Modern.az

Kəndimizin erməniləri - V Hissə

Kəndimizin erməniləri - V Hissə

Ədəbi̇yyat

19 Noyabr 2020, 17:48

Vilayət Quliyev


Bu qeydləri oxuyan fb dostluğumdakı həmyerlilərim kənddə Valod, İşxan, Arsen, Aram, Telman, Mais adlı ermənilərin də yaşadıqlarını xatırlayırlar. Bəziləri çox dumanlı şəkildə yadıma gəlir.

Nisbətən yaxşı xatırladığım ermənilərdən biri də dərzi Xristofor idi. Nədənsə onu Mirzə Cəlilin “Usta Zeynal” hekayəsindəki Muğdusi Akopa bənzədirdim. Bildiyim qədər papaqçı idi və Aran yerlərində işə yarayan uzun günlüklü şapkalar tikirdi. Ümumilikdə dərzi kimi çox bekara usta idi. Camaat gülürdü ki, şalvarın bir ayağını o birisindən 3-4 sm. qısa kəsir. Tikdiyi çesunça pencəklər adamın əynində torba kimi sallanır. Amma buna baxmayaraq həmişə sifarişi olurdu. Çoxları da onun dükanına söhbətə gedirdi. Burnunun ucuna qoyduğu eynəyinin altından baxa-baxa maraqlı şeylər danışırdı.

Təbii ki, Xristoforla elə bir ünsiyyətim olmamışdı. Amma mənimlə yaşıd olan oğlu Ediki tanıyırdım. İri, daz başlı, şişman atasından fərqli olaraq arıq, sısqa birisi idi. Oğlu məktəb yaşına çatanda Xristoforun tələbi ilə bir nəfər də rus şagird, yaxud müəllim olmayan kənd məktəbində rus bölməsi açılmışdı. Burada cəmisi dörd şagird vardı. Məktəb direktorunun oğlu Elşad, bizə qohumluğu çatan və anası rus olan Yura, yenə anası rus olan bir qız, bir də Edik. Onların rus dilini yaxşı bilmələrinə böyük şübhəm vardı. Amma istənilən halda Xristofor uşağının Azərbaycan dilində təhsil almasını özünə əskiklik saymış və hər yerə məktub yazıb rus bölməsinin açılmasına nail olmuşdu. Yadımdadır ki, Xristofor rayon mərkəzinə gedən yolun sağ tərəfində, quş damına bənzəyən balaca bir evdə qalırdı. Arvadı da özü kimi yekəpər və şişman idi. Onların bu balaca evə necə sığdıqlarına həmişə təəccüb edirdim.

Nəhayət, uşaqlıq illərindən xatırladığım dördüncü erməni dəllək Ardaş idi. Ümumiyyətlə, o illərdə dəlləkxana əgər belə demək mümkünsə, kəndin mədəni-intellektual mərkəzi idi. Adamlar təraş olunandan sonra da saatlarla burada oturub müxtəlif mövzularda söhbət, yaxud lağlağı edirdilər. İri, işıqlı otaqda dörd usta işləyirdi. Onlardan yalnız Ardaşla çox ağayana, ziyalı görünüşü olan usta Həsən yadımda qalıb. Həsən 1948-ci ildə kəndimizə Vedidən köçürülənlərdən idi. Yadımdadır ki, bəzən Ardaşla öz aralarında ermənicə də danışırdılar.

Ardaş yalnız bir dəfə saçımı kəsmişdi və saçlarım qıvrım olduğundan tamam zay eləmişdi. Üstəlik də əli tərli idi, ağzından pis iy gəlirdi. Ona görə də dəlləkxanaya gedəndə heç vaxt onun kreslosunda oturmurdum.

Yuxarıda da qeyd etdiyim kimi, kəndimizdə mənim tanımadığım başqa ermənilər də vardı. Məhəlləmizdə Vedidən köçənlərin arasında bir qadının müsəlmanlığı qəbul eləmiş erməni olduğunu deyirdilər.

Bütün bunları nə üçün yazıram?

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı