Füzuli şəhərinin azad olunması xəbərinin bizim ailədə necə sevinclə qarşılandığını təsəvvür etmək olar! Məğrurun anası da çox qürrələnir – oğlunun bu müqəddəs savaşın, məhz doğma torpaqların işğaldan azad olunmasında iştirak edib, bu qələbənin bir parçası olduğuna görə. 


- Məğrur bəyin müharibəyə getmə xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

- Məğrur ehtiyatda olan zabitdir. Hərbi qulluğunu bitirdikdən sonra bir dəfə də təlimdə olub. Bu dəfə də məhz hərbi təlimlərə çağırıldı. Həmin vaxt hələ hərbi əməliyyatlar başlamamışdı. Elə təlimə getməsi də qəflətən oldu. Çünki səfərbərlik xidmətinə niyə çağırıldığını bilmirdik. Həmin gün bazar idi və  bu günə məişət problemlərimizlə bağlı xeyli iş görməyi planlaşdırmışdıq. Fikirləşirdik ki, gedib sənədlərini təqdim edib qeydiyyata düşəcək. Amma ordan zəng edib mənə deyəndə ki, “artıq yarım saata yola çıxmalıyam, nə qədər müddət çəkəcəyini də bilmirəm” – çaşıb qaldım. Başladım, biixtiyar həmin planları, gedəcəyimiz yerləri sadalamağa ki, bəs bu işləri neyniyim? Dedim qayıt, indi getmə, hazırlaş, bir neçə gün sonra gedərsən. Amma gördüm, mübahisə etməyin yeri yoxdur, dedi ki, Vətən çağırır, getməliyəm, başqa söhbət ola bilməz. Həm də dedi ki, bu, böyük şansdır. Onda anlamadım, ürəyimdə fikirləşdim, hərbi təlimdə iştirak niyə şans olur ki? Sən demə, o, artıq döyüşlərə qatılmaq ehtimalını bildiyinə görə elə deyirmiş.  

Təlimlər dövründə əlaqə saxlamaq mümkün idi, necə olduğunu bilirdim. Amma sonra durum dəyişdi. Hərbi əməliyyatlar başlayan günün gecəsi çox narahat idim. Çünki artıq cəbhəyanı bölgələrdən bəzi xəbərlər yayılırdı. Sentyabrın 27-si səhərini heç unutmaram. Sübh tezdən zəng edib yalnız bunları dedi: “Başladı, uşaqlardan muğayat ol”. Vəssəlam… Həmin gün hansı hislər keçirdiyimi deməyin heç mənası yoxdur, indi ölkəmizdə qadınların əksəriyyəti bu hislərin necə olduğunu bilir.

Məğrur indi də cəbhə bölgəsindədir və döyüşlərdə iştirak edir.



- Övladlarınız atalarının həsrətinə necə dözürlər?

- Çox darıxırlar, hədsiz. Çünki ailəmizdə ata həmişə lider olub. Uşaqlar ona daha çox yaxındırlar, nəinki mənə. Qızım Fidan böyükdür, məsələni tam anlayır, siyasi xəbərləri izləyir və analiz edir, hər axşam oturub gündəmi müzakirə edirik. Oğlum Murad isə hələ o yaşda deyil. Bu müddət ərzində yalnız bir neçə dəfə atasıyla danışmaq imkanı olub. Onda da ancaq iki sual verib: “Ata, nə qədər düşmən öldürmüsən?”, bir də “Nə vaxt qayıdacaqsan?”...


- Bəs övladlarınız işğaldan azad olunmuş ata yurdunda - Füzulidə olmaq istəyirlərmi?

- Əlbəttə, vətənpərvərlik onların qanındadır. Fidan həmişə atasının Füzulidəki həyatları, evləri, rayonun gözəllikləri haqqında söhbətlərini qulaq asıb deyirdi ki, görəsən nə vaxt oraları görmək qismət olacaq? Oğlum da müharibə taktikası, tanklar, raketlər, silahlar barədə internetdə araşdırmalara baxır. Deyir, uşağam, məni ora qoymazlar, kaş, məşhur videobloger olardım, məni də döyüş bölgəsinə buraxardılar, gedib baş verənləri hər kəsə göstərərdim.


- Həyat yoldaşınız doğma yerlərdən tez-tezmi danışırdı, bu savaşda iştirak ona nə qazandıracaq?

- Savaşa gedəndə ancaq bir şeyi qazanmaq haqqında düşünürsən– elə savaşın özünü. Çox inanıram ki, həyat yoldaşım əsl qəhrəmanlarla yanaşı, qələbə xəbərini evə gətirəcək.

Vətən sevgisinin aşırısı, yaxud az dozası olmur. Bu sevgi ya var, ya da yoxdur. Məğrurun özünün Füzulidən olduğunu, doğulduğu Yuxarı Seyidəhmədli kəndinin illərdir işğal altında olduğunu nəzərə alsaq, cavabı ehtimal etmək çətin deyil. Kəndini yuxularında tez-tez görürdü. Füzulinin işğalda olmayan hissəsinə səfər edəndə, həmişə mənə kəndlərinin hansı tərəfdə olduğunu göstərirdi, kəndlə bağlı əhvalatları dəfələrlə yanğı ilə danışırdı... İnanıram ki, bir azdan ailəlikcə onun doğma kəndinə gedib evlərini, o əhvalatların baş verdiyi məkanları canlı görəcəyik.


- Bu gün bir ana, bir həyat yoldaşı, yoxsa bir jurnalist kimi daha xoşbəxtsiniz?

-Ailə həmişə öndədir və yaşamın əsas anlamıdır. Jurnalist kimi nə qədər bacarıqlı olsam da, nə qədər uğur qazansam da, uşaqlardan hansınınsa bir problemi çıxan kimi hər şeyi unudursan. Mən həmişə işimi sevən olmuşam. 20 ildən çoxdur media sahəsində işləyirəm, hər cür formatda layihələrim olub.

Heç kimə sirr deyil ki, müharibə şəraitində ən gərgin rejimdə işləyən peşə sahiblərindən biri də jurnalistlərdir. Biz də öz aləmimizdə savaşırıq. Ona görə hesab edirəm ki, mənə daha çətindir. Çünki uşaqlarla daha çox vaxt keçirib onlara kifayət qədər mənəvi dayaq ola bilmirəm. Amma düşünürəm, gələcəkdə gördüyümüz işin nə dərəcədə önəmli olduğunu anlayanda, yəqin mənə haqq qazandırarlar.



- Həyat yoldaşınızın yanında olub, onunla bərabər vuruşmaq istərdiniz?

- Vuruşmaq yox, amma yanında olmaq istərdim. Ona görə yox ki, qorxuram. Çünki reallığımız da budur ki, Azərbaycan Ordusunda hələ qadınların döyüşməsinə ehtiyac yoxdur. Bu, bizlər üçün prinsipial məsələdir və dövlət rəhbərliyinin bu fikrini tamamilə bölüşürəm.

Amma döyüş bölgəsində olmaq, o şəraiti görmək  çox istərdim. Hətta işlədiyim CBC TV-də də bir neçə dəfə cəbhə bölgəsində getmək istədiyimi bildirmişəm, təəssüf, alınmayıb.


- Bugünkü vətən savaşında cəbhədən xəbər gözləyən  qadınlarımıza nə demək istərdiniz?


- Qələbəyə inanmalı, səbrli olmalı və dualarımızı əsirgəməməliyik. Pafoslu danışmaq istəmirəm. Heç bir ana, heç bir qadın müharibə, itkilərin olmasını istəməz. Ona görə də qorxmaq, həyəcanlanmaq, nigaran qalmaq haqqımızıdr. Amma ən önəmlisi qələbəyə inanmaqdır.


- Həyat yoldaşınız və bizim bütün əsgərlərə olan “Əsgər salamı”nızı eşitmək istərdik…

- Salamlarla yanaşı, hər birinə “Eşq olsun!” deyərdim. Bunlar boğazdan yuxarı sözlər deyil. Biz mülki şəxslərə atəş aşmayan, kişi kimi döyüşən, ləyaqətli və cəsarətli əsgərimizlə fəxr edirik! Məhz indi o şəraitdə, hər an ölümlə üz-üzə olan, soyuq səngərlərdə canları bahasına döyüşən əsgərlərimizə görə övladlarımız burada başı dik gəzə bilirlər. Bunu unutmasınlar! Hər birinə üçrəngli bayrağımızı azad olunan torpaqlara sancıb sağ-salamat evlərinə, ailələrinin yanına qayıtmağı arzu edirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir