Modern.az

Sənətkarın şəhid oğlu

Sənətkarın şəhid oğlu

21 Noyabr 2020, 23:58

 

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun oğlunun Şəhid olması xəbərini eşidən kimi, hörmətli sənətkarımızla telefonla danışdıq, baş sağlığı diləklərimizi çatdırdıq, qarşılıqlı olaraq, bir-birimizə “Vətən sağ olsun!” dedik. Sonra Şəhidin evini ziyarət etdik. Ziyarət əsnasında Rövşən Əli oğlu Nurzadənin haqqında yeni bilgilərlə tanış olduq. Bildik ki Rövşən qardaşımız hələ 9-cu sinifdə oxuyarkən, evdən qaçıb I Qarabağ müharibəsinə gedibmiş; onu öncəbhədə xidmət edən bir mayor geri qaytarıb, özü şəxsən evlərinədək gətirib...

 

Hələ uşaqkən qaçıb cəbhəyə getmiş Rövşənin II Qarabağ müharibəsinin Şəhidi olmasınadək keçən şüurlu ömür yolunun əsaslarına, onun böyüdüyü ailədə hökm sürmüş vətənpərvər mühitə diqqət çəkmək istərdim. Bununçün uzağa getməyə, əlavə faktlar cəlb etməyə xüsusi ehtiyac duymuram – istinadgahım şəhidin atası Əli Nurun canlandırdığı obrazlar, səhnəmizə daşıdığı qəhrəmanlıqlar və qəhrəmanlardır. Əlbəttə, hər hansı sənətkar yalnız müsbət obrazlar canlandırmağa borclu deyil, mənfi obrazlar da aktyorlar tərəfindən canlandırılmalıdır; burada əsas məsələ sənətkarlıqdır, obrazı haqq etdiyi şəkildə təqdim etməkdir. Belədə qəhrəman sənətkarın özü olur. Necə deyərlər “Ən vətənpərvər insan öz işini yaxşı görən insandır”... Bununla belə, Əli Nurun oynadığı Şıxlinski (“Bütün Şərq bilsin”), Oqtay Eloğlu (“Oqtay Eloğlu”), Nizami Gəncəvi (“Atabəylər”), Nəsimi (“Fəryad”), M.F.Axundov (“Mənsiz dünya”) və b. rollar, habelə “Qaçaq Süleyman” teletamaşasındakı Qaçaq Süleyman, “Güllələnmiş heykəllər” filmindəki  Nəvvab rolu, onun çoxsaylı tamaşaçıları ilə yanaşı, öz övladına da təsirsiz ötüşməyib. Sənətin estetik dəyərləri ilə ötürülən enerji, ata-anasının tərbiyəsi, məktəbdə qazandıqları ilə birgə Rövşənin övlad dünyasını, gənclik və vətəndaşlıq dünyasını formalaşdırıb.

 

Hələ uşaq yaşlarından vətənə bağlı böyümüş Rövşən Nurzadə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Lakin... “Lakin oğlum dedi, “ata, mən hərbçi olmaq istəyirəm”. – Hərbi Akademiyanı oxudu və getdi Qarabağa. Ağdamda “N” saylı Hərbi hissədə zabit kimi çalışdı. Sonra ehtiyata buraxıldı. Azərbaycan Böyük Vətən Müharibəsi başlayan kimi gedib ərizə verib və yollanıb cəbhəyə. Heç bizim xəbərimiz olmayıb. Ordan bizə zəng edirdi ki, Zəngilandayam, Qubadlıdayam... Axırıncı dəfə Şuşada döyüşüb və orada da şəhid olub.” – Əli müəllim oğlunun hərbi xidmət yolunu qısaca belə öztləyir. – Bir oğul itirmiş ata kimi nə qədər kədərli olsa da, Şəhid atası olaraq qürurludur sənətkar! Biz əbədi ayrılığın verdiyi qəhər və kövrəklik fonundakı o qüruru, fəxarəti aydın gördük.

 

İki oğul övladını bizlərə əmanət qoyub gedən şəhid Rövşən Nurzadə kimi oğullarla yalnız onun atası, ailəsi, doğmaları fəxr etmir, bu fəxarət, qürur onun məktəb dostlarına, döyüş yoldaşlarına, onu getdikcə daha yaxından tanıyacaq bütün xalqımıza aiddir.

 

Ustad demiş, “Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçün”!..

Yurdumuz, dövlətimiz, Bayrağımız var olsun!

Şəhidlərimizin ruhuna ehtiramımız əbədidir!

 

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir