Modern.az

Savaşdan sonrakı savaş: Bizi nələr gözləyir...

Savaşdan sonrakı savaş: Bizi nələr gözləyir...

24 Noyabr 2020, 09:34

Ön cəbhədə müharibə bitsə də, arxa cəbhədə gedən savaş, xüsusilə də informasiya müharibəsi bitmir. Yenə erməni yalanları, yenə erməni iftiraları, yenə erməni uydurmaları davam edir.

Bütün bunlar bizim xarici media ilə bundan sonra daha sıx işləməyimizi zəruri edir.


Bu barədə Modern.az-a danışan peşəkar jurnalistlər də bizimlə razı olduqlarını qeyd ediblər.

 

“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev müharibənin hələ də bitmədiyini, Qarabağ probleminin həlli üçün bir az da vaxt lazım olduğunu bildirib:


“Müharibənin ən çətin və ağır mərhələsi keçib, yəni hərbi mərhələsi. Qarabağ məsələsinin digər komponentləri diplomatik qarşıdurma, informasiya qarşıdurmasıdır. Bunlar indi önə çıxıblar və uzun illər çəkəcək. Nə qədər ki, Azərbaycan Ordusunun gücü, özü qarşıda idi, bir çox problemlər o müstəvidə həll olunurdu. Amma indi xüsusilə informasiya sahəsində nə cür fəaliyyət göstərəcəyimiz, bu problemin nə dərəcədə həll olunacağı və tam bizim maraqlarımıza uyğun həll olunacağından çox asılıdır.

 

Mənim bu məsələ ilə bağlı ciddi narahatçılığım var. Çünki müharibənin birinci hissəsində də, ən aktiv hissəsində də informasiya məsələləri axsayırdı, yaxşı ki, orada Prezidentin müşahidələri və köməkçisi Hikmət Hacıyevin fəaliyyəti vəziyyəti yoluna qoya bildi. Hazırda yorğunluqdan bir qədər geri çəkilmə baş verib. Təəssüf ki, mən informasiya sahəsində bizim fəaliyyətimizi gücləndirmək üçün hazırlıqları görmürəm, bunun üçün mütləq hazırlıqlar görmək lazımdır. Qarabağ məsələsi, problemi ilə məşğul olan bunu əlaqələndirən mütləq bir mərkəz yaradılmalıdır. Bu məsələ 25 ildir, bəlkə də daha çox vaxtdır davam edir. Amma indi olduqca aktual mahiyyət kəsb edir. Bizim jurnalistlərimizin hazırlığı bu sahədə olmalıdır. Bizim bir sıra nazirliklərimizin mətbuat xidmətləri bu işlə professional məşğul olmalıdırlar. Burada fəaliyyət çox aşağı səviyyədədir. Biz xarici media ilə əlaqələrə professional şəkildə yanaşmalıyıq. Bu sahədə görüləsi işlər çoxdur Azərbaycan mediası Azərbaycan əsgərinin hazırlığından xeyli geri qalır”.



A.Əliyev əlavə edib ki, Azərbaycan mediası var və savaşdı:

“Biz deyə bilmərik ki, Azərbaycan mediası bu mərhələdə geri qaldı. Sadəcə, bu komponentdə Azərbaycan jurnalistlərinin gücü istənilən qədər olmadı. Bu daha çox blogerlərin, bizim xaricdə ki, diaspor nümayəndələrimizin, o cümlədən bizim diaspor  mediasının rolu hesabına baş verdi. İndiki mərhələdə hər kəs əlindən gələni edir. Bizim fəaliyyətimizin effektivliyinin səmərəliliyini aşağı salan bu məsələnin idarə olunmamasıdır. Hər kəs öz sahəsində öz bacardığını edir, amma bu sahədə də bir ordu lazımdır. Qələbə yalnız ön cəbhədə deyil, arxa cəbhədə də əldə olunmalıdır.

Hazırda dünya mediasında Azərbaycana qarşı növbəti zərbə dalğası gedir. Fransa, Böyük Britaniya, Rusiyanın bir çox mərkəzləri hər biri bu zərbəni endirməyə çalışır.

Təəssüf, bu təşkilatçılıq, idarəçilik məsələsində hələ ki, axsayırıq. Bunun ağrısını isə getdikcə daha çox hiss edəcəyik. İndiki mərhələdə diplomatiya, jurnalistika onların biri-biriləri arasında əlaqələr önə çıxır”.

 


Parlament Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı bildirib ki, torpaqlarımızın Ermənistanın işğalından azad olunmasından sonra bizə xarici media ilə işləmək daha vacibdir. Çünki ermənilərin təbliğat, yalan maşını bundan sonra daha aktiv şəkildə Azərbaycana hücuma keçəcək:


“Biz öz torpaqlarımızı işğaldan azad etmişik, ermənilər isə illərdir, o torpaqların onlara aid olduğunu bildirirdilər. Hətta çox təəssüflə qeyd etməliyik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin guya Ermənistana aid olduğunu bəzən kimlərəsə inandıra bilmişdilər.

Ermənilər hər zamankı kimi Azərbaycana qarşı informasiya müharibəsində, təbliğat məsələsində daha çox həyasızlıq edəcəklər.

Fransa kimi ermənipərəst ölkələrdə düşünürdülər ki, Azərbaycan öz torpaqlarını azad etməyəcək və işğal edilmiş bölgələrimiz ermənilərin olacaq. Amma şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgəri torpaqlarımızı azad etdi. Kiçikliyindən, böyüklüyündən asılı olmayaraq bütün ölkələrin mediası ilə xüsusi işləməliyik. Bunun üçün bizdə xüsusi bir media qrupu yaradılmalıdır.

Parlament Jurnalistlər Birliyi ilə Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin “Media könüllüləri-145” layihəsi var. Burada əsas məqsəd jurnalistika fakültəsinin tələbələrini doğru istiqamətləndirmək, qeyd etdiyimiz sahədə fəaliyyət göstərməkdir.

Hesab edirəm ki, yalnız klassik anlamdakı mediada deyil, sosial şəbəkələrin də verdiyi imkanları dəyərləndirmək lazımdır. Müxtəlif ölkələrdə olan blogerlər, sosial şəbəkələrdə aktiv olan insanlarla əməkdaşlıq etməliyik.

Hadisələrin gedişi də onu göstərdi ki, xarici ölkələrdə ictimai rəyi yönləndirməkdə sosial şəbəkələr mediadan güclü deyil. Məsələn, “New York Times”, “Washington Post”da çıxan bir yazı Amerikanın hansısa blogerinin paylaşımından daha səmərəli, daha təsirli olur. Bunun üçün mən bütün jurnalist dostları səfərbər olmağa dəvət edirəm”.


E.Eyvazlı 
əlavə edib ki, bu məsələdə Azərbaycan mediası beynəlxalq jurnalist təşkilatlarının gücündən də istifadə etməlidir:


“Rəhbərliyində olduğum GLOBAL JOURNALİSM COUNCİL 44 günlük müharibə dövründə Azərbaycanın yanında oldu. Azərbaycanla bağlı bütün gerçəklikləri dünyaya çatdırmaq üçün əksər ölkələrdə yazılar dərc edildi. Təşkilatın üzvü olan jurnalistlər doğrunun yanında oldular. Fransalı jurnalistə qarşı erməni lobbisinin təhdidinə ilk reaksiya verən GLOBAL JOURNALİSM COUNCİL oldu. Azərbaycan gerçəkliklərini dünyaya çatdıran, Qarabağın Azərbaycana aid olduğunu göstərən, ermənilərin  haqsız, işğalçı olduğunu sübut edən yazılar dərc etdik. Hətta erməni lobbisi bu yazılara görə bir neçə redaksiyaya məktublar yazdı. Biz dünyanın ən böyük media qurumlarının nümayəndələrini Azərbaycana gətirməyə hazırıq. Onlar dağıdılmış, viran edilmiş bölgələrimizi, tarixi, mədəni abidələrimizi görmək istəyirlər.

Demək istədiyim odur ki, biz bundan sonra daha çox ayaqda olmalıyıq. Torpaqlarımız işğaldan azd olundu deyib dayanmalı deyilik. Azərbaycan əsgəri öz sözünü dedi. Azərbaycan jurnalistləri də sözlərini deməlidir. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı media qurumlarına vermiş olduğu müsahibəlıri ilə Ermənistan siyasətini darmadağın etdi. Prezidentin köməkçisi Hikmət Hacıyev bu istiqamətdə böyük işlər gördü. Ancaq hər bir jurnalist özündən soruşmalıdır ki, o, nəyi edə bildi, nəyi etdi və s.

Bu məsələdə yalnız jurnalistlər deyil bütün sahələrin insanları fəal olmalıdırlar. Çünki ermənilərin bundan sonra bu sahədə təxribatlar törədəcəkləri, öz yalanlarını əllərinə alıb dünyanı dilənçi kimi dolaşacaqları bəribaşdan məlumdur. Artıq erməni lobbisi bunun anonsunu verib.

Hər birimiz bu məsələdə ciddi və ayıq olmalıyıq. İnformasiya sahəsində erməni təxribatlarının qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. 



Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da fikirlərini bizimlə bölüşüb. O vurğulayıb ki, informasiyaları ətrafımıza və xarici mediaya ötürməliyik və qarşımızdakı düşməni qabaqlamalıyıq:


“Bizim savaşımız əsasən Azərbaycan dilindədir, yalnız Azərbaycan dilində savaşı qazanmaq mümkün deyil. Biz gərək öz savaşımızı ingilis, rus, fransız, alman və digər dillərdə də aparaq. İnformasiya müharibəsində biz daha çevik hərəkət etməliyik, çünki ilkin informasiya yaddaşlara daha tez yazılır. Ondan sonra onu təkzib etmək və digər məsələlərin öz təsiri olur, amma ilkin informasiya həmişə oxucunun və dinləyicinin yaddaşına daha tez yazılır.

Hazırda gənc nəslin işi informasiya texnologiyalarının nə demək olduğunu bilmək və onlardan platforma kimi daha düzgün istifadə yollarını öyrənməkdir. Biri var yazını yazırsan, gözəl yazıdır, biri də var, onun ötürülməsi və paylaşılması ilə məşğulsan. Bu mövzuda həm dillər nəzərdə tutulmalıdır, həm də platformalar. Əsas platforma isə sosial şəbəkədir. Onların da necə işləməyinin incəlikləri var ki, hələ bir çoxlarımız onu bilmirik. İnformasiya savaşında adi insanlar iştirak edirlər, düzdür, amma əsas məsələ professional insanların bu savaşda əllərindən gələni etmələridir. Sosial şəbəkələrdə olan adi yazışmalar, paylaşımlar o qədər də önəm kəsb etmir. Peşəkar insanlar bu məsələdə digər insanlara nisbətən daha yaxşı işləməlidirlər. Müharibə bitsə də biz xarici mediada hər zaman səsimizi duyurmalıyıq.

Bizim jurnalistlərimiz də yaxşı işləyirlər, əllərindən gələni edirlər, amma savaş hələdə bitməyib. Media istiqamətində, gərək, biz hamılıqla çalışaq, vuruşaq əlimizdən gələni edək. Bizim qarşımızda duran vəzifə bundan ibarətdir”.

 

 

Mehri QURBAN

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır