Modern.az

Diaspor sahəsində yeni dövr: Dağılmış erməni lobbisi, qalib azərbaycanlılar... - MÜSAHİBƏ

Diaspor sahəsində yeni dövr: Dağılmış erməni lobbisi, qalib azərbaycanlılar... - MÜSAHİBƏ

Diaspor

24 Noyabr 2020, 11:21

Ukrayna Azərbaycanlıları  Birləşmiş  Diasporunun sədri Hikmət Cavadov Modern.az saytına müsahibə verib. Onunla Qarabağda qazanılan qələbədən sonra diasporun görməli olduğu işlər barədə söhbət etmişik...
 

Hikmət müəllim, bu günə qədər Azərbaycan diasporunun fəaliyyətinin əsasını torpaqlarımızın işğaldan azad edilməsi təşkil edirdi. Artıq torpaqlarımız azad olundu. Bəs bundan sonra diasporumuzun fəaliyyəti necə olacaq?

- Bilmək lazımdır ki, bundan sonra ermənilər xaricdəki fəaliyyətlərində daha aqressiv hərəkət etməyə başlayacaqlar. Xatırlayırsınızsa, Azərbaycan diasporu ilə sivil müstəvidə uduzan erməni lobbisi soydaşlarımıza qarşı fiziki güc göstərmək yolunu tutmuşdular. Demək istədiyim odur ki, Azərbaycanın öz torpaqlarını azad etməsi erməni lobbisini iflic duruma salıb. Onlar bu acınacaqlı durumdan çıxmaq üçün hər cür addım atacaqlar.


Çünki hazırda ordusu dağılmış, iqtisadiyyatı məhv olmuş, ölkəsində xaos yaşanan ölkənin nümayəndələrindən söhbət gedir. Onlar yeni istiqamətdə yeni hücumlara başlayacaqlar. Biz bunlara hazır olmalıyıq. Təcrübə onu göstərir ki, Azərbaycan diasporu müdafiə siyasəti qurmalı deyil, hər zaman hücum taktikasından istifadə edərək hərəkət eləməliyik.

Diasporun fəaliyyəti bundan sobnra daha qabarıq şəkildə özünü büruzə verməlidir. Ermənilər artıq xaricdə bütün güclərini səfərbər edib dünyanın ictimai rəyinin formalaşdırılması üçün hərəkətə keçəcəklər. Düşünürəm ki, Azərbaycan diasporu koordinasiya olunmuş şəkildə iş aparmalıdır. Dünyanın müxtəlif ölkələrində olan diasporlarımız eyni formatda, istiqamətdə hərəkət etməlidir.

Son illərdə diasporumuzun istədiklərinə nail ola bildiyini gördük. İnformasiya müharibəsinin aparılmasında təşkilatlanmış şəkildə iştirak etməliyik. Bura politoloqlar, hərbi ekspertlər, jurnalistlər, elm adamları cəlb olunmalıdır. Söhbət xaricdə fəaliyyət göstərən diasporun olduğu ölkədə yaşayan peşə sahiblərindən gedir. Bundan başqa, diapor nümayəndələri olduqları ölkələrin parlament nümayəndələri ilə əlaqələri gücləndirməlidirlər.

İyul ayından bəri diasporlarımızın dəstəyi ilə əlaqələrdən istifadə edərək, parlament nümayəndələrinin məsələyə cəlb olunması daha çox effekt verdi. Hər an bu müstəvidə müharibəyə hazır olmaq lazımdır.


Bizim haqq işimizdə hegamon dövlətlərin iştirakı göz qabağındadır.  Onlar illərdir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, gerçəkdə bunun əleyhinə olduqlarını ortaya qoydular.

Mühribə özlüyündə xaricdə yaşayan soydaşlarımızın birləşmısinə gətirib çıxarıb. Bu aktivliyi nəinki qoruyub saxlamaq, daha da inkişaf etdirmək lazımdır.

 

-  Azərbaycan diasporu tarixi Azərbaycan torpaqları olan Oİrəvan, Zəngəzur məsələsini müzakirə müstəvisinə gətirə bilərmi?

 

- Əgər diaspor nümayəndələri birbaşa bizim əzəli torpaqlarımızla bağlı fikirlər irəli sürsələr, bu, birmənalı qarşılanmaz. Təbii ki, qeyd etdiyiniz ərazilər tarixi yurd yerlərimizdir. Ancaq indiki halda ermənilər vəziyyətdən sui-istifadə edəcəklər. Bütün məsələləri Azərbaycan şəhərlərinin dağıdılması, vurulmuş ziyanın maddi şəkildə ödənilməsinin təmin olunmasına yönəltməliyik. Burada sözarası, bir cümlə ilə  məsələni qeyd etmək olar. Lakin  indiki halda bütün diqqəti Ermənistanın işğalına görə Azərbaycana dəymiş maddi və mədəni təzminatın ödənilməsinə yönləndirmək lazımdır. Pandemiya bitdikdən sonra yaxşı olardı ki, Azərbaycanın hüquqlarını müdafiə edə biləcək insanların xaricə səfərləri təşkil edilsin.

 

- Bu məsələdə diasporun fəaliyyətinə paralel olaraq Azərbaycan alimləri hansı addımları atmalıdır?

- Bilirsiniz ki, Ukrayna Azəbaycanlıları Alimlər Şurası var, 50-dən çox alimimiz fəaliyyət göstərir. Ümumiyyətlə, dünyada daha çox beynəlxalq hüquq və tarix sahələrində çalışan alimlərin rolu böyük olmalıdır. Burada beynəlxalq hüquq sahəsində çalışan və güclü əlaqələrimizin olduğu alimlər var. Onlardan ibarət bir qrup yaratmaq məsələsi gündəmdədir. Ermənistanın müharibədə etdiyi hərbi cinayətlərin aşkarlanması, vurulan maddi ziyanın hesablanması və beynəlxalq məhkəmələrə verilməsi üzərinə çalışmaq lazımdır. Bu məsələdə Azərbaycan və digər ölkələrin alimləri təşkilatlanmış şəkildə hərəkət edərsə, daha effektiv olar.

 


- Müharibə dövründə Azərbaycan diasporunun yaşadığı ölkədə media, dövlət rəsmiləri və QHT-lərlə  münasibətlərini necə müşahidə etdiniz? Məsələni dirçəltmək üçün hanslı addımlar atıla bilər?

- Hadisəni təhlil etmək lazımdır. Xaricdə hansısa media orqanının maddi gəlir qazanması üçünmü məsələyə yanaşılıb? Media demək olar ki, 3 formatda işlədi. Ukrayna mediasına nəzər saldıqda, onların da ərazi bütövlüyü problemi olduğu üçün özləri məsələyə maraq göstərdilər. İkincisi, Azərbaycan həqiqətlərini Ukrayna ictimayyətinə çatdırmaq üçün təşəbbüs göstərib jurnalistlərlə əlaqə saxlayırıq. Üçüncü, biz hansısa yerdə dezinformasiya xarakteri daşıyan məqalə çıxacağı haqda məlumat aldıqda öncədən məsələyə münasibət göstərib Azərbaycanın mövqeyini müdafiə edirik, öz etirazımızı bildiririk. Müharibə fazasına gəlmədən əvvəl elə anlar olurdu ki, məqaləmizi çap eləmək istəmirdilər və biz başqa yerlərə müraciət etməli olurduq. Düşünürəm ki, media ilə işləmək üçün konkret addımlar atılmalı və burada maddi gücə də malik olunmalıdır. İctimai rəyə təsir edə biləcək KİV-lərdə məsələni qaldırmaq lazımdır. İnformasiyanın dəqiqliyinə əmin olmaq və Azərbaycan ilə əlaqə qurmaq lazımdır. Düşmən hazırda yaralı vəziyyətdədir və gümanı ancaq diaspora qalıb. Azərbaycan rəhbərliyinin apardığı siyasət nəticəsində onlar beynəlxalq aləmdə nüfuzlarını tamamilə itiriblər. Hərbi məsələdə onsuz da Azərbaycan ordusu ilə Ermənistan ordusu müqayisə ediləcək halda deyil. Onlar indi xaricdəki diasporaları vasitəsi ilə Azərbaycana qarşı təxribat törətmək, yeni yalanlar uydurmaq məqsədində olacaqlar. Buna hazır olmalı, tədbir almalıyıq.

Artıq biz yeniliklər tətbiq etməliyik. Mən dünən baş verənləri belə köhnə hesab edirəm və köhnə fikirlərlə informasiya müharibəsində qalib gəlmək olmaz. Azərbaycan rəhbərliyinin səsləndirikləri fikirləri biz xarici mediada yeni üsullarla işıqlandırmalıyıq.

 

- Diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün daha hansı addımlara zərurət var?

 

- Reallıqdan çıxış edərək deyə bilərəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi yüksək səviyyədə fəaliyyət aparır. Diaspor Komitəsinin son iki ildə aparmış olduğu işlər olmasaydı, müharibə dövründə diaspor təşkilatları müzakirə etdiyimiz uğurları əldə edə bilməz, Vətən üçün belə işlər görə bilməzdi. Azərbaycan diasporu 3 il öncəyə qədər darmadağın vəziyyətdə idi.  Son iki ildə görülən işlər faktiki olaraq 10 ildə görülməli olan işlər idi. Çox şükürlər ki, son iki ildə Azərbaycan diasporu müharibə vəziyyətinə tam hazırandı.

Dünyda Azərbaycan diasporunun təşəkkülə çatmasının əsas səbəbi Qarabağ mövzusu oldu. Qarabağ azərbaycanlıları hər zaman birləşdirib, bunu unutmaq olmaz.


Xaricdəki bütün təşkilatlarımızın əsas çağırışı Qarabağ olub. Hətta fərqli fikirləri olan şəxslər bir araya gəlib, Ali Baş Komandanın əmrində olduqlarını bildiriblər.

Qarabağ qalibiyyəti isə millətimizin arasındaki əlaqələri gücləndirdi.

Azərbaycan əsgərinin qəhrəmanlığı ilə torpaqlarımız işğaldan azad edildi. Ali Baş Komandan bəyan etdi ki, hər şey dəyişəcək. Bu, birmənalıdır.  Diaspor sahəsində də bu, ciddi şəkildə hiss edilir.

Artıq Azərbaycan diasporuna qalib bir ölkənin nümayəndələri kimi baxılır. Hesab edirəm ki, bu, həm də o deməkdir ki, diaporumuz üçün də yeni bir dövr başlayır. Biz daha güclü, daha sıx olmalıyıq. Biz Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycan əsgərinin qəhrəmanlığını yaşadığımız ölkələrədə onlara layiq şəkildə təmsil etməliyik.

Dağıtdığımız erməni lobbisinin dirçəlməsinə imkan verməməliyik. Bunu bizdən həm də Şəhidlərimizin ruhu tələb edir. Biz bacardıq. Bundan sonra da bacaracağıq. 

 

Fidan ƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir