Modern.az

Kəndimizin erməniləri - III Hissə

Kəndimizin erməniləri - III Hissə

Ədəbi̇yyat

16 Noyabr 2020, 20:28

Vilayət Quliyev


İkinci yadımda qalan erməni camaatın Urben dediyi Ruben idi. Balaca boylu, sifətindən biclik yağan adamdı. Ayağının biri anadangəlmə qısa olduğu üçün taytıya-taytıya gəzirdi. Əslən Tuğdan idi. Bizim kəndə çörək dalınca gəlmişdi. Kolxoz qarajında balaca bir daxmada qalırdı. Peşəsi dəmirçilik olsa da, hər iş bacarırdı. Ara-sıra Tuğa gedir, bir-iki həftədən sonra geri qayıdırdı.


Mənim əgər belə demək mümkünsə, erməni şovinizminə qarşı “mübarizəm” Rubendən başlamışdı. Artıq sonralar bu barədə oxuduğum üçün dəqiq tarix deyə bilərəm – 1967-ci ilin iyul ayı idi. Əlimə bir-iki manat pul düşmüşdü. Odur ki, qonşumuz Oktayın velosipedini icarəyə götürüb stansiyaya getmişdim. Məmişin çayxanasında oturub həm dincimi alır, həm də vafli ilə çay içirdim. Çayxanada xeyli adam vardı. Hamı çox həyəcanlı görünürdü. Biri-birinin sözünü kəsə-kəsə danışırdılar. Qulağıma çatan sözlərdən anladım ki, ermənilər Stepanakertdə (o zaman Xankəndi adından bir kimsənin xəbəri yox idi) içərisində üç azərbaycanlı məhbus olan maşını aşırıb od vurublar. Dustaqlar da diri-diri yanıb. Onlardan birinin adının Ərşad olduğunu, vaxtı ilə bizim kəndə gəlib-getdiyini, burada kiminləsə dostluq elədiyini deyirdilər.


Eşitdiyim dəhşətli xəbərdən bərk sarsılmışdım. Qapalı dustaq maşınının içində bağıra-bağıra yanan adamların əzabını sanki öz canımda hiss edirdim. Eyni zamanda camaatımızın bu dəhşətli hadisə barəsində belə sakit danışmasına təəccüb qalmışdım. Məmişin çayxanasından bir neçə addım aralıda erməni Xristoforun dərzi dükanı vardı, onun yanındakı bərbərxanada isə erməni dəllək Ardaş işləyirdi. Düşünürdüm ki, adamlar oturub boş-boş danışmaq əvəzinə niyə gedib Xristoforu, yaxud Ardaşı sürüyüb bazarın ortasına gətirmirlər, niyə ölənə qədər döymürlər, niyə “canlara dəyən oğlan” dedikləri Ərşad kimi od vurub diri-diri yandırmırlar?


Velosipedlə uzun bir səyahət planlasam da, kefim bərk pozulduğundan evə dönməyi qərara aldım. Yeni tikilən məktəb binasına çatanda Rubenin axsaya-axsaya gəldiyini gördüm. Əlində balta-mişarı, dalında bir şələ odun vardı. Görünür, kiminsə qapısında odun doğramaqdan qayıdırdı. Özüm də bilmədim necə oldu – bir anda beynim qarışdı, velosipedi var gücümlə Rubenin üstünə sürdüm. Zərbənin qüvvəsindən 2-3 metr kənara yıxıldı, odunları dağıldı, mişarın dişləri əlini qanatdı.


İstədim dayanmayam, sürüb gedəm. Amma Rubenin yerindən qalxa bilmədiyini görüb velosipedi ağaca söykədim. Ona yaxınlaşdım. Deyəsən Ruben onu vuracağımı düşünüb əli ilə üzünü örtdü. Eyni zamanda özünü də itirmədi.
-Ara, bu zəhrimarı sürə bilmirsən, sürmə də!
-Saxlaya bilmədim, Ruben. – deyə yalan danışdım. Qolundan tutub ayağa qaldırdım, odunlarını yığmağa kömək elədim. Ağladığını görəndə kefim pozuldu, hərəkətimdən peşman oldum.


-Ara, mən bir yazıq, şikəst adamam. Erməni döymək istəyirsən, get Stepanakertə, Mardakertə, - deyə Ruben də son anda erməniliyindən qalmadı.



(davamı var)

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı