Modern.az

Ağdamın məşhur simaları - “İndi atamın da ruhu şaddır” - Famil Mehdinin oğlu

Ağdamın məşhur simaları - “İndi atamın da ruhu şaddır” - Famil Mehdinin oğlu

21 Noyabr 2020, 10:30

Filosof-şair, alim-professor, pedaqoq-jurnalist və ən başlıcası böyük insan Famil Mehdinun ruhu da bu günlərdə təskinlik tapdı... Axı onun doğma Ağdamı 27 ildən sonra düşmən tapdağından oldu...

Elə adamlar var ki, onun həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Famil Mehdi də məhz bu cür hörmətə layiq olan insan idi.

Filologiya elmləri doktoru, professor Famil Mehdi 68 illik ömrünün təxminən 50 ilini xalqına və elmin inkişafına sərf etmişdi... Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi.

Görəsən Famil Mehdi indi sağ olsaydı, Ağdamın və ümumən Qarabağın işğaldan azad olunduğunu görüb nələr söyləyərdi?..

Oğlu Şamil Mehdi Modern.az saytına müsahibəsində atasının torpaq nisgili ilə bağlı xatirələrindən danışıb:


- Şamil müəllim, yəqin ki, Ağdamın düşmən tapdağından xilas olması ilə bağlı sizi də müjdələyənlər çox oldu...
 

- Ağdamın işğaldan azad olunma xəbəri bir neçə gündür ki, bəyan olunub. Sonuncu razılaşmaya əsasən, müəyyən bir vaxt verilmişdi. Niyabrın 20-nə keçən axşam artıq mənə zənglər gəldi, gözaydınlığı verdilər ki, ordumuz Ağdam ərazisinə keçib. 1992-ci ildən bərbad vəziyyətdə olan Ağdam-Şuşa yolu açıldı. Orada müvəqqəti bir torpaq səddi qoyulmuşdu, o sədd götürüldü. Ordumuz oradan keçib, rayonun və şəhərin ərazisinə daxil olub. Dünən səhər isə Müdafiə Nazirliyinin Ağdamın tam nəzarətə götürüldüyü barədə rəsmi xəbərini eşitdim.


- Atanız bu xəbəri eşitsəydi hansı hisslər keçirərdi?

- Mən ancaq təsəvvür edə bilərəm. Bir şeyə əminəm ki, torpaqlarımızın işğaldan azad olunması  bizim əzilmiş, sınmış qürurumuzu, qəlbimizi düzəldən bir hadisə oldu. Atam həmişə bizə deyirdi ki, Azərbaycanın hər bir qarışı doğma, əziz olmalıdır.
Ağdamın az bir hissəsi bizdə idi, əzilən, qopardılan böyük bir hissəni, atamın doğulduğu, böyüdüyü, gənclik dövrünün keçdiyi və sonradan bizim imkan düşəndə həmişə ziyarət etdiyimiz yerləri itirmişdik. Düşünürəm ki, hər halda tək mənim atamın yox, o cümlədən də bir çox dünyasını dəyişmiş məşhur ağdamlılar olan Xudu müəllim, Teymur müəllim də o sıradadır. İndi Ağdam rayonundan şəhid olanların hamısının ruhu şaddır.


- Sizin də uşaqlığınız Ağdamda keçib. Ora qayıdanda ilk hara getmək istəyərdiniz?

- Mən özümü dərk edəndən yadıma gəlir ki, biz nəinki, Ağdamı digər işğaldan azad olunmuş ərazilərimizi qarış-qarış gəzmişik. Ən əsas da təbiətin özəlliyi və gözəlliyi öz yerində idi. Biz insanlarla həmişə ünsiyyətdə olmuşuq. Ağsaqqal sakinlərimizdən tutmuş ədiblərimizə qədər... Bayram Bayramov, Əli Vəliyev - bizim uşaqlığımız onların əhatəsində olub. Eyni zamanda, mənim ən çox yaddaşımda qalan doğma insanlarımızdır. Əmilərim və onların ailəsi orada yaşayırdı. Oralar “İstisu”dan tutmuş Dəlidağa qədər hamısı həmişəlik yaddaşlarımızdadır.


- Ağdamda atanızın xatirəsinin əbədiləşdirilməsini, abidəsinin ucaldılmasını istəyərdinizmi?

- Düşünürəm ki, bu o qədər də vacib bir şey deyil. Əsas odur ki, atam yaddaşlarda, xatirələrdə yaşayır. Xatirəsinin əbədiləşdirilməsi o qədər də vacib deyil, çünki yaşadığı dövrdə o ömrü boyu heç vaxt, heç bir mükafat almayıb. Heç bir dövlət adı, heç bir dövlət mükafatı verilməyib. Nə alıb, nə qazanıbsa, öz zəhmətinin hesabınadır. Əvvələr elmlər namizədi, elmlər doktoru, daha sonra professor oldu. Ona görə, ümumiyyətlə onun nöqteyi-nəzərindən deyə bilərəm ki, əsas odur ki, torpaqlar geri alınıb. Torpaqların qədrini bilmək və qorumaq lazımdır. Bu səhvləri bir də təkrar etmək, torpaq itkisinə yol vermək olmaz. Ən böyük abidə elə bu olardı.

İndi biz böyük bir əraziləri əldə edib geri qaytardıq. Çoxlu sayda şəhidimiz var . Bu böyük bir hadisədir. Düşünürəm ki, yeni bir intibah dövrünün başlanğıcıdır. Bir başlanğıc nöqtə olacaq ki, bunun üçün də biz hamımız əziyyət çəkməliyik. Birbaz güc sərf etməliyik ki, xilas quruculuq işlərini başa çatdıra bilək.


Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi